• şənbə, 20 Aprel, 17:33
  • Baku Bakı 23°C

Mənfəət ehtirası çox zaman incəsənətin hədəfləri ilə daban-dabana zidd gəlir.

18.11.15 12:24 1457
Mənfəət ehtirası çox zaman incəsənətin hədəfləri ilə daban-dabana zidd gəlir.
“National Book Awards” ədəbi mükafat fondu tərəfindən mükafatın fəxri diplomuna layiq görülən amerikalı yazıçı Ursula Le Quin qısa, amma hər zaman təbəssümlə xatırlanan çıxış edib. Qeyri-bədii ədəbi nümunələrinin ustası sayılan, elmi-fantastik əsərləri ilə güclü ədəbi nüfuz qazanmış Le Quin bu qısa çıxışında illərlə ədəbi çevrədə necə tənqidlərə məruz qaldığına, uzaqlaşdırıldığından, müasir nəşriyyat orqanlarının sadəcə gəlirə hədəfləndiyindən ədəbiyyatın təkliflərinin marketinq bazarının tələbləri ilə uzlaşmamasına kimi bir çox vacib məsələyə toxunub. Çıxışı həm mükafat fondunun rəsmi ünvanından – “nationalbook.org” və ya “youtube.com/watch?v=Et9Nf-rsALk” internet unvanından izləyə bilərsiniz.
Təşəkkürlər, Neyl. Əslində məni bu möhtəşəm mükafata layiq görənlərin hamısına ürəkdən minnətdaram. Minnətdar olduğum çox adam var – ailəm, ədəbi agentlərim, redaktorlarım. Əslində hər yazıçı əldə etdiyi uğuru, tutduğu yeri həyatını təşkil edən bu adamlara müəyyən mənada borcludur. Mənim də burda olmağım onların dəstəyinin nəticəsidir və qazandığım bu mükafat mənim qədər onların da uğurudur. Qəbul etməkdən böyük qürur hissi keçirdiyim və çox məmnun olduğum bu mükafatı uzun illər boyu ədəbiyyatdan uzaqlaşdırılmış, hər yerdə imtinalarla üzləşmiş elmi-fantastik janrın bütün möhtəşəm müəllifləri ilə paylaşıram. Son 50 ildə belə dəyərli və nüfuzlu mükafatların durmadan heç bir məntiqi açıqlaması olmasa da, dırnaqarası “əsl ədəbiyyat” nümunələri hesab edilən əsərlərin müəlliflərinin qazanmasının şahidi olmuşuq. Bu uzun zaman kəsimini səbirlə, yorulmadan yaradan və heç bir əngələ görə ruhdan düşməyən təxəyyül ədəbiyyatını sevən uşaqlar, müasirlərim, müəllimlərim və bu janrın gənc nümayəndələri ilə bölüşdüyümüz ən gözəl xəbər idi.
Məncə, hər şeyin sürətlə yerini daha yenilərə, daha orijinallara verdiyi bu dövrdə hər sahədə olduğu kimi ədəbiyyatı da çətin günlər gözləyir. Alternativləri görə bilən, orijinallığa daxilindən başlayan yazarların səslərinə ehtiyac duyacağımız zaman gələcək, seçim az və çətin olacaq. Bu yazarlar necə yaşadığımızın, terror, müharibə qorxusundan dili tutulmuş cəmiyyətimizin və var olmağın fərqli yollarını axtaran “xəstə”, texnologiyalaşmış həyatımızın alternativlərini görə biləcək, hətta böyük ümidlərlə yeni həyat yollarının xəyalını qurdurmağa kömək edən səslər olacaq, gələcək belə yazarlara ehtiyac duyacaq. Dünyaya azadlığı xatırladacaq yazıçılara ehtiyacımız var, şairlərə və xəyalpərəstlərə - günün həqiqətindən daha böyük həqiqətlərə gözlərimizi aça biləcək qələm adamlarına.
