• cümə axşamı, 25 aprel, 02:15
  • Baku Bakı 19°C

Məhvedici pərinin xatirələri

29.04.19 12:45 947
Məhvedici pərinin xatirələri
Yazarla varlığı-yoxluğu təsdiqini tapmamış pəri arasındakı real, universal və qarşısıalınmaz əlaqə əsrlərdir həssas problem kimi mövcudluğunu qoruyur. Sənət əsərlərini ölümsüzləşdirən bu məsələnin həssaslığıdır, yoxsa məchulluğu orası da müəmmadır. Getdikcə hər yaradıcı personanın – yazar, şair, rəssam, bəstəkar və s. – öz geometriyasında kəşf edə bilmədiyi və ilham pərisi adlandırıldığı qənaətinə inanıram. Bir əsəri sıfırdan yaradan adam üçün bu bələd olmadığı qüvvənin ortaya çıxıb, ona yol göstərməsi bəxtəvərlik simvoludur. Amma Tanrını kişi kimi, ilham pərisini qadın kimi təsəvvür etməyimizin səbəbi nədir? Onu bilmirəm. Bu başqa bir mövzunun sualıdır.
Bu əfsanəvi qadının gəlişi sevdiyimiz, ovsunlandığımız bütün qadınların gəlişi kimi uğurlu sayılır. Zühuru ilə sanki beyin damarlarına başqa tərkibli qan axını reallaşır. Yazarın ilham pərisi onun nə yazmaq istədiyini aydınlaşdırır, hardan başlamalı olduğunu göstərir, tarixi ardıcıllığı requlyasiya edir, bir-birinə keçmiş xətləri ayırır, cəmi bir başvurmada ziddiyyətləri çeşidləyib gur işıqlı meydanın ortasında sıralayır. Yazar üçün dünya qədər ağırlığı olan işləri bir qadın görürsə, niyə "Kolleksioner”, "Cadugər”, "Həşərat”, "Daniel Martin” kimi hər qrupun şərəfinə bir roman yazan Con Faulz qadın haqqında "Mantissa-nı yazmamalıydı?!
"Mantissa” Faulzun yaradıcılığında ən kəskin tənqidlərlə üzləşən romandır. Bəs, bu kütləvi tənqidin səbəbi nə idi? Erotika? Bu, Faulzun yaradıcılığının ana xəttidir.
O, həyatın əsas hərəkətverici qüvvəsini sənətin də şah damarı hesab edir. Yəni, bu erotik tərz Faulz oxucularına yad deyil. Yoxsa tənqidçiləri huşunu itirmiş yazıçı obrazı narahat edib? Yeni bir şah əsərin, fərqli, fəlsəfi, ruhani tərəfləri olan bir nümunənin doğuşu prosesinə girən hər incəsənət adamı huşunu itirir. Ətraf mühitlə əlaqəsi kəsilir, ideya axınına girən beynini yuxusuzluq, gərginlik əldən salır. Faulz "Mantissa”da yazıçı Mayls Qrin ilə ilham pərisi arasındakı fiziki və ruhi münasibəti qələmə alır. Bəli, etiraf etmək lazımdır ki, bu romanda avtobioqrafik nüansların olduğunun müəllif tərəfindən etirafı məni də bir oxucu kimi müəmmalı vəziyyətə salıb. Amma bu da Faulzun üslubudur. O, insani olanla qeyri-insani olanın arasındakı münasibətin, insanın dünyanı lərzəyə salan ehtirasının təsvirinə həmişə məftundur.
Romanda Mayls ilə onu həm qüdrətli yazara çevirən, həm də bir anda dağıdan ilham pərisi arasındakı şiddətli sevgi, qayğı və yüksək dozada mənfəət dolu qədim münasibətə şahidlik edirik. Pərinin yazara olan münasibəti birbaşa fiziki toxunuşlardan, intim doyumluluq hissindən qidalansa da, real dünyaya aid olan Mayls üçün bu məhəbbət bir var, bir yox hallusinasiyalara dönür. Faulz ironik və mərhəmətsiz yanaşma tərzini gur bir fənər kimi yazar-ilham pərisi münasibətinə dırnaqarası baxan oxucunun gözünə tutur. Oxucuya suallar verir, onu özünə sorğulatdırır. "incə və güclü bir tor” hörərkən, müəllif eyni zamanda eşq, ədəbiyyat və erotikanı fərqli prizmalarda toqquşduraraq, qarşı-qarşıya gətirir. Oxucunu düşüncənin məngənəsinə salmaq üzrə olduğu hissələrdə onu əyləndirməyi də arxa plana atmır. Hər nə qədər tənqidə məruz qalsa da, bu dördhissəli roman postmodern ədəbiyyatın ən uğurlu nümunələrindəndir. Bəli, roman əvvəldən-axıra uzun fikir mülahizələri, çətin anlaşılan fəlsəfi sicilləmələri, dialoqlardakı ittihamları ayırd etməkdə qarşılaşdığımız çətinlikləri ilə yorucu təsir bağışlayır. Amma təkcə baş qəhrəmanın dilindən qələmə alınan modern və postmodern roman sənəti haqqında düşüncələrlə tanış olmaq üçün belə bütün çətinliklərinə dözüb, oxumağa dəyər. Düzdür, Faulzun qəhrəmanı oxucu auditoriyası tərəfindən "yad” münasibət gördü. Oxucu və tənqidçilər Mayls Qrini belə bir romanda çox "yersiz”, "ziddiyyətli”, "mənasız” kimi dəyərləndirdilər. Halbuki, Qrin dünya ədəbiyyatında qarşımıza çıxmayan obrazlardandır. Bəlkə də, Con Faulz qeyri-ənənəvi bir roman üçün qeyri-ənənəvi bir qəhrəman yaratmağa çalışıb. Huşunu itirmiş bir obraz bu utopik hadisələr və çılpaq müzakirələr üçün onun nəzərində uğurlu bir seçim kimi görünüb. Amma mən baş qəhrəmanı ümumi fondan ayrı dəyərləndirmirəm. Burada biz ümumi yekuna köklənməliyik.
Yazıçı Mayls Qrin gözünü xəstəxana otağında açır. O, yaddaşını tamamilə itirmiş vəziyyətdədir. Hadisələr də elə daha çox onun bu müdafiəsiz halı üzərində cərəyan edir. Baş verənləri Faulzun o fəlsəfi və intellektual müşahidələrilə izləmək oxucuya daha müfəssəl duyğular aşılayır. Qrini tərk etməyən sadiq dost isə ilham pərisidir. Erato qarşımıza gah qayğıkeş bir həkim, gah bir boşboğaz, gah bir geyşa, bəzən bir meşə şahzadəsi kimi çıxır. Qrinin yarıbulanıq dünyasını hər gəlişilə alt-üst edən bu fövqəltəbii güc Faulzun bədənin və sözün hər zaman uyğunluq içrə olduğu ideyasının, həqiqətin və yaradıcılığın təbiətindəki bir-birini tamamlama funksiyasının, sənətin diqqətsiz qalması, ədəbiyyatın getdikcə sönük bir üsluba yelkən açdığı fikrinin müdafiəçisidir.
Həyatın hər sahəsində rəqabət vəziyyətində olan qadın-kişi münasibətlərinin incəsənət, ədəbiyyat kimi məsələlərdə qurduqları balansın necə pozulmaq üzrə olduğunu göstərən səhnələr isə bir ədəbi tənqidçi, analitik qabiliyyətli oxucu kimi mənim nəzərimdə romanın ən düşündürücü hissələridir. Qadınların və dünyanın yaranış məqsədinin sirri heç açılmayacağı məsələsində Con Faulzla tam razıyam. Dünyada sonsuz ömrü olan iki sirr qalacağını iddia edən Faulz baş qəhrəmana çox yerində cavabı hələ də axtarılan suallar verdirir: "Qadınlarla dürüstlük meydanında mübarizə aparası olsan, başqa sözlə, söz savaşına girsən, hər zaman uduzarsan... Görəsən, qadınlar sırf qarşılığı verilməyən duyğularının intiqamını almaq, özlərindən daha üstün olanların beynini qarışdırmaq, diqqətini dağıtmaq, həyati əhəmiyyət daşıyan intellektual istəklərini sovurmaq məqsədiləmi ədəbiyyatı kəşf edib, ona da qadından bir hərəkətverici qüvvə göndəriblər?!”.
Digər romanlarından fərqli olaraq, "Mantissa”da Con Faulzun mövzu əhatəliliyi baxımından daha spesifikləşdiyini müşahidə edirik. Digər nümunələrdə yazar həyatın bir çox sahəsini ana xətlə əlaqələndirib, əsas ideya ilə yanaşı, bir çox məsələ ilə bağlı düşüncələrini çatdırır. Burada isə daha konkret – yazar və ilham pərisi - əlaqəsi işlənib. Əgər Faulzun yaradıcılığının kəşfinə bu romanla başlasanız, məftun ola bilərsiniz. Yox, əvvəllər 3-4 romanını oxumusunuzsa, tənqidçilərin iddia etdiyi kimi roman sizə quru, ruhsuz, texniki təsir bağışlaya bilər. Romanı mövzu və əsas məqsədin çatdırılması baxımından uğurlu saysam da, etiraf etməliyəm ki, Faulzun tez-tez baş vurduğu hikkəli dialoqlar, parıltılı ifadələr, incə göndərmələr belə bu quruluğu aradan qaldıra bilməyib. Romanı "bəsit” adlandıranlar da var. Yazarla ilham pərisi arasındakı sancılı münasibətə, minillik universal ideyaya köklənib, Faulzun qələmindən çıxan bir romana "bəsit” deyənləri isə ümumi cəhətlər birləşdirə bilər – yunan mifologiyasına aid məlumatsızlıq, roman janrının texnikasına uzaqlıq, arxaiklərlə boğulmuş mətni oxumaqda çətinlik və s.
Buna fəlsəfi bir eşq romanı kimi də yaxınlaşa bilərsiniz. Amma nə qədər dərinliyə enirsinizsə, enin, "Mantissa” əsla bir başucu kitabı olmayacaq. Romanın ən üstün bildiyim cəhəti isə müəllifin mübahisəli bir mövzunu qələmə almaqla kifayətlənməyib, fərdi baxış bucağını da ortaya qoymasıdır. Bəli, Mayls Eratonu seçim şansı əlindən alınmış bir dişi kimi qəfəsdə görmək istəyir, onun gücünü önəmsəmir. Amma romanın sonunda Faulz ona qapalı olduğunu, gizli qaldığını sandığı bütün dərinliklərində, bütün zəif cəhətlərində Eratonun hökmranlıq etdiyini göstərir. Faulza görə, ilham pərisi hər zaman meydandan qalib ayrılır. Bunu bəşəri dillə ifadə etsək, kim ilham pərisinə təslim olursa, meydandan o qalib ayrılır.
Con Heqart
Mənbə: Wisconsin Press universitetinin xüsusi nəşri, "Contemporary Literature” dərgisinin 27-ci sayında yayımlanmış məqalə (ixtisarla)
İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI


banner

Oxşar Xəbərlər