• cümə, 19 Aprel, 01:02
  • Baku Bakı 18°C

Mədəni vəhdət

12.12.19 10:00 1499
Mədəni vəhdət
Dünyanı, onun mədəni qütblərini birləşdirən dahilər yerdəki tanrılardır!
Mədəniyyətlərin qütbləşməsi, cəhətləşməsi və nəticədə ayrılması hansı zərurətdən doğmuşdur? Bu sualın cavabı da yəqin ki, özü qədər absurddur. Ümumiyyətlə, mədəni qütbləşmə prosesi bizim fikrimizcə, süni şəkildə yaranmış məsələdir. Əlbəttə, dil, din, relyef fərqləri bu ayrılmanı qaçılmaz edir. Ancaq bizim qəsd etdiyimiz ayrılıq bu deyilənlərin fövqündə duran bir şeydir. Müxtəlif dillərdə danışmaq hələ ayrılmaq demək deyil. Məsələn, Avropa qitəsində bir çox xalq yaşayır. Lakin orta əsr intibahından bu tərəfə müxtəlif dillərdə danışan, müxtəlif xalqların vahid bir mədəniyyət sistemi əmələ gəldi. Bunun coğrafi uzaqlıqla və yaxud yaxınlıqla da əlaqəsi yoxdur. Xalqların iç-içə keçən mədəni dəyərləri bəşəri bir hadisədir. Elə buradan çıxış edərək, belə bir tezis irəli sürmək olar ki, mədəniyyətləri bir-birindən ayıran şey dini, etnik, coğrafi anlayışlar yox, kiçiklik və böyüklük anlayışıdır. Yəni bir xalqın, bir etnosun çərçivələrinə sığan şeylər və bir mənada mühafizəkarlıq təşkil edən mədəni dəyərlər, dayaz və kiçik fəlsəfə daşıyıcılarıdır. Mədəni hadisə böyük, dərin mənaları və hədəfləri təqib etdiyi zaman isə onun sərhədi, etnosu, milli konservatizmi olmur. Məsələn, Qərb klassik musiqisi, eyni zamanda müxtəlif cərəyanları, o cümlədən, roman, barokko, rokoko, klassizm, romantizm, impressionizm kimi cərəyanları təşkil edən rəssamlıq, heykəltəraşlıq və memarlıq abidələri konkret olaraq, heç bir millətə, heç bir coğrafi məkana sahib deyil. Bunu daha da incələyərək, söyləmək olar ki, məsələn, mazurkalar, polonezlər polyak xalqına məxsusdur. Ancaq Frederik Şopenin yazdığı mazurkalar, polonezlər artıq polyak xalqının deyil, bütün Avropanın və hətta bütün dünyanındır. Hərçənd ki, Şopen onları məhz bir polyak olaraq bəstələmişdi. Ancaq böyük bəstəkar və pianoçu nə qədər millətçilik etsə də, bunu bacarmadı. Çünki o, çox böyük idi! Polyak xalqı onu böyütmədi, o polyak xalqını böyütdü!
Eləcə də eyni fikirləri Şərq haqqında da söyləmək olar. Məsələn, Yaxın və Orta Şərqdə yaşayan saysız-hesabsız xalqların və etnosların hərəsinin özünəməxsus folkloru, etnoqrafiyası mövcuddur. Ancaq onları birləşdirən, yəni coğrafi olaraq yox, sivilizasiya olaraq Şərq adlı bir məfhumu yaradan amil, məsələn, təsəvvüf incəsənətidir. Əgər ayrı-ayrı xalqların konservativ və çərçivəli mədəni dəyərlərinə nəzər salsaq, biz orada məişətin, təbiətin, insani-intim məhəbbətin xaricində bir şey görməyəcəyik. Çünki bu işin təbiəti belədir. Kiçik, dünyəvi, material düşüncədən fövqəlbəşəri bir fəlsəfəyə keçid almaq toplumun yox, fərdlərin dühasının məhsuludur. Hansısa bir xalq mahnısının müəllifi çox zaman bəlli deyil və buna çox vaxt gərək də duyulmur. Ancaq məsələn, məqam incəsənətini yaradan, inkişaf etdirən konkret şəxsiyyətlərin yazılı mənbələri hər kəsə məlumdur. Onlar bunu ayrıca olaraq, məqsədli şəkildə ediblər. Məqsədləri isə toplumun şüurunu mədəsindən və cinsi orqanından bir qədər ayırıb, daha başqa istiqamətlərə yönəltmək olmuşdur. Diqqət etsək görərik ki, nə Şərq, nə də Qərb ədəbiyyatında elə bir böyük və bütün bəşəriyyətin halal malına çevrilmiş əsər yoxdur ki, orada tayfadan, nəsildən, nəsil artırmaqdan, maldan, mülkdən, məişətdən söz getsin. Yəni olsa belə, bu anlayışlar keçicidir və əsas deyil. Bəli, böyüklüyün ana mövzusu heç bir zaman məişət olmayıb! Ancaq böyük əsərlər hansı dildə yazılırsa yazılsın, onların hamısı vahid və ümumbəşəri dəyərlər sisteminə daxildir. