• cümə axşamı, 18 aprel, 12:32
  • Baku Bakı 22°C

Mərkəzi Asiya ciddi dəyişikliklər ərəfəsində

08.01.21 18:00 651
Mərkəzi Asiya ciddi dəyişikliklər ərəfəsində
Regionda Türkiyənin rolu arta bilərmi?
Azərbaycanın 44 günlük zəfər müharibəsinin tək regional deyil, bütövlükdə beynəlxalq nəticələri olduğu bəllidir. Sözsüz ki, bu zəfərin siyasi, iqtisadi, hərbi nəticələri hələ uzun müddət hiss olunacaq. Ən önəmlisi odur ki, torpaqları işğal altında olan ölkələri, bu zəfər müharibəsi, bir növ ayıltmış oldu. Bəllidir ki, əldə olunan sülh bəyanatının mühüm bəndlərindən biri Naxçıvanla Azərbaycan arasında dəhlizinin açılmasıdır. Eyni zamanda Türkiyənin bu dəhlizdən istifadə etməsidir. Bununla da Azərbaycanla birbaşa quru yol əlaqəsi yaranmış olacaq. Maraqlıdır ki, Türkiyə mediasında dərc olunan məqalələrdə bu məsələ əsas xətt kimi keçir. Bəllidir ki, bu yolun açılması ilə Türkiyə Azərbaycandan keçməklə Mərkəzi Asiyanın türk respublikaları ilə də birbaşa əlaqə əldə etmiş olur. Bu, həm də Türk Birliyinin güclənməsinə, türkdilli dövlətlər arasında inteqrasiyanın möhkəmlənməsinə gətirib çıxaracaq. Türk xalqlarının tarixi zirvəyə gedən yola qoşulmaq imkanı yaranacaq. Beləliklə, mədəni, iqtisadi əlaqələrimiz inkişaf edəcək.
Türkiyənin Mərkəzi Asiyaya çıxışı Naxçıvan ərazisində qapadılırdı. Türk coğrafiyasında güclü və dərin inteqrasiya üçün dövlətlər arasında güclü bir iqtisadi asılılıq formalaşdırılmalı və bir-birilərinin bazarlarına çıxış zəruri idi. Türkiyənin Mərkəzi Asiya ölkələri ilə ümumi ticarət həcmi ötən il 8.5 milyard dolları ötə bilməyib. Göründüyü kimi, bu, elə də qənaətbəxş rəqəm deyil və demək, bu nəqliyyat dəhlizi Türkiyənin Mərkəzi Asiyaya çıxışını təmin etmiş olacaq. Bununla da təkcə ticarət dövriyyəsi deyil, böyük iqtisadi əlaqələr sistemi yaradılacaq. Qardaş ölkənin Naxçıvan vasitəsilə Mərkəzi Asiyaya çıxışı bir sıra dövlətlərin iqtisadi inkişafına öz töhfəsini verəcək. Bu, Türkiyə və Mərkəzi Asiya iqtisadi əlaqələri üçün ən əlverişli marşrutu hesab edilə bilər. Gələcəkdə Naxçıvan ərazisindən keçəcək quru yolu xətləri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin uzunluğundan 1.7 dəfə, təxminən 343 km az olmaqla daşınmaların xərcini və müddətini azaldacaq və Naxçıvan nəqliyyat qovşağı Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə komplementar olmaqla, Mərkəzi Asiya və Avropa arasında körpü rolunu oynayacaq. Sözsüz ki, bu dəhlizin açılmasında Rusiya və Türkiyənin də böyük iqtisadi maraqları var. Rusiya bu dəhliz vasitəsilə Türkiyəyə çıxışını daha da asanlaşdıra bilər. Rusiya ilə Türkiyə arasında illik ticarət dövriyyəsi 25 milyard dollardan çoxdur. Ən önəmlisi odur ki, türkdilli ölkələrin də bu inteqrasiyaya ehtiyacı var. Türkiyə ilə birbaşa əlaqə, bu ölkələr üçün həm də Avropaya inteqrasiya deməkdir. Proses isə asan deyil. Bu ölkələr çox güclü şəkildə Rusiya və Çinin iqtisadi və siyasi ekspansiyası altındadır. Bu səbəbdən də onlarla genişmiqyaslı inteqrasiya bir qədər çətin olacaq. Lakin perspektivdə Transxəzər boru xətti layihəsinin reallaşması mümkün ola bilər.
Bu il regionu nələr gözləyir?

