• cümə, 19 Aprel, 18:20
  • Baku Bakı 24°C

“Mən dəli deyildim” hekayəsinin strukturu

23.12.19 12:30 823
“Mən  dəli  deyildim”  hekayəsinin  strukturu
Kamran İmranoğlunun (Əliyevin) "Mən dəli deyildim” hekayəsinin dərin süjet xətti var. Hekayədə Rezidentin baş həkimlə müzakirələri və Qadının danışdığı lətifələr kimi verilən köməkçi süjet xətləri və istifadə edilən müxtəlif metod və üsullar qarşıya qoyulmuş problemin həllini mümkün qədər sadələşdirir. Hekayə haqqında oxucunun beynində daha dəqiq fikir formalaşdırmaq üçün bir çox təsvir vasitələrindən istifadə edilmişdir.
Hekayədəki hadisələr əsərin baş qəhrəmanlarından biri olan Rezidentin otağında cərəyan edir. Hekayədə Rezidentin sadəcə təcrübə üçün buraya gəldiyi vurğulanır, zənnimcə, müəllifin bunu vurğulamasının səbəbi o idi ki, əgər Rezident yerinə ixtisaslaşmış həkim surəti yaradılsaydı, hadisələrin gedişatı tamam fərqli olardı. Hekayədə baş həkim iclasda həkimlərə ruhi xəstələrlə qətiyyən ünsiyyət qurmamağı ciddi şəkildə tapşırır. Əgər baş qəhrəman həkim olsa idi, bu həkim otağına söz demək üçün gələn ruhi xəstəni vaxt itirmədən dərhal otağından çıxardacaqdı, onun dəlinin fikirlərini dinləməsi təbii səslənməyəcəkdir. Çünki hekayədə dəli öz başına gələn hadisələrdən danışarkən həkimlərin heç bir dəliyə inanmadıqlarını, onları dinləmədən özlərindən uzaqlaşdırdıqlarını vurğulayır.
Əsər digər bədii qəhrəman olan Qadının Rezidentin otağına girməsi ilə başlayır. Əsərin özü çox dərin məna ilə yazıldığı və hadisələrin əsas cərəyan etdiyi məkanı oxucunun beynində daha aydın canlandırmaq üçün çoxlu təsvir vasitələrindən istifadə edilir. Qadın içəri daxil olarkən keçirdiyi hisslər aydın şəkildə təsvir olunur: "O, son dərəcə ehtiyatla qapını açıb heç kəsin hiss edə bilməyəcəyi bir tərzdə – ayaqlarının ucu ilə içəriyə daxil oldu. Sonra ürəyinə qorxu düşən adamların cəldliyinə bənzər bir hərəkətlə qapını örtüb dəstəyin yanında özünə yer eləmiş quyruğu sallaq açarla qapını arxadan bağladı”.
Qadının ehtiyatla həkimin otağına daxil olmasının və dərhal qapını bağlamasının səbəbi gəlişini digərlərindən gizlətmək üçün idi. Əsərdə bu hissə qabarıq şəkildə yenə də baş həkimin Rezidentə verdiyi məsləhətlərdə vurğulanır. Baş həkim iclasda Rezidentlərə dəlilərin dərhal otağa gəlib, həkimlərin başını qataraq onlara xəsarət yetirdiklərini söyləyir. Bu zaman gerçək hadisədən nümunə götürərək başqa həkimin başına gələni danışır, digər həkim canını qapı açıq qaldığı üçün səs-küyü eşidib köməyə gələn insanların sayəsində qurtarır. Ancaq əsərdəki ruhi xəstənin vəziyyəti başqadır, o qəflətən otağa daxil olmur, ehtiyatla daxil olaraq qapını bağlamağı unutmur.
