AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

«Mənə şər atırlar»

«Mənə şər atırlar»

Siyasət
17 Dekabr 2012, 14:56 2712
“Bu il dekabr ayının 6-da “Millətim” qəzetində 7 saylı Cəzaçəkmə Müəssisəsində dələduzluq elədiyi üçün cəza çəkən Bəhlul Muradovun imzası ilə - “Əli Kərimlini fiziki məhv etsəydim indi azadlıqda idim”, - başlıqlı, böhtanlarla, ağlasığmaz fantaziyalarla dolu məktub dərc edilib. Həmin məktubda guya, mənim tapşırığım ilə ayrı-ayrı insanların, o cümlədən “Bizim Yol” qəzetinin redaktoru Bahəddin Həziyevin döydürülməsi, AXCP sədri Əli Kərimliyə sui-qəsd hazırlanması kimi iyrənc böhtanlar da əks olunub. Bu yazıdan özlərinin siyasi məqsədləri üçün arqument kimi istifadə edən “Yeni Müsavat” və “Azadlıq” qəzetləri də bu böhtan xarakterli məktubu öz səhifələrində dərc ediblər. AXCP sədri Əli Kərimli isə dekabrın 8-də mətbuata açıqlama verərək, bu böhtanların həqiqət olduğunu söyləyib və hadisələrin 2005-ci ilin yayında baş verdiyini vurğulayıb. Halbuki, Bəhlul Muradov sonradan mətbuata açıqlamasında, özü tərəfindən hər hansı məktubun yazılmadığını, söylənilənlərin kimlərinsə fantaziyası olduğunu bəyan edib”.

Bu barədə “Azadlıq hərəkatçıları” İctimai Birliyinin sədri Təhmasib Novruzov dekabrın 17-də keçirdiyi mətbuat konfransında bildirib. O, dəfələrlə hər üç qəzetə və AXCP sədri Əli Kərimliyə müraciət elədiyini, bu yanlışlığın aradan qaldırılmasını tələb etdiyini diqqətə çatdırıb. Deyib ki, bütün cəhdlərə baxmayaraq, nə mətbuat orqanları, nə də Əli Kərimli ona heç bir kömək göstərməyiblər:

“Dəfələrlə etdiyim müraciətlərə, telefon zənglərinə baxmayaraq, “Millətim”, “Yeni Müsavat”, “Azadlıq” qəzetləri, həmçinin də AXCP sədri Əli Kərimli yanlışlığı düzəltmək üçün nəinki təşəbbüs göstəriblər, hətta yanğını daha da alovlandırıblar. Ona görə də mən bununla bağlı Baş prokuror Zakir Qaralova ərizə ilə müraciət elədim. Öz hüquqlarımı qorumaq üçün məsələnin hüquqi müstəvidə araşdırılmasını xahiş etdim. Bundan başqa, “Millətim”, “Yeni Müsavat”, “Azadlıq” qəzetləri barəsində də müvafiq olaraq, Nizami, Yasamal və Abşeron rayon məhkəmələrinə iddia ərizələri ilə müraciət eləmişəm. İstənilən suala lazımi səviyyədə, tutarlı faktlarla cavab verməyə hazıram. Yazıda mənimlə bağlı sadalanan iki fakt istisna olunmaqla, bütün söylənilənlər iftiradır. Mənə şər atırlar. Yeganə düzgün iki fakt mənim şəxsi avtomobilimin və mənzilimin olmasıdır. XXI əsrdə kiminsə evinin və ya avtomobilinin olması qəbahətdirmi? Əgər adıçəkilən faktlardan başqa, məqalədə mənimlə bağlı yazılmış böhtanlardan hər hansı biri təhqiqat nəticəsində təsdiqini taparsa, qanunla nəzərdə tutulmuş ən ağır cəzanı da çəkməyə hazıram”.
Rufik İSMAYILOV