• cümə axşamı, 14 noyabr, 01:18
  • Baku Bakı 9°C

Mərkəzi Asiya üçün çıxış yolu

14.08.21 11:30 583
Mərkəzi Asiya üçün çıxış yolu
"Beşlik" Avrasiya miqyasında ciddi kollektiv oyunçuya çevrilə biləcək?
Mərkəzi Asiyanın dövlət başçılarının bu yaxınlarda baş tutan sammitində regionda çoxsaylı problemlərin olduğu bütün çılpaqlığı ilə ortaya qoyuldu. Ən əsası, bəlli oldu ki, bu problemlərin həlli "beşliyin” birincilik ambisiyasından imtinasından keçir. Mərkəzi Asiya ölkələrinə əsas təhlükə Əfqanıstandan gəlsə də, bununla belə, regionun beş dövlətinin hər birinin çoxsaylı problemləri mövcuddur. Onların hər birinin həll olunmamağı müəyyən mənada vətəndaşı çalxalayır, iqtisadiyyatın depressiyasına, ekoloji fəlakətlərə, sosioloji staqnasiyalar və yoxsulluğa gətirib çıxarır. Mərkəzi Asiya dövlət başçılarının üçüncü sammitində əsas söhbət region ölkələrinin – Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın istifadə olunmayan böyük imkanlarından gedib.
Regionu sabit və iqtisadi bölgəyə çevirmək mümkündür?
Doğrudan da, ümumi səylərlə regionu sabit və iqtisadi cəhətdən dayanıqlı bir bölgəyə çevirmək mümkündür. Mərkəzi Asiya ölkələri liderlərinin sammitinin keçirilməsi təşəbbüsü ilə ilk dəfə 2017-ci ildə Özbəkistan prezidenti Şavkat Mirzoyeyev çıxış edib. O zamandan bəri də liderlər "beşlik” formatında üç dəfə görüşüb. Bu dəfə də görüş Aşqabadda, yüksək dərəcəli Avaz kurortunda baş tutub. Və budəfəki sammit əlamətdar bir tarixə - Mərkəzi Asiya dövlətlərinin müstəqilliklərinin 30 illiyinə təsadüf edib. Bu illər ərzində geosiyasi və geoiqtisadi cəhətdən əhəmiyyət kəsb edən dövlətlərin heç də hamısı bərabər nəticələr əldə etməyə müvəffəq olmayıb. İstər iqtisadiyyat, istər dövlət quruculuğu, sosial və yaxud digər sahə olsun, hətta onların bəziləri arasında münasibətlər siyasi qarşıdurmaya kimi gedib çıxıb. Lakin sammitin tonallığı onu deməyə əsas verir ki, Tacikistan prezidenti İmomali Rahmonun dediyi kimi, bu günün reallıqları region ölkələrindən terrorizm, ekstremizm, radikallıq, narkotiklərin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə təxirəsalınmaz əməkdaşlığı tələb edir. Lakin bu da "tələb olunan”ın yalnız bir hissəsidir. Gündəlik bu dəfə Qazaxıstan və Özbəkistan prezidentləri tərəfindən genişləndirildi – məhz onlar sammitin praqmatik və realist tonunu təyin etdilər ki, bu da təəccüb doğurmur - hər iki dövlət bölgənin liderləri, iqtisadi "hərəkətvericiləri" hesab olunur.
"Beşlik” üçün lazımsız rəqabətə yol verməmək
Əsas diqqət Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Mərkəzi Asiya dövlətlərinin davamlı inkişafı kontekstində Əfqanıstan problemi üzərində dayanmasına yönəlib. Burada Qazaxıstan liderinin üstündən səssizcə keçdiyi bir fikrə diqqət yetirək: "Mərkəzi Asiya birliyi üçün "bir-biri ilə lazımsız rəqabətə yol verməmək" çox vacibdir. Ciddi olaraq, bu, coğrafi, dini, mədəni, tarixən və s. formada olan Mərkəzi Asiya ölkələrinin təbii inteqrasiya prosesinin əngəlləyici blokudur”. Tokayev bu səbəbdən də XXI əsrdə Mərkəzi Asiyanın inkişafı üçün dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında müqavilənin erkən imzalanması təşəbbüsü ilə çıxış edib. Bütün həmkarları da yaxın gələcəkdə bu sənədi qəbul etməyə hazır olduqlarını təsdiqlədilər. Qazaxıstan prezidenti, eyni zamanda, Mərkəzi Asiya dövlətlərinin ən aktual beynəlxalq mövzularda ümumi mövqelərdən danışmalı olduqlarını qeyd edib, eləcə də, "beynəlxalq platformalarda rəqabət milli maraqlarımıza zərər verir" deyib.
Nədən başlamaq olar?
Tokayevə görə, Mərkəzi Asiya dövlətləri arasında ticarət dövriyyəsini artırmaq, strukturu təkmilləşdirmək və mal çeşidini genişləndirmək, nəqliyyat dəhlizlərinə inteqrasiya olunmuş vahid əmtəə paylama şəbəkəsi yaratmaq mümkündür. Daha sonra - Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin tranzit imkanlarının inkişafına nail olmaq olar. Mövcud Qazaxıstan - Türkmənistan - İran dəmir yolu da böyük imkanlar təqdim edir - bu, Mərkəzi Asiya dövlətləri üçün Fars körfəzi ölkələrinə gedən ən qısa yoldur. Bölgədə artan yük daşımaları Trans-Asiya Dəmir Yolunun Cənub Dəhlizinin inkişaf etdirilməsinin vacibliyini diktə edir. Belə ki, Darbaza-Maktaaral dəmir yolu xəttinin işə salınması yüklərin daşınma müddətini 1,5 dəfə azaldacaq. Nur-Sultan Cənubi Asiya bazarlarına çıxış açan Məzari-Şərif-Kabil-Pişəvər dəmir yolunun inşası üçün də perspektivli bir layihə görür. Qazaxıstan və Türkmənistanın liman imkanları da böyük potensiala malikdir. Tokayev son üç ildə Transxəzər marşrutları üzrə konteyner axınının 13 dəfədən çox artdığını və dünyanın aparıcı operatorlarının cəlb olunacağı Aktau limanının bazasında konteyner mərkəzinin yaradılacağını vurğulayıb. Özbəkistanla yeni layihələr, xüsusən də Türküstan-Çimkənd-Daşkənd sürətli dəmir yolunun tikintisi fəal inkişaf mərhələsindədir. Beineu-Akcigit yolunun tikintisi başa çatıb, Özbəkistanın Kurık və Aktau limanlarına qısa girişi də var. Türkmənistan da kənara qoyulmur - regional inteqrasiya üçün bu, son dərəcə vacibdir - söhbət Türkmənbaşı - Qaraboğaz - Qazaxıstan avtomobil yolunun potensialından gedir. Ümumiyyətlə, Tokayev belə bir fikir söyləyib ki, Mərkəzi Asiyada nəqliyyat kommunikasiyalarının inkişafı bölgənin bütün ölkələrinin ÜDM -nin 15% artımını təmin edə bilər. Bunu deyərkən Dünya Bankının hesabatına əsaslandığını bildirib.
Su müharibələrinə son qoyulacaq?
Bəllidir ki, Mərkəzi Asiya dövlətləri arasında mütəmadi olaraq "su müharibələri” gedir. Həqiqətən də, iqlim dəyişikliyi səbəbindən su ehtiyatları çox azalır. Lakin Mərkəzi Asiya üçün su, Tokayevin ifadə etdiyi kimi, ayırıcı deyil, birləşdirici bir prinsipə çevrilməlidir. Su ehtiyatlarının səmərəli idarə edilməsi üçün konsolidasiya edilmiş su siyasətinin hazırlanması təklif edilib. Onun üç prinsipi - resurslardan bərabər istifadə, tərəflərin maraqlarının nəzərə alınması və qarşılıqlı öhdəliklərin tam yerinə yetirilməsi - var. Zirvə görüşündə Türkmənistan prezidentinin virusologiya və epidemiologiya üçün vahid mərkəz yaratmaq təklifi dəstəklənib. Mirziyoyev isə test nəticələrinin və peyvənd sertifikatlarının tanınması üçün vahid məlumat sisteminin istifadəyə verilməsi təşəbbüsünü irəli sürüb - farmakologiya sahəsində elmi əməkdaşlığın qurulması, əsas dərmanların istehsalını bəyan edib. Özbəkistan barədə danışanda Şavkat Mirziyoyev Mərkəzi Asiyada yeni iqtisadi əməkdaşlıq modelinin formalaşdırılmasının aktuallığını vurğulayıb - tam hüquqlu sərbəst ticarət rejiminə keçid, sənaye kooperasiyası, innovasiya və rəqəmsal texnologiyaların inkişafı. Onun sözlərinə görə, regional ticarət-iqtisadi əməkdaşlığın ümumi istiqamətləri haqqında sazişin qəbul edilməsinin vaxtı çatıb.
Özbəkistan üçün nəticə var
Nəqliyyat dəhlizlərinin inkişafı kontekstində gələcəkdə Trans-Əfqanıstan dəhlizindən Termez-Məzari-Şərif-Kabil-Pişəvər, Çin-Qırğızıstan-Özbəkistan avtomobil və dəmir yollarının istifadəsinin mümkünlüyünə diqqət çəkib. Mirziyoyev əlavə olaraq "yaşıl" enerji və enerjiyə qənaət edən texnologiyaların tətbiqi ilə ortaq enerji məkanının formalaşdırılması məsələsini qaldırıb. Mərkəzi Asiya ölkələrinin iqlim dəyişikliyinə uyğunlaşmasına və resurs qənaət edən texnologiyaların tətbiqinə töhfə verən "Yaşıl Gündəlik" regional proqramının hazırlanması da bura daxildir. Aral dənizi fəlakətinin nəticələrinin yumşaldılması üçün Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib. Qeyd edək ki, Özbəkistan son illərdə Aral dənizi böhranının nəticələrini yumşaltmaq üçün bir çox layihələr həyata keçirib. Bu, Mirziyoyevin artıq müntəzəm hala gələn zirvəyə gətirdiklərinin qısa siyahısıdır. Nəticə də var - Özbəkistan bölgədəki bütün qonşularla ticarət, iqtisadi və siyasi təmaslarını gücləndirib. Son illərdə respublikanın Mərkəzi Asiya dövlətləri ilə ticarət dövriyyəsi, demək olar ki, üç dəfə artıb, müştərək müəssisələrin sayı beş dəfə çoxalıb, hətta pandemiya da buna mane olmayıb. Demək lazımdır ki, regional əməkdaşlığın belə bir fonu investorlar üçün cəlbedicidir və onların Mərkəzi Asiya respublikalarına birbaşa investisiyalarının payı ardıcıl olaraq artır. Düzdür, bərabər deyil, çünki bölgənin sabit bir nüfuzu yoxdur. Nəzərə alaq ki, bu region daim partlayışa hazır Əfqanıstanla həmsərhəddir. Eləcə də, hər respublikanın öz "xüsusiyyətləri" var - islahatların fərqli qavranılması və həyata keçirilməsi, investisiyaların qorunması və qaytarılmasının səmərəliliyi.
Əfqanıstanın "Yol xəritəsi"
O ki qaldı Əfqanıstana - aydındır ki, Mərkəzi Asiya dövlətlərinin təhlükəsizliyi və sabitliyi onun təhlükəsizliyindən və sabitliyindən asılıdır. Liderlər sonda 28 bənddən ibarət birgə bəyanat qəbul etdilər və bu bəyanatlarda xüsusilə Əfqanıstanda vətəndaş sülhünün erkən əldə edilməsinin təşviq edilməsi, bütün maraqlı dövlətlərin və beynəlxalq təşkilatların bu ölkənin təhlükəsizliyinin və sabitliyin təmin edilməsinə cəlb olunması, sosial-iqtisadi infrastrukturunun bərpası və dünya iqtisadi əlaqələrinə cəlb edilməsinə yönəlmiş səylərini dəstəkləmək əks olunub. Beş prezident hazırkı zirvəni Mərkəzi Asiya ölkələri arasındakı əlaqələrin daha da möhkəmlənməsi və inkişafı üçün "tarixi" hesab edir və potensiallarını bölgədə təhlükəsiz, davamlı, geniş və açıq tərəfdaşlığa cəlb etməyə çağırır. Dövlət başçıları xarici işlər nazirliklərinə 2022-2024-cü illər üçün regional əməkdaşlığın inkişafına dair "Yol xəritəsi” layihəsinin razılaşdırılması üçün işləri yaxın vaxtlarda başa çatdırmağı tapşırıblar. Bütün bunlar, əlbəttə ki, diqqətəlayiq və perspektivlidir. Həm iqtisadi, həm də beynəlxalq aləmdə, eləcə də nəqliyyat, ekologiya, tibb və digər sahələrdə bir araya gələrək Mərkəzi Asiya dövlətləri Avrasiya miqyasında ciddi bir kollektiv oyunçuya çevrilə bilər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər