• cümə axşamı, 18 aprel, 16:03
  • Baku Bakı 22°C

Məişət zorakılığına məruz qalanların ümid yeri: 860 Dəstək Xətti

03.09.22 06:00 1107
Məişət zorakılığına məruz qalanların ümid yeri: 860 Dəstək Xətti

BMT-nin Əhali Fondunun (UNFPA) və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşəbbüsü ilə ərsəyə gələn 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xətti layihəsinin koordinatoru, “Genesis Psychology” təşkilatının direktoru Günel Aslanova Dəstək Xəttinin fəaliyyətinə dair sualları cavablandırıb. Müsahibəni təqdim edirik.

- Günel xanım, 860 Dəstək Xətti barədə ümumi məlumat verərdiniz. Sözügedən dəstək xəttinin yaradılmasının əsas məqsədi nədən ibarətdir?

- Gender əsaslı zorakılıqla bağlı Dəstək Xətti layihəsinin icrasına 2020-ci ildən başlanıb. Sözügedən pilot layihə BMT-nin Əhali Fondunun maliyyə dəstəyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Genesis Psychology” təşkilatı tərəfindən icra edilir. Pilot layihənin və 860 Dəstək Xəttinin həyata keçirilməsində əsas məqsəd məişət zorakılığından zərər çəkən şəxsləri müdafiə üzrə mövcud dəstək xidmətlərinə dair məlumatla, habelə onları məsafədən və ya üzbəüz psixoloji dəstək və konsultasiya ilə təmin etməkdir. Dəstək Xəttinin heyəti bir menecer və iki operator olmaqla üç nəfərdən ibarətdir. Xəttin yarandığı gündən etibarən dəstək xidmətləri üçün müraciət edən şəxslərin zəngləri operatorlar tərəfindən əsas zəng saatlarına uyğun olaraq gündəlik 09:00-18:00 arası qəbul edilir.

- Dəstək Xətti vasitəsilə hansı xidmətlər göstərilir?

- 860 Dəstək Xəttinə zəng edən şəxslər məişət zorakılığı ilə üzləşdikləri zaman ata biləcəkləri addımlar barədə maarifləndirilir, ehtiyac olduğu hallarda təmənnasız psixoloji dəstəklə təmin olunurlar. Ümumiyyətlə, Dəstək Xəttinin vəzifələrinə məişət zorakılığı hallarının qiymətləndirilməsinin aparılması, böhrana müdaxilə və şəxsi təhlükəsizliyin planlaşdırılmasının həyata keçirilməsi, məişət zorakılığına dair maarifləndirmə, zəng edən şəxslərə məişət zorakılığı ilə mübarizə zəncirində yer alan xidmət təminatçıları haqda məlumatların verilməsi və zəruri hallarda müraciətlərin aidiyyəti üzrə konsultanta yönləndirilməsi daxildir.

- Dəstək Xəttindən faydalanan əhali kateqoriyaları əsasən hansılardır? Xəttə edilən müraciətlərin sayı barədə məlumat verərdiniz.

- 860 Dəstək Xəttinə daxil olan zənglər bir neçə meyara əsasən təhlil edilir. Bu meyarlara zəng edənin cinsi, yaşı, ailə vəziyyəti, təhsili, iş vəziyyəti, məruz qaldığı zorakılığın növü, hansı bölgədə yaşadığı, zəng üçün müraciət edənin kim olduğu, eləcə də yönləndirildiyi tərəfdaş qurum daxildir. Ümumiyyətlə, Dəstək Xəttinin fəaliyyətə başladığı andan 2022-ci il avqust ayının sonuna qədər olan müddət ərzində qəbul edilən zənglərin təhlilinə nəzər yetirsək zəng edənlərin böyük əksəriyyətinin qadınlar olmasını deyə bilərik. Ailə vəziyyətlərini təhlil edərkən məlum olmuşdur ki, zəng edənlər arasında evli olanlar çoxluq təşkil edir. Onlar arasında 341 nəfər evli, 221 nəfər subay, 60 nəfər isə boşanmışdır. Təhsil səviyyəsi meyarında orta təhsilli olanların üstünlük təşkil etdiyi məlum olub - 358 nəfər orta təhsilli, 230 nəfər ali təhsilli, 34 nəfər isə təhsilsizdir. Təhsilsiz şəxslərin bu qədər azlıq təşkil etməsi böyük ehtimalla onların müdafiə mexanizmləri barədə məlumata çıxışının kifayət qədər məhdud olması ilə bağlı ola bilər. Həmçinin rəqəmlər göstərir ki, zəng edənlərin əksəriyyəti işsizdir. Onların əksəriyyəti psixoloji və fiziki zorakılığa məruz qaldıqlarına dair məlumat verib. Qeyd etmək istərdim ki, zənglərin əksəriyyəti Bakı ərazisindən olub ki, bu da mövcud məlumata çıxışla birbaşa əlaqəli ola bilər. Dəstək Xəttinə zəng edənlərin əksəriyyəti ehtimallarımıza uyğun olaraq 18-35 yaş aralığındadır. Bizim üçün sevindirici hallardan biri ondan ibarətdir ki, daxil olan zənglər arasında yalnız zərərçəkmiş şəxslərin özü deyil, həmçinin fəal vətəndaş mövqeyi göstərən şəxslər də var. Zənnimcə, bu, artıq cəmiyyətimizdə zorakılığa sıfır tolerantlıq mədəniyyətinin formalaşmağa başlamasının göstəricilərindəndir.

- Ən çox hansı zorakılıq formaları ilə üzləşmiş şəxslər sizə müraciət edir?

- 860 Dəstək Xəttinə məişət zorakılığının bütün əsas növləri – fiziki, iqtisadi, psixoloji və cinsi zorakılıqla üzləşmiş şəxslərdən zənglər daxil olur. Zənglərin əksəriyyətini fiziki və psixoloji zorakılığa məruz qalanlar təşkil edir. Bu, bir neçə amillə bağlı ola bilər. Belə ki, istər Azərbaycanda, istərsə də digər ölkələrdə keçirilən tədqiqatlar göstərir ki, qadına qarşı fiziki və psixoloji zorakılıq daha geniş yayılıb. Eyni zamanda, təəssüflə qeyd etməliyəm ki, qadınlar bir çox hallarda cinsi zorakılıq haqqında məlumat verməkdən çəkinir, stiqma və qınaqdan ehtiyat edirlər. Zəng edib zorakılıq haqqında məlumat verənlər arasında vətəndaş mövqeyi nümayiş etdirən şəxslərə, həmçinin zorakılığa məruz qalan şəxslərin ailə üzvləri və yaxud dost-tanışlarına da təsadüf edirik. Lakin zəng edənlərin əsas hissəsini zorakılığa məruz qalan şəxslərin özləri təşkil edir. Onu da qeyd etmək lazımdır ki, apardığımız statistikaya əsasən ailədaxili zorakılığı törədən şəxslərin əksəriyyəti zərərçəkmişlərin intim partnyorları/həyat yoldaşları olub.

- Dəstək Xəttinin işinin digər qurumlarla əlaqələndirilməsi nə cür həyata keçirilir? Əsasən hansı qurumlarla əməkdaşlıq edirsiniz?

- Digər qurumlarla əlaqələndirmə 860 Dəstək Xətti layihəsinin vəzifələrinə müvafiq olaraq zəng edən şəxsə xidmət təminatçıları ilə bağlı məlumat vermək şəklində həyata keçirilir. Zəng edənə xidmət təminatçısının göstərə biləcəyi xidmət haqqında məlumat verməklə yanaşı, onun əlaqə məlumatları da ötürülür. Dəstək Xətti ilə əməkdaşlıq edən xidmət təminatçıları arasında Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzi, Vəkillər Kollegiyası, tibbi və psixoloji dəstək göstərilməsi istiqamətində fəaliyyət göstərən özəl və dövlət müəssisələri, sığınacaqlar, monitorinq qrupları, Uşaq Xidmət Mərkəzləri əsas yer tutur.

- Vətəndaşlar Dəstək Xətti ilə necə əlaqə saxlaya bilərlər?

- Dəstək Xətti ilə şəhər telefonlarından birbaşa 860, mobil nömrələrdən və ölkənin regionlarından isə 012 860 yığmaqla əlaqə saxlamaq mümkündür.

banner

Oxşar Xəbərlər