• cümə axşamı, 18 aprel, 11:44
  • Baku Bakı 12°C

“Mənə teatr qədər adrenalin verə biləcək başqa bir sənət yoxdur”

29.11.18 09:30 1389
“Mənə teatr qədər adrenalin verə biləcək başqa bir sənət yoxdur”
Türkiyənin tanınmış serial və kino aktyoru Erdal Beşikçioğlu yerli "Günaydın” qəzetinə müsahibə verib. Aktyor teatrın bir məbəd olduğunu, serialların isə qısamüddətli məşhurluq gətirdiyi qənaətindədir.
- Erdal bəy, "Teatrlara daha çox diqqət göstərin” deyəcək qədər, teatra böyük sevgi ilə bağlısınız. Sizi teatra bu qədər çox bağlayan nədir?
- Özümə heç zaman belə bir sual verməmişəm. Amma teatrın canlı olmağı və səhnədə olarkən tamaşaçı ilə paylaşdığımız o duyğunu heç nə ilə əvəz edə bilmərəm. Mənə teatr qədər adrenalin verə biləcək başqa bir sənət yoxdur.
- Televiziyadan qazandığı pulu teatra xərcləyən insanlar var. Onlara münasibətiniz necədir?
- Mən də televiziyadan qazandığım pulu teatra xərcləyirəm. Televiziya ilə teatr bir-birini bəsləyən sənətdir. Artıq televiziya, serial, film çəkilişlərinə ara vermişəm. Serial sahəsində olan ağır şərtləri ruhum qaldıra bilmir. Çünki indiki Türkiyədə nümayiş olunan serial çəkilişləri çox uzundur. Təsəvvür edin ki, hər bölümü 180 dəqiqə çəkilir. Serialın belə uzun olması üçün isə ssenarini daha da uzadırlar. Sponsorlar isə bu müddətin qısalmağını heç istəmirlər. Keyfiyyətli serial təqdim etmək üçün ilk növbədə bu düşüncə ortadan qalxmalıdır.
- Amma siz də televiziyalarda nümayiş olunan seriallarda oynadınız.
- Elədir, ancaq hər zaman özümü teatr sənətçisi olaraq görmüşəm. Konservatoriyadan məzun olmuş digər dostlarımla birlikdə, biz teatr aktyorlarıyıq. Canlı sənətlə məşğul olmaq hər igidin işi deyil. Televiziyada aktyorluq etməklə, teatr sahəsində olmaq bambaşqa şeylərdir. Teatrda təhsil almamış bir aktyor, bəlkə də 30 kişinin qarşısında oynayar, amma 800 kişinin qarşısında oynaya bilərmi, mühüm olan budur? Oynaya bilməz. Onun buna gücü çatmaz. Sözünü deyə bilməz, nəfəsi çatmaz. Aktyorlar idmançı kimidirlər. Hərəkət etməsələr, səhnədə oynaya bilməzlər. Çünki teatr canlıdır. "Olmadı, təzədən oynayaq” deyən aktyorların ərköyünlüyünü teatr götürməz, qəbul edə bilməz.
- 4 noyabrda "Bir dəlinin xatirə dəftəri” tamaşası ilə İstanbul teatrsevərləri ilə görüşdünüz. Səhnədəki performansınız xeyli alqışlandı.
- "Bir dəlinin xatirə dəftəri” çox gözəl tamaşadır. Tamaşada cərəyan edən hadisələr hər zaman aktualdır. Tamaşanın içində müasir dövrə dair müzakirələr, problemlər əks olunub. Ancaq bunu, insanların gözünə soxaraq nümayiş etdirmirik. Bir insanın həyatından yola çıxaraq, başına gələnləri göstərməyə çalışdıq. Bir eşqin statistika qarşısında necə yox ola biləcəyini, dövrün siyasi münasibətlərini necə sorğu-sual etməyi də bu tamaşada göstərdik. Əslində, tamaşa həyatın özünü sorğu sual edir.
- Televiziya dünyasının unudulmaz obrazlarından olan "Behzat Ç.” obrazı ilə illərlə tamaşaçı qarşısına çıxdınız. Bu layihə sizə ilk dəfə təklif ediləndə həmin obrazın bu qədər seviləcəyini təxmin edə bilirdiniz?
- Maraqlı bir layihə olacağını təxmini bilirdim. Ona görə də, bu seriala böyük bir enerji ilə başladım. Ssenarinin qüvvətli olması serialın sevilməsinə səbəb oldu. Serialın televiziyada nümayiş olunduğu dövrə görə, internetdə də daha çox böyük bir izləyici topladı və getdikcə də izləyicilərin sayı artdı.
- Bildiyimiz qədəri ilə əsgərliyinizi terrorun ən çox qızışan zamanlarında - 90-cı illərdə cənub-şərqdə etdiniz. O dönəmlər ölümlə burun-buruna gəldiyiniz anlar olubmu?
