Məğlub qəhrəman, qalib akademik
Hardan, necə
başlamaq çox çətindir... Çox nadir hallarda
fikirlərim bu cür qarışıq düşür, hislər sözə tabe olmur, susmaq da
mümkün deyil. Heç mümkün deyil. Çar imperiyası bizi susdurmağa çalışdı, sovet
rejimi danışan dilləri kəsdi. Amma həqiqət susqunluğun övladı deyil, o heç vaxt
susmayan bir səsdir. Tarixin bütün dövrlərində həqiqət zamanın diliylə,
qəhrəmanların, şairlərin, tarixçilərin diliylə danışıb. Akademik tarixin belə
ölümsüz qəhrəmanlarından idi.
Bilgisayarda
yeni fayl açıb adını "akademik” qoyuram. İki gün ərzində oxuyub bitirdiyim
roman akademik haqqındadır, təkcə akademikin deyil, tarix boyu yer üzündən
silməyə cəhd etsələr də səməndər quşu kimi külündən doğulan, uca, yenilməz bir
millətin Şərlə savaşı haqqındadır. "Akademikin son əsəri”dir. Müəllifi xalq
şairi, həm də bu millətin "Ömür kitabı”nı yazmış Sabir Rüstəmxanlıdır. Bir dəfə
Sabir bəy haqqında yazımda qeyd etmişdim ki, Sabir Rüstəmxanlı ədəbiyyata
gəldiyi çağlardan onun qələminin kompası tarixə yönəlib. Türkün böyük tarixi,
qan yaddaşı onun yaradıcılığından bir qırmızı xətt kimi keçir. "Cavad xan”
poeması, "Qan yaddaşı” və milli şüuru oyadan onlarla şeirləri, Azərbaycanın həm
coğrafi, həm də fikir, düşüncə xəritəsi olan "Ömür kitabı” insanlar üçün həm də
bir tarix dərsi idi. Ardınca "Göy tanrı”, "Ölüm zirvəsi”, "Difai fədailəri”
tarixi romanları yazıldı. Klassik realizmə xas cəhətləri özündə qoruyub
saxlayan bu əsərlərin hər biri ədəbi prosesin faktına çevrildi. İnsanlar öz
keçmişiylə bağlı həqiqətləri qondarma tarix kitablarından deyil, bu əsərlərdən
öyrəndilər. "Qondarma” ifadəsi sovet dövründə məqsədyönlü şəkildə saxtalaşdırılan
tariximizə aiddir. "Akademikin son əsəri” romanının qəhrəmanı da bütün ömrünü
şərəfli keçmişimizi düşmənlərimizin xeyrinə saxtalaşdıran "tarixçilər”ə qarşı
savaşa sərf etmiş böyük bir ziyalıdır. Akademik bizim müasirimizdir, canlı
tarixdir. Böyük yazıçımız İsmayıl Şıxlının diliylə desək, sapı özümüzdən olan
baltalar bu azman qayaya dörd bir tərəfdən zərbələr endirir, onu parçalamağa,
sındırmağa çalışırdılar. O isə mətanətlə dözür, mübarizəsini davam etdirirdi.
Böyük Vətən Müharibəsindən möcüzə nəticəsində sağ çıxıb qalan ömrünü də elm
cəbhəsindəki döyüşlərə sərf edən akademik Ziyad Şıxlı hamımıza tanış bir
simadır. Oxucu söhbətin kimdən getdiyini bilir. Romanda Sovet İttifaqı
Qəhrəmanı, akademik, tarix elmimizin patriarxı Ziya Bünyadovun parlaq obrazı
yaradılıb. Sabir bəy fədakar, qorxmaz, prinsiplərindən ölüm bahasına belə geri
çəkilməyən tarixçi alimin həyatıyla paralel olaraq xalqımızın yaxın tarixinin
qaranlıq məqamlarına da işıq salır. Fitnəkar qonşularımızın türk birliyinə
qarşı planları, 1918-20-ci illərdə ermənilərin Azərbaycanda törətdikləri
vəhşiliklər, Stalin-Mikoyan-Beriya üçlüyünün bir xalqı deportasiyaya məruz
qoyması, 37-ci il repressiyaları, dinc quruculuq illərində də davam edən
qadağalar, xalqın düşünən beyinlərinə qarşı mənəvi terror üsulları, nəhayət,
ermənilərin Dağlıq Qarabağ iddiaları, məkrli Sumqayıt planları və Qara
yanvar... Müstəqilliyin ilk illərində əsarət yükünü çiynindən atmış xalqın
müharibə ilə üz-üzə qalması və iç savaşları...
