• cümə, 29 Mart, 05:37
  • Baku Bakı 7°C

Məhbus qadınlar hepatit virusları barədə məlumatlandırılıb

18.06.19 17:40 1417
Məhbus qadınlar hepatit virusları barədə məlumatlandırılıb
18 iyun 2019-cu il tarixində "İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Əhali arasında viruslu hepatitlər mövzusunda ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihə çərçivəsində tədbir təşkil etdi.
Tədbiri giriş sözləri ilə açan Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini, ədliyyə polkovnik-leytenantı Sevda Zamanova "İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin işçi heyətini salamladı və onların qadın məhbusları maarifləndirmək məqsədilə həyata keçirdikləri işlərin əhəmiyyətini vurğuladı. Daha sonra çıxış edən təşkilatın sədri, layihə rəhbəri Ziba Nəbiyeva ilk öncə tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəhbərliyinə öz minnətdarlığını bildirdi. Layihənin mövzusu ilə bağlı çıxışını davam etdirərək Ziba Nəbiyeva qeyd etdi ki, insanların uzun müddət sıx ünsiyyətdə olduğu məkanda bu və ya digər yoluxucu xəstəliklərə yoluxma ehtimalı çoxalır. Bu baxımdan sağlam davranış qaydalarının formalaşmasına və təbliğinə daha çox ehtiyac duyulur. Bəzi təhlükəli xəstəliklər var ki, onlar haqqında kifayət qədər məlumatlı olmaq vacibdır. Məsələn, viruslu hepatitlər əsasən də Hepatit B və D, həmçinin Hepatit C təhlükəli yoluxucu xəstəliklər sayılır. Respublikamızda rəsmi olaraq 2011-ci ildən "B” və "C” hepatitləri təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilib. Rəsmi statistikaya əsasən bu viruslara yoluxmuş insanlar dünya əhalisinin 10%-nə yaxın hissəsini təşkil edir. Bu xəstəliyin dünya birliyi qarşısında qoyduğu tibbi-sosial problemlərin ciddiliyini nəzərə alaraq artıq 2016-cı ildə Ümumdünya Səhiyyə Assambleyasının 69-cu sessiyasında "Viruslu hepatitlər üzrə qlobal strategiya” adlı fəaliyyət planı qəbul edilib. Məqsəd bu xəstəliklə mübarizədə qüvvələri səfərbər edərək yeni yoluxmaların sayını və ölüm hallarını əhəmiyyətli dərəcədə azaltmaqdır. Bu hədəflərə nail olmaq üçün qlobal strategiya proqramında vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyəti də çox yüksək qiymətləndirilir. Bu baxımdan təşkilatımız dövlətimizin yoluxucu xəstəliklərlə mübarizədə sosial yönümlü siyasətinə dəstək olaraq viruslu hepatitlərlə mübarizədə vətəndaş cəmiyyəti təşəbbüslərinin gücləndirilməsi məqsədilə adı çəkilən layihəni icra edir.
Layihə çərçivəsində "Viruslu hepatitlər haqqında” elektron təqdimat hazırlanıb. Layihə rəhbəri Ziba Nəbiyeva təqdimat vasitəsilə məhbus qadınlara hepatit nədir, viruslu hepatitlərin növləri və onların kəşf olunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirlər barədə geniş məlumatlar və tövsiyələr verdi. Məlumatların yadda qalımlı olması üçün maarifləndirici materiallar müxtəlif şəkillər və animasiya çarxları vasitəsilə də təqdim olundu.
İnteraktiv şəkildə aparılan tədbirdə həkim, terapevt-hepatoloq Nuranə İsabalayeva və həkim funksionalist, vərəm üzrə layihə koordinatoru Samirə Muxtarova məhbus qadınların çoxsaylı suallarını cavablandırdılar. Onlar, həmçinin mövzuyla bağlı çıxış edərək, viruslu hepatitlərlə yanaşı gedən xəstəliklər və koinfeksiyalar haqqında məlumat verdilər.
Məhbuslar arasında maarifləndirmənin davamlığını təmin etmək və əhatə dairəsini genişləndirmək məqsədilə layihə çərçivəsində xüsusi dizaynla hazırlanmış, viruslu hepatitlərin yoluxma yolları əks olunan 0.7m x 1m ölçüdə divar lövhəsi və 300 ədəd çap materialları (flayerlər) Penitensiar Xidmətin nümayəndəsinə təqdim olundu.
Tədbirdə, Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinin tibbi sanitar hissəsinin rəisi, tibb xidməti mayoru Nərgiz Abdullayeva, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin inspektoru, tibb xidməti mayoru Fərmanov Fərman, TSH-nın həkimi, tibb xidməti kapitanı Fərmanova Aliyə, PX CM-nin dəstə rəisi, ədliyyə kapitanı Lamiyə Əliyeva və 150 nəfər məhbus qadın iştirak etdilər.
"İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi tərəfindən oxşar tədbirlər kişilər üçün 6 saylı ümumi rejimli cəzaçəkmə və yeniyetmələr üçün tərbiyə müəssisəsində iyul ayında təşkil ediləcək.




banner

Oxşar Xəbərlər