• cümə, 19 Aprel, 13:42
  • Baku Bakı 25°C

«Mənim işim sözləri sıralamaqdır»

30.09.14 13:32 2165
«Mənim işim sözləri sıralamaqdır»
«Bəzən olur ki, heç düşünmədiyim məqamda ideyalar, sözlər elə gəlir ki, tam mənim ürəyimcə olur»
Uzun müddət Nobel ədəbiyyat mükafatının qeyri-rəsmi qısa siyahısında yer aldıqdan sonra 1998-ci il oktyabrın 8-də Xose Saramaqo nəhayət ki, “Təxəyyül, həyəcan və ironiya ilə zəngin pritçalardan istifadə edərək reallığı anlamağa imkan verən fəaliyyətlərinə görə” bu mükafata layiq görülür. Bununla da, Saramaqo Portuqaliyanın adını Nobel siyahısına salan ilk yazar oldu. Nobel mükafatı alması ilə bağlı fikirlərini soruşanlara yazar: “Gözəllik müsabiqəsinin qalibi kimi getdiyim hər yerdə göstərilmək və diqqətləri üzərimə toplamaq istəmirəm... Belə taca bənzər bir şey məni həvəsləndirmir, bacarmadığım kimi də davranış sərgiləməyimi gözləməsinlər” – deyib.
Xose Saramaqo 1922-ci ildə Portuqaliyanın Ribatejo adlanan ərazisində əkinçilik və kənd təsərrüfatı ilə məşğul olan ailədə dünyaya göz açır. 1924-cü ildə ailə Lissabona köçür, burada Saramaqonun atası polis işləməyə başlayır. Yeniyetməlik illəri ciddi iqtisadi çətinliklərdə keçən Xose ənənəvi məktəbdən, dövri məktəbə keçməli və paralel olaraq işləməli olur. Özünü bir neçə sahədə sınayan Saramaqo sonunda tamamilə ədəbiyyata girişir.
1947-ci ildə - 22 yaşında Saramaqo ilk romanı “Günah vətəni”-ni (“Land of Sin”) nəşr etdirir. Bu əsərin orijinal adı “Dul” (“The Widow”) olsa da, naşir nisbətən canlı başlıqla kitabın daha çox nüsxəsinin satılacağını düşündüyündən adını dəyişməyi üstün tutur. Elə ilk romandan sonra yazar on doqquz il boyunca nəşr olunmur. Nəhayət, uzun aradan sonra ilk dəfə 1966-cı ildə ilk şeirlər toplusu “Məqbul şeirlər” (“The Possible Poems”) işıq üzü görür. Həmin nəşrdən sonra uzun müddət jurnalistika ilə məşğul olan ədib “Diario de Naticias” dərgisində direktor assistenti kimi çalışır, boş zamanlarında isə fransız ədəbiyyatından tərcümələr edir. 1969-cu ildə Portuqaliya Kommunist Partiyasına qoşulduğundan bir müddət sosial və siyasi mövzularda şərhlərlə çıxış edir. Nəhayət 1977-ci ildə ədibin “Rəssamlıq və Kalliqrafiya kitabı” əsəri (“Manual of Painting and Calligraphy”) dərc olunur.
1980-ci ildə “Yüksəliş” (“Raised Up from the Ground”) romanın nəşri ilə uğurlu roman müəllifi kimi özünü tanıtdıran Saramaqo bu romanla, nəhayət, hədəflədiyi uğura nail olur. Portuqaliyanın Alentejo adlanan ərazisində nəsillərlə əkinçiliklə məşğul olan sadə insanların həyatlarından bəhs olunan roman Portuqaliya və qonşu ölkələrdə böyük maraqla qarşılanır. Ədib bu əsərlə ilk ədəbi mükafatını - “Lissabon Şəhər mükafatı”-nı alır. 1982-ci ildə “Baltazar və Blimunda-nın (“Baltasar and Blimunda”) nəşri ilə beynəlxalq ədəbi nüfuza qovuşan yazarın ABŞ-da nəşr olunan ilk əsəri də məhz bu roman olur. Əsər 1987-ci ildə ABŞ-da nəşr edilir. “Rikardo Reisin ölüm ili” (“The Year of the Death of Ricardo Reis”) adlı növbəti romanı ilə yazar “Portuqaliya PEN Klub Mükafatı” və Britaniyanın “Müstəqil Xarici Roman Mükafatı”-nın sahibi olur. “Daş Sal” (“The Stone Raft”) əsəri ilə əldə etdiyi beynəlxalq uğur və nüfuzu daha da artıran Saramaqo Latın Amerikası və Afrika ölkələrində apardığı uzun araşdırmalardan sonra 1989-cu ildə “Lissabon tarixi” (“The History of the Siege of Lisbon”) əsəri ilə gündəmə gəlir. Roman yazarın 1988-ci ildə ailə qurduğu xanım – ispan jurnalist Pilar del Rioya həsr edilib.
1991-ci ildə yazara “Portuqaliya Yazıçılar Assosiasiyası mükafatı” və “Avropa Birliyi ölkələri ədəbi mükafatı”-na laureatlıq hüququ qazandıran “İsa Məsihinin gözündən Qospel” (“The Gospel According to Jesus Christ”) romanı çap olunur. Lakin Portuqaliya hökuməti konservativ elementlərin tənqidi məsələsini və Katolik Kilsəsinin təzyiqlərini əldə tutaraq kitabın laureat əsərlər arasından çıxarılmasına nail olur. Saramaqo: “Bu çox ədalətsiz davranış idi. Portuqaliyada müdafiə etdiyi tam demokratiyanın mövcud olmadığının ən böyük sübutudur. Görəsən, dünyada belə barbarvari hərəkətə yol vermiş ölkəni ittiham edəcək bir dövlət varmı. Bu mənə çox ağır gəldi”.
Əsərlə bağlı yaranmış gərginlikdən az sonra yazar İspaniyanın Kanarya adalarında yerləşən Lanzaroteyə köçmək qərarı alır və xanımı ilə birgə ömrünün böyük bir qismini keçirdiyi Lissabonu tərk edir. Bura köçəndən sonra keçən qısa zaman ərzində yazarın iki nəhəng əsəri “Korluq” (“Blindness”) və “Bütün Adlar” (“All the Names”) dərc olunur. Sonralar bu əsərlərin hər ikisi “Lanzarote xatirələri” adlı toplunun hissəsi kimi verilir. Aşağıda tanış olacağınız müsahibə 1997-ci ilin mart ayında Lanzarotedəki evində götürülüb. Donzelina Barrasonun müəlliflə etdiyi söhbəti təqdim edirik.
- Lissabon üçün darıxırsınız?
- Bu konkret olaraq Lissabon üçün darıxmaq və ya darıxmamaq hissi deyil. Nəyinsə əskikliyini poetik ifadə etsəm, insan onurğasında hiss edir, ağrı kimi, mən onu hiss eləmirəm, yəni əskiklik, yoxluq məni incitmir. Bunun üzərində çox düşünürəm. Lissabonda çoxlu dostlar var, bu axır vaxtlarda bir dəfə ora getmişdik. Amma indi Lissabonda olanda keçirdiyim hiss darıxdığım yeri görmək hissi deyil, gedəsi heç yerin olmaması hissidir, tanımadığım yerlərin çox olduğu şəhərə gəlmək hissidir. Artıq bilmirəm ki, Lissabonda necə yaşayaram. Amma qəribə bir məsələ də var, ora gedirəm, cəmi iki-üç gün, ya da bir-iki həftə qalıram, orada yaşayanda formalaşan vərdişlərim geri qayıdır. Halbuki mən onları çoxdan tərgitmişəm. Amma beynimin bir tərəfində də mütəmadi olaraq mümkün olduğunca tez bura qayıtmaq fikri dolaşır. Buranı həm məkan olaraq sevirəm, həm də buranın insanları mənə çox yaxındır. Burada həyatım çox yaxşıdır. Haçansa buradan köçmək haqqında düşünmürəm, köçmərəm. Düzdür, hamımız bir gün mütləq köçəcəyik, amma mən burdan yalnız qəbir evinə köçə bilərəm.
- Lanzaroteyə uyğunlaşmaq çətin olmadı? Yəni təzə-təzə yeni mühitdə işləməyə başlayanda əvvəlki iş mühitiniz üçün darıxırdınız?
- Çox asan uyğunlaşdım. Ümumiyyətlə, xarakter olaraq həyatından şikayətlənməyən insanam. Hər zaman hadisələri dramatikləşdirmədən yaşamağa üstünlük verən insan olmuşam, çünki nə olursa, olsun, pis şeylərlə yanaşı hər zaman yaxşı şeylər də baş verir. Mən sadəcə anları yaşamağa çalışıram. Təbii ki, mənim də özümü məyus hiss etdiyim anlar olub, mən o anları hiss etmişəm, onlarla yaşamamışam, yəni onlarla özümü daha da hüzünləndirməyə çalışmamışam.
İşləmək məsələsinə qalanda çalışıram ki, nə edirəmsə, edim təbii alınsın, məcburiyyətdən doğmasın. Mənim üçün yazmaq işdir. Heç vaxt iş anlayışını yazmaq prosesindən ayırmamışam. Mənim işim sözləri sıralamaqdır, birini digərinin yanında yerləşdirməkdir, hekayə danışmaqdır, vacib və işə yaracağını düşündüyüm şeyləri deməkdir.
- Necə işləyirsiniz? Hər gün yazırsınız?
- Əgər əlimdə mütəmadiliyi öz-özlüyündən gələn, axıcılığı təmin edən iş varsa, onda hər gün yazıram. Əlbəttə, bəzən olur ki, müxtəlif maneələrə ilişirəm, evlə bağlı, səyahətlə bağlı əngəllər yaranır, amma bütün bunlarla yanaşı, mən qayda-qanunu sevən, intizamlı adamam. Yəni nizam-intizam lazımdır. Amma özümü konkret saatlarda və ya bir neçə saat işləməyə məcbur etmirəm, amma hər gün müəyyən qədər işləmək şərtini mütləq ödəyirəm, bu da adətən günə iki səhifə olur. Məsələn, bu səhər də siz gələnə kimi yeni roman üçün iki səhifə yazmışam, sabah da növbəti iki səhifəni yazacam. Ola bilər ki, düşünürsünüz ki, günə iki səhifə yazmaq çox azdır, amma məsələ ondadır ki, gün ərzində məşğul olmalı olduğum tək iş yazmaq deyil, mətnlər oxumalı, redaktə etməli oluram, başqa mövzuda nəsə yazmalı oluram, məktubları cavablandırıram, üstəlik günə iki səhifə hardasa ilə 800 səhifə deməkdir.
Qəribə və qeyri-adi görünən vərdişlərim yoxdur. Bayaq da dedim əsas da odur ki, nə olursa olsun, olanları dramatikləşdirmirəm. Bütün bunlarla yanaşı, əsla və əsla yazarlığı, yazı prosesini romantikləşdirmirəm, şişirtmirəm. Əsla yaradıcılıqla bağlı yaşadığım problemlər, əziyyətlər haqqında danışmıram. Boş səhifələrdən, günlərlə ağ qalan vərəqlərdən, yaradıcı tıxaclardan qorxmuram. Bilirəm, oxucular əksər yazıçılardan bu tip şikayətləri və çətinlikləri eşitməyə öyrəşiblər, amma mənimlə bağlı vəziyyət belədir. Mənim ədəbiyyat insanına xas problemlər kimi göstərilən problemlərim yoxdur, problemlərim var, amma bu işləyən bütün sadə insanların iş prosesində yaşadıqları çətinliklərdir, yəni qeyri-adi heç nə yoxdur. Bəzən olur ki, heç nə alınmasını istədiyim kimi alınmır, bəzən elə olur ki, ümumiyyətlə, alınmır. Bəzən olur ki, heç düşünmədiyim məqamda ideyalar, sözlər elə gəlir ki, tam mənim ürəyimcə olur, onda isə mənə qalan onları gəldiyi kimi qələmə almaq olur.
- Birbaşa komputerdə yığırsınız?
- Hə. “Lissabon tarixi”-ni əvvəlcə klassik yazı maşınında yığdım. Onu deyim ki, klaviaturaya öyrəşmək mənim üçün heç də çətin olmadı. Düşünmürəm ki, əllə, yazı maşınında, ya da komputerdə yazmaq arasında fərq var. Yəni komputerdə hansı sürətlə yazıramsa, yazı maşınında da eyni sürətlə yazıram. Bəzən eşidirik, yazarlar deyir ki, komputer yaradıcı düşüncəni öldürür. İnsanın üslubu, bazası, yaradıcılığı varsa, komputer nə edə bilər. Amma bütün bunlara baxmayaraq, etiraf edim ki, kağızla aramda qəribə bir şey var. Yazdığım hər səhifəni dərhal çap edirəm. Yazılarım çap olunan vərəqlərsiz bir az...
- Maddi sübuta ehtiyacınız var.
- Bəli, eyni ilə.
- Gündəlik şərt olan iki səhifəni tamamladıqdan sonra üzərində işləyir, düzəlişlər aparırsınızmı?
- Əsərin sonunda, artıq tam olanda bütün mətni təkrar oxuyuram. Normalda onda düzəlişlər aparıram, bu da elə ciddi dəyişikliklər olmur, kiçik detallar hansısa hadisə, əşya və ya üslubla bağlı və ya yaxud da fakta əsaslandığı üçün dəqiqləşdirməyə ehtiyacı olan hissələri. Amma ilk formanın 90%-i olduğu kimi qalır.
