• cümə, 26 Aprel, 00:50
  • Baku Bakı 16°C

Mərkəzi Asiya barıt çəlləyinə dönür?

20.02.20 17:51 1290
Mərkəzi Asiya barıt çəlləyinə dönür?
Bölgədə etnik münasibətlər gərginləşir

Mərkəzi Asiyaya nəzarət uğrunda fövqəldövlətlərin mübarizəsi bölgədə gərginliklərlə müşayiət olunur. Əvvəlcə Qazaxıstanda, sonra isə Tacikistan-Qırğızıstan sərhədində yaşanan gərginlik artıq Türkmənistana da keçib. Burada Əfqanıstanla sərhəd ərazilərdə xeyli silahlı yaraqlıların peyda olduğu barədə mətbuatda informasiyalar yayılır. Həmin yaraqlıların türkmən əsilli İŞİD yaraqlıları olduqları və Türkmənistana daxil olmaq istədikləri vurğulanır. Tək qalır Özbəkistan ki, onu da Rusiya hər vəchlə Avrasiya İqtisadi İttifaqına cəlb etməyə çalışır. Əgər bu baş verməzsə, onda növbəti gərginliyi də orada gözləmək olar. Bir sıra ekspertlərin qənaətincə, bölgədə yaşanan gərginliyin arxasında maraqların toqquşması durur. Məsələ ondadır ki, uzun müddətli susqunluqdan sonra ABŞ bölgədə nəzarəti ələ almaq savaşına başlayıb. Onunla yanaşı, Avropa İttifaqı da regionda öz maraqlarının reallaşmasına çalışır. Avropanın marağı Türkmənistanadır. Avropanı Rusiyanın qaz asılılığından qurtarmaq üçün enerji qaynaqlarının diversifikasiyasına çalışır. Bu layihələr içərisində ən prioritetli layihə kimi isə Transxəzər qaz kəmərini görür. Bu yaxınlarda Avropa İttifaqının nümayəndə heyəti Mərkəzi Asiya ölkələrində səfərdə oldu, onlara maliyyə yardımlarının ayrılması məsələsini gündəmə gətirdi. Bu siyasət isə sözsüz ki, Rusiya və Çinin maraqlarına uyğun deyil.
Yeri gəlmişkən, Birləşmiş Ştatların bu yaxınlarda bölgə ilə bağlı strategiyasını elan etməsi də gərginliyin artmasının əsas səbəbləri içərindədir. Qərb nəşrləri bölgədə süni şəkildə yaradılan gərginliklərin səbəblərini araşdırmağa çalışıblar. Əvvəlcə Tacikistan-Qırğızıstan sərhəd gərginliyinə toxunulub. Ötən gün Tacikistanın xarici işlər naziriSirojiddin Muhriddin gərginliklə bağlı açıqlama verib. O,polis rəsmilərindən birinin qonşu Qırğızıstanda etirazlara səbəb olmuş bəyanatını izah etməyə çalışıb. Məsələ onadır ki, Tacikistanın şimalındakı Soqd rayonun polis rəisiAbdullo NavjuvonovXocənd şəhərində deyib ki, Qırğızıstanın cənubundakı Batken rayonu "tarixən heç vaxt qırğızlara mənsub olmayıb”. Navjuvonov habelə bildirmişdi ki, "taciklərin əcdadları qırğızları Batkenə gətiriblər, indi isə onlar bizim üçün problem yaradırlar”. Qırğızıstanın Batken rayonundakı rəsmilər Navjuvonovun bəyanatını "təxribat” adlandırıblar və deyiblər ki, bu, iki ölkə arasında əldə olunmuş sərhəd razılaşmalarını pozur. Qırğızıstanın Xarici İşlər Nazirliyi Tacikistanın Bişkekdəki səfiriNazirmad Alizodanıgörüşə dəvət edib və Navjuvonovun bəyanatı üçün izahat istəyib. Muhriddin ötən gün Düşənbədə müxbirlərə deyib ki, Navjuvonovun bəyanatı onun sırf şəxsi mövqeyidir və Düşənbənin bu məsələdəki rəsmi mövqeyini əks etdirmir. 1991-ci ildə SSRİ-nin çökməsindən sonra Mərkəzi Asiyada bir çox sərhəd mübahisələri və hətta münaqişələri yaşanıb. Vəziyyət xüsusilə də Fərqanə vadisindəki eksklavlarda gərgindir. Burada Tacikistan, Özbəkistan və Qırğızıstan həmsərhəddirlər. Ötən ay Qırğızıstan-Tacikistan sərhədinin mübahisəli sektorlarından birində sakinlər arasında toqquşmalara görə qırğız rəsmilər Batken rayonundakı kəndlərdən birinin 250 sakinini təcili təxliyə etməli olublar. Dekabr ayında bu ərazidə baş vermiş toqquşmalarda 6 qırğız və 4 tacik xəsarət almışdı. Sentyabrda baş vermiş qarşıdurmada isə dörd nəfər həlak olmuşdu. Müşahidəçilər qeyd edir ki, Düşənbənin Avrasiya İqtisadi İttifaqına meyillənməsi də müəyyən qrupları qane etmir. Martın 1-də keçiriləcək parlament seçkiləri ərəfəsində bu məsələ yenidən gündəmə gətirilə bilər. Beləliklə, gəlinən qənaət budur ki, hər iki ölkə ərazi mübadiləsinə getməkdə qətidirlər. Lakin bir qədər tələsiblər - sərhəd ərazilərin sakinləri buna hazır deyilər, onların mövqeyini öyrənməyiblər. Ümumiyyətlə, məsələnin sivilizasiyalı yolla həlli üçün hələ sivilizasiya vəziyyəti mövcud deyil. Problem çox ciddidir və onu həll etmək üçün tərəflərə ciddi siyasi iradə gərəkdir.
Növbəti gərginlik isə Qazaxıstanda yaşanır. Burada ayın əvvəlində ölkənin cənubundakı Cambul rayonunda 11 nəfərin ölümü ilə nəticələnmiş etnik toqquşma baş verib. Nəticədə 90 cinayət işi qaldırılıb. Daxili işlər nazirinin müaviniMarat Qozayevötən gün Nur-Sultanda jurnalistlərə deyib ki, bu hadisə ilə bağlı indiyədək yüzlərlə adam dindirilib və istintaqın bundan sonra iki ay davam edəcəyi gözlənilir. Qozayev deyib ki, toqquşmanın səbəbkarları da daxil bu iş üzrə şübhəlilərin adları təhqiqat başa çatdıqdan sonra prokurorluq tərəfindən açıqlanacaq. Qozayev habelə baş prokurorun dunqan ailəsindən həbs edilmiş üç qardaş barədə bəyanatını da təsdiqləyib. Etnik dunqan qardaşlar qazaxlarla aralarında baş vermiş yol hərəkəti mübahisəsindən sonra polisə hücum etməkdə ittiham olunurlar. Qazaxıstan rəsmiləri bundan əvvəl bildirmişdilər ki, Çin mənşəli Qazaxıstan vətəndaşları ilə qazaxlar arasında baş vermiş yol mübahisəsi sonradan genişlənərək çox sayda adamın iştirakı ilə böyük münaqişəyə yol açıb. Zorakılıqlar Sortobe, Masançi, Auqattı və Bulan-Batır kəndlərinə yayılıb. Bu toqquşmaların gedişində 30 ev, 17 ticarət obyekti və 47 avtomobil məhv edilib. Əsasən etnik dunqan olan 23 min nəfər evlərindən didərgin düşüb. Onların böyük əksəriyyəti qonşu Qırğızıstanın Çuy rayonuna qaçıb. Qazaxıstan rəsmiləri bildirirlər ki, o vaxtdan bəri dunqanların əksəriyyəti evlərinə qaytarılıb. Bu toqquşmalara görə bir çox regional rəhbərlər, o cümlədən yerli polisin rəisi vəzifələrindən kənarlaşdırılıblar. Həm də Huey adı ilə tanınan dunqanlar sünni müsəlmandırlar. Onlar tarixi mənşəcə türk tayfası olsalar da, ana dilləri Mandarin (Çin) dilidir. Dillərində çox sayda ərəb, fars, türk mənşəli sözlər var. Onların əcdadları Çindən Rusiya imperiyasının Mərkəzi Asiya bölgəsinə 19-cu əsrdə köç ediblər. Buna səbəb Çin hökumətinin 1862-1877-ci illər Dunqan qiyamının iştirakçılarına divan tutması idi. Keçmiş SSRİ-də dunqanların ümumu sayı 120 min nəfər idi. Onlar əsasən Özbəkistanın Cambul və Qırğızıstanın Çuy rayonlarında yaşayırlar. Ekspertlərin qənaətincə, istənilən qarışıqlıq hakimiyyətin simasına vurulan dəhşətli zərbədir. Sərhəddə baş verən bu cür halları "SSRİ-nin mənfur irsi” adlandırır və bu fikirdə də müəyyən mənada haqlıdırlar.


Azər NURİYEV


banner

Oxşar Xəbərlər