Əsər
Stalinin məkrli siyasəti nəticəsində doğma vətənindən Qazaxıstana sürgün
edilmiş bir ailənin övladı Muradın yuxusu ilə başlayır və bu yuxu əslində
romanın yaranma səbəbidir; doğum evlərində körpələr səssiz-səmirsiz, lal
doğulur, (bu məqamda xalq şairimiz Bəxtiyar Vahabzadənin bu romanın ideyası ilə
səsləşən "Nağıl-həyat” şeirindən bir misranı xatırladım: "danışmaq öyrətdin sən
öz körpənə, nola mən anadan lal doğulaydım” – K.H) onlar ana südündən imtina
edirlər və sonda məlum olur ki, bir millətin övladları ayrı-ayrı, anlaşılmaz
dillərdə danışırlar. Tarix boyu bu millətin ən böyük faciələrindən biri
bir-biriylə yad, özgə dillərdə danışması olub. Mirzə Cəlil "Anamın kitabı”
əsərində millətin ruhunu zədələyən, onu kökündən ayıran, birliyinə imkan
verməyən bu faktı böyük ürək ağrısıyla bədii mətnə çevirib. Söhbət təkcə bir
millətin nümayəndəsinin əcnəbi dillərdə danışmasından getmir, onları bu xalqa
bağlayan mənəvi bağların qırılmasından, ruhən öz soyuna, geninə yadlaşmasından
gedir. İmperiyanın dəyişməz planlarından biri də bu idi, bir xalqı məhv etmək
üçün onun keçmişini məhv etmək, tarixini saxtalaşdırmaq, yaddaşını silmək.
Ziyad Şıxlı Böyük Vətən Müharibəsinin qəhrəmanlarındandır. Müharibədən qayıdıb
öz xalqının yaxın keçmişini araşdıranda çox dəhşətli faktlarla üz-üzə qalır.
"Biz Avropa yollarını dizin-dizin sürünərək faşistləri Rusiyadan çıxaranda ...
Stalin də mənim millətimi Krımdan, Şimali Qafqazdan, Gürcüstandan,
Ermənistandan qoparıb evlərini yağmaladırmış”.
Akademik
arxivlərdə repressiya qurbanlarının aqibətiylə tanış olduqca özünü qalib kimi
deyil, məğlub kimi hiss edir, döyüşlərdən sağ çıxdığına heyfisilənir. Böyük
aldanışdan doğan sarsıntılar onun mənəvi rahatlığını əlindən alır. O, bu dəfə
uğrunda canını qoyduğu imperiyaya qarşı savaşa qalxır. Kremldə oturanlar Bakıda
20 yanvar faciəsini törədəndə akademiki sındırmaq üçün onun oğlunu bu şəhərə
komendant göndərirlər. Ata ilə oğulu üz-üzə qoyurlar. Akademik oğluyla
görüşündə onu geri qayıdıb istefa verməyə çağırır. "Sözümü deyəcəyim bütün
kürsüləri əlimdən alıblar, öz doğma oğlumun əliylə susdurmaq istəyirlər
məni...”
Oğul onun
millətini qan içində boğan sovet ordusunun zabiti idi. Ata da bir zamanlar
həmin ordunun qəhrəmanlarından olmuşdu. Xalqı öz əliylə vurmağın quş səsi
eşitməyən metodlarından biri də bu idi.
