• cümə axşamı, 18 aprel, 19:38
  • Baku Bakı 21°C

Mənim üçün ən şərəfli vəzifə analıqdır

21.01.19 14:00 1387
Mənim üçün ən şərəfli vəzifə analıqdır
– Bülbül adına orta ixtisas məktəbi Azərbaycan ifaçılıq sənətinə bir çox məşhur sənətkarlar bəxş edib. Onların sırasında siz də varsınız. Təhsil illərinizi necə xatırlayırsınız?
– O illər ömrümün ən şirin, yaddaqalan səhifələridir. Desəm ki, məni sənət seçib gətirib Bakıya yanlış olmaz. Hansısa bir peşənin arxasınca getmək arzusu ilə instituta imtahan verən gənclərdən olmamışam. Korifey sənətkarlarımızın seçimi ilə gəlmişəm Bakıya. Ulu öndərimizin sərəncamı ilə həyata keçirilən və onun şəxsi nəzarətində olan bir müsabiqənin, çox erkən yaşlarımda Respublika gənc istedadlar müsabiqəsinin qalibi olmuşam və elə həmin il, yəni 1982-ci ildə Bülbül adına musiqi məktəbinə qəbul olunmuş, mərhum sənətkarımız İslam Rzayevin sinfində təhsil almışam. O dövrdə təhsil alan gənclər mən deyərdim ki, bəxti gətirən insanlar idi. Çünki, bizə belə bir şans verilmiş, təhsil almaq üçün çox gözəl şərait yaradılmışdı. Bizdən ancaq təhsil almaq tələb olunurdu, istedadımızı inkişaf etdirək və cəmiyyət üçün yararlı insan olaq. Cəmiyyət üçün yararlı bir insan yetişdirməkdən ötrü isə bir ömür gedir. Əlbəttə ki, ulu öndər bunların hamısını bilirdi. Xüsusi diqqət təkcə incəsənət sahəsinə deyil, iqtisadiyyat, ədəbiyyat, dillər sahəsinə də ayrılmışdı. Bütün bunlar istedadlı gənclərin dünyaya açılması, inkişaf edib ölkəyə daha lazımlı, daha dəyərli mütəxəssis kimi yetişməsi üçün edilirdi. O dövrdə gənclərimiz təhsil almaq üçün xarici ölkələrə, Rusiyanın bütün şəhərlərinə göndərilirdi. Bu gün o göndərilənlər Azərbaycanın döyünən ürəyi, cəmiyyət üçün yararlı mütəxəssislərdir. 1985-ci ildə Bülbül adına musiqi məktəbini əla qiymətlərlə bitirdim, elə həmin il Musiqi Akademiyasına qəbul olundum və yeni açılan Muğam sinfinin ilk tələbəsi oldum. Həmin il vokal kafedrasının tərkibində solo oxumaq xanəndəlik fakültəsi kimi açıldı və mənim sənət müəllimim görkəmli professor, xalq artisti Arif Babayev oldu. Mən ondan muğamın sirlərini öyrəndim. O illər həyatımın qızıl səhifələridir. Bu gün əgər Gülüstan Əliyevayamsa, bu, o illərin hesabına olmuşdur.
– Uşaqkən həkim olmaq istəmisiniz. Müğənni olmağınıza peşmansınızmı?
– Əsla. Kiçik yaşlarımdan həkim olmaq istəyirdim, o sahəyə hazırlaşırdım. Ailəmizdə də bunu istəyirdilər. Atam çox konservativ bir adam idi. Eyni zamanda bizim təhsilimizə, xüsusilə dil öyrənməyimizə çox önəm verirdi. Bacımı və məni musiqi məktəbinə, Pionerlər evinə aparırdı. O istəyirdi ki, balaca bir rayonda yaşasaq da inkişaf edək, yaxşı təhsil alaq, bunun üçün çox çalışırdı. Məktəb təhsilimlə bərabər, musiqi təhsilim də davam edirdi. Konsertlərdə, rayon tədbirlərində oxuyurdum. Beləcə, bu istiqamətdə də təhsilimi davam etdirirdim. Təbii ki, bütün bunlar atamın mənə olan böyük dəstəyi sayəsində başa gəlirdi. Respublika müsabiqəsinə qatılmaqla həyatımın axarı, seçimi tamamilə dəyişdi. Ona görə hər zaman deyirəm ki, məni sənət özü seçib. Artıq özüm də bilmədən həyat yolum müəyyənləşdi, incəsənəti seçdim. Buna görə də həkim ola bilmədim.
– Opera səhnəsində Leyli, Şahsənəm, Ərəbzəngi, Sənəm kimi obrazları canlandırmısınız. Xarakter baxımından onlardan hansı sizə daha yaxındır?
