Mənə olar, sənə olmaz məntiqsizliyi - Fotolar
Azərbaycan demokratik,
hüquqi dövlətdir və ölkəmizdə bütün azadlıqlar qanun çərçivəsində təmin olunur.
"Sərbəst toplaşmaq azadlığı haqqında” qanunda bu azadlığın həyata keçirilməsi
və məhdudlaşdırılması yolları da açıq şəkildə göstərilib. Qanunun
müddəalarından da aydın olduğu kimi, dövlət vətəndaşların sivil formada
toplaşmasına, fikir və mülahizələrini, bəyanatlarını səsləndirməsinə hər hansı
məhdudiyyət qoymur, bunun üçün süni maneə yaratmır. Sərbəst toplaşmaq
azadlığından yararlanmaq istəyən şəxs və ya təşkilat qanunda nəzərdə tutulan
sadə prosedurları yerinə yetirməklə bu istəyinə çata bilər. Lakin əfsuslar
olsun ki, Azərbaycanda özlərini demokratik qüvvələr adlandıran radikallar qanun
çərçivəsindən kənara çıxmaqla, yəni, digər vətəndaşların hüquq və azadlıqlarını
pozmaqla aksiyalar keçirməyə meyl göstərirlər. Xüsusən də nəqliyyatın və
insanların sıx olduğu mərkəzi ünvanlarda belə aksiyaların keçirilməsinə razılıq
verilməsini tələb edirlər. Bu tələb yerinə yetirilməyəndə isə qanunsuz aksiya
keçirməyə cəhd göstərir, ictimai asayişi pozur, qanun keşikçilərini təxribata
çəkir, ümumilikdə qarışıqlıq yaratmağa cəhd edirlər. Belə olan halda öz vəzifə
borcunu yerinə yetirən polislər dərhal hədəfə alınır, foto və video görüntülər
çəkilərək "polis zorakılığı” adı altında beynəlxalq mediada ictimailəşdirilir,
Azərbaycan əleyhinə təbliğat aparılır.
Təəssüf doğuran məqamlardan
biri də budur ki, bəzi beynəlxalq təşkilatlar dərhal bu qarayaxmaya dəstək
verir, Azərbaycanı qeyri-demokratik, insan hüquq və azadlıqlarının təmin
edilmədiyi ölkə kimi qələmə verməyə çalışırlar. Amma nədənsə həmin
təşkilatların, guya insan hüquqlarını müdafiə etdiklərini bəyan edən bu
qurumların gözləri Avropanın göbəyində, Amerikada, eləcə də digər ölkələrdə polizin
fəaliyyəti ilə bağlı baş verənləri "görmür”, sözügedən hadisələrə ən azından
Azərbaycandakı qədər reaksiya vermirlər. Uzaq tarixə ekskursiya etməyə ehtiyac
yoxdur. Ötən ilin dekabr ayından Fransanın paytaxtını bürüyən "sarı
jiletlilər”in aksiyalarında ictimai asayişi pozmağa cəhd göstərən etirazçılara
qarşı polis dəfələrlə güc tətbiq edib, onlara qarşı dəyənəklərdən, gözyaşardıcı
qazdan, su şırnaqlarından istifadə edib.
Cari il avqustun 9-dan 12-ə kimi Çinin
Honkonq xüsusi inzibati bölgəsində də polis etirazçılara qarşı eyni qaydada
davranıb. Honkonq polis komissarının müavini Kris Tan Pin-kunq asayış
keşikçilərinin zorakılığa qarşı dözümsüzlük nümayiş etdirəcəyini açıq şəkildə
bəyan edib.
Kataloniyada muxtar qurumun 12 siyasi lideri barəsində məhkəmə
hökmü çıxarılmasının səbəb olduğu – oktyabrın 14-dən başlanan iğtişaşlar
nəticəsində də eyni "mənzərə” müşahidə olunub. İspaniyanın Daxili İşlər naziri
Fernando Qrande-Marlaska aksiyaçıları cinayətkar adlandıraraq, onlar barəsində
heç bir cəzasızlığa yol verilməyəcəyini bəyan edib. Etirazlar başlayan andan təxminən
100 adamın saxlanıldığı, 194 mülki və milli polis əməkdaşının yaralandığı məlum
olub. İğtişaşlar nəticəsində Kataloniya şəhərlərinə 627 min avro maddi ziyan
dəyib.
Bir qədər əvvəl
vurğuladığımız kimi, Fransa və İspaniyada baş verən etiraz aksiyaları barəsində
bəzi beynəlxalq təşkilatlar sadəcə seyrçi mövqeyi tutublar. Təxminən belə bir
məntiqsizlik yaranıb ki, Qərb dövlətləri, eləcə də digərləri iğtişaşların,
zorakılığın, öz vətəndaşlarının hüquqlarının pozulması hallarının qarşısını
alanda yaxşıdır, amma eyni məqsədlə Azərbaycanda hər hansı tədbir görülməsi
pisdir.
Hüquq müdafiəçisi Sahib Məmmədovhesab edir ki, bu, ikili yanaşmadır. Onun sözlərinə görə, bəzən hansısa bir
ölkədə aksiyanın təşkilatçılarına və iştirakçılarına qarşı müxtəlif cəzalar,
hətta qeyri-proporsional qüvvə tətbiq olunur, bütün dünya bunu görür, lakin
aidiyyəti təşkilatlar, belə məsələləri daim diqqət mərkəzində saxlayan qurumlar
susurlar: "Bu sahədə ənənəvi olaraq hay-küy salan qeyri-hökumət təşkilatları ya
susqunluq nümayiş etdirir, ya da sərt olmayan bir bəyanatla kifayətlənirlər.
2019-cu il ərzində Fransa, Kataloniya, Çin ərazisində baş verən aksiyalara
münasibətdə biz bunu açıq şəkildə görürük. Parisdəki aksiyalarda etirazçılar
təyin olunmuş ərazidən kənara çıxır, küçələri və keçidləri bağlayır, iğtişaşlar
törədir, ətrafdakı infrastruktur sahələrini dağıdırdılar. Bunun qarşısının
alınması normal idi. Amma aksiyaçılara qarşı tətbiq edilən qüvvə
qeyri-proporsional idi. "Sarı jiletlilər”in aksiyasına qoşulan tələbələr polis
tərəfindən diz üstə çökdürüldü, əlləri başlarının arxasında olmaqla hərəkətsiz
halda soyuq havada uzun müddət saxlanıldı, alçaldıldı, təhqirlərə məruz
qoyuldu. Yaxud, Fransa polisi etirazçı gənc qadını küçə boyu 250 metr sürüdü”.
Hüquq müdafiəçisi deyib ki,
Kataloniyadakı aksiyalarda da qanunun tələblərindən kənara çıxan etirazçılara polis
eyni yanaşmanı ortaya qoyub: "Kataloniyada polis rezin dəyənəklə etirazçıları,
o cümlədən gənc qadınları döyüb, onların daxili orqanlarındakı toxumalarının
zədələnməsinə səbəb ola biləcək cəzalara, işgəncələrə məhkum edib. Buna
baxmayaraq, hər zaman olduğu kimi bu dəfə də Avropada sanksiyalaşdırılmış,
yaxud sanksiyalaşdırılsa da sonradan xarakteri dəyişdirilmiş aksiyalara qarşı
hakimiyyətlərin addımları bütün hallarda normal sayılıb. Avropa Şurası, Avropa
İttifaqı, ABŞ Dövlət Departamenti, həmçinin beynəlxalq QHT-lər heç bir kəskin
mövqe ortaya qoymayıblar”.
S.Məmmədov bildirib ki, müstəqil
siyasət yürüdən Azərbaycanda eyni hadisə baş verən kimi sözügedən qurumlar
dərhal bundan ölkəmizə qarşı təzyiq aləti kimi istifadə edirlər: "Misal üçün,
oktyabrın 8-də bakının mərkəzi küçəsində müxalifətin sanksiyalaşdırılmış
aksiyası oldu. Təşkilatçıların piketi normal şəkildə təşkil etmədiyi bir tərəfə,
sonradan qanunun tələbindən kənara çıxdılar, piketin xarakterini pozdular, küçə
yürüşünə cəhd etdilər. Prinsipcə təşkilatçılara İnzibati Xətalar Məcəlləsinin
müvafiq maddələri tətbiq oluna, onlar cərimələnə və ya həbs edilə bilərdilər.
Buna rəğmən hökumət bunu tətbiq etmədi. Aksiya iştirakçılarının təxribat
xarakterli hərəkətlərinə, o cümlədən polisin ünvanına təhqirlər
səsləndirmələrinə, onlara tərəf boş su butulkaları atmalarına baxmayaraq,
asayiş keşikçiləri piketin, küçə yürüşünün dinc xarakterinin pozulmasına imkan
vermədi. Amma bəzi beynəlxalq təşkilatlar, antiAzərbaycan şəbəkə təmsilçiləri
dərhal açıqlamalar yayaraq ölkəmizdə vətəndaş hüquq və azadlıqlarının təmin
olunmaması, insan haqlarının pozulması barədə yanlış ictimai rəy
formalaşdırmağa çalışdılar”.
Rufik
İSMAYILOV