“Məktəbəqədər təhsil haqqında” qanun layihəsi nə vəd edir?

Valideynlər uşaqları üçün
məktəbəqədər təhsil müəssisəsi axtararkən çox vaxt xəyal qırıqlığına
uğrayırlar. Tez-tez sosial şəbəkələrdə də rastlaşdığımız bu kimi narazılıqlar
məktəbəqədər təhsil müəssisələri sahəsində böyük problemlərin olduğunu
təsdiqləyir. Məcbur qalan valideynlər bəzən fərdi şəkildə övladlarına dayə
tutur, ya da özəl hazırlıq müəssisələrindən istifadə etməli olurlar. Dövlət
məktəbəqədər müəssisələrinin fəaliyyəti isə valideynlərin ehtiyacını tam ödəyə
bilmir. Üstəlik bu sahədə peşəkar kadrların azlığı da övladlarının inkişafı
üçün çalışan valideynlərin ümidlərini qırır. Ölkə prezidenti tərəfindən
təsdiqlənən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda məktəbəqədər
təhsilin inkişafı nəzərdə tutulsa da, 2018-ci ilə kimi birinci sinifə gedəcək
uşaqlar üçün birillik məktəbəhazırlıq təhsilinin icbari olacağı qeyd edilsə də,
mövcud problemlər həllini tam tapmır. Azərbaycanda "Məktəbəqədər təhsil
haqqında" yeni qanun layihəsinin Milli Məclisin qarşıdan gələn payız
sessiyasında müzakirəyə çıxarılma ehtimalı bu sahədə olan ümidlərin artmasına
təkan verə bilər. Belə ki,qanun layihəsi üzərində
Təhsil Nazirliyi, ekspertlərlə birgə ciddi iş aparılır və layihənin ilkin
variantı artıq hazırdır. İlkin variant Elm və təhsil komitəsinin iclasında
müzakirə olunduqdan sonra Milli Məclisin payız sessiyasının gündəliyinə
çıxarılacaq.
İstər-istəməz sual yaranır:
qanun layihəsi məktəbəqədər təhsil sisteminə hansı yeniliklər vəd edir? Bu, övladının
təlim və tərbiyəsini evdən sonra etibar etməyə yer axtaran valideynlərin
ümidini dogruldacaqmı? Hər şeydən əvvəl təhsilin əsas özülünün möhkəmliyini
təmin etməyə yardım edəcəkmi?
Bütün
məktəbəqədər uşaq müəssisələrini əhatə edəcək layihə

«Təhsil haqqında» qanunda 5
yaşlı uşaqların məktəbə hazırlığı zərurətinin qeyd edildiyini deyən Milli Məclisin Elm və təhsil komitəsinin
sədr müavini Bəxtiyar Əliyev bu sahədə xeyli işlər görüldüyünü və işlərin
davam etdiyini bildirib. Belə ki, Heydər Əliyev Fondunun dəstəyi ilə ölkədə
çoxlu uşaq bağçaları tikilib, təmir olunub və istifadəyə verilib. O cümlədən
Təhsil Nazirliyi bu sahədə mühüm addımlar atıb. Bu mənada artıq məktəbə hazırlıqla
bağlı görüləcək tədbirlərin böyük bir hissəsi həyata keçirilib. Ancaq bunların
hüquqi bazası da formalaşmalıdır. Bununla bağlı Elm və təhsil komitəsi
tərəfindən işçi qrupunun yaradıldığını bildirən deputat bu qrupa Təhsil
Nazirliyinin nümayəndələri, ekspertlər, eləcə də deputatların cəlb olunduğunu
bildirib: «Artıq işçi layihə hazırdır və sənəd işçi qrupu ilə müzakirə olunub.
Ümid edirik ki, payız sessiyasının ilk iclaslarında bu layihəni müzakirəyə
çıxaracağıq”. Azərbaycanda təhsilin inkişaf strategiyasına uyğun olaraq Təhsil
Nazirliyi tərəfindən kifayət qədər böyük işlər görüldüyünü deyən millət
vəkilinin sözlərinə görə, yeni sənədə əsasən məktəbəqədər təhsil təkcə 5
yaşlıları əhatə etməyəcək. Yəni bu, bütövlükdə məktəbəqədər uşaqların hamısını
əhatə edən sənəddir: "Bilirsiniz ki, uşaq bağçalarında kiçik yaş qrupları var.
Bu yaş qruplarında uşaqların qabiliyyətlərinin inkişaf etdirilməsi lazımdır.
Əgər o yaş dövründə buna kifayət qədər fikir verilməsə, sonradan inkişaf
etdirilməsi çətindir. Burda yük heç də bütünlüklə məktəbin üzərinə qoyulmur.
Həmçinin ailənin üzərinə qoyulur. Çünki uşaq ilk tərbiyəni ailədən alır. Günün
sonuna qədər də bu tərbiyə prosesi davam edir. Bu da uşağın sosiallaşmasına
təsir edir”. B.Əliyevin sözlərinə görə, bütün məktəbəqədər uşaq müəssisələrini
əhatə edəcək layihəni hazırlamaq üçün Azərbaycanda aparılan işlər
ümumiləşdirilməklə yanaşı, dünyanın qabaqcıl ölkələrinin təcrübəsi də
öyrənilib: «Bu nüansların hamısı qanun layihəsində yığcam şəkildə öz əksini
tapıb. Məktəbəqədər təhsil və uşaqların hazırlığı, onların həm fiziki, həm də
psixi cəhətdən sağlamlığı, eyni zamanda, məktəb proqramını ciddi mənimsəməsi,
ən başlıcası, müstəqil şəxsiyyət kimi formalaşması əsas məsələlərdir».
Tam
qənaətbəxş deyil

Məktəbəqədər təhsil
haqqında qanunun hazırlanmasını vacib hesab edən professor Əjdər Ağayevin sözlərinə görə, əslində bu sənəd çoxdan
hazırlanmalı idi. Belə ki, Azərbaycan təhsil sistemində məktəbəqədər təhsil
sistemi diqqətdən kənar qalıb və passiv fəaliyyət göstərir: "Bildiyiniz kimi,
ölkədə məktəbəqədər təhsil sisteminin əhatə etdiyi uşaqların sayı olduqca
azdır. Yəni uşaq bağçalarında uşaqlar lazımınca təlim-tərbiyə almırlar,
ailələrdə olurlar. Bu əvvəldən qalma məsələdir və indi də davam edir”. Ekspertin
sözlərinə görə, işin xoşa gəlməyən bir cəhəti də məktəbəqədər təhsilin Təhsil
Nazirliyinin deyil, rayon icra hakimiyyətlərinin səlahiyyətində olmasıdır: "Bu
orqanlar təhsil sahəsinə nə məsuliyyət daşıyırlar, nə də cavabdehdirlər. Bəzi
icra hakimiyyətləri məktəbəqədər təhsilin maddi-texniki bazasına diqqət yetirsələr
də, təlim-tərbiyə işinin keyfiyyətinə, kadrların düzgün seçilməsinə diqqət
yetirmirlər. Çünki onlar bu sahədə özləri də məlumatlı deyillər”. Ekspert hesab
edir ki, yeni qanun hazırlandıqdan sonra ölkədə məktəbəqədər təhsil sahəsi də
inkişaf edər, uşaq bağçalarının sayı artar və nəticədə uşaqların heç olmasa
yarısı məktəbəqədər təhsil müəssisələrinin təlim-tərbiyəsindən keçər: "Təhsil
Nazirliyi bir tərəfdən məktəbə hazırlıq qrupları yaradır və bu cür qrupları
əsasən məktəblərdə təşkil edir. Çünki icra hakimiyyətlərinin tabeliyində
olduğundan məktəbəqədər təhsil müəssisələrinə müdaxilə edə bilmir. Nazirlik nə
qədər çalışsa və metodik kömək göstərsə də, dövlət hesabına hazırlıq qrupları
yaratsa da, bunların hamısı tam qənaətbəxş deyil. Yaxşı olar ki, təhsil sistemi
bütövlükdə nəzərə alınsın. Çünki məktəbəqədər təhsil sisteminin özülünü təşkil
edir. Qanun həmçinin əmək haqqının artırılmasına diqqət yetirərsə, mövcüd uşaq
bağçalarındakı qanundankənar pul yığımlarının aradan qalxmasına xidmət edərsə,
onda bu, işin xeyrinə olar».
Kadrların
öz ixtisası üzrə olmaması

Dünya təcrübəsində məktəb
yaşına çatmamış, ancaq məktəbə gedəcək uşaqların psixoloji və fiziki hazırlığına görə məktəbəqədər təhsilin həyata
keçirilməsinin əsas prioritetlərdən hesab edildiyini deyən təhsil eksperti Kamran Əsədov Azərbaycanda
bu sahədə irəliləyişin olmamasını təəssüflə bildirir. Belə ki, məktəbəqədər
təhsil müəssisələrinin sayı məktəb yaşlı və ya 3-5 yaş arasında olanların çox
cüzi faizini təşkil edir. Ekspertin sözlərinə görə, bu gün Bakıda məktəbəqədər
təhsil müəssisələrinə cəlb edilən uşaqların sayı ümumi uşaqların sayının 27
faizini təşkil edir: "Amma Azərbaycan üzrə məktəbəqədər təhsilə cəlb olunan ümumi
uşaqların sayının 21 faizini təşkil edir. Bu, heç də xoşagələn nəticə deyil.
Nəzərə alsaq ki, bu, Finlandiyada 90, Kanadada 85 faizdir, onda başa düşərik
ki, bu, vacib nüansdır”. Ekspertin fikrincə, ilk növbədə dövlət məktəbəqədər
təhsil müəssisələrinin sayı artırılmalı, özəl təhsil müəssisələrinə daha geniş
səlahiyyətlər verilməlidir: "Bu gün bizdə belə bir qanun layihəsinin
hazırlanması bu sahənin inkişafına gətirib çıxaracaq. Ancaq nəzərə almaq
lazımdır ki, bu gün məktəbəqədər uşaqların böyük əksəriyyəti ya özəl təhsil
müəssisələrinə, ya da ayrı-ayrı müəllimlərin yanına hazırlığa gedənlərdir.
Həmin məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinə tabe olmadığına görə,
bu, bir qədər ziddiyyət təşkil edir. Həmçinin həmin müəssisələrə rəhbərlik edən
və orada dərs deyən şəxslərin pedaqoji hazırlığı yüksək səviyyədə olmalıdır”. K.Əsədov
son dövrlər müəllimlər və təhsilə aid şəxslər üçün treninqlər keçirildiyini
desə də, məktəbəqədər təhsil müəssisələri ilə bağlı hər hansı bir layihənin
həyata keçirilmədiyini də qeyd edir: "Bu sahədəki kadrların öz ixtisası üzrə
olmaması çox ciddi problemdir. Hesab edirəm ki, burda maddi-texniki baza
dəyişdirilməlidir. Bununla bağlı Heydər Əliyev Fondu müəyyən işlər görür. Kadrlarla
bağlı isə ciddi problem var. Həmçinin uşaqların qidalanması üçün ərzaqlarla da
bağlı ciddi problemlər mövcuddur. Hesab edirəm ki, bu sahədə yeni qanun
layihəsini hazırlayandan sonra layihənin ciddi inkişafı nəzərdə tutula bilər.
Çünki bu, vacib məsələlərdən biridir”. Ekspert hesab edir ki, əgər uşaqlar
həmin müəssisələrdə yaxşı hazırlanmasa, məktəbdə də yaxşı nəticə əldə etmək
olmaz: "Əgər bu sahəyə diqqət ayrılsa, təhsilin sonrakı pilləsində inkişaf
gözləmək olar. Həmçinin ümid edirəm ki, qanun layihəsi qəbul olunandan sonra
həmin məktəbəqədər təhsil müəssisələri icra hakimiyyətlərinin tabeliyindən
alınaraq Təhsil Nazirliyinə və aidiyyəti qurumlara veriləcək”.
Ekspertlər həmçinin
məktəbəqədər təhsil sahəsində ayrıca idarənin yaradılmasını da bu sahədə problemlərin
həlli yolu hesab edirlər. Belə ki, birbaşa nəzarət və idarəetmə daha dəqiq və
əhatəli ola bilər.
Mövzu ilə bağlı Təhsil
Nazirliyinə ünvanladığımız suallara günün sonuna qədər cavab ala bilməsək də,
məsələnin həlli ilə bağlı payızda Milli Məclisdə müzakirəyə çıxarılacaq qanun
layihəsinə ümid edək...
Təranə Məhərrəmova