Bu gün məncə ədəbi çevrənin ən çox ehtiyacı olan şey bazar üçün məhsul istehsal etməklə, incəsənət nümunəsi istehsal etmək arasındakı fərqi görən, bilən və bunun əhəmiyyətini dərk edən yaradıcı nəsildir. Ən yüksək reklam gəlirini və mənfəəti əldə edə bilmək üçün yazılı mətni satış strategiyalarına, zəif cəhətlərini tutduqları cəmiyyətin konkret təbəqəsinin heyvani aclıq tələblərinə uyğunlaşdırmaq, ədəbiyyatın məqsədlərini görməzdən gəlmək, maddi güc üçün hər mətnə ədəbi nümunə demək, onu sırımaq üçün hər cür parıltılı ifadədən qorxmadan, məsuliyyət daşımadan istifadə etmək peşəkar naşirliklə, ya da yaradıcılıq, incəsənət meyarları ilə yaşayan yazarlıqla qətiyyən uyğunlaşmır, anlaşmır.
Satış və reklam-marketinq departamentinin işçilərinə redaktorlardan, tərcüməçilərdən, yazarlardan daha çox əhəmiyyət və daha böyük idarəçilik hüququnun verilməsi təsadüfi faktor deyil. Naşirlərin özləri belə cahilcəsinə və ədəbiyyat insanlarına heç yaraşmayan acgözlüklə rəflərdə “ədəbi nümunə” adı ilə yer almamalı olan kitabların elektron versiyalarının hazırlanması, hər yerdə yayılmasında maraqlıdırlar. İnsanlar bu kitablara çap kitablara verdiklərin 4-5 dəfə çox məbləği ödəməkdən imtina etmirlər. Hamı bu kor cəhalətə düşüncəsizcə baş əyir. Buna etiraz edənlər isə tək olduqları üçün təhdid edilir, bazarda təklənir. Bu hesablanmış bazar strategiyası istedadı olan, ciddi nümunələr yarada biləcək qabiliyyətdəki yazarların da gələcəyini təhlükə qarşısında qoyur. Çoxumuz kitabları yazanların da, onları tərcümə edənlərin də, satmağa çalışanların da bazarın qeyri-adil qərarları ilə razılaşdığına şahidik. Tacirlərin – kitab satmağı ətir satmaqla qarışıq salanların bizə nə yazıb-yazmayacağımızı, nəyi deyib-deməyəcəyimizi müəyyənləşdirməsinə imkan veririk.
Kitablar sizin bildiyiniz hər hansısa bir bazar məhsulu deyil, onlar ucuz və əhəmiyyətsiz ticarət vasitəsi deyil. Mənfəət ehtirası çox zaman incəsənətin hədəfləri ilə daban-dabana zidd gəlir. Buna tarixən də çox rast gəlinib, amma bu qədər təhqiredici forma almayıb. Kapitalizmin caynaqlarında çırpınırıq, gücü itirməkdən qorxanların, onu əsas silah hesab edənlərin arasında yaşayırıq. Krallar da yenilməz hesab edilirdi, qaydaları onlar dəyişirdi. Amma tarix göstərdi ki, bəşəriyyətin taleyini insanlar, üsyanlar, müqavimət, etirazlar dəyişir. Müqavimət və dəyişiklik isə əksərən incəsənətdən başlayır, xüsusilə bizim sənətimizdən, ədəbiyyatdan, sözlərin sənətindən.
Olduqca uzun və uğurlu karyera yolu keçdim. Etibarlı və dürüst insanlara əl verdim. İndi bu gün burada, bu nüfuzlu mükafatı aldığım yerdən, yolun sonlarına yaxın bir kürsüdən Amerika ədəbiyyatının çöküşünü, sözə xəyanət olunmasını izləmək istəmirəm, heç istəmirəm. Biz yazarlar da, naşirlər də mənfəətdən uzaq olanı, adil olanı, haqqımızı, nüfuzumu geri almalıyıq, hətta tələb etməliyik. Amma bu gözəl mükafatın adı mənfəət deyil, onun adı azadlıqdır. Təşəkkürlər!
Tərcümə etdi: Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər