• cümə, 29 Mart, 15:53
  • Baku Bakı 14°C

“Mən oğlumu çox istəyirəmsə, onun evinə niyə gedim?”

31.03.20 16:13 3249
“Mən oğlumu çox istəyirəmsə, onun evinə niyə gedim?”
Həkim-endekrinoloq Lena Hacıyeva: "Nə qədər çox təcrid olunsan, sevdiklərini, yaxınlarını bir o qədər çox qorumuş olarsan”

Koronavirus pandemiyası dünyanı cənginə alıb. Hələlik yolxucu xəstəliyə qarşı vaksin yaranmasa da, virusdan qorunmağın yolları tövsiyə olunur. Maarifləndirici məlumatlara malik olmaq və ən əsası onlara əməl etmək hələ ki, sag qalmagın yeganə yolu sayılır. Təbii ki, pandemiya ilə mübarizədə hər kəsin üzərinə məsuliyyət düşür. Həkimlərin xəstəliklə, insanların həyatı ugrunda fədakarcasına mübarizəsinə - "Biz sizin üçün burdayıq, siz də bizim üçün evdə qalın” -çağırışına isə hamılıqla səs vermək, bu məsuliyyəti nümayiş etdirmək deməkdir.
Həkim-endekrinoloq Lena Hacıyeva ilə müsahibə də pandemiya, xəstəlikdən qorunma qaydalarına necə əməl olunması, insanların məsuliyyəti, o cümlədən xəstələrin sağalmasına töhfələrini verən həkimlərin əməyi barədədir.