– Artıq iyirmi üç ildir ki, Opera və Balet Teatrında çalışıram, teatrın aparıcı solistiyəm. Bütün nailiyyətlərimin başında opera durur, yəni şah əsərim operadır, operadakı işimdir. Teatrımızda oynanılan bütün muğam operalarında baş rolları ifa edirəm. Buna görə teatrın rəhbərliyinə, Tamara xanım Eyvazovaya və baş rejissorumuz Hafiz Quliyevə minnətdaram. Çünki hər bir aktyorun, aktrisanın potensialını işlədiyi müəssisədəki rejissoru, rəhbərliyi görür, kəşf edir və dəyərləndirir. Teatrdakı obrazlarım Leylidən başlayır "Arşın mal alan”dakı xala obrazı ilə tamamlanır. Bütün bu obrazlar qalereyasında ruhuma yaxın Leyli, Sənəm, Gülbahar obrazlarıdır. Bunları ifa edərkən sanki özümü oynayıram. Amma təbii ki, fərqli obrazı yaratdığın zaman dönüb o insan olursan. Yəni, aktrisanın, aktyorun böyüklüyü ondadır ki, səhnədə yaratdığı obrazın xarakterini tamaşaçıya çatdıra bilir. Mənə "Arşın mal alan” operasında xala obrazı həvalə olunanda çox etiraz etdim. Onda mənim 34 yaşım var idi. Dedim, Leylidən, Şahsənəmdən sonra "Arşın mal alan” da xala obrazını necə oynayım?! Hafiz müəllim də mənə dedi ki, sənə kim deyir ki, xala qocadır, xala cavan da ola bilər, yetər ki, sən o obrazı layiqincə yarada biləsən. Mən sənə inanıram, bilirəm ki, o obrazın öhdəsindən gələcəksən. Təbii ki, rejissorlar aktrisanın, aktyorun daxilindəki gizli komizmi, gizli dramatizmi görə bilir. Əslində, rejissorun böyüklüyü də elə bundadır.
– Leyli obrazı yaradıcılığınızda hansı yeri tutur?
– Leyli mənim üçün böyük bir sənət heykəldir. "Leyli və Məcnun” dedikdə insan elə bil başqalaşır. Bu günə kimi iki yüz dəfədən çox Leyli kimi səhnəyə çıxmışam. Amma hər çıxışımda Leyli mənim üçün başqa olub. Leyli fikri, Leyli düşüncəsi məndə tamam başqa cür formalaşıb və davamlı olduqca bu rolun nə qədər fəlsəfi, nə qədər ilahi bir obraz olduğunu kəşf edirsən. Gənclik illərində oynayanda burada qadın hüquqsuzluğunu, sevgi uğursuzluğunu görürdüm. Amma davamlı oynadıqca görürsən ki, bu belə deyil. Bilirik ki, "yar” ədəbiyyatda da ilahiyə müraciət formasındadır. Füzulidə də bu düşüncə öz əksini tapır. Nizami və Nəsimi yaradıcılığında bu düşüncə, bu müraciət dəyişik formalarda özünü göstərir. Təbii ki, Füzuliyə qədər "Leyli və Məcnun” əsərini yazan dahilərimiz olub. Amma Füzuli qələmində bu, tamamilə fərqlidir. Füzulinin "yar” müraciəti bir dəfə ataya, bir dəfə anaya, bir dəfə sevgiliyə, bir dəfə ilahiyə müraciətdir. Yəni, Füzuli yanaşması fərqlidir. Əsərin böyüklüyü də bundadır.
– Çox incə bir məqama toxundunuz. Füzuli Leyli və Məcnun xarakterlərini qələmə alarkən bu mövzuda əsərlər yazan bir çox Şərq şairlərindən fərqli bir yol izləmişdir.
– Doğrudur. Əsərdə nə qədər dərin mənalar var "Leyli və Məcnun” da, əsəri ölməz edən də elə budur. Bu operanı ərsəyə gətirəndə Üzeyir bəy gənc olmasına baxmayaraq şübhəsiz ki, əsərdəki fəlsəfi dərinliyi görüb və onu simfonik janrda, opera janrında yazmasına baxmayaraq operaya o qədər Azərbaycan muğam kaloriti verib, şərq xarakterinə məxsus olan o qədər ştrixlər vurub ki, onu oxuduqca, ifa etdikcə onların hamısını bu əsərdə dərindən dərinə hiss edirik. Buna görə də deyirəm ki, Leyli mənim üçün bir heykəldir. Leyli dedikdə gözümün önündə sevən bir qadının böyük, ilahiləşdirilmiş uca və müqəddəs heykəli canlanır.
