• cümə axşamı, 18 aprel, 04:29
  • Baku Bakı 15°C

Mən öz peşəmi çox sevirəm

18.03.19 14:00 2729
Mən öz peşəmi çox sevirəm
Artkaspi.az-ın qonağı Adnan Menderes Üniversitetinin müəllimi, rəssam-illüstrator Nilüfər Özeldir.

– Ədəbiyyat və musiqiylə rəssamlığın müəyyən nöqtələri var. Siz öz yaradıcılığınızda həmin qızıl ortanı necə seçirsiniz?
– Əslində, buna özümü məcbur etməmişəm, ya da ki qarşıma xüsusi məqsəd qoymamışam. Sadəcə, məndə belə alındı. Məsələn, bir müddət öncə Türkiyədə çayla bağlı sərgim açılmışdı. Çayın ayrıca bir mədəniyyət olduğunu düşünmüşdüm. İndi Azərbaycana gələndən sonra sizin də böyük çay mədəniyyətinə sahib olduğunuzu gördüm. Türkiyə mədəniyyətində də eynən belədir. Özüm də çayı çox sevən bir insan olaraq, onunla bağlı çox mütaliə edirdim. Və mütaliə vaxtı ədəbiyyatda çayla bağlı deyilmiş xeyli misralara rast gəldim. Camal Sürəyya, Nazım Hikmət və s. Bunlar məndə dəyişik və bir az da qəribə duyğular oyandırdı. Düşündüm ki, bunlar bir stəkan çaya bu qədər anlam veriblər, məna qatıblar. Və mən də bu mənaları özümə uyğun şəkildə ifadə etmək fikrinə düşdüm. İllüstrasiyalar hazırladım və İstanbulda sərgimiz oldu. Bu bir təsadüf idi. Düşünürəm ki, yazıçılar da, rəssamlar da və digər yaradıcı adamlar da ədəbiyyata bağlıdırlar. Və mənim də ədəbiyyata bağlılığım məni bu cür təsirləndirib. O ki qaldı nağıllara, bu da təbii ki, ədəbiyyatla bağlılığımdan irəli gəldi. Universitetdə müəllim olsam da, elə hey müxtəlif təkliflər gəlir mənə – sərgi layihəsi, kitab işi, Avropadan müxtəlif dizayn sifarişləri və s. Bu təkliflərdən biri də Anadolu nağılları üzərində illüstrasiyalarla bağlı bir kitab çıxarmaq oldu. Çünki Türkiyədə belə bir qaynaq yox idi. Nağıllar çox dəyərlidir. Söz sənətinə bir mirasdır. Elə elmi işim də uşaq kitabları ilə bağlıdır. Nağılları bu anlamda mənim üçün çox dəyərlidir. Həm mədəniyyətimizi öyrənirik, həm də onu nəsildən nəslə ötürərək dəyərlərimizə sahib çıxırıq. Yazıçı Dərya Özel Türkiyədə bu sahədə işlərin az olduğunu düşünərək bu işə başlamışdı. Və Anadolunun başqa-başqa yerlərindən nağıllar toplamağa başladı. O nağılların bəzilərini, hətta tərcümə də etdirməli oldu... Bu, uzun bir zaman aldı. Çox əziyyətli bir iş idi. Nəticədə 21 hekayə ərsəyə gəldi. Mən də həmin bu nağıllara illüstrasiyalar çəkdim. Və 2017-ci ildə "Mənə nağıl danış” adlı bir kitabı çap etdik. Kitab Türkiyədə çox gözəl qarşılandı. Hətta satışı da yaxşı oldu. Mən də bu kitabın, Anadolu nağıllarının, o nağıllara çəkdiyim rəsmlərin tanıdılması ilə bağlı bir sərgi hazırlamaq istəyirdim. Amma bunu Türkiyədə yox, artıq başqa bir ölkədə etmək fikrindəydim. Çünki Türkiyədə kitabla birgə həmin masallar onsuz da bütün ölkəyə artıq təqdim olunmuşdu. Ağlımda Almaniya, İngiltərə vardı. İstəyirdim ki, onlar da bizim nağıllarla yaxından tanış olsunlar. Həmin vaxtda təşkilatçı Süleyman Muradlı və köməkçisi Elmin Salmanovla birgə Bakıda belə bir sərgi qurmağı planlaşdırdıq. Və etdik. Hazırda isə ikinci kitab üçün toplanmış nağılların illüstrasiyaları da hazırdır. Və biz ikinci kitabı da artıq çapa hazırlayırıq. Kitabla birgə rəsmlərin də sərgisini təşkil etməyi düşünürük.

– Bir az da sərgiləriniz haqqında da danışın...
– Türkiyədə fərdi sərgim olub, Avropada isə ümumi sərgilərə qatılmışam. Elmi işimə görə indi sərgi barədə fikirlərim bir balaca arxa plana düşüb. Amma artıq onu da bitirmək üzrəyəm. Almaniya və İngiltərədə sərgi açmaq planım var. Hazırda bu istiqamətdə işlər gedir. Amma bilirsinizmi, sərgi qurmaq da asan başa gəlmir. Çay sərgisinin təşkili üçün mən düz bir il boyunca dizayn qrafikasıyla məşğul oldum. Bu da çox zaman və əziyyət tələb edən işdir. Yəni bütün bunları hazırlayıb ərsəyə gətirməkdən ötrü zamana ehtiyac var.
– Sərgiyə gələnlərin fikirləri sizə nə qədər maraqlıdır. Onlardan özünüz üçün nələrsə əxz edə bilirsinizmi?
– Mən yazını oxuyuram və o yazı məndə nə hiss yaradırsa, onu çəkirəm. Bu, mənim fikrim, mənim düşüncəmdir. Amma hər hansı bir rəsmimə baxan seyrçi ona "öz”ünü qatır və bu mənim üçün çox önəmlidir. Bəzən elə fikirlər yürüdürlər ki, özüm çaşqınlıq içində qalıram. Bilirsizmi, bu məni çox xoşbəxt edir. Məsələn, mən bir quş çəkmişəm, amma o quşa çox da güclü bir anlam, məna yükləmirəm. Sadəcə estetik baxımdan zövq aldığım üçün çəkirəm. Amma seyrçi öz fikirlərini deyəndə mən də oradan maraqlı məqamlar götürürəm. Halbuki çəkən zaman qətiyyən o fikirlər ağlımda olmayıb. Etiraf edim, bəzən elə qeyri-adi düşüncələr olur ki, "kaş elə mən özüm bu fikri yükləyəydim həmin o rəsmə” deyə düşünürəm. Yəni hər kəs oradakı alt mesajı oxuyur və özünə, öz dünyagörüşünə uyğun fikir yürüdürlər. Burda da sərgi vaxtı müxtəlif insanlarla söhbət etdim. Onların da rəylərini aldım. Yenə də bir-birindən fərqli fikirlər eşitdim. Mənim üçün çox maraqlıydı. Bəzi fikirlərsə məni, ümumiyyətlə, çox dərin düşünməyə vadar edirdi. Bu, əslində, ilham vericidir. Çünki beynimdə artıq hazır etdiyim bir şeyi yenidən düşünməyə, bir az da fikrimdə təkmilləşdirərək çəkməyə sövq edir.
– Müxtəlif illüstrasiyalar çəkirsiniz. Bəs heç natürmort, mənzərə və s. çəkmək fikriniz varmı?
– Bilirsinizmi, rəsmlə illüstrasiya arasında böyük fərq var. İllüstrasiya hazırlanmasıyla da, ümumiyyətlə, tərziylə də tamam fərqli bir sahədir. Mən boya ilə rəsm çəkmirəm. Mən qrafik dizaynerəm. Kitab, jurnal, hər hansısa bir malın və ya məhsulun üz qabığı üçün illüstrasiya çəkirəm. Yəni dizaynını hazırlayıram.
– Hər bir işin başlanğıcı olur. Ruhun tərpənişi, ruhun oyanışı, yaradıcılıqla məşğul olmaq hər insanda bir cür baş verir...
– Mənim babam texniki rəsm müəllimidir, atam da rəsm sahəsində çalışır. Mən bunun genetik olduğunu düşünürəm. Bir şeyi də deyim ki, özümü xatırlayandan bəri yadımdadır ki, ailəmizlə bir yerə gəzməyə gedər, qonaqlıqlarda olardıq. Anam-atam başqalarıyla söhbətdə, bacım uşaqlarla oymaqda olduğu vaxtda mən bir yerdə oturub salfetin üzərində nələrsə çəkərdim. Mən bu işi sevirdim. Amma ailəmin də bunda rolu böyük oldu. Çünki ailənin uşağı düzgün yola istiqamətləndirməsi olduqca vacibdir. Mən tələbələrimə də, onların valideynlərinə də deyirəm. Bəlkə də, öz ağlıma qalsaydı, elə rəssam olardım. Sənətl liseyinə getməyim, qrafik dizayner bölümündə oxumağım, bitirdikdən sonra da qrafik dizayn üzrə təhsil almağımda sırf ailəmin təsiri böyük oldu. Düşünürəm ki, istiqaməti düzgün götürmək çox vacib bir şeydir. Bəzən hər hansı bir işi, məsləyi sevirsən, amma sevdiyin işdən necə pul qazanmaq olar, bunu necə düzgün inkişaf etdirmək olar bilmirsən. Mən öz peşəmi çox sevirəm və işimdən zövq ala bilirəm!
– Ədəbiyyatla, belə deyək ki, qrafikanın ortaq nöqtəsini tapmağı bacarmısınız. Bəs eyni halı musiqi ilə qrafikaya tətbiq etmək barədə düşünməmisiz ki?
– Ola bilər. Əslində, bu da çox maraqlı bir ideyadır. Çay da, masallar da tam təsadüfi oldu. Mən onları axtarmamışdım, özləri gəlib məni tapmışdılar. O ki qaldı musiqiyə. Musiqi həmişə həyatımda var. Xüsusilə də, həzin bir şey çəkirəmsə, mütləq o duyğunu dərində hiss edə bilmək üçün, o havaya düşmək üçün həzin bir musiqi dinləməliyəm. Musiqi, məncə, insan duyğularını riqqətə gətirir. Və mən də duyğularımı, hiss etdiklərimi çəkdiyim üçün musiqi məni tərpədən bir amildir. Çox fərqli tərzdə musiqilər dinləyirəm. Məsələn, bir döyüş səhnəsi çəkmək fikrim varsa, onda ona uyğun bir musiqi tapıram. Amma siz demişkən, hər hansı bir mahnının, melodiyanın oyandırdığı hissləri çəkmək də maraqlı olar. Təhsildə də var belə bir şey. Dərs vaxtı müəyyən bir musiqi verilir və tələbələrə həmin musiqinin onlarda oyatdığı duyğuları çəkməyi tapşırırlar. Bu çox maraqlıdır. Hesab edirəm ki, həm musiqi, həm də insanın daxili aləmi ahəngdə olmalıdır. Məsələn, hər gün 3 saat qatarla yol gedirəm və yol boyu qulaqlıqda müxtəlif musiqilər dinləyirəm. O musiqinin məndə yaratdığı hissləri mütləq qeyd edirəm. Bu, mənə ilham verir. Amma mənə bir musiqi dinləyib buna aid bir rəsm çək desəniz, həmin anda nə hiss etdiyimi çəkərəm. Özümü tamamən boşluğa buraxıb, hər hansı bir musiqini dinləsəm, bu başqa bir şey olacaq. Bunun üçün beynim də, ruhum da tam sakit və sərbəst olmalıdır. Təəssüf ki, yaşadığımız belə qaynar zamanda boş vaxtlar çox nadirən ələ düşür.
– Sizcə, dostlarınızdan, başqa peşə sahibləri olan insanlardan nə ilə fərqlənirsiniz?
– Bacım alman dili mütəxəssisidir. İngiltərədə yaşayır. Onun da belə bir istedadı da var, amma bu yolu seçmədi. Mən xüsusi bir fərqimi görə bilmirəm. Amma öz peşəmlə bağlı işləri – yeni dünyalar yaratmağı çox sevirəm. Mən nəyəsə baxanda özüm də bilmədən fikrə dalıram. Ətrafımda həmin anda olanlar "Nilüfər, neynirsən, nə düşünürsən” deyə soruşurlar. Mən onda hardansa uzaqlardan qayıdıb gəlirəm. Həmin vaxtlarda gördüyüm, duyduğum şeylərin elementlərini sonra birləşdirərək başqa bir şey yaradıram. Məsələn, otağımda iş görəndə almadan dişlək alıb kənara qoyuram, unuduram. Sonra əlimə alanda bəzən onda hansısa bir surət görürəm. Ona burun, göz çəkirəm. Bir dəfə yol gedirdik. Yolun kənarında yanğınsöndürmə aləti gördüm. Və mən uzun zaman dayanıb onu seyr etmişdim. Müəllim dostlarım deyir ki, nəyə baxırsan. Mənsə orda nə isə görürəm, həmin dəqiqə onun şəklini çəkirəm, qeydimi götürürəm. Sonra öz dünyamı yaradıram. Bunu dostlarıma çox vaxt sözlə izah edə bilmirəm. Məncə, fərqim yəqin ki, elə budur.
– Yaradıcılıq prosesinin özü də hər kəs üçün özünəməxsus formada təzahür edir. Sizdə bu necə baş verir?
– İşlərim çox olduğuna görə zaman mənim üçün son dərəcə vacib amildir. Ona görə də çox şeyi qeyd etməyə vaxtım olmur, sadəcə yadımda saxlamağa çalışıram. Amma yaradıcılıqla bağlı xırda bir nüansı belə mütləq qeydə alıram. Çünki əks halda unuduram. Bir də proses zamanı mən çəkəcəyim, hazırlayacağım şeyə uyğun musiqi dinləməyi sevirəm. Tütsünün otağımda yaratdığı qoxunu çox sevirəm. Bir tütsü yandırıram, sevdiyim musiqini seçirəm, qəhvə dəmləyirəm və işə başlayıram. Təəssüf ki, hər dəfə bütün bunları etmək üçün zamanım olmur. Bunu da deyim ki, bəzən qatarda getdiyim vaxtda ard-arda iki dənə maraqlı ideya gəlir mənə. Amma bəzən də belə sevdiyim məqamda on saat çalışsam belə, bir dənə də normal fikir gəlmir ki, gəlmir. Bir də olur, lap yatmağa hazırlaşan vaxtda birdən ağlıma nəsə gəlsə, onu yorğun olsam belə ərsəyə gətirirəm. Sonra hazır rəsmi telefonuma çəkirəm. Və bütün günü ona baxıb sevinirəm…
– İlk dəfədir ki, Bakıda olursunuz. Şəhərimiz sizdə hansı təəssüratları yaratdı? Bilirəm ki, Qoçaq Əsgərovun ifasında ilk dəfə muğam da dinləmisiniz. Bir az da bu barədə danışaq.
– Azərbaycan, fikrimcə, inanılmaz dərəcədə inkişaf edib. "Dağüstü park”da olduq. Ordan şəhəri seyr edəndə gözlərimə inanmadım. Düzü, mən belə bir şey gözləmirdim. Bakı elə bil Avropa şəhəridir, amma eyni zamanda da müasirliklə keçmişin qovşağı var bu şəhərdə. Həmçinin burda hamının ədəbiyyatla məşğul olması məni çox sevindirdi. Müşahidə etdim ki, bir adam sözünü digərinə şeir parçasıyla deyirsə, qarşı tərəfin cavabı da şeirlə olur. Bu, mənə o qədər maraqlı gəldi ki... Azərbaycanlılar şeirsevər xalqdır. Çox. Bəli, muğam dinlədim. Kamançanın, tarın səsi məni valeh etdi. Biz daha çox sazın, udun səsinə öyrəşmişik. Mən ilk dəfəydi ki, muğamı, tarı, kamançanı dinləyirdim, inanılmaz gözəl təəssürat aldım. Düzün desəm, xanəndənin tam olaraq nə dediyini anlaya bilmədim. Amma səsi o qədər qeyri-adi idi ki... Mən həmişə demişəm, dili anlamaq şərt deyil. Çünki sənətin öz dili var.

Söhbətləşdi: Xanım Aydın



banner

Oxşar Xəbərlər