Bəs Azərbaycanın da önəm verdiyi, münasibətləri orta səviyyədə olan region ölkələri buna reaksiya verəcəklərmi? Ümumiyyətlə, bu il regionu nələr gözləyir? Hansı siyasi tədbirlər və hadisələr planlaşdırılır? Bəllidir ki, ötən il Mərkəzi Asiyanın bir sıra dövlətlərində karantin adı altında sərt qaydalar tətbiq edildi. Region ölkələrində pandemiya zamanı ən çox narahatlıq doğuran hal məişət zorakılığı, eləcə də özünəqəsd, intihar hallarının pik həddə çatması oldu. Qırğızıstan növbəti inqilab yaşadı, dövlət başçısını devirdilər. Qazaxıstanda bu müddət ərzində əhəmiyyətli qanunlar qəbul edildi, Özbəkistanda isə kütləvi informasiya vasitələri üzərində nəzarət gücləndirildi. Türkmənistanda bu ildən qəzet və jurnalların rəqəmsal formata keçilməsi nəzərdə tutulur. Türkmənistan istisna olmaqla bu ölkələrdən heç biri koronavirusdan ölənlər və yoluxanların sayı barədə ətraflı və dəqiq məlumat təqdim edə bilməyib. Rəsmi Aşqabad, ümumiyyətlə, ölkədə koronavirus xəstəsinin olmadığını bəyan edib. Yalnız Qırğızıstanda iyuldan etibarən koronavirus və pnevmaniya halları ilə bağlı hadisələri birləşdirdilər. Xəstəliyə mübtəla olanların sayı mübahisələr doğurduğundan, Mərkəzi Asiyada alternativ resurslar da yarandı. Onlar pandemiya ilə bağlı öz hesablamalarını apardılar. Artıq Türkmənistan bu il koronavirusla bağlı müşavirə keçirilməsini təklif edib. Türkmən xəbər resurslarının yaydığı məlumata görə, tibb alimlərinin iştirakı ilə keçiriləcək beynəlxalq forum ilin ikinci yarısında baş tutacaq. Burada COVİD-19-la mübarizə tədbirləri, tədqiqat və layihələr müzakirə olunacaq. 2020-ci ildə olduğu kimi, bu il də pandemiya şəraitində Mərkəzi Asiyada regional görüşlərin çoxu onlayn formada keçiriləcək.
Müstəqilliyin 30 illiyinə hazırlıq
Bu il həm də Mərkəzi Asiya respublikalarının müstəqilliklərinin 30 illiyi tamam olur. Ötən 30 il, Qırğızıstan istisna olmaqla Mərkəzi Asiya respublikalarında prezidentlərin uzunmüddətli idarəçilikləri və sərt rejim tətbiq etmələri ilə yadda qalıb. Bu illər ərzində region ölkələri müstəqil siyasət yürüdə bilmədilər. Daha çox Rusiyanın hegemonluğu altında fəaliyyət göstərdilər. Bu il regionda bir neçə seçki keçiriləcək. Ötən il beş seçki oldu (Özbəkistan və Qazaxıstan parlamentinə seçkilər, Tacikistanda prezident və parlament seçkiləri və Qırğızıstanda parlament seçkiləri) və bu ildə beş seçki keçirilməsi nəzərdə tutulub. Üç ölkədə parlament, iki ölkədə isə prezident seçkilərinin keçirilməsi nəzərdə tutulub. Mart ayında Türkmənistan parlamentinə seçkilər keçiriləcək. Bazar günü Qazaxıstanda parlament, Qırğızıstanda isə prezident seçkiləri keçiriləcək. Bununla yanaşı, Qırğızıstanda yeni konstitusiyanın qəbulu nəzərdə tutulub ki, bu da ölkənin idarəçilik sistemini dəyişməsini nəzərdə tutur. Özbəkistanda isə qarşıdan prezident seçkiləri gəlir. Hələ ki, siyasətçilərdən heç kim dekabrda keçiriləcək seçkilərdə iştirak etmək istəyini ortaya qoymayıb. 2016-cı ildə İslam Kərimovun ölümündən sonra onun səlahiyyətlərini spiker Niqmatulla Yoldaşev həyata keçirməli idi. Lakin "təcrübəsizliyini” əsas gətirərək prezident səlahiyyətlərini icra etməkdən imtina etdi. Nəticədə hakimiyyətə o zaman baş nazir olan Şavkat Mirziyoyev gəldi. Seçkilərdə 88 faiz səs toplamaqla prezident kürsüsünə əyləşdi. Dərhal da ölkədə irimiqyaslı islahatlara start verildi. Kərimov dövründə izolə edilən Özbəkistan Mərkəzi Asiyadakı qonşuları ilə münasibətləri normallaşdırmağa başladı. Daşkənd, xarici siyasətdə prioriteti Mərkəzi Asiya respublikaları ilə münasibətlərə yönəltdi. Dəyişikliklər daxili siyasət, maliyyə, vergi, iqtisadiyyat və təhsili əhatə edib. Lakin buna baxmayaraq Şavkat Mirziyoyevin dövründə əhəmiyyətli kadr dəyişiklikləri baş vermədi. İslahatlar avtoritar xarakter daşıyır. Prezident kürsüsünə əyləşəndə Şavkat Mirziyoyev hakimiyyət nümayəndələrinə bildirmişdi ki, bir və yaxud iki il ərzində ölkəni islahatlar gözləyir. Ya islahatlar keçirməlisən, ya da getməlisən.
Qazax-rus gərginliyi davam edəcək?
Yeri gəlmişkən, ötən il, Mərkəzi Asiyanın ən önəmli ölkəsi hesab edilən Qazaxıstan strateji müttəfiqi Rusiya ilə müəyyən gərginlik də yaşadı. Problemi yaradan isə Rusiya Dövlət Dumasının deputatlarının şovinist fikirləri oldu. Ötən ay Rusiya Dövlət Dumasının iki deputatıVyaçeslav Nikonov (SSRİ xarici işlər naziri olmuş Vyaçeslav Molotovun nəvəsi)vəYevgeni FyodorovQazaxıstanın indiki ərazisinin "Rusiyanın hədiyyəsi” olduğunu bildirməklə iki ölkə arasında gərginlik yaratdılar. Əslində buna bənzər bəyanatı Rusiya prezidentiVladimir Putinhələ 2014-cü ildə vermişdi. O demişdi ki, Sovet İttifaqı 1991-ci ildə çökənədək qazaxların heç vaxt dövlətçiliyi olmayıb. Qazaxıstanın Xarici İşlər Nazirliyi Qazaxıstan və Rusiya arasında münasibətlərə "ciddi zərər vuran belə təxribatçı hücumları” qətiyyətlə pisləmişdi. Qazaxıstanın bəzi müxalifət fəalları iddia edirlər ki, Rusiya deputatları bu bəyanatları bilərəkdən, Qazaxıstanda 10 yanvar seçkisi ərəfəsində hakim Nur-Otan partiyasının milli birlik platformasını gücləndirmək üçün veriblər. Qazaxıstanın vətəndaş haqları fəalları və müxalifət siyasətçiləri ölkə hakimiyyətini, siyasi qrupları seçkidə iştirak üçün qeydə almamasını tənqid ediblər. Seçkidə iştirak üçün qeydə alınan yeganə qrup, özünü müxalifət kimi təqdim edən Ümummilli Sosial Demokrat Partiyası isə seçkini boykot edir. Partiya bildirir ki, Qazaxıstanın "siyasi landşaftında eyni siyasi elitaların hegemonluğu” davam edir. Bir neçə gün bundan öncə Qazaxıstan prezidentiQasım-Jomart Tokayeviki Rusiya millət vəkilinin Qazaxıstanın indiki ərazisinin Rusiyadan hədiyyə edildiyinə dair iddialarını rədd edib. O bildirib ki, belə şərhlər "təxribat” xarakteri daşıyır və iki qonşu arasında münasibətləri korlayır. Tokayev dövlət qəzetlərindən birində yanvarın 5-də dərc olunmuş məqaləsində yazır ki, Qazaxıstana bu geniş ərazini kimsə kənardan hədiyyə etməyib. "Ən qiymətli olanı müstəqillikdir” məqaləsində Toqayev yazır ki, ölkənin "təməl və birliyinin” qorunması məqsədilə demokratik islahatlar tədricən həyata keçiriləcək. Qazaxıstan parlamentinin aşağı palatası – Məclisə qarşıdan gələn seçkilər TokayevinNursultan Nazarbayevi əvəzləməsindən sonra keçirilən ilk seçkidir. Nazarbayev 2019-cu ildə istefaya getsə də, bir çox mühüm vəzifələrini saxlayıb. O, ölkənin qüdrətli Təhlükəsizlik Şurasının başçısı və hakim Nur-Otan partiyasının sədridir. Üstəlik, onun "Elbası” titulu Nazarbayevə məhdudiyyətsiz hakimiyyət və toxunulmazlıq verir. Qazaxıstanda son parlament seçkisi 2016-cı ildə keçirilib. Beləliklə, regionu bu il ciddi siyasi və iqtisadi təlatümlər gözləyir. Mərkəzi Asiya dövlətlərinin bu təlatümlərdən necə çıxacağını proqnoz etmək çətindir. Hər halda ümid etmək olar ki, bu dövlətlər daha çox iqtisadi əməkdaşlığa üstünlük verməyə çalışacaqlar. Transxəzər boru xəttinin inşası, Çin və Rusiya asılılığından qurtarmaq prioritet təşkil edəcək.

Azər NURİYEV


banner

Oxşar Xəbərlər