“Mənəvi dəyərlərin təbliğində dini təhsil amili”
Azərbaycan İlahiyyat
İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu 20 noyabr 2018-ci il tarixdə birgə
konfrans keçirib.
Mənəvi Dəyərlərin Təbliği
Fondunun icraçı direktoru Mehman İsmayılov konfrans iştirakçılarını
salamlayaraq bildirib ki, dünyanın aparıcı sosioloji mərkəzlərində ortaq din,
dil və mədəniyyət dedikdə, ilk növbədə, tolerantlıq ənənəsi başa düşülür. Mehman İsmayılov Fondun yaradılması, fəaliyyəti,
gördüyü işlər və keçirdiyi tədbirlər haqqında məlumat verərək bildirib ki,
qurumun başlıca fəaliyyəti əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan
milli-mənəvi dəyərlərin təbliği siyasətinin davam etdirilməsidir. İcraçı
direktor Prezident cənab İlham Əliyevin bu siyasətin inkişaf etdirilməsinə
xüsusi önəm verdiyini diqqətə çatdırıb. O, dövlət-din münasibətlərinin tənzimlənməsi
və dini maarifləndirmə sahəsində Fond tərəfindən keçirilməsi planlaşdırılan
layihələr haqqında da danışaraq qeyd edib ki, Azərbaycanda İslama baxış tərzi bir çox müsəlman
ölkələrindən fərqlənir. O bildirib ki, istər keçmişdən bu günümüzə qədər
İslamın mövqeyini və əxlaqi məfkurəsini bəyan etmək baxımından, istərsə də onu
təbliğ etmək məsələlərində müəyyən amillər mütləq nəzərə alınmalıdır.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov "Azərbaycanda
dini təhsil: reallıqlar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. Rektor
bildirib ki, SSRİ-nin həyata keçirdiyi siyasət nəticəsində dini tədris
ocaqlarının fəaliyyəti dayandırılmışdı. Azərbaycan ikinci dəfə müstəqillik
qazandıqdan sonra, Ümummilli Lider Heydər Əliyevin dini sahəyə diqqəti nəticəsində
ölkəmizdə yeni məscidlər, sinaqoqlar və kilsələr tikilib istifadəyə verildi. Bu
siyasətin Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban
xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edən rektor Azərbaycan
İlahiyyat İnstitutunun yaradılmasını bu qayğının bariz nümunəsi adlandırıb.
Rektor, həmçinin qeyd edib ki, İslam mədəniyyətinə töhfə verən alimlərin
bir çoxları bu bölgədə yetişib: "Bu bölgə İslam mədəniyyətinə, İslam tarixinə
bir çox tarixi şəxsiyyətlər bəxş edib”.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev "Dini təhsilin
mahiyyəti” mövzunda məruzəsi ilə fikirlərini bölüşüb. F.Nurullayev vurğulayıb
ki, Azərbaycanda dini radikalizm meyillərinin qarşısının alınması, insanların
dini cəhətdən düzgün maarifləndirilməsi üçün orta və ali məktəblərdə mütləq
dini dərslər tədris edilməlidir. Onun fikrincə, əhalisinin əksəriyyətini müsəlmanlar
təşkil edən Azərbaycanda problemlərin əksəriyyəti gənclərin İslam dinini düzgün
anlamaması, yalançı təbliğat səbəbindən yaranır. F.Nurullayev qeyd edib ki, Azərbaycanda
bir çox sahələrdə olduğu kimi, dini sahədə də uğurlu siyasət həyata keçirilir.
Bu istiqamətdə Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər
Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın əvəzsiz və məqsədyönlü fəaliyyətləri
mövcuddur. Gəncləri dini ekstremist qüvvələrin təsirindən uzaqlaşdırmaq üçün Azərbaycanda
dini təhsil sahəsində ciddi tədbirlər həyata keçirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası
şöbəsinin müdiri Nahid Məmmədov "Dini təhsildə dini ədəbiyyatın rolu”
mövzusunda çıxış edərkən bildirib ki, dini ədəbiyyatlar yazılarkən günümüzdə
aktual olan mövzulara, tolerantlıq və məzhəblərarası vəhdətin qorunmasına,
humanizm prinsiplərinin təbliğinə xüsusi diqqət yetirilməlidir. O bildirib ki,
dinşünaslıq ekspertizasına təqdim edilən ədəbiyyatlarda insanpərvərlik prinsiplərinə
zidd dini cərəyanların təbliğinə, dini nifrət və düşmənçiliyə rəvac verəcək
fikirlərə yer olmamalıdır.
"Məşədi Dadaş” məscidinin imamı Şahin Həsənli "Dini təhsilin keyfiyyət
məsələsi” mövzusunda məruzəsində qeyd edib ki, Azərbaycanda multikultural dəyərlərin
mövcud olduğu tolerantlıq mühiti formalaşıb. O bildirib ki, dinin cəmiyyət və
dövlətqurucu funksiyaya malik olduğunu nəzərə alaraq, gənclərimizə düzgün dini
təhsilin verilməsi vacibdir.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, sosiologiya üzrə fəlsəfə
doktoru Asəf Qənbərov "Dünya təcrübəsində müxtəlif din təhsil modelləri”
mövzusunda çıxışında dünya təcrübəsində dini təhsilin nümunələrindən söhbət
açıb. O bildirib ki, radikalizmlə bağlı cəmiyyətdə baş verən son hadisələr
dinin ayrı bir fənn kimi tədrisinin gərəkli olduğu qənaətini getdikcə gücləndirir.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.