Məktəbdə kino
İncəsənətə marağın erkən yaşlarda aşılandığını nəzərə alsaq...
Bir
çox ölkələrdə dərs proqramlarında yaşa uyğun yerli filmlərin nümayişi, tədrisin
mühüm komponentlərindən hesab edilir. Bu yaxınlarda Rusiya məktəblərində də
dərs proqramlarında yerli kinoklassiklərin filmlərinin nümayişi ilə bağlı
müzakirələr gedir. Hesab edirlər ki, filmlərin nümayişini məktəb proqramının
bir hissəsi etmək lazımdır. Hətta məsələyə ölkə prezidenti Vladimir Putin də
qarışıb. O, məktəb incəsənəti sistemini qoruyub saxlamaqla bağlı çağırış edib:
”Məktəblərdə yerli filmlərin nümayişi çox yaxşı ideyadır. Biz həmkarlarla
mütləq bu barədə müzakirələr aparacağıq”- deyə dövlət başçısı bildirib.
Qeyd
edilib ki, oxşar təklif əvvəllər də səslənib. Amma söhbət fakültativ məşğələlərdən
getdiyi üçün elə müzakirə formasından uzağa getməyib. Hazırda isə söhbət yerli
filmlərin nümayişini məktəb proqramının bir hissəsi etməklə bağlıdır. Rusiyalı
rejissorlar hesab edirlər ki, sovet kinolarına, hətta ibtidai sinif şagirdləri
də baxa bilər: "Harda ki, zorakılıq və erotika səhnələri yoxdursa, o filmləri
seçib nümayiş etdirmək olar. Uşaqlar "Əsgər haqqında ballada”, "Adi faşizm” və
s. kimi ekran əsərlərini yaxşı başa düşəcəklər. Artıq bir çox ölkələrdə milli
kinematoqrafla bağlı məlumatlar tədris proqramına daxil edilib. Həftədə iki
dəfə uşaqlar üçün yerli kinonun nümayişi kifayətdir”.
Ölkənin Təhsil Nazirliyi də məsələyə münasibət
bildirib: "Bu, şagirdlərin vətənpərvər ruhda böyüməsinə, tarixlərini bilməsinə,
davranış normalarının tərbiyəsinə kömək edəcək. Onlar incəsənəti, kinonu
sevəcəklər, qəlblərində humanist hisslər yaranacaq, başqalarına dəyər verməyi,
insanlara kömək etməyi öyrənəcəklər. Gələcəkdə aralarında kinoşünaslar,
rejissorlar, aktyorlar yetişəcək. Bu, təməldir”.
Təəssüf
ki, hələ ki, bizdə bu tip təkliflər səslənmir. Təşəbbüs olmadığından məktəblərdə şagirdlər üçün belə nümayişlər
keçirilmir. Olsa-olsa, dərs kitablarında hansısa rejissor və ya film haqqında
məlumat ola bilər. Dərsdənkənar vaxtlarda da müəllimlər şagirdlərinə belə
məlumatların verilməsinə vaxt sərf eləmirlər. Texnologiyanın inkişaf etdiyi
dövrdə isə uşaqlar incəsənətin dəyərli nümunələrindən uzaq düşərək, cihazlardan
öz zövqlərinə uyğun, yəni daha çox əyləncə məqsədi ilə istifadə edirlər. Təbii
ki, Azərbaycan kinosunun da maraqlı nümunələri çoxdur. Təkcə klassik
rejissorların deyil, çağdaş dövrdə də çəkilən filmlər var. Məktəblilərin çoxu
isə yerli filmlərdən məlumatsızdır. Amma incəsənətə marağın erkən yaşlarda
tərbiyə olunduğunu nəzərə alsaq, bu cür addımların atılması bizdə də vacibdir.
Xüsusən, torpaqları 30 ilə yaxın işğalda olan, Vətən müharibəsi ilə zəfər
qazanan bir ölkənin tarixi haqqında uşaqların vizual məlumatlanması, ondan
əvvəlki dövrlərlə bağlı tariximizin öyrədilməsi şagirdlərin milli-vətənpərvər
ruhda böyümələri üçün əhəmiyyətli təşəbbüs ola bilər.
Məktəblərdə həyata keçirmək lazımdır...