– "Leyli və Məcnun” tamaşasında bəzən Leyli, bəzən isə Leylinin anası obrazını yaratmısınız. Bir tamaşada iki fərqli obrazı yaratmaq sizə çətin olmayıb?
– Teatra yeni gəlmişdim, torpaqlarımız işğal olunmuşdu, mən Cəbrayıl rayonundan qaçqın olaraq gəlmişdim. Teatra çox sıxılmış vəziyyətdə gəlmişdim. Səhnəyə alışmağım, səhnədə açılışmağım lazım idi. Səsimlə bərabər səhnə plastikamı da inkişaf elətdirə bilməyim üçün teatrın rəhbərliyi mənə şərait yaratmışdı. Bunun üçün rəhbərliyimizə çox minnətdaram. Deməli, məndə o potensialı görürdülər və o imkanı yaratdılar. "Leyli və Məcnun” da ana obrazını oynadığım dövrdə Leyli obrazını hazırlamağa başladım. Altı ay idi ki, teatrda çalışırdım və Məcnunun anası kimi səhnəyə çıxırdım. Bununla yanaşı, mənə Leyli obrazı tapşırıldı. Hafiz müəllimlə bərabər başladıq Leyli obrazını hazırlamağa. Aradan yenə altı ay keçdi, mən artıq Leyli kimi debütümü etdim. Həm tamaşaçılar, həm də musiqi tənqidçiləri tərəfindən qəbul olundum. Yəni, bu imtahandan da keçdim. 1997-ci ilin iyun ayından səhnəyə Leyli kimi çıxmağa başladım. Hər bir qadın anadır, hər bir qadında bu hiss, bu təcəssüm var. Mənim üçün ananı oynamaq çətin deyildi. O zaman mən artıq ana idim, gənc ana. Buna baxmayaraq bu obrazı mənə tapşırdılar. Ana obrazı debütüm, səhnə praktikam olaraq mənə tapşırılan obraz idi.
– Səhnədə Ərəbzəngi obrazını yaratmısınız. Həyatınızda necə Ərəbzəngilikdən bir əlamət varmı?
– Belə hallar çox olub. Məncə, hər qadın bir Ərəbzəngidir. Bu gün də belədir, əsrlər öncə də belə olub. Sadəcə olaraq mübarizə formaları dəyişir, amma o mübarizə hər bir qadının həyatında var. Zaman-zaman qarşımıza çıxan çətinlikləri aşmaqla biz o mübarizəmizi göstəririk, istər qılıncla, istər qələmlə, istər sözlə, işinlə, öz musiqi və nəğmənlə bu həyatda mübarizə aparırsan.
– Deyirlər ki, səhnə gözəlliyi sevir. Bunu necə anlamalı?
– Səhnə sözünün özü bir gözəllikdir. İncəsənət sözünün kökü də gözəllikdir, incəlikdir. Sənətə gətirdiyin incəliklə sən gözəl olmalısan, istər müğənni, istər aktyor, istər rəssam, istərsə də heykəltəraş ol. Bunların hamısının mücəssiməsi gözəllikdir. Təbii ki, tamaşaçı görmək istədiyi müğənnini, aktrisanı gözəl görmək istəyir. Hətta tanımayan insan səni səhnədə ilk dəfə görürsə, sən ağzını açana, oxuyana qədər vizual olaraq sənin görkəminə baxır. O, sənin vizual gözəlliyindən zövq almalıdır. Sənin makiyajın, saçın, geyimin o qədər gözəl olmalıdır ki, tamaşaçının zövqünü, ruhunu oxşaya bilsin. Hərə bir cür oxuyur, hərənin öz səsi və hər səsin öz rəngi, öz çaları var. Hər bir sənətkar sənət tarixində səsinin rəngi ilə qalır. Hamı eyni cür deyil. Amma əgər sən səsinin gözəlliyi ilə fərqlənən bir varlıq, bir insan kimi hansısa bir məkanda qəbul olunursansa, bu insan üçün böyük bir xoşbəxtlikdir. İnsanlar var ki, məclisə gəlir də, gedir də, amma o məclisdə varlığı-yoxluğu bilinmir. Bu, insan üçün ən böyük bədbəxtlikdir. Ancaq mən yaradıcılığımın, yaşımın bu çağında tamaşaçılarımdan, məni sevənlərdən təqdiredici sözləri eşitdiyimə görə özümü çox xoşbəxt hesab edirəm.
– Ana, müğənni, müəllim... hansı daha çətindir?
