• cümə, 29 Mart, 13:16
  • Baku Bakı 14°C

“Mən yalnız oxumağı sevirdim...” - Fotolar

19.01.19 10:00 1518
“Mən yalnız oxumağı sevirdim...” - Fotolar
Yalnız nadir ifaçı belə bir yaradıcılıq ömrü ilə öyünə bilər: Edita Pyexa 81-ci doğum ilini səhnədə anşlaqla qeyd etdi və kölgəyə çəkilmək fikrində deyil. «Çıxış etməkdən təngə gəlmək mümkün deyil» - deyə müğənni söyləyir.

Atam qəddar insan olsa da

- Edita Stanislavovna, siz mükəmməl görünürsünüz!
- Bu, genetikadır. Mənim atam həmişə yaxşı görünərdi, düzdür, erkən dünyasını dəyişib, amma nənəm, atamın anası 90 ildən çox yaşayıb. O, adamayovuşmaz idi, meşədəki kiçik evdə yaşayırdı və göbələk, giləmeyvə yığırdı, bunlarla da qidalanırdı. Budur, mən də təbiət qoynunda yaşayıram, bu da kömək edir, əsəblərim sakitdir və az qala quş qədər yeyirəm.

- Özünüzü necə formada saxlayırsınız?
- Belə bir deyim var: vərdiş – ikinci xasiyyətdir. Mən çox yeməyə alışmamışam. Müharibə başlayanda iki yaşım var idi və 9 yaşına kimi dadlı yeməyin nə olduğunu bilmirdim. Atalığım bostanda nə yetişdirsə, biz də onu yeyərdik. Müharibədən sonra o, dovşan və toyuq saxlayırdı və biz onları yalnız bayram vaxtları bişirərdik. Və yeməklər - ət və kartof yeməkləri arasında fasilələr olurdu. Mən də az yeməyə alışmışdım.

- Atalığınız ailəsini dolandırırdı?
- Atam 1941-ci ildə 37 yaşında vəfat etmişdi. Bu illərin 20 ilini torpaq altında, şaxtada keçirmişdi. Sonra şaxtaya qardaşım düşməli oldu. Müdiriyyəti aldadaraq 17 yaşı olduğunu söyləmişdi, amma onun cəmi 14 yaşı var idi. 3 ildən sonra o, vərəmdən dünyasını dəyişdi. Anam yerin səthində çeşidləyici işləyirdi.Şaxtanın sahibkarının böyük bir evi vardı və həmin evlərdə yalnız şaxtada işləyənlər yaşaya bilərdilər. Qardaşım öldü və bizi evdən qova bilərdilər. Belə olanda, rəfiqəsi anam üçün şaxtada işləyən 39 yaşlı subay bir nəfəri tapdı və «evlənin, yoxsa qızınızla küçədə qalacaqsınız» - dedi. Qardaşımın dəfnindən sonra onlar velosipedlərdə meriyaya evlənməyə yollandılar. Beləcə, biz öz evimizdə qaldıq – iki otaq aşağıda, ikisi yuxarıda, qonşular, beş sotluq bostanla birgə həyət-bacamız oldu.Atam qəddar insan olsa da, mən ona minnətdaram. Kənddə böyümüşdü, deyirdi ki, bir səhvi olanda onu ağacla döyərmişlər. Çoban işləyib, böhran vaxtı bir çox polyaklar kimi iş axtarmaq adı ilə Fransaya getmək istəyib və özünü şaxtada tapmışdı.Atalığım savadsız olsa da, işgüzar adam idi. Kəndlərə gedər, oradan ərzaqla dönərdi. Mən vərəmə təzə tutulan vaxtlar o məni bu ərzaqlarla sağaltdı. O vaxtdan mənim ciyərim zəifdir – bir balaca yelçəkən yerdə olsam, o saat xəstələnirəm. Müharibə bitdikdən sonra atalığım: «mən də polyakam, siz də. Bu kapitalistlərdən canımızı qurtarıb doğma Polşaya qayıdaq» - dedi. O, kommunist idi. Və biz yük vaqonunda Fransadan Polşaya 9 günə çatdıq.İlyarım rus dilini bilmədim. Əyalətimizdə dil müəllimimiz keçmiş hərbçi polyak idi. Universitetin ikinci kursunda mən artıq rus dilini öyrənmişdim. Mənim dil öyrənməyə istedadım var. Polyak, rus, ispan, alman dillərində danışıram.
Dərzi olmaq istəmədim
- Fikirləşirdiniz ki, ulduz olacaqsınız?
- Yox əlbəttə! Məndə təkəbbür yoxdur. Sənətkar olmaq məcburiyyətində də deyildim. Ancaq mahnı oxumağı sevirdim. Bu, mənə anamdan keçmişdi. Qoca vaxtlarında anam simli musiqi aləti olan mandolinada çalmağı belə öyrənmişdi.Mən Leninqrad Universitetindəki Psixoloji fakültəni bitirib, Polşaya qayıdaraq müəllimə işləyər, sonra təqaüdə çıxardım, vəssalam. Məktəbdə 7 illiyi bitirəndən sonra atalığım mənim işləməyimi tələb etdi. Yaxınlıqda tikiş fabriki var idi və o, mənim dərzi olmağımı istəyirdi. Etiraz edib, «mən müəllimə olacağam» - dedim. "Nə? Mən sənə çörək verməyəcəyəm! Gəzib, dolanıb yemək gətirəcəksən!» - deyəndə, "mən təqaüd alacağam» - deyə cavab verdim. Təqaüd aldığım zaman o çox təəccübləndi. Rusiyada oxumaq üçün seçimi qazandıqda isə, o, «mən heç nə başa düşmürəm» - dedi.
Qısa ətəkdə və xizək çəkmələrində keçən konsert

- Bronevski ilə tarixi görüş taleyinizi müəyyənləşdirdimi?
- O, məni polşalı tələbələrin xorunda oxuyarkən eşitmişdi və məndən kömək istədi, onun materialı çatmırdı. Mən onun üçün bir neçə mahnı oxudum... O, çox heyrətləndi: «Bunları haradan bilirsən?» - dedi. «Mən daha çox bilirəm» - dedim. Sonralar o mənim haqqımda anasına danışmışdı. Erika Karlovna Leninqrad kapellasında oxuyurdu, amma məşhur aktrisa ola bilməmişdi. Atası Aleksandr Semyonoviç dənizçi - ikinci dərəcəli kapitan idi. Anası məni nahara qonaq çağırmasını tapşırmışdı. Ata-anası mənə diqqətlə baxır və mənim gəzəyən olmadığıma şübhə edirdilər. Sadə şaxtaçı qızı olduğumu bilib sakitləşdilər.1955-ci ilin Yeni il gecəsi Bronevski: «konservatoriyada professorlar üçün konsert təşkil olunub, sən də bir-iki mahnı ilə çıxış elə» - deyə mənə təklif etdi. Və budur, mən ağ-yaşıl sviter və sadə, qəhvəyi rəngli ətəkdə səhnəyə çıxdım. Bayırlıq tuflim olmadığından, xizək çəkmələri geyinmişdim. Bu, böyük məharət idi. Belə çəkmələri yalnız varlılar geyinərdi. Mən «Qırmızı avtobus»u oxudum. Zal heyrətdən dondu. San Sanıça baxdım, birdən hər kəs alqışlamağa başladı. Bu mahnını dörd dəfə oxumalı oldum. Bronevskidən «Şura, bu nə idi?» - deyə soruşanda, «sən onların xoşlarına gəlmisən» - dedi.

- Və yuxudan məşhur ayıldınız?
- Xoşbəxt idim ki, xoşlarına gəlmişdim. Belə bir məqsədim yox idi – mən yalnız oxumağı sevirdim.

- Beləcə Bronevskiyə ərə getdiniz?
- O, məni məftun etdi. Həm ağıllı, həm də ziyalı idi. Hər şeyi havada qapırdı. Karikaturalar çəkir, oranjirovkalar edirdi. O, fövqəladə istedadlı idi və məndən məşhur aktrisa yaratdığına görə minnətdaram. San Sanıçın sayəsində Edita Pyexa yarandı.

- Bronevski sizə evlənməyi necə təklif etdi?
- Bunu mən ona təklif etdim. Mən katolik idim. Bir gün valideynləri evdə olmayanda, o mənə qalmağı təklif etdi. Etiraz edə bilmədim. O mənə elə gözəl qulluq edirdi ki. Sonra biləndə ki bakirəliyimi itirmişəm, ona dedim ki, məni almalısan. Və biz "zaqs”a getdik. Bir il anam məktublarıma cavab vermədi ki, «sən kasıba ərə getmisən!» Sonralar biz anamın yanına qonaq gedəndə məni bağışladı. San Sanıç piano arxasına keçib Polşa mahnılarını oxumağa başladı. Bu, anamı həyəcanlandırdı: «Necə istedadlı musiqiçidir, özü də yaxşı insandır» - dedi.