Rejissor Tahir Tahiroviç filmlərin nümayiş
etdirilməsi tendensiyasının sovet vaxtı bütün məktəblərdə
olduğunu deyir: "Hər həftənin bir günü – çərşənbə günü bizi 8-ci kilometr qəsəbəsindəki
"İliç” kinoteatrına aparırdılar. Şəxsən özüm də 70-ci illərin sonu, 80-ci
illərin əvvəllərində bədii-sənədli cizgi filmlərini izləməyə gedirdik. Bu, qrup
xarakterli idi, dərsə aid deyildi. Əgər dərsdən sonra qrupda qalırdınsa, bu filmlərin nümayişini izləyə bilirdin. Bu
qayda bütün sovet məkanında vardı. Təbii ki, bu, daha çox böyük şəhərlərdə həyata
keçirilirdi, ola bilsin ki, kənd yerlərində və ya ucqar yerlərdə filmlərin
nümayişi mümkün deyildi. Həmçinin kinoteatrlarda uşaq filmləri göstərilidi”.
Rejissor hesab edir ki, şagirdlər üçün filmləri nümayiş etdirməkdən ötrü öncə
kinoteatr olmalıdır: "Bu gün dövlətdə kinoteatr yoxdur. Nəsə simvolik
düzəldiblər. Məsələn, "Nizami” kinoteatrını kino mərkəzi ediblər. Ümumilikdə,
kinoteatr dövlət nəzarətində deyil.
Kommersiya təşkilatları olanlar da bu cür nümayişləri həyata keçirmək istəmirlər, çünki onlar pul qazanmaq
istəyirlər. Söz yox ki, o təşkilatların başında bir az millətpərvər, azca
vətənpərvər insanlar olsa, uşaqları çox ucuz qiymətə satılan biletlərlə kinoteatra
gətirə bilərlər. Uşaqların səviyyəsini gücləndirmək üçün dünya klassik uşaq
ədəbiyyatına müraciət etmiş müxtəlif ölkələrin filmləri var. Onları tərcümə
etmək və nümayiş etdirmək lazımdır”.
T.Tahiroviçin fikrincə, indi texnologiya
dövrü olduğu üçün uşaqlar artıq özləri cizgi filmlərinə baxır, oyun oynayırlar.
Belə ki, artıq onların kinoteatra marağı yoxdur: "Məcburi əmək olaraq bunu
məktəblərdə həyata keçirə bilərlər. Amma kim keçirəcək? Bax, bu, maraqlıdır.
Mən Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvüyəm. Mənim
kənd səyyar kinoteatrı yaratmaq təklifim rəhbərlik tərəfindən də bəyənilmişdi.
İstəyirdim ki, rayonları gəzək, kinoseansları verək, məktəblərdə film nümayiş
etdirək. Amma pandemiya buna imkan vermədi. Bununla belə, məktəblərdə bunu
həyata keçirmək lazımdır”.
Uşaqlara kino zövqü aşılanmalıdır
Rejissor Rufət Şahbazov hesab edir ki, Rusiyada
böyük kino məktəbləri olduğundan və kino sektoru inkişaf etdiyindən, bu tip
təkliflərin yaranması da təbiidir: "Rusiyada kino sektoru inkişaf etmiş
sahədir. Bizdə isə bu sahə o qədər inkişaf etməyib. Əlbəttə, orta məktəblərdə bizim klassiklərin
filmlərinin nümayişini müsbət dəyərləndirirəm, ancaq hesab edirəm ki, ilkin
olaraq bu cür təşəbbüsü ali məktəblərdə reallaşdırmaq lazımdır. Filmləri
incələmək, detallarına getmək, rejissor işinin, ssenarisinin düsturunu tapmaq
və onları tələbələrə aşılamaq daha yaxşı olardı. Hazırda yeni mədəniyyət
nazirimiz var. Biz ümid edirik ki, mədəniyyət və incəsənətimizin bütün sahələrində
daha güclü inkişaf başlayacaq. Müasir dünya kinosunu daha çox öyrənilməsi, klassiklərin
filmlərinin incələnməsi daha çox olacaq. O cümlədən, dərsliklər tərcümə
olunacaq və ali məktəb, kinematoqrafiya kursları, kolleclər səviyyəsində
öyrəniləcək. Yalnız bundan sonra Azərbaycanda kino orta məktəblərdə nümayiş
oluna bilər”. Rejissor hesab edir ki, milli filmlərimiz haqqında dərsliklərdə
məlumatlar yer almalıdır.
Belə ki, şagirdlər nəinki kino haqqında, həm
musiqimiz, ədəbiyyatımız, rəssamlığımız haqqında öyrənməli,
klassiklərimizin haqqında məlumat
bilməlidirlər: "Bu, çox vacibdir. Çünki uşaqlar sosial şəbəkələr, "Youtube”, "İnstaqram”
kimi platformalarda olan videoların zövqündə böyüyürlər. Ona da baxmalıdırlar.
Yəni biz buyuq, bu da var. Uşaq orta məktəbdən "dramaturgiya” sözünü başa
düşsə, sabah incəsənət sahəsinə ayaq atanda, bu, onun üçün böyük bilgi olacaq.
Təəssüf ki, bizim sahədə olan insanların çoxunun heç dramaturgiya anlayışı, bu
barədə təsəvvürü yoxdur. Çoxu "dramaturgiya” deyəndə "drama” başa düşür. Bu,
çox gülməlidir. Orta məktəbdən bu bilgilər verilməli, uşaqlara kino zövqü
aşılanmalıdır. Mərhum rejissorların, o cümlədən yaşayan korifeylərimizin -
Eldar Quliyevin, Elxan Cəfərovun, Elçin Musaoğlunun, İlqar Nəcəfin filmləri
haqqında onların təsəvvürü olmalıdır. Bu rejissorların ustad dərsləri
keçirilməlidir. Bəzən ildə bir dəfə xaricdən rejissor dəvət edib ustad dərsi
keçirlər. Nəyə görə, gənclərə yaşayan canlı rejissorlarımızın, korifey
sənətkarlarımızın ustad dərsləri keçirilmir? İndi gənclər çalışır, yetişmək
istəyən, üzərilərində işləyənlər var. Hesab edirəm ki, orta məktəblərdə filmin
nümayişlərində bizim rejissorlardan dəvət olunmalı, onlarla şagirdlərin
tanışlığı baş tutmalıdır”.
Rejissor, ümumiyyətlə, filmlərin nümayişinin problem
olduğunu qeyd edərək bildirir ki, hazırda Azərbaycanda kinonu inkişaf etdirmək
üçün ən çox maliyyəni kinonun bazarına, məsələn, kinonun nümayiş yerlərinə -
kinoteatrlara yönləndirmək lazımdır: "Hər janrda filmlər çəkilməlidir. Hətta
müəllif filmləri də çəkilməlidir - ya internet portalı, ya kinoteatr ya televiziya
üçün. Sadəcə, filmin nümayişi üçün yer olmalıdır. Film təkcə xarici festivala
gedib itməməlidir. Film kütlənin baxması üçündür. Əgər filmə tamaşaçı baxa
bilmirsə, nə üçün çəkilir? Film çəkilirsə, tamaşaçıya təqdim olunmalıdır.
Tamaşaçı da kütləvi şəkildə o filmə baxmalıdır. İrəlidə "Netflix” kimi
portallar olmalıdır ki insanlar öz məhsullarını nümayiş etdirməyə yer olsun,
məhsullar da rəfdə qalmasın”.
Rejissor, həmçinin dünya kinematoqrafiyası,
kursları, rejissor işi, qurğu, montaj və s. mövzularla bağlı dünyanın ən öndə gedən professorlarının
yazdığı kitabların dərslik kimi tərcümə olunmamasını da böyük problem
adlandırır: "Mən bu mövzuları oxumaq üçün Türkiyə və Rusiyadan kitablar sifariş
verirəm. Azərbaycanda bu mövzuda tərcümə
olunmuş ədəbiyyat tapa bilmirəm. Bizdə kinematoqrafiyaya aid olan kitablar
dünya kinosunun incəliklərini öyrənməyə kifayət eləmir. Bu yaxınlarda Həmidə
Ömərova mənə ABŞ kino tarixi haqqında kitab verdi. Mən ordan, sadəcə tarix
oxuyuram. Amma rejissor üsulunun yöntəmləri, dünya rejissorlarının əl uzatdığı
düsturlar haqqında dərslik formasında tərcümə olunmuş kitablar yoxdur. Çox
istərdim ki, bu kitablar Azərbaycan dilində də olsun”.
Yeni filmlər çəkilməlidir
Rejissor Ramin Hacıyevin fikrincə, ilk növbədə
"Köhnə filmlərin məktəblərdə nümayişi bizə nə verəcək?” sualına cavab
verilməlidir. Bizdə, əsasən sovet dövründən qalan filmlərdir. Yeni filmlər
çəkilmir, köhnədən qalanlar da, demək olar ki, azdır. Yadımda yalnız sovet
filmləri qalıb. Onlar da pioner, komsomol təbliğatından bəhs edir. "Şir evdən
getdi”, "Ögey ana” və s. kimi filmlər var. 3-4 filmi göstərməklə nə əldə etmək
olar? Təkcə köhnə filmlərlə iş bitmir”. Rejissor hesab edir ki, ümumiyyətlə,
yeni filmlər çəkilməlidir: "Hazırda komediya filmləri, videofilmlər
çəkilib. Nə qədər uğurlu olub-olmadığını demək çətindir. Komediya və dram
serialları çəkilib və baxılıb. Bir neçə ildir ki, televiziyalar serial sarıdan
durğunluq yaşayır. Bu sahədə irəliləyiş yoxdur”.
Təranə
Məhərrəmova