Akademikin
xarakterini bəlirləyən canlı dialoqlar, iç təlatümlərini əks etdirən daxili
monoloqlar, dövrün mənzərəsini bütün aydınlığı ilə sərgiləyən təsvirlər oxucunu
əsərin cazibəsində saxlayır. Romanda Muradın taleyi də akademikin ömür yolunu
izləyir. O, babalarının yaşadığı torpağa qayıdıb yenidən sönmüş ocaqlarını
yandırmaq istəyir. Taleyin xoş təsadüfü nəticəsində akademikin aspirantı olur.
Amma burda tələbənin qarşısına elə maneələr çıxır ki, gözlənilmədən vətənini
tərk edib geri qayıdır. Murad Bakıda bir sevgi macərası da yaşayır. Onun
sevgisinin də arxasından repressiyanın utancverici gizli faktları çıxır və o,
sevdiyi qızla ailə qurmağa tərəddüd edir. Xoşbəxtlikdən hər şey yaxşı qurtarır.
Muradla Ayselin sevgi süjeti romanın strukturuna o qədər ustalıqla hörülüb ki,
bu süjeti çıxarsan romanda boşluq yaranacaq. Onların sevgisi həm də yaraların
sağalması deməkdir, pərən-pərən düşmüş böyük bir millətin yenidən
birləşməsinin, ocaq yerlərinə qayıtmasının, Şər üzərində qələbənin, murada
yetməyin rəmzidir. Akademikin
"nağıl-roman”ında yer alan Kamranla Sunay əhvalatı isə ibrətamiz pritçadır.
Yazıçı intertekstuallıq metodundan istifadə edərək müxtəlif zamanlarda baş
verən hadisələri bir mahiyyətə tabe etdirir. Doğrudan da? "təməl əyri olanda
zaman heç nəyi düzəldə bilmir”. Oxucu bu əhvalata da xüsusi diqqət yetirsə,
akademikin hansı mənəvi ağrılarla yaşadığını görəcək.
Əsərdə
damarda qanı donduran faciələrdən bəhs olunur. Akademik yüzillər boyu təklənən,
əzilən, əsarət altında saxlanılan, repressiya olunan, amma Ruhu hər zaman
dipdiri qalan məğlubedilməz bir xalqın böyük ağrılarından danışır. Sabir Rüstəmxanlı
hələ illər öncə xalqın yenilməz, sərhədsiz Ruhu haqqında belə deyirdi:
Bu Vətən
deyilən dünyam sirlidi,
Bir paytaxtı
sevinc, bir paytaxtı qəm.
Bu Vətən
torpağı nə qəribədi,
Hələ
sərhəddini tapa bilmirəm.
Arzu da
beləcə sərhədsiz olur,
Ümman da
beləcə, göy də beləcə.
Ruhumuz
sərhədsiz olduğu üçün
Payımız
gəlibdir göydən beləcə.
Onun
kitabları sərhədsiz ruhumuzun tarixidir, əslində? bir kitabdır. "Qan
yaddaşı”ndan, "Ömür kitabı”ndan üzübəri "Xətai yurdu”na, "Göy Tanrı”ya, "Ölüm
zirvəsi”nə qədər yazılan bu tarix kitabının ünvanı Azərbaycandır. "Akademikin
son əsəri” romanında bizim nəslin payına düşən tarix də öz əksini tapır.
İtkilərlə, məhrumiyyətlərlə dolu illər və azadlıq günəşinin tarixin üfüqlərində
görünməsi... Akademik yenə də savaşdadır; erməni tarixçilərinin yalanlarını faş
edən yazılarıyla, elm məbədi sayılan Akademiyanı dağıtmaq istəyən nadanları
tərk-silah edən dəmir məntiqi ilə həmişə olduğu kimi, mübarizənin ön
sıralarındadır. Həqiqət onun ən kəsərli silahıdır. Vətən onun başı üstündəki Tanrı
kimi uca və müqəddəsdir.
Altay
Qızılbaş müəllifin öz obrazıdır. Onun da Azərbaycanın müstəqillik tarixində
Ziyad Şıxlı qədər böyük xidmətləri var. O da müstəqilliyimizin
qəhrəmanlarındandır və bu gün şairlikdən əlavə həm də salnaməçilik missiyasını
yaşının bu çağında da əvvəlki entuziazmla davam etdirməkdədir. Missiya davam
edir.
Kənan Hacı