- Pandemiyanın cəmiyyətdə yaratdığı təşviş göz önündədir. Hərçənd, bəziləri "boş şeydir” deyib keçmək istəsə də, sonunda acı reallığı dərk edir. Bir həkim kimi mənzərəni necə xarakterizə edərdiniz?
- Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu xəstəliyi pandemiya kimi qəbul edibsə, bu o deməkdir ki, çox təhlükəli virusdur. Əgər virus təhlükəlidirsə, hər bir kəsin borcusdur ki, ondan qorunsun. İnsan özünü qorumaqla, təkcə özünü deyil, ətrafındakıları, ailəsini, dost-tanışını qorumuş olur. Qorunmagın yolları haqqında telekanallarda gündəlik məlumatlar verilir. Belə ki, insanlarla kontaktda az olmaq, təmizliyə riayət etmək, hətta öz bacı-qardaşınla, övladınla az ünsiyyətdə olmaq daha yaxşı olar. Çünki biz bilmirik ki, ətrafımızdakı insanlar infeksiyaya yoluxublar, ya yox. Nə qədər çox insanla kontakda olsan, o qədər çox infeksyalaşmış olursan. Digər bir üsul immunitetin möhkəmləndirilməsidir. Əgər kimsə pəhriz saxlayırsa, mütləq bundan imtina etməlidir. Ümmuniteti möhkəmləndirmək üçün vitaminli qidalar yeyilməlidir. Elə bir mövsümdür ki, insanlarda avitaminoz (vitamin çatışmazlığı) olur. Bu virus da üstünə gəlirsə, demək, biz daha çox qorunmalıyıq. Vitaminlərdən, meyvə-tərəvəzdən daha çox istifadə etməliyik. Kolorili yeməklər yeyilməlidir ki, immunitet yüksəlsin və yoluxmanın qarşısını ala bilək.
- Virusdan qorunmaq üçün maskanın taxılması ilə bağlı fikirlər də birmənalı deyil. Yəni "maskasız hərəkət etməyin” kimi fikirlərlə yanaşı, "virus hava-damcı yolu ilə keçmir, maskaya ehtiyac yoxdur” və ya "keyfiyyətli və keyfiyyətsiz maska” kimi adamları çaşbaş salan fikirlər də səslənir. Hansına inanaq?
-Bir həkim olaraq öz fikrimi bildirirəm: açıq havada maskanın taxılmasına o qədər ehtiyac yoxdur. Kontaktda olacağın bir yerə - magazaya, supermarketə, aptekə və s. daxil olursansa, hətta qohumunun evinə gedirsənsə, maskada olmalı və tez-tez təzələməlisən. Çünki maskanın ən pis cəhəti infeksiyanı yığmasıdır. Tutaq ki, mənim özümdə infeksiya var və maskadan istifadə edərkən həmin infeksiyalar burnumdan maskaya keçir və maska da nəfəsimlə təmasda olduğuna görə, infeksiyanın artması üçün şərait yaranır. İstəniən bir adamda infeksiya varsa və o maska taxırsa, onun maskasında infeksiyanın artması qaçılmazdır. O, həmin maskadan təzədən istifadə etməklə özünü yenidən infeksiyalaşdırır. Həmin maskanın mütləq qapalı yerlərə atılması məsləhətdir. Yaxşı olardı ki, o maska çox qapalı yerə atılsın, çünki hər bir insanın maskası çox böyük infeksiya mənbəyidir.
- Aparılan dezinfeksiya üsulları yoluxmanın qarşısını nə qədər ala bilir?
-Hazırda çox yaxşı dezinfeksiya işləri aparılır. Ancaq bu işlərin də savadlı şəkildə həyata keçirilməsi lazımdır. Tutaq ki, bağlı bir yeri dezinfeksiya edirlər. Məsələn, bizim bloku dezinfeksiya ediblər, səhər görürəm ki, bütün qapıları açıblar havası dəyişilsin. Dezinfeksiya olunan yer bir müddət qapalı qalmalıdır ki, kimyəvi maddə həmin sahənin bütün infeksiyasını öldürsün. Bir müddət sonra qapıları açmaq olar ki, insanlar ora daxil olarkən onlarda zəhərlənmə və ya allergiya kimi hallar baş verməsin. İnsanlarımız onsuz da təşvişdədirlər. Bu cür məlumatlar onlara qısaldılmış formada daha çox verilsə, maariflənmiş olarlar.
- Sosial şəbəkələrdə və KİV-də həştəqlə "evdə qal”, "biz birllikdə güclüyük” kimi paylaşımlar yayılsa da, insanları küçələrdən yığmaq olmur. Virusun həyat üçün böyük təhlükə olduğunu dərk etmələri üçün adamlara tövsiyəniz nədir?
-"Küçələrə çıxmayın” deyilsə də, adamlar bir-birinnin evinə qonaq gedir. Bu, ən böyük yanlışlıqdır. Mən oğlumu çox istəyirəmsə, niyə onun evinə gedim? Mənə elə gəlir ki, tam təcrid olmaq lazımdır. Nə qədər çox təcrid olunsan, sevdiklərini, yaxınlarını bir o qədər çox qorumuş olarsan. "Əşi, nə olar-olar” deyənlər özlərini yox, ətraflarını fikirləşsinlər. Ətrafının və ya uşağının günahı nədir? Adamlar bəzən deyirlər ki, həmişəki qrip infeksiyasıdır, qorxmaq lazım deyil. Qripə yoluxanda hamımız xəstələnir və sağalırdıq. Amma bu virusa yoluxanda sağalma ehtimalı bir qədər zəifdir. Heç kimə demirik ki öləcəksən, amma ölmək ehtimalı var. Çünki çox ağır fəsad verir və həkimlər bunun qarşısını almaqda acizdir. Fikrimcə, vəziyyətlə bağlı maariflənmə də çox aparılmalıdır.
- Pandemiya ilə, insanların həyatı uğrunda mübarizədə həkimlərin fədakarlığını xüsusi qeyd etməliyik. Həkimlər öz həyatlarını riskə ataraq xəstələrin həyatları uğrunda mübarizə aparırlar. Onların üzərinə böyük yük düşdü. Sizcə, bu tibb işçilərinin təkcə vəzifə borcudurmu?
-Koronavirus ağır infeksiyadır və biz bu infeksiya ilə mübarizə aparmağa məcburuq. Baxmayaraq ki, həkimik, infeksiyanın ağırlığını bilirik, amma infeksiya həkimlər arasında da baş verib və bundan xəstələnib ağır nəticələr alanlar olub. Əgər həkimlər də bu virusun qarşısında acizdirlərsə, ona görə gecə-gündüz "özünüzü qoruyun!” deyirik. Həkimlik elə bir vəzifədir ki, etdiklərimiz bizdən asılı deyil. İllər boyu işləyən həkim küçədə gedir, üzbəüz gəldyi adamın üzünə baxan kimi diaqnoz qoymaq istəyir. Bu, onun özündən asılı deyil. Bir xəstə sənə yaxınlaşır və görürsən ki, xəstəliyi keçicidir və sənə də keçə bilər, ancaq bu barədə fikirləşmirsən. "Mən nə edim ki, bu adama yaxşı olsun, sağalsın?”- deyə düşünürsən. Bəli, bu, fədakarlıqdır. Müalicə etmək, diqanoz qoymaq, kömək etmək bizim qanımıza işləyib. Bəzən özümüzü qoruya bilmirik. Xəstə indiki vaxtda həkimin yanına gələnda maska taxmır. Amma bunu onun üzünə vurmuruq. Ancaq insanlar özləri məsuliiyətli olmalı, başqalarının həyatlarına da təhlükə yarada biləcəklərini düşünməlidirlər. Həkimlər isə özlərinə qarşı olan təhlükələr barədə çox vaxt düşünmürlər. Onları fədakar edən də bu xüsusiyyətləridir. Onlar işlərinə təkcə vəzifə borcu kimi yanaşmırlar, həm də vətəndaş məsuliyyəti ilə yanaşırlar. Bəli, həkimlərin üzərinə böyük yük düşdü. Amma onlar bu yükü fədakarlıqla daşıyırlar.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər