• cümə, 19 Aprel, 05:52
  • Baku Bakı 18°C

Məqsəd Azərbaycanın parlaq gələcəyini təmin etməkdir - Fotolar

18.02.19 19:22 949
Məqsəd Azərbaycanın parlaq gələcəyini təmin etməkdir - Fotolar
İnsan və təhsil məfhumları ayrılmazdır. Hətta qətiyyətlə deyə bilərik ki, təhsilsiz insanın həyatı yoxdur. Necə ki, insan bədənində gün ərzində çoxsaylı hüceyrələr dəyişilir, yenilənir və beləliklə, orqanizm yaşayır, eləcə də insanın təhsili daim yenilənməlidir. Ona görə İslam dinin müqəddəs kitabı sayılan Qurani-Kərimin ilk cümləsində oxumaq, öyrənmək, bilikli olmaq möminlərə, iman gətirənlərə təlqin olunur. Allahın rəsulu Məhəmməd də beşikdən qəbirə qədər oxumağı müsəlman bacı və qardaşlarına tövsiyə edib. Dahi Azərbaycan şairi Nizami Gəncəvi "Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz!”, - deyərək həm zamanının insanlarını, həm də gələcək nəsilləri elmə, biliyə yiyələnməyə səsləyib. Müasir dövrümüzdə də hər bir dövlətin, xalqın gələcəyi onun malik olduğu elmi-intellektual potensialdan asılıdır. Çünki milli tərəqqini təmin edən başlıca vasitə sayılan elm və təhsil həm də cəmiyyət qarşısında dayanan bir çox əsaslı problemlərin həllində mayak rolunu oynayır. Dünyada baş verən proseslər sübut edir ki, iqtisadi inkişaf strategiyasını elmi əsaslar üzərində qurmaqla təhsilin səviyyəsinin yüksəldilməsini dövlət quruculuğu prosesinin mühüm təminatı sayan, hər zaman proqressiv yeniliklərə istinad edən dövlətlər daha tez tərəqqiyə nail olaraq beynəlxalq arenada yüksək yer tuturlar.

Xaricdə təhsilin ənənəsi
Tarixinə, soykökünə, xalqına, dövlətinə bağlı olan ulu öndər Heydər Əliyev sadalanan reallıqları öncədən gördüyü üçün "Təhsil millətin gələcəyidir”, - prinsipini əsas tutaraq, istər sovetlər birliyi dövründə, istərsə də 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi zamanlarda elm və təhsil siyasətini milli quruculuq strategiyasının əsas istiqamətlərindən birinə çevirib. O, ölkə gənclərinin daim yüksək təhsil alaraq sabahın kamil vətəndaşları kimi yetişməsinə çalışıb. Ulu öndər Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoyub. O dövrdə hər il 800 tələbə olmaqla, ümumilikdə SSRİ-nin 170 qabaqcıl ali məktəbinə 15 minə yaxın azərbaycanlı gənc təhsil almaq üçün göndərilib. Hansı ki, məhz həmin gənclər sonradan Azərbaycanın güclənməsində, inkişafında əvəzsiz xidmətlər göstəriblər. Ulu öndər Heydər Əliyev müstəqillik illərində də daim gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə xüsusi önəm verib. O, hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayıb, onların milli və vətənpərvər ruhda tərbiyəsinə, nüfuzlu xarici ali təhsil ocaqlarında yüksək təhsil almasına xüsusi önəm verib.
5 min nəfər gəncin xaricdə təhsili
Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd edilən istiqamətdə həyata keçirilən çoxsaylı tədbirlərlə yanaşı, dövlət başçısının 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” xüsusi vurğulanmalıdır. Bu Dövlət Proqramının əsas məqsədi Azərbaycanda rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsindən, gənclərin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılmasından ibarət idi. Eyni zamanda, Dövlət Proqramının əsas hədəfi istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyinin və səmərəliliyinin artırılması idi. Sevindirici haldır ki, icrası 2007-2015-ci illəri əhatə edən, 5 min nəfər gəncin xaricdə təhsil almasını hədəfləyən Dövlət Proqramında qarşıya qoyulan bütün vəzifələr uğurla icra olundu. Bu proqram çərçivəsində xaricdə yüksək səviyyəli ali təhsil alan gənclərin əksəriyyəti müasir Azərbaycanın inkişafına öz töhfələrini verməkdədirlər.
Tələbələrin sosial müdafiəsini gücləndirmək
Azərbaycan Prezidentinin elmə, təhsilə diqqət yetirməsinə daha bir nümunə olaraq, peşə, orta ixtisas və ali təhsil alan gənclərin tələbə təqaüdlərinin miqdarının müxtəlif vaxtlarda artırılmasını da göstərə bilərik. Ölkə başçısı İlham Əliyevin müxtəlif illərdə imzaladığı dövlət sənədi ilə təqaüdün miqdarı davamlı şəkildə artırılıb. Bununla bərabər, qəbul imtahanlarında yüksək nəticə göstərən, tələbə adını qazanan gənclərə Prezident təqaüdləri verilib. Bu günlərdə isə Prezident İlham Əliyev "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə”, "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” daha iki sərəncam və ""Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb. Bununla da ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 vahid artırılıb. Təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması barədə qərar qəbul edilib. Həmçinin, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələrə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə təqaüdlər artırılıb.