- Yazmağa konkret ideya ilə başlayırsınız.
- Bəli, beynimdə aydın bir ideya olur, hara getmək istədiyim, nəyə çatmaq istədiyimlə bağlı. Amma bu əsla sabit, dəyişməz plan kimi anlaşılmasın. Yəni əsas məqsəd odur ki, sonda mən demək istədiyimi demiş olum, təbii ki, bu şərt daxilində dəyişikliklər mütləq olur.
- Obrazlarınız necə? Yaratdığınız obrazların sizi təəccübləndirdiyi olubmu?
- Ümumiyyətlə, bu obrazlar öz həyatlarını yaşayır, öz yollarını gedirlər, yazıçının işi onları izləməkdir deyənlərə inanmıram. Yazar yaratdığı obraza verdiyi, onda gördüyü düşüncə tərzinə zidd hadisələrlə xarakteri nəyəsə məcbur etməməyə diqqət etməlidir, bu məsələdə həssas yanaşmalıdır, amma yazarın yaratdığı obrazın müstəqilliyi ola bilməz. Obraz müəllifin əlində fırlanır, mənim əlimdə yaranır, üstəlik özünün bilmədiyi mənim cızacağım yolda irəliləyir, mənim ona yaşatdığım hadisələrdən keçməli olur. Obrazlar kəndirlər üzərində yeriyirlər, bu iplər görünməzdir, müəllif istəyən yerdə qırılar. Hər bir obrazın yaşadığı azadlığın, müstəqilliyin illuziyasıdır, heç bir obraz müəllifin getməsini istəmədiyi yerə gedə bilməz.
Xarakterlər hekayənin ayrılmaz hissədir. Onlar müəllifin yaratmaq istədiyi struktura xidmət edir. Hansısa obrazı təqdim edirəmsə, deməli, o obraz orada mən lazım bildiyim üçün var, mən hekayədə o obrazdan istifadə etmək istəyirəm, ondan nə istədiyimi bilirəm.
- “Korluq” əsərinizi çox sevdim, zövq alaraq oxudum, əsər olduqca ağırdır, amma tərcümə çox uğurlu alınıb.
- Covanni Portieronu tanıyırdınız? Uzun müddət mənim ingilis dili üzrə tərcüməçim olub, dünyasını dəyişdi...
- Nə zaman?
- Fevralda. QİÇS-dən əziyyət çəkirdi. “Korluq”-u o tərcümə edib, əsəri bitirdi və dünyasını dəyişdi, tərcümə etdiyi sonuncu əsər oldu. Əsərin sonlarına yaxın həkimin verdiyi dərmanların dozası artdığından Covanni görmə qabiliyyətini itirmişdi. Amma bütün riskləri gözə alıb, nisbətən yaxşılaşmaq üçün də əlavə dərmanlar qəbul etdi, romanı tamamladı. Çox ağır və üzücü vəziyyət idi.
- Avropa və Latın Amerikası ölkələrində olduqca geniş oxucu auditoriyanız var. Yəni Amerikada ilə müqayisədə çox genişdir.
- Bilirsiniz, amerikalıların təbiətindəndir bu. Onlar tərkibində ciddiyyət və ağırlıq olan şeyləri qəbul edə bilmirlər. Amma az olmasına baxmayaraq Amerikadakı oxucularımdan hər zaman çox xoş reaksiyalar alıram.
- Tənqidi fikirlər sizin üçün nə dərəcədə əhəmiyyətlidir?
- Mənim üçün əhəmiyyətli olan işimin öhdəsindən layiqincə gəlməkdir. Beynimdə konkret “yaxşı iş” standartları var, yazmaq istədiyim əsər istədiyim kimi alınırırsa, mənim üçün vacib olan budur. Mənim əlimdən çıxandan sonra o artıq həyatdakı sıradan şeylərdən biridir, yaxşı iş nümunəsidir. Ana uşağı dünyaya gətirir, ona hər şeyin ən yaxşısını verir, həyatın ən yaxşılarını arzulayır, amma həyat uşağa aiddir, anaya yox. Öz yolunu, öz həyatını uşaq özü quracaq, seçəcək, heç nə ananın xəyal etdiyi kimi olmayacaq. Mən də kitablarımın taleyinin necə olacağı ilə maraqlanmıram, çünki hər oxucu onu öz istədiyi kimi qəbul edəcək. Bəlkə də mənim yazarkən ağlıma gəlməyən mənalar tapacaq özü üçün.
Hazırladı:
Elcan Salmanqızı
banner

Oxşar Xəbərlər