• cümə, 29 Mart, 19:42
  • Baku Bakı 14°C

Mediasiya biznes mübahisələrinin məhkəmədən kənar həlli üçün alternativ metoddur

06.07.22 12:15 538
Mediasiya biznes mübahisələrinin məhkəmədən kənar həlli üçün alternativ metoddur

Mediasiya mübahisələrin neytral, qərəzsiz və işdə marağı olmayan üçüncü şəxslər tərəfindən məhkəməyədək alternativ həlli yoludur. Ölkəmizdə mediasiyanın tətbiqinə və hüquq məkanına inteqrasiyasına müstəqilliyin ilk illərindən başlanılıb. Bu sahədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, “Mediasiya prosesinin həyata keçirilməsi Qaydaları” təsdiqlənib və Mediasiya Şurası təsis edilib. “Mediasiya haqqında” Qanuna əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmələri barədə müvafiq norma müəyyənləşdirilib. Bu praktika müxtəlif ölkələrdə fərqli xarakter daşıyır. Məsələn, Türkiyə, İtaliya və digər ölkələrdə Azərbaycan təcrübəsində olduğu kimi, ilkin mediasiya məcburidir.

Mediasiya kommersiya mübahisələrinin həlli üçün effektiv və aktualdır. Dünyanın əksər ölkələrində vətəndaşların çox az hissəsi məhkəmələrə müraciət edir. Belə ki, məhkəmə iclasları illərlə uzana bilir, rüsum, ekspertiza və digər hərəkətlərə əlavə vəsait sərf edilir. Əlavə olaraq, açıq məhkəmə proseslərində kommersiya sirrinin yayılması və ya şirkətin nüfuzuna xələl gəlməsi ehtimalları ola bilər. Yəni, mediasiya prosesində məsələlərin həllinə bəzən çox qısa zaman sərf etməklə vaxt və resurs məsrəflərini minimallaşdırmaq olar. Eyni zamanda, tərəflər mediatorun dəstəyi ilə qərarları özləri qəbul edir və bu hal qərarların icrasını daha da asanlaşdırır. Qeyd edək ki, uğurla keçirilmiş mediasiya tərəflərin münasibətlərinin normal olmasına səbəb olur, konfliktin tənzimlənməsi üçün qəbul edilmiş qərarlar qarşılıqlı əməkdaşlığa imkan yaradır. Vəkil ilə mediatorun arasında ən böyük fərq, mediatorun müstəqilliyi və neytrallığıdır. Mediator heç bir tərəfi təmsil etmir. Əldə edilən barışıq sazişinin özü prosesin hər iki tərəfin məmnunluğu ilə nəticələndiyinin göstəricisidir. Həmçinin mediatorlar və vəkillərin birgə əməkdaşlıq səviyyəsində işləməsi uğurlu mediasiya nəticələrinə gətirib çıxarır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan mübahisələrə baxılması zamanı mediasiya alətlərindən geniş istifadə edir. Agentliyə daxil olan şikayət xarakterli müraciətlər operativ qaydada araşdırılır, zərurət yarandığı hallarda dövlət-sahibkar (G2B) və sahibkar-sahibkar (B2B) əməkdaşlıq platforması çərçivəsində üçtərəfli görüşlər təşkil olunaraq, mövcud problem açıq diskussiya müstəvisində müzakirə edilir. Agentlikdən bildiriblər ki, KOBİA-nın regionlarda fəaliyyət göstərən 9 KOB dostu Ədliyyə Akademiyası tərəfindən təşkil olunmuş təlimləri uğurla başa vuraraq mediator sertifikatına yiyələnib. Yerli və beynəlxalq şirkətlər mübahisələrin mediasiya yolu ilə həllində artıq daha maraqlı görünürlər. Keçən ilə nisbətən bu il kommersiya mübahisələri üzrə könüllü müraciətlərin sayında artım müşahidə edilir. Azərbaycan Mediasiya Şurasının məlumatına əsasən, hazırda ölkə üzrə 279 mediator fəaliyyət göstərir ki, onlardan 199-u Bakı, Sumqayıt və Abşeronda, 5-i Naxçıvan Muxtar Respublikasında, 75-i isə digər şəhər və rayonlarda çalışır. 2021-ci ildə mediatorlar tərəfindən 11 min 912 müraciət, bu ilin yanvar-may aylarında isə 16 mindən çox müraciətə baxılıb. Onlardan təqribən 3 min müraciət kommersiya mübahisələridir ki, bunlardan 297-si üzrə barışıq Sazişi imzalanıb.

banner

Oxşar Xəbərlər