- Bronevski ilə 20 illik nikahdan sonra ayrıldınız?
- O, qısqanclıq xəstəliyinə tutulmuşdu. Mağazalara gedib-qayıdanda, o, «harada veyillənirdin?», «kiminlə idin?» - deyirdi. «Şura, mən 5 mağazada oldum, amma heç nə tapa bilmədim, atelyedə isə mənə paltar tikməyə söz verdilər» - deyə cavab verdim. «Paltar nəyinə lazımdır?», «Nədi, olmaya sevgilin var?» - qısqanclıqları bitib-tükənmirdi. Onun mövzuları artıq bunlar idi.Şura Bronevski artıq uzun illərdir ki, aramızda yoxdur. Əgər ayrılmasaydıq, vəziyyətinin ağırlaşmasına imkan verməzdim və onu tək qoymazdım. İndi düşünürəm ki, onun ölümündə mənim də günahım var.

Dağılmış komadan səliqəli ev yarandı

- Bu yaxınlarda qardaşınız sizi görməyə gəlmişdi? Uzun müddətdir ki, onunla ünsiyyət qurmursunuz.
- Bəli, mən elə xoşbəxt idim ki... «Yuzef, gəlişinə anamız necə də sevinərdi. O, səmalardan baxır və görür ki, biz görüşdük» - deyirəm. Qardaşımın 73 yaşı var. O, milis işçisi idi. Qızının adını anamın xahişi ilə Edit qoyublar, bir də oğlu var - Tomaş.Aramızda anlaşılmazlıq olmuşdu. Sonradan başa düşdü ki, o, səhv edir və biz barışdıq. Telefonla da əlaqə saxlayırıq və mən hərdən Polşaya da gedirəm. İndi isə o, gəlib. O da görüşdüyümüz üçün məmnundur. «Sən burda yaşayırsan? Sənin öz evin var?» - deyə soruşanda, "bəli, Yuzef, ata Karlo kimi çox şumladım, bax, bu evi tikdim. Bura malikanə olmasa da, sadəcə kiçik bir evdir. Mən burada düşünə bilirəm” dedim.Bilirsiniz, mən bu evi necə aldım? Burada taxta ev dururdu, bir otaq aşağıda, ikinci mərtəbədə çardaq vardı, bir də nərdivan. Tanışlarım mənə bildirdilər ki, evin sahibi onu satır. Mən gəlib soruşdum: «Neçəyə satırsan?» - «Sizin nə qədər pulunuz var?» - «25 min rubl» Bu, kitabım üçün 20 ilə yığdığım pul idi. Ev sahibi dedi ki, «bəs edər». Mən də hamısını ona verdim.

- Artıq vermisiniz.
- Bəli. Sonralar qonşular mənə gülürdülər: o, zibillikdə tikinti materialları yığırdı. Qorbaçov hakimiyyətdə olduğu zamanlarda çıxış üçün müqavilə qiymətləri var idi. Əvvəllər mən solo-konsert üçün 38 rubl alırdım, burda isə soruşurlar ki, 1000 rubl bəs edərmi? 30 konsertdən – 2-3 aydan sonra mənim pulum oldu ki, bu xarabalığı dağıdıb ev tikim. Əvvəlcə zavoddan qırmızı kərpicləri aldım və heç fikirləşmədim ki, gözətçi tutum. İki gündən sonra gələndə hamısının oğurlandığını gördüm. Ona görə də ağ kərpicdən tikdirməli oldum. Nə qədər çətinlik olsa da, ev ürəyimcə alındı. İndi bu evdə sakit yaşayır, düşünməyə vaxt tapıram. İtim Musya yaxın dostumdur. Onu yoldan götürmüşəm, maşın vurmuşdu. O vaxt 4 aylıq idi, indi 13 yaşı var. Tezliklə biz Musya ilə dost olduq və o, səsini kəsdi. Hər gün onu təmiz havada gəzintiyə çıxarıram.

- Bəs səhnədə çıxış etmək necə, zəhlənizi tökməyib ki?
- Heç vaxt... Amma gücüm artıq əvvəlki deyil. Əvvəllər ayda 30-40 konsert verirdim, indisə istəmirəm və bacarmıram. Həm də ehtiyacım da yoxdur, yaxşı təqaüd alıram. Şanslı adamam: vaxtın sınağından çıxmışam. Allahın verdiyi ömrü yaşayacağam. Bəxtimdən mənə verdiklərinə görə çox razıyam. Müğənni olmağı bacardığım və heç kimdən asılı olmadığım üçün şanslıyam. Xoşbəxtəm ki, həyatımda məni başa düşən, dürüst insanlara rast gəlmişəm. Heç kimdən heç bir şey istəməmişəm, yalnız məni başa düşməklərini istəmişəm. Mahnılarımdan birində deyilir: «Dünyada çox yaxşı insanlar var, tək deyilsiniz, mən də tək deyiləm». Çox çətin olsa da, qazanacağınıza inanmalı və güclü olmalısınız.
Rusiya mətbuatından çevirdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər