• çərşənbə axşamı, 16 aprel, 21:44
  • Baku Bakı 18°C

"Mən günəşi görürəm" təqdim edilib

09.10.17 12:10 1641
"Mən günəşi görürəm" təqdim edilib
Oktyabrın 8-də "BookZone" Kitab evində tanınmış gürcü yazıçısı Nodar Dumbadzenin latın qrafikalı əlifba ilə yenidən nəşr edilən "Mən günəşi görürəm" romanı təqdim edilib.
Romanı "Kitabsevərlər" hərəkatı çap etdirib.
Tədbiri giriş sözü ilə hərəkatın rəhbərlərindən olan Fariz Bayramov açıb. "Kitabsevərlər" barəsində geniş məlumat verən F.Bayramov bildirib ki, "Mən günəşi görürəm" romanı hərəkatın hər hansı maddi maraq güdmədən çap etdirdiyi 16-cı kitabdır. Buna qədər müxtəlif mövzulu 15 kitab Azərbaycan oxucusuna təqdim edilib.
Bildirilib ki, sözügedən roman gənc yazıçı, jurnalist Cavid Qədirin təşəbbüsü, redaktəsi və önsözü ilə nəşr olunub.
Daha sonra söz alan C.Qədir əsərin mövzusu, toxunduğu məsələlər, Dumbadzenin yaradıcılıq meyarları, ümumilikdə ədəbiyyatın həyatımızdakı yeri barədə geniş danışıb.
Hər hansı maddi dəstək olmadan 16 kitabın çap edilməsinin heç də kiçik iş olmadığını qeyd edən redaktor bundan sonra da əzmlə ədəbiyyatın təbliği ilə məşğul olacaqlarını deyib.
Ardınca çıxış edən şair-tərcüməçi Kənan Hacı Azərbaycan ədəbiyyatının problemlərindən, oxucu-müəllif münasibətlərindən söz açıb, ədəbi gözləntilərini dilə gətirib.
Hərəkatın rəhbərlərindən olan şair-tərcüməçi Səbuhi Şahmursoy da nəşrin ərsəyə gəlmə prosesindən danışıb. Hərəkatın gələcək planları barədə oxucuları məlumatlandırıb.
Hərəkatın rəhbəri Rəşad Babalı da ölkədəki mövcud ədəbi ab-havaya diqqət çəkib. Bununla yanaşı, hərəkatın yaranma tarixindən söz açan R.Babalı kitabçılıq ənənəsinin inkişaf potensialına əminliyini ifadə edib.
Sonda çıxış edən "BookZone" Kitab evinin rəhbəri Seymur Tağıyev hazırkı kitab bazarının vəziyyətindən danışıb. Rəhbəri olduğu qurumla birgə ölkədəki ədəbi mühitə töhfə vermək üçün əlindən gələni edəcəyini vurğulayıb.
Tədbirdə müxtəlif ədəbiyyat adamları, media mənsubları və oxucular iştirak ediblər.
banner

Oxşar Xəbərlər