Elm və təhsilə marağın artırılması
Dövlət başçısının bu addımı Azərbaycan ictimaiyyəti tərəfindən minnətdarlıqla qarşılanıb. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə qəzetimizə açıqlamasında bildirib ki, dövlət başçısının fevralın 14-də imzaladığı müvafiq sərəncamlar tələbə-gənclərin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir. O qeyd edib ki, bu sərəncamlar gənclərin elm və təhsil sahəsinə maraqlarını artıracaq, stimullaşdırıcı rol oynayacaq: "Hazırda Azərbaycanda mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilmiş təhsilin inkişafı istiqamətində davamlı addımlar atılır, müvafiq işlər görülür. Ölkəmizdə hər bir sahədə müşahidə olunan dinamik inkişaf bu sektorda aşkar şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, eləcə də müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən proqramlar təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirib. Bu baxımdan, dövlət başçısının imzaladığı sözügedən sərəncamlar da böyük əhəmiyyət kəsb edir. Tələbə gənclərin təqaüdlərinin davamlı olaraq artırılması onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət etməklə yanaşı, elm və təhsil sahəsinə marağı artıracaq”.
Azərbaycanı irəliyə aparmaq istəyi
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyev də bildirib ki, dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlar gənclərin təhsilinin inkişafına, bu sahədə keyfiyyətin artırılmasına növbəti töhfə, həmçinin onların daha yaxşı oxumalarına yeni stimul olacaq. Millət vəkili deyib ki, ulu öndər Heydər Əliyevin parlaq gələcəyimizə hesablanan uğurlu siyasətini bütün sahələrdə inamla davam etdirən Prezident İlham Əliyev elmə, təhsilə qayğını ilk gündən mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Deputat deyib ki, ölkəmizin xoşbəxt gələcəyinə hesablanan təhsilə olan dövlət qayğısı daim diqqət mərkəzində saxlanılıb: "Ölkə başçısının – "İnsanlarımız, gənclərimiz elə bilik almalıdırlar ki, ən yüksək vəzifələrdə çalışa bilsinlər, biz Azərbaycanı irəliyə aparaq” - sözləri, təhsil sahəsinə ayrılan diqqət və qayğının müasir Azərbaycanın inkişaf konsepsiyasının mühüm tərkib hissəsi olduğunun təsdiqidir. Eyni zamanda, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, imzalanan fərman və sərəncamlar bunu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə yanaşı, insan kapitalının daha da inkişaf etdirilməsini dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edib. Son 15 ildə əhalinin sosial rifahının yaxşılaşdırılması, pensiyaların artırılması kimi bir-birini tamamlayan davamlı tədbirlər, elm və təhsil arxasınca gedən gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində verilən strateji qərarlar bir daha təsdiq edir ki, hədəf müstəqil Azərbaycanın parlaq gələcəyini təmin etməkdir”.
Tələbə gənclər üçün geniş imkanlar
"İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov vurğulayıb ki, imzalanan bütün sərəncamlar Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına yönəlib. Onun sözlərinə görə, bu gün ölkədə təhsil səviyyəsinin yaxşılaşdırılması, daha da təkmilləşdirilməsi üçün görülən işlərdə Azərbaycan gəncinin savadlı olması prioritetdir: "Bu gün ölkədə savadlı gənclər olmalıdır ki, ölkə həqiqətləri dünya miqyasında tanınsın. Bu gün savadlı gənclik yetişməlidir ki, beynəlxalq arenada Azərbaycan bayrağı ən yüksəklərdə dalğalansın, himnimiz səslənsin. Verilən bu qərar kadr potensialı və maddi-texniki bazanın gücləndirilməsi, həmçinin ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrin sosial müdafiəsinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ümumilikdə ölkədə gənclər üçün geniş imkanlar yaradılır. Onların hazırladığı layihələr qiymətləndirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Real TV-yə müsahibəsində də bilik, savad amilinin gənclər və dövlət üçün əhəmiyyətini vurğulayıb. Bütün bunlar ölkəmizdə gənclərə, o cümlədən tələbələrə olan diqqət və qayğının bariz nümunəsidir”.
Təhsildə motivasiyanın, rəqabət mühitinin gücləndirilməsi
Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov da hesab edir ki, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar bütövlükdə Azərbaycanda təhsil alan magistrların, doktorantların, tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına, onlara dövlət qayğısının daha da artırılmasına hədəflənmiş mühüm sənədlərdir. O bildirib ki, bu sənədlərin qəbul olunması Azərbaycanda təhsildə motivasiyanı, rəqabət mühitini gücləndirəcək: "Bu sənədlərim imzalanması böyük sayda tələbələrin sosial müdafiəsinə böyük təkan vermiş olacaq. Bu sərəncamlar təkcə təhsilin doktorantura, doktoranturanın hər iki pilləsi, magistratura və bakalavr üzrə təhsil alan gəncləri əhatə etmir. Bu, eyni zamanda orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə də şamil olunur. Hesab edirəm ki, olduqca sosial bir qərardır. Bu, həm də ölkə başçısı İlham Əliyevin "Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, - ifadəsinin təsdiqidir”.

"Bugünkü dünyada bilik, savad ön plandadır”
Müsahiblərin fikirlərinə dəstək olaraq bir daha vurğulayaq ki, imzalanan sənədlər, atılan addımlar Azərbaycan Prezidentinin ölkə gənclərinə, xüsusən də təhsil alan tələbələrə xüsusi diqqət və qayğısının daha bir nümunəsidir. Azərbaycan Prezidenti hər zaman çalışır ki, ölkə gəncləri savadlı, bilikli olsun, onların sosial təminatları daha da yaxşılaşsın. Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri gününə həsr olunmuş respublika toplantısında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər buna əyani misaldır: "Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir”.
Rufik İSMAYILOV
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təşkil olunan fərdi jurnalist yazıları müsabiqəsinə təqdim olunur

banner

Oxşar Xəbərlər