Məktəblər publik hüquqi şəxs olarsa...

"Təhsil
müəssisələrinin böyük əksəriyyəti publik hüquqi şəxsə çevrilməlidir. Məlum
dövlət sifarişini çıxmaq şərtilə onlar müstəqil qurum kimi fəaliyyət göstərməlidirlər”
- deyə çoxdan səsləndirilən fikirlər deyəsən təsdiqini tapmağa doğru gedir. Ötən
həftə "Ümumi təhsil haqqında” qanun layihəsinin Milli
Məclisdə müzakirəsi artıq bir çox sahələrə şamil edilən publik hüquqi şəxs
statusunun ümumi təhsil müəssisələrinə yönəldilməsi ilə diqqət kəsb edib.
Dövlət təhsil müəssisələrinə publik
hüquqi şəxs statusunun verilməsini nəzərdə tutan sənəd Milli Məclisin Elm və
təhsil komitəsinin"Ümumi təhsil haqqında” qanun layihəsinin 12-ci
maddəsinin (Ümumi təhsil müəssisəsi) 12.1-ci bəndini əks etdirib. Belə ki, dövlət
və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsi publik hüquqi
şəxsdir.
Xatırladaq ki, qanuna
görə, publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı,
bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. publik
hüquqi şəxslər tərəfindən də nizamnaməsində nəzərdə tutulmuş halda publik
hüquqi şəxslər yaradıla bilər. publik hüquqi şəxsin yaradılması ilə bağlı digər
məsələlər Mülki Məcəllə ilə tənzimlənir. publik hüquqi şəxs nizamnaməsində
nəzərdə tutulmuş halda təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə
bilər. publik hüquqi şəxsin mənfəəti onun nizamnaməsində nəzərdə tutulmayan
məqsədlər üçün yalnız təsisçinin qərarı ilə müvafiq olaraq dövlət büdcəsinə və
yerli büdcəyə köçürülə bilər.
Mövcud qanunvericiliyə əsasən publik
hüquqi şəxs statusunun verilməsi qurumların daha təkmil idarə edilməsi, daha
geniş imkanların yaradılması baxımından müsbət addım hesab edilir. Digər
tərəfdən, publik hüquqi şəxsə çevrilən qurumlar əvvəllər olduğu kimi, yenə də
dövlətdən maliyyələşməni davam etdirirlər.
Məsələn, bəzi ali təhsil müəssisələrinə şamil edilən status imkan
verir ki, yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı,
hesabatlılığın artmasına zəmin yaratsın. Bütövlükdə ali təhsil müəssisələrində
idarəetmə sisteminin dünyanın qabaqcıl ölkələrinin aparıcı universitetlərinə
uyğun formalaşdırılması yolu ilə keyfiyyətin yüksəldilməsi də bu məqsədə xidmət
edir.
Ali təhsil müəssisəsinin publik hüquqi şəxs statusuna malik olması
onun müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə
mexanizminin təkmilləşdirilməsinə, göstəriləcək ödənişli təhsil xidmətlərinin
çeşidinin genişləndirilməsinə şərait yaradacaq. Bu da ali təhsil müəssisəsinin
maddi-texniki bazasının və infrastrukturunun yeni keyfiyyət əmsalı deməkdir.
Ali təhsil müəssisələrinin iqtisadi cəhətdən dayanıqlılığının təmin olunması
onların ölkədə və beynəlxalq səviyyədə rəqabət qabiliyyətini yüksəltməklə
təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsini və tədqiqat universiteti
statusunu əldə etməsini stimullaşdırır. Bu da əldə edilmiş innovasiyaların
ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqinin əsas şərtlərindən hesab
edilir.
İndiyədək
ölkəmizdə publik hüquqi şəxsə çevrilən qurumların, Dövlət İmtahan Mərkəzinin
(DİM), o cümlədən ali təhsil müəssisələrinin fəaliyyət təcrübəsinə əsasən yeni
statusun ümumi təhsil müəssisələrinin timsalında hansı əhəmiyyət kəsb edəcəyini
aydınlaşdırmağa çalışdıq. Yəni publik hüquqi şəxs statusu ümumtəhsil
məktəblərinə nə verə bilər?
Milli
Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli "Kaspi”yə açıqlamasında
bildirdi ki, yeni layihə təhsil müəssisələrinin müstəqillik imkanlarını
genişləndirməyə xidmət edəcək: "Ümumtəhsil müəssisələrinə publik hüquqi şəxs
statusunun veriləcəyi ilə bağlı ayrıca sənəd qəbul olunmayıb. Milli Məclisdə
qəbul olunan qanun layihəsində ümumi təhsil müəssisələrinin publik hüquqi şəxs
olması barədə müddəa öz əksini tapıb. Bu o deməkdir ki, ümumtəhsil dövlət
müəssisələri dövlətdən maliyyələşməklə yanaşı, sərbəst imkanlara da malik
olacaqlar. Yəni onlar publik hüquqi şəxs kimi dərnəklər, məşğələlər təşkil edə,
innovativ fəaliyyətlə, sahibkarlıq işi ilə məşğul olmaq imkanları əldə edə
bilərlər”. Komitə sədrinin sözlərinə görə, publik hüquqi şəxs olmaq təhsil
müəssisələrinə əlavə imkanlar verir: "Orta məktəb təhsili haqqında” qanun
layihəsində belə bir müddəa öz əksini tapıb. Gələcəkdə ali təhsil müəssisələri
haqqında qanun qəbul edərkən onların da publik hüquqi şəxs olması ilə bağlı
müddəa layihədə öz əksini tapa bilər. Bu, ali məktəblərin müstəqillik
imkanlarını genişləndirməyə xidmət edir. Ancaq belə bir statusun verilməsi o demək deyil ki, publik hüquqi şəxs elan olunandan sonra
təşkilat və ya təhsil ocağı dövlət tərəfindən maliyyələşdirilməyəcək. Həm
dövlət hesabına, həm də özünün gəlirləri hesabına fəaliyyət göstərəcək”.
Təhsil
eksperti Etibar Əliyevin məsələyə münasibəti isə
fərqlidir. Belə ki, təhsil
eksperti "Orta ümumtəhsil haqqında”
qanunun müzakirəsində və 3-cü oxunuşunda iştirak edib: "Onda qanun layihəsində
bu, nəzərdə tutulmamışdı. Sonradan bu maddə qanun layihəsinə daxil edilibsə,
bunun müəyyən izahı da olmalıdır”. E.Əliyev bildirir ki, ali məktəblərin,
xüsusən universitetlərin publik hüquqi şəxsə çevrilməsi gözlənilən nəticəni
verməyib: "Hesab edirəm ki, bu müddəanı ümumi orta təhsilə aid etmək mümkün
deyil. Azərbaycanda 4500-dən çox ümumi orta təhsil müəssisəsi fəaliyyət
göstərir. Bu sayın heç bir faizi özəl təhsilin üzərinə düşmür. Bütün dünyada
orta təhsilin əsas hissəsi dövlətin qanadları altındadır. Dövlət orta
məktəblərinin publik hüquqi şəxsə çevrilməsi məsələsi məncə, real deyil. Dövlət
maksimal səviyyədə pulsuz orta təhsili genişləndirməli, eyni zamanda, hər
şagirdə ayrılan vəsaitin hesabına təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına
ciddi nəzarət mexanizmlərini qurmalıdır. Elə hesab edirəm ki, konkret olaraq
orta məktəblərə publik hüquqi şəxs statusunun verilməsi ilə bağlı mexanizmin
tətbiqi gözlənilən nəticəni verməyəcək”.
Ekspertin fikrincə, əgər gələcəkdə
bələdiyyələr inkişaf edərsə, bələdiyyə məktəbləri yaradıla bilər: "Bələdiyyə
məktəblərinin yaradılması da qanunda nəzərdə tutulur. Düşünürəm ki, bələdiyyə
məktəblərinin maddi-texniki bazası yaxşı səviyyədə olsa, orta məktəblərlə
rəqabət mühitinə daxil ola bilər. Fikrimcə, orta təhsildə üçüncü yolu seçmək
düzgün deyil. Yəni publik hüquqi şəxs qismində orta məktəblərin formalaşmasını
məqbul saymıram. Dövlət və özəl orta məktəblər var. Əgər özəl orta məktəbləri publik
hüquqi şəxsə çevirirlərsə, qoy çevirsinlər. Amma hesab edirəm ki, dövlət orta
məktəblərinə toxunmaq olmaz. Bu məktəblərə Konstitusiyada təsbit olunduğu kimi,
dövlət pulsuz təhsil hüququnu verməklə yanaşı, təhsilin digər pillələrinin də
pulsuz həyata keçirməsinə öz dəstəyini verməlidir».
Qeyd
edək ki, hazırda ölkədə 6-7 qurum publik hüquqi şəxs elan olunub. Təhsil
müəssisələrinin idarə olunması isə bu statusun verildiyi digər təşkilatlardan
təbii ki, tam fərqlidir. Bu sahədə yeni forma və metodlar, idarəetmədə və
fəaliyyətdə irəliləyişlərin yaranmasına ehtiyac var. Aydın olmayan məqam isə
bəzi ali məktəblərə şamil edilən statusun hələ öz bəhrəsini tam
verməməsindədir. Yəni ümumi orta təhsil müəssisələrinə şamil ediləcək status
hələ ki ali təhsil müəssisələrindən örnək timsalı deyil. Ekspertin
fikirlərindən çıxış etsək, hələ ki belə örnək yoxdur. Elə isə ümumtəhsil
müəssisələrinə veriləcək statusun özünü doğruldub-doğrultmayacağı ilə bağlı
indidən fikir yürütmək də qəlizdir.
Təranə
Məhərrəmova