– Ən məsuliyyətlisi analıq və müəllimlikdir .Konservatoriyanı fərqlənmə diplomu ilə bitirmişdim. Muğam fakültəsindən ilk məzun idim və məni konservatoriyadan, opera teatrından, kolleclərdən tələb edirdilər, istəyirdilər ki, mən o müəssisələrdə çalışım. Bunların arasından mən ailəmi seçdim. Qadının cəmiyyətə, həyata verənbiləcəyi ən böyük şey onun analığıdır. Qadın hansı peşənin sahibi olursa olsun, o, ilk növbədə aanadır. Konservatoriyanı bitirdiyim ildə ailə həyatı qurdum, ona görə də bütün təklifləri kənara qoyaraq ailəni seçdim. Həyatımdakı bütün dağıntılara baxmayaraq, məni həyata bağlayan ailəm, oğlum oldu. Çünki, oğluma sarılaraq yaşamışam və sənətimi yaşada bilmişəm. 2003-cü ildən Milli Konservatoriyanın müəllimiyəm və artıq bu gün dosentəm. Çox sevdiyim, çalışdığım Opera və Balet Teatrının solistiyəm. Opera teatrının 100 illik tarixində orada çalışan qadınlar haqqında elmi iş yazıb müdafiə etmişəm. Opera tarixində Azərbaycan qadınının, Azərbaycan xanəndələrinin yeri haqqında demək olar ki, elmi iş yox idi. Ancaq mənim üçün ən şərəfli vəzifə analıqdır.
– Çəkilişlərdən, göz önündə olmaqdan yorulub özünüzə qapandığınız anlar olurmu?
– Belə anlar həyatımda çox olub. Elə olurdu ki, gəlirdim evə, öz otağıma keçirdim, otururdum yatağın üstünə, işığı da yandırmadan düşünürdüm, çox düşünürdüm. Mən evə gələn kimi oğlum qısılırdı mənə, qucaqlayıb öpürdü. Uşaq olanda anlamırdı, böyüyəndən sonra deyirdi ki, ay ana, niyə qaranlıqda oturmusan?
– Sevginin qadının həyatında tutduğu yeri necə izah edərdiniz?
– Sevginin qadının həyatında əvəzsiz rolu var. Sevgi böyük məfhumdur. Hər bir qadın sevilməyə, sevməyə layiqdir və borcludur. Çünki, insan sevgidən yaranıb və buna hər zaman ehtiyacı var. Qadınlar, xüsusilə də sənətdə olan qadınlar buna daha çox ehtiyac duyurlar. Çünki, hər bir xoş söz, hər bir diqqət, emosiya, fikir, sənət adamını daha da ruhlandırır, daha gözəl işlər görməyə həvəsləndirir. Biz dahilərimizin, məşhurlarımızın, müasirimiz olan korifeylərimizin həyatına, onunla paralel yaradıcılıqlarına fikir versək, görərik ki, onlar ən gözəl əsərlərini sevdiyi, sevildiyi zaman, o sevgi içində qüssələndiyi, ən xoşbəxt vaxtlarında yaradıblar. Deməli, sevgi elə bir adrenalin, elə bir həyat eşqidir ki, nə qədər ki, yaşayır insan bundan qidalanır. Hər yaşın fərqli sevgisi var. Çünki insan yaşa dolduqca kamilləşir, eyni bir əşyaya, hətta eyni bir insana fikirləri, baxışları dəyişir.
– Alın yazısına inanırsınızmı?
– İnanmıram, bu, mənim subyektiv fikrimdir. Alın yazısı hər insanın öz xarakteridir, insanın xasiyyəti onun alın yazısıdır. İnsanın xasiyyəti onu qarşılaşdığı hadisələrlə rastlaşdırır, üz-üzə gətirir. Mən bunu öz həyatımdan, təcrübəmdən çıxış edərək deyirəm. Mən başqa xasiyyətli bir insan olsaydım, həyat yoldaşımı yox, başqa adamı, öz sənət yoldaşımı və ya tam fərqli bir insanı seçərdim. Vətən üçün ölməyi bacaran bir insanı seçməzdim. Başqa xarakterli bir insan olsaydım Bakı şəhərində qalmağı seçərdim, ali təhsilli bir qız idim, kəndə getməyi üstün tutmazdım. Deməli, bu, mənim xasiyyətim, bu, mənim seçimimdir. Seçimimin arxasınca gedərək Cəbrayıl rayonuna gedib çıxdım, torpağını sevən, şəhid olmağı bacaran bir oğlanı seçdim. Seçimimin arxasınca gedərək Opera və Balet Teatrına gəldim, Gülüstan Əliyeva oldum. Seçimimin arxasınca gedərək, bu günə kimi ailə həyatı qurmadım, tənha yaşadım. Bütün bunlar insanın xarakteridir.

Söhbətləşdi: İntizar İsmayıl


banner

Oxşar Xəbərlər