Kamran İmranoğlunun (Əliyevin) "Mən dəli deyildim” hekayəsinin əsas süjeti xəstənin "Qorxma, qorxma! Səni vurmayacağam” cümləsi ilə başlanır. Xəstənin bu cümlə ilə başlaması artıq onun hadisələrə hakim olub gedişatı bilməsindən xəbər verir. O, Rezidentin digər həkimlər kimi onu dinləmədən uzaqlaşdıracağını və digər xəstələrə verdiyi reaksiyanı ona da göstərəcəyini bilir, ona görə də ilk başdan öz niyyətini vurğulamaq istəyir. Təbii olaraq Rezident ona inanmır, ehtiyatlı davranmağa çalışır. Qorxu içərisində yaşayan Rezident özünü müdafiə etmək üçün ayağa qalxır, otaqda dövrə edib çıxmaq istəyir. Rezidentin keçirdiyi halları görən xəstə onu səmimiyyətinə inandırmaqdan ötrü dəlilərin həkimlərə xəsarət yetirdiyi çəhrayı stulu kənara çəkərək oturur. Rezidentin gözü qapalı olan qapıya sataşır. Qapı motivinin əsas səbəbi isə yuxarıda artıq vurğulanıb. Rezident ətrafında baş verən hadisələrlə baş həkimin dediklərini yada salır və bu zaman həkimin danışdığı bir lətifəni xatırlayır: "Bir dəfə səhər çağı dəlilər çay içəndə qəndin olmamasından dilxor olurlar və nə edəcəklərini bilmirlər. Nəhayət, haradansa bir tikə qənd tapıb iplə göydən asırlar və deyirlər ki, hamı qəndə baxıb dişdəmə çay içsin. Dəlilərdən biri görür ki, qarşısındakı cavan oğlan gözünü qənddən çəkmir. Bu zaman həmin dəli cəld ayağa durub cavan oğlana möhkəm bir şillə vurar. Hamının ona sual dolu nəzərlərlə baxdığını görüb hirslə deyir ki, görürsünüz, bu adam gözünü qənddən çəkməyib dişdəmə çay əvəzinə şirin çay içir”.
Zənnimcə, bu lətifənin hekayənin ortasında verilməsinin səbəblərindən biri oxucuya dəlilər haqda daha ətraflı məlumat vermək, oxucunun Qadınla həqiqətən ruhi xəstələr arasındakı fərqini analiz etmək məqsədi daşıyır. Çünki Qadının gəlişinin real səbəbi vurğulanmadan öncə müəllif müxtəlif mərhələlərlə hekayəyə əlavə süjetlər daxil edərək oxucuya Qadının həqiqətən dəli olmadığını qəbul etdirmək istəyir. Rezidentin fikrinin qapıya diqqətlə yönəldiyini görən Qadın söhbətinə: "Yox, yox! Qapını səni vurmaq üçün bağlamamışam, istəyirəm ki, başqa adamlar gəlib bizim söhbətimizə qulaq asmasınlar”, - deyərək davam edir. Artıq motivlər daha da aydınlaşırdı, Rezident özü artıq öz içində Qadına inanırdı, ancaq daxilində gedən doğru-yanlış mübarizəsi onu yenə də tərədüddə çəkirdi.
Bu zaman Rezidentin qəlbində yeni bir şübhə doğur və baş həkimin bəzən xəstələrin bilərəkdən həkimlərin fikrini yayındırıb xəsarət yetirdiklərini deməsini xatırlayır. Rezident yenə tərədüddədir. O düşünür ki, Qadın da ona eyni variantı istifadə edir, o, Qadının daha çox danışmasına macal verməmək üçün susur. Əsər boyu Rezident bir neçə dəfə tərəddüd keçirir, bu, müəllifin oxucunun hadisələrin mərkəzində tutaraq əsas mərhələyə hazırlaması üçündür.
Əsərin kulminasiya nöqtəsi Qadının "Mən istəyirəm ki, sən burda işləməyəsən” sözləri ilə başlayır. Müəllif burada əsas ideyanı verir və oxucunun beynində düyün yaradır. Sükut çökür. Rezident yenə də şübhələrinə davam edir, Qadının bu cümləsi Rezidentin beynində onun haqqında fərqli fikir yaranmasına səbəb olur, artıq o, Qadını hardansa tanıdığını düşünür. Qadını diqqətlə nəzərdən keçirəndə xalını görür və qardaşının baldızını yəni gəlinlərinin bacısını xatırlayır. Əsərdə oxucunun beynində daha ətraflı məlumatın yaranması üçün Qadının ingilis dili müəlliməsi kimi çalışması və işində xeyli peşəkar olması deyilir. Gedişatdan agah olan Qadın Rezidentin fikirli olduğunu görür, düşüncələrini təxmin edərək "mən sənin tanışın deyiləm” deyir. Bu sözlə artıq Rezidentinm düşüncəsindəki buzlar tamamilə əriyir. Çünki normal olaraq dəli olan bir insanın ona belə reaksiya verə bilməyəciyini fikirləşir. Ancaq yenə də baş həkimin tənbehlərini xatırlayaraq susmağa üstünlük verir. Qadın Rezidentin düşüncələrini dağıtmaq üçün lətifə danışmağa başlayır. Müəllifin əsərlə çox aidiyyatı olmayan bu lətifəni yazmaqda məqsədi oxucunun fikirlərini başqa yönə yönəldərək beynində sual işarəsi yaratmaq və birmənalı şəkildə Rezidentə başqa birini xatırlatması üçün işarə verməsidir. Ancaq bu informasiya üstüörtülü şəkildə çatdırılır.
Baş həkim otağına gələn dəlini ciddiyə almayaraq "necə evlənəcəksən?” kimi sadə bir sual verir. Gedişatı normal olaraq gətirən ruhi xəstə sonradan mövzunu dəyişdirir və mental normalardan kənara çıxaraq danışmağa başlayır, bunu eşidən həkimin reaksiyası çox fərqli olur. "Ay Allah sən məni öldür” deyərək qışqırmağa başlayır, səsə toplaşan insanlar fərqli reaksiya göstərən həkimin dəli olduğunu düşünürlər və onu aparmaq istəyirlər. Qadın lətifənin bu hissəsində gülür, əslində, danışdığı lətifədən daha çox həkimləri ələ salmaq üçün istifadə edilən incə bir mətn idi. Qadın sonra öz başına gələn fırıldağı danışanda Rezidentə tamamilə aydın olur ki, həqiqətən də, bu, o Qadındır. Qadını aldadaraq ruhi xəstəxanaya göndərmişdilər və dərdini demək istəyəndə heç kim ona inanmırdı.
Qadın nitqini "Mən dəli deyiləm” sözləri ilə tamamlayır. Qadın həkimdən onun xəstəxanadan çıxarda biləcək bibisini tapmaq üçün Rezidentə ünvanı yazır və otağı tərk edir. Mat-məəttəl qalmış Rezident ünvan yazılan kağızı götürərək fikirli-fikirli evə qayıdanda Qadının yazdığı ünvanın artıq olmadığını və bibisini tapa bilməyəcəyini anlayır və səhəri gün işdən çıxmaq barədə ərizəsini baş həkimə göndərir və başqa ixtisas üzrə magistraturaya daxil olmağı planlaşdırır.
Müəllif əsərdə özünü Rezidentin timsalında göstərir. Əsərdə bir ideya diqqətimi çəkdi, xəstəxanada olan digər xəstələrin də öz hekayələri var. Qadının özü günahsız olmasına rəğmən dəli damğasını alır. Sırf dəli damğasına görə heç bir həkim onlara inanmaq istəmir, hətta ünsiyyət qurmağa belə çəkinirlər. Əsər boyu Qadın öz fikrini deyənə qədər Rezidentin ona mümkün qədər inanması üçün hazırlıq mərhələsi yaradılır. Rezident isə həkimin Qadının həyatını xilas edə bilməyəcəyini anlayaraq vicdan əzabından işdən ayrılır. Qadının əvvəlcədən özünün müəllim olaraq deyib Rezidentə öz tanışını xatırlatması motivi isə həkimin oxşar hadisə ilə bağlı əvvəlcədən yaşadığı təəssüratının olması ilə bağlıdır.
Qadının əsərin sonunda "Mən dəli deyiləm” nidaları gerçək idi, bəli, o, dəli deyildi, sadəcə, bu dünyada bir çox insanın düzgünün tərəfində durduğu, insanların fırıldaqlarına göz yummadığı üçün dəli damğası alan insanlar kimi o da bilərəkdən xəstəxanaya göndərilmişdi.

Məltəm Akman



banner

Oxşar Xəbərlər