• cümə, 29 Mart, 00:12
  • Baku Bakı 7°C

Məqsədimiz şagirdlərimizin dərs proqramından geri qalmamasını təmin etməkdir

04.04.20 17:00 677
Məqsədimiz şagirdlərimizin dərs proqramından geri qalmamasını təmin etməkdir
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində həm Təhsil Nazirliyi tərəfindən təşkil edilən teledərslərdə iştirak edir, həm də şagirdlərimizin təhsildən geri qalmaması üçün evdən onlayn şəkildə dərslərimizi davam etdiririk. Məqsədimiz şagirdlərimizin müvafiq dərs proqramından geri qalmamasını və lazımi səviyyədə təhsil almasını müxtəlif proqram və imkanlardan istifadə edərək təmin etməkdir.
BunuAZƏRTAC-a müsahibəsində Bakı şəhəri 6 nömrəli məktəb-liseyin fizika müəllimi Nərgiz İbrahimova söyləyib. O bildirib ki, dərslərimizin onlayn keçirilməsində müxtəlif videokonfrans, "Zoom”, "GoToMeeting” proqramlarından istifadə edirik. Bütün dərslər adi məktəb günlərində olduğu kimi siniflərlə xüsusi cədvəl çərçivəsində keçirilir. Hətta siniflər və fənlər üzrə yaratdığımız "WhatsApp” qruplarına müvafiq fənnə uyğun olan şəkil, əlavə mövzular, qrafik və məsələlər göndərilir.
N.İbrahimova Təhsil Nazirliyi tərəfindən "Mədəniyyət” və "ARB Günəş” kanallarında yayımlanan "Dərs vaxtı” verilişində fizika fənnindən dərs keçdiyini də söyləyib. "Fizika kabinetində aparılan teledərslərin çəkilişi zamanı fənnə uyğun olaraq mövzu təqdim olunur, həmçinin müxtəlif ləvazimat və cihazlardan istifadə etməklə tapşırıq və məsələlər həll edilir. Zərurət yarandıqda elektron lövhələrdən də istifadə edirik. Tədris etdiyim fizika fənni üçün dərs cədvəli həftə ərzində Azərbaycan və rus bölmələri üzrə təyin edilərək müxtəlif saatlarda təqdim olunur. Şagirdlərin tədrisdən geri qalmaması üçün dərs proqramı da tərtib edilib. Operatorlar tərəfindən hətta dərs cədvəlləri və dərsliklərin şəkilləri çəkilir və efirə göndərilir. Teledərslərin keçirilməsində biz müəllimlər hər cür avadanlıq, texnika və lazımi şəraitlə yüksək səviyyədə təmin olunmuşuq. Bu cür çətin vəziyyətdə bizə göstərilən dəstəyə və yaradılan şəraitə görə dövlətimizə və Təhsil Nazirliyinə minnətdarlığımızı bildirirəm. Onu da qeyd edim ki, dərslərin onlayn keçirilməsi şagirdlər tərəfindən çox maraqla qarşılanır. Çünki bu, həm onlar, həm də bizim üçün yeni tədris prosesidir. Nazirliyin bu təşəbbüsünü bütün təhsil işçiləri və şagirdlərimiz böyük məmnunluqla qarşıladılar. Çalışırıq bu çətin vəziyyətdə əhalinin həyat və sağlamlığının qorunmasını hər şeydən üstün tutan dövlətimizin yanında olaq, öz peşəmiz və fəaliyyətimizlə ölkə rəhbərinə dəstək olaq”, - deyə Nərgiz İbrahimova qeyd edib.
banner

Oxşar Xəbərlər