• cümə axşamı, 28 mart, 16:39
  • Baku Bakı 16°C

Merabişvili Mandelaya çevrilə bilmədi

02.07.13 09:47 1341
Merabişvili Mandelaya çevrilə bilmədi
Gürcüstanda siyasi gərginlik davam edir. Prezidentlə baş nazir tərəfdarları arasında gərginlik özünün son nöqtəsinə çatıb. Prezident Mixail Saakaşvilinin «Vahid Milli Birlik» Partiyası oktyabrda keçiriləcək seçkilərdə partiyadaxili praymerizdə iştirak edəcək şəxslərin siyahısını hazırlayıb. Həmin siyahıda dörd nəfərin adı var.
Mixail Saakaşvilinin yaxın tərəfdarı, sabiq daxili işlər naziri Vano Merabişvilinin adı həmin siyahıda yoxdur. Hazırda həbsxanada olan Merabişvili korrupsiyada və vəzifə səlahiyyətlərini aşmaqda günahlandırılır. Praymerizdə iştirak edəcək dörd namizəd aşağıdakılardır: - keçmiş spiker David Bakradze, Avropa və Avroatlantik inteqrasiya üzrə keçmiş dövlət naziri Georgi Baramidze, «Vahid Milli Birlik»dən olan deputat, politoloq Zurab Caparidze və əvvəlki parlamentdə ərazilərin bərpası komitəsinin sədri olmuş deputat Şota Malaşixiya. Partiyanın liderlərindən olan deputat Xatuna Qoqorişvili bildirib ki, namizədlərə partiya üzvləri ilə yanaşı, arzu edən bütün şəxslər səs verə biləcəklər. «Birinci olaraq regional partiya iclaslarında – xüsusi internet səhifələrdə səs verəcəklər» deyə xanım Qoqorişvili vurğulayıb. Onun sözlərinə görə, praymeriz iyulun sonuna kimi davam edəcək. Məhz o zaman da Mixail Saakaşvilinin partiyasından olan namizəd bəlli olacaq. Bu prosesə qədər isə prezidentliyə iddialılar regionlarda öz tərəfdarları ilə görüşlər keçirəcək və özlərinin Gürcüstanın siyasi və iqtisadi inkişafı ilə bağlı proqramlarını ortaya qoyacaqlar.
Ekspertlər hesab edir ki, bununla da prezident və onun partiyası vaxtilə komandanın ən nüfuzlu üzvü olan şəxslə münasibətlərə nöqtə qoymuş olub. Qeyd edək ki, son günlərə kimi sabiq DİN rəhbəri Vano Merabişvilinin praymerizin ən nüfuzlu iştirakçısı olacağını bildirirdilər. Lakin o dövrdə şübhəli bilinən şəxslərə işgəncə verilməsi ilə bağlı video ortaya çıxdıqdan sonra Mixail Saakaşvili və onun komandası bu ideyadan imtina etmək qərarına gəldilər. Tbilisidə əmindirlər ki, bununla da «Vahid Milli Hərəkat» tam şəkildə eks-nazirlə əlaqələrə son qoymuş oldu. Halbuki, vaxt var idi, onu “dövlətçiliyin özəyi” adlandırırdılar. “Əgər onlar Merabişvilini özlərinin komanda üzvü hesab edərdilərsə, onda onu gürcüsayaq Nelson Mandelaya çevirə bilərdilər. Yəni onu həbsxanada olmasına baxmayaraq prezidentliyə namizəd elan edərdilər” - deyə «Qorbi» sosioloji xidmətinin rəhbəri Merab Paçuliya vurğulayıb. Onun qənaətincə, adları çəkilən namizədlər arasında David Bakradze sözsüz ki, liderdir və məhz o da qarşıdan gələn prezident seçkilərində hakimiyyətin namizədi Georgi Marqelaşvili ilə eks-spiker Nino Burnacadzeyə rəqib olacaq. Onun real namizəd ola biləcəyini Gürcüstanın Müstəqil Ekspertlər Klubunun prezidenti Soso Çiskarişvili də təsdiqləyib. 40 yaşlı sabiq spiker gürcü cəmiyyəti tərəfindən Saakaşvili komandasının ən layiqli namizədi kimi qarşılanır. Merab Paçuliyanın sözlərinə görə, seçkilərdə namizədlərdən heç birinin Marqelaşviliyə qalib gəlmək şansı yoxdur.
Hakim “Gürcü arzusu” koalisiyası da seçkilərdə öz namizədinin qalib gəlmək şansının güclü olduğu qənaətindədir. “Onların hansı namizədi ortaya qoyacaqlarından asılı olmayaraq, prezident seçkilərində qalib gəlmək şansları yoxdur. Çünki xalq arasında onlara etimad qalmayıb. Millilərin heç bir şansı yoxdur. Biz elektoratın əhval-ruhiyyəsini çox yaxşı anlayırıq” - deyə baş nazirin müavini, əvvəllər «Milan» futbol klubunun oyunçusu olmuş Kaxa Kaladze vurğulayıb. O bildirib ki, xalq Saakaşvili rejiminin doqquz illik dövrünü yaxşı xatırlayır və insanların onlara qarşı nifrəti güclüdür. 43 yaşlı Marqelaşvilinin qalib olacağını hakim koalisiya əminliklə bəyan edir. “Saakaşvilinin partiyasının kimin namizədliyini irəli sürməsindən asılı olmayaraq, Marqelaşvilinin qələbəsi qəti və sözsüz olacaq” deyə parlamentin vitse-spikeri Zurab Abaşidze bildirib.
Seçkilərin birinci turunda qalib gəlmək üçün ən azı 50 faiz səs toplamaq gərəkdir. ABŞ Respublikaçılar İnstitutunun keçirdiyi rəy sorğusunun nəticələrinə görə, qarşıdan gələn prezident seçkilərində “Gürcü arzusu”nun namizədinin “Vahid Milli Birliy”in irəli sürəcəyi namizədə qalib gəlmək şansı 41-in 11-ədir. Belə olan təqdirdə, ikinci turun keçiriləcəyi mümkünsüzdür. Gündəmdə olan əsas məsələlər sırasında prezident tərəfdarlarının həbsi da var. Belə ki, Gürcüstanda Tbilisi meriyasının yüksək çinli məmurlarının saxlanıldığı ilə bağlı gərginlik davam edir. Onlar otuz milyon dollara yaxın pul mənimsəməkdə ittiham edilir. “Merin müavini David Alavidzeni, Tbilisi İnkişaf Fondunun rəhbəri David Avalianini, meriyanın satınalmalar xidmətinin rəisi Aleksi Tabuaşvilini və Mtasminda-Krsanis rayon administrasiyası rəhbərinin müavini Dmitri Çxaidze saxlanılıb” - deyə Gürcüstanın hüquq mühafizə orqanlarının yaydığı məlumatda bildirilib. Məmurların saxlanılması gecə baş verib. Maliyyə Nazirliyinin İstintaq Xidməti Tblisi meriyasının dörd yüksək vəzifəli əməkdaşını 48 930 822 lari (29,6 milyon dollar) məbləğində büdcə vəsaitinin mənimsəməsi işi üzrə dindirib. İstintaq onların təqsirini ortaya çıxararsa, onları yeddi-on ilə qədər həbs gözləyir.
Həbslərdən sonra Gürcüstan Prezidentinin partiyasının parlament fraksiyası olan “Milli Birlik Hərəkatı”" (MBH) siyasi boykot rejiminə keçib və ölkənin ali qanunverici orqanında işini dayandırıb. Fraksiya adından danışan deputat Levan Bejaşvili bildirib ki, hakimiyyətin Tbilisidə partiya infrastrukturunu məhv etdiyi şəraitdə onlar “adi qanunları” müzakirə edə bilməzlər: “Həmkarlarımızın uydurulmuş ittihamlar üzrə həbs olunduğu bir vaxtda biz serialların ləğv edilməsi və s. bu kimi layihələri müzakirə edə bilmərik”. Bejaşvili vurğulayıb ki, partiyanın sonrakı planları barədə bir müddət sonra məlumat veriləcək. O ki qaldı prezidentin özünün həbsi məsələsinə – baş nazir Bidzina İvanişvili növbəti dəfə bunu real saymayıb. Lakin əlavə edib ki, heç nə istisna edilmir. «Saakaşvili məsul bir şəxs olub, o özü qərar qəbul edib. İstəməzdim ki, onu həbs etsinlər. Lakin heç nəyi istisna etmək olmaz. Prokurorluq, məhkəmə, qanunlar var və hamı üçün birdir. Mən onlarla danışıqlar aparmağa hazıram. Saakaşvili kiçik Stalin idi”. “Sop şavuas” qəzetinə açıqlama verən İvanişvili prezident Saakaşvilinin qurduğu rejimi avtoritar kimi xarakterizə edib. “Mən əlimdən gələni edəcəyəm ki, cəmiyyətdə əsl demokratik dəyərlər bərqərar olsun. 20 il ərzində Gürcüstanda idarəçilik Avropa ölkələrindəki kimi olacaq” - deyə o vurğulayıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər