“Mediada gender bərabərliyi” - Fotolar
Bu gün Bakıda
Avropa Şurasının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə
təşkilatçılığı ilə jurnalistlər və jurnalistika fakültəsinin 4-cü kurs
tələbələri, eləcə də magistrlər və doktorantlar üçün "Mediada gender
bərabərliyi” mövzusunda təlimlərə başlanılıb.
Təlimin açılış sessiyasında çıxış
edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini
Sədaqət Qəhrəmanova mövzunun aktuallığını vurğulayıb. Bildirib ki, üç gün
ərzində təlim iştirakçıları yetərincə məlumat alacaqlar, bir-biriləri ilə fikir
mübadiləsi apara biləcəklər. Komitə sədrinin müavini ölkəmizdə medianın
inkişafı istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, ümummilli lider Heydər
Əliyevin ölkəmizə rəhbərliyi dövründə medianın hüquqi bazası möhkəmlənib. Ulu
Öndər KİV-lərin inkişafına böyük diqqət və qayğı göstərirdi. Onun bu siyasətini
hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.
Avropa
Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes deyib ki, 2018-ci il mayın
1-dən icrasına başlanılmış gender bərabərliyi və media azadlığı layihəsi
təşkilata üzv dövlətdə ilk dəfə həyata keçirilən layihədir. Biz bunu nümunə ola biləcək pilot layihə adlandırsaq
yanılmarıq. Əgər layihə uğurlu olsa Avropa Şurasının digər üzv dövlətləri üçün
də model kimi istifadə oluna bilər. Qeyd edilib ki, söz azadlığı
və gender bərabərliyi qırılmaz tellərlə bağlıdır. Gender bərabərliyi təmin olunmadan insan haqlarından,
cəmiyyətdə inkişafdan söhbət gedə bilməz. Təsadüfi deyil ki, BMT-nin 2030-cu il
üçün Dayanıqlı İnkişaf Məqsədlərində gender bərabərliyi ayrıca məqsəd kimi qeyd
edilib.
Azərbaycan
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov təlimlərin
əhəmiyyətindən danışıb. O deyib ki,
Azərbaycanda gender bərabərliyi ilə bağlı zəngin qanunvericilik mövcuddur.
Ölkəmiz müvafiq beynəlxalq konvensiyalara qoşulub. Konstitusiyamızda qadın və
kişilərin bərabər hüquq və imkanlara malik olması ilə bağlı xüsusi bənd də öz
əksini tapıb.
Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Vüqar
Səlimov da layihənin əhəmiyyətini qeyd edib. O deyib ki, bu tədbir dövlət qurumlarının məsələyə xüsusi diqqətlə
yanaşdığını göstərir. Bu və bundan əvvəlki layihələr gender bərabərliyi və
media azadlığı sahəsində beynəlxalq təcrübənin Azərbaycan jurnalistləri
arasında təbliğ olunması, onların öz fəaliyyətlərində bu dəyərlərin, beynəlxalq
standartların tətbiq etməsi baxımından ciddi əhəmiyyət kəsb edir. Bu cür
layihələrin həyata keçirilməsi yalnız jurnalist peşəkarlığının artırılması və
bu dəyərlərin tətbiqi ilə məhdudlaşmır. Eyni zamanda, gender bərabərliyi və
media azadlığı ilə bağlı ictimai fikrin formalaşmasında da mühüm əhəmiyyət
daşıyır.
Çıxışlardan sonra
"Gender bərabərliyi və media sahəsində Avropa Şurasının standartları”, "Gender
bərabərliyi və media: Azərbaycan qanunvericiliyi və təcrübəsi”, "Cinsiyyətçi
nifrət nitqi ilə mübarizə”, "Gender məsələlərinin mediada işıqlandırılması”,
"Azərbaycan mediasında gender bərabərliyi: Perspektivlər və çağırışlar” adlı
sessiyalar çərçivəsində təlimlər başlayıb.
Xatırladaq
ki, yanvarın 23-dən 25-dək davam edəcək təlimlərin məqsədi gənc jurnalistlərə
və jurnalistika fakültəsinin tələbələrinə qadın hüquqlarının müdafiəsi, eləcə
də təşviq edilməsi istiqamətində ətraflı məlumatların çatdırılmasıdır.
AZƏRTAC