- Əsgərlikdə olarkən hər an ölümlə burun-buruna idim. Əsgərliyimi Hakkari, Yüksekova, Çukurca və Dağlıcada keçirmişəm. Həmin illər çox çətin idi, güllənin haradan gələcəyini bilməzdik. Ayaq basdığımız torpaqlar mina ilə dolu idi. Mən bunları bilərək, əsgərliyə məhz o torpaqlara getdim. Mənə məhz terroristlərin çox olduğu həmin ərazidə xidmət edəcəyimi deyəndə, çox sevindim. "Bu Vətən üçün öl” desəydilər, ölərdim. Mənə görə, Türkiyədə hər kəs içində vətən sevgisi ilə doğulub. Çünki bu sevgi onlara valideynlərindən miras olaraq keçib. 5 yaşında olarkən bizi andımız ilə tanış etdilər. Türkün nə demək olduğunu bu yaşlarımızdan etibarən anlamağa başladıq. Hər birimiz vətəndaş olaraq ölkəmizin inkişaf etməsi üçün nə lazımsa görməliyik. Bu, bizim vətəndaşlıq borcumuzdur.
- Əsgərlik günləriniz ən çox necə yadınızda qalıb?
- Vətənə borcumu kiçik leytenant olaraq ödədim. Mənimlə birlikdə iki dostum bu vəzifədə çalışırdı. Biri sənətçi, digəri isə Yale Universitetinin məzunu, biri iqtisadçı idi. Biz Dağlıcada növbə tutarkən, məzun olan dostumuz məktəbdə növbə tuturdu. Elə oldu ki, terroristlər məktəbə tələ qurdu və dostumuzu öldürdü. Ölkəmizin iqtisadiyyatına böyük bir təsiri olacaq bir gəncimiz o gecə terrorun qurbanı oldu. Onun ölümü mənə çox təsir etdi və həyatımda böyük bir iz buraxdı. Biz həmin illərin yetişdirdiyi övladlarıq. Ölümü də dadmışıq, doğumu da. Bu vətən, torpaq hamımızındır. Lazım olsa, onun üçün canımızı da verərik.
- Siz beldə deyirsiniz, amma gündən-günə dolların məzənnəsi qalxır deyə, sevinən bir kütlə var. Təəssüflər olsun ki, onlar "sizinlə eyni gəmidə deyilik” deyirlər.
- Dolların məzənnəsi qalxan ərəfələrdə mənim bankda türk lirəsi ilə hesabım vardı. Pulumu elə həmin bankda türk lirası olaraq saxlamağa davam etdim. Onu dollara çevirmədim və bunu heç düşünmədim belə. Hər zaman ölkəmizin daha yaxşı olması istəyində olmuşam . "Eyni gəmidə deyilik” nə deməkdir? Hamımız eyni gəmidəyik. Öncə bunun fərqinə varmalıyıq. Biz sizinlə eyni gəmidəyik və səmtimizi də hara çevirəcəyimizə birlikdə qərar verəcəyik. Birlik duyğumuzu itirməməliyik. İdarə edənlərə səs vermiş olun, ya da olmayın, Türkiyənin çıxarlarını düşünmək və onu qorumaq məcburiyyətindəyik. Çünki burdan başqa Türkiyə yoxdur, başqa gedəcək yerimiz də yoxdur. Bu torpaqların üzərində biz birlikdə yaşayırıq və yaşamağa da davam edəcəyik. Bu birliyimizi, sənətlə, idmanla və televiziyalarımız vasitəsi ilə daha yaxşı bir nöqtəyə gətirə biləcəyimizə inanıram. Bir sənətçi olaraq, bunun üçün nə lazımsa, görərəm.
"Behzat Ç.” və "Reaksiyon”da ayrı-ayrı xarakterə sahib olan polis rolunda idiniz.
- "Behzat Ç.”də yaxşı bir polisi canlandırdım. "Reaksion”da isə köhnə Türkiyədə dərin dövləti təmsil edən "dayı” rolunda idim. Tamaşaçı bu obrazın xarakterinin belə pis olmasına baxmayaraq, onu da çox sevdi. Hesab edirəm ki, sənətçi hər rolu oynamalıdır. Cəmiyyətə hər hansı bir sözü varsa, bunu deməyi bacarmalıdır. Cəmiyyətin yaşam səviyyəsini artırmaq üçün bu sistemə yönəlik sözü varsa, onu mütləq şəkildə söyləməlidir və bunu içində saxlamamalıdır. Sənətçinin bir ideologiyası ola bilər, amma o heç bir ideologiyaya aid olmamalıdır. Bəlkə keçmişdə sənətçilər özlərini bir ideologiyaya aid hiss edirdilər. Ancaq artıq XXI əsrdə yaşayırıq. Yaşadığım hər bir dövrdə öz fikirlərimi açıq şəkildə söyləmişəm və söyləyərəm də. Doğru hesab etdiklərinizi öz əxlaqınıza görə söyləməlisiniz.
- Serialın çətin şərtləri aktyorların performansına təsir edirmi?
- Seriallarda aktyorların performansı olmur, rejissorun performansı var. O qədər qısa bir zamanda ekranda heç nə edə bilməzsiniz, özünüzü təkrarlayıb durarsınız. Televiziyada aktyorluğun inkişaf etdirilməsi müzakirə mövzusu ola bilməz. Sadəcə, eyni oxun ətrafında fırlanarsınız, bundan artıq heç nə edə bilməzsiniz. Buna görə də, serial sahəsində gözəl qızları və oğlanları, ssenarini tez əzbərləyə bilsin deyə, aktyor seçirlər. Serialı ən qısa müddətdə çəkmək üçün var gücləri ilə çalışırlar.
Tərcümə etdi: Xəyalə Rəis
banner

Oxşar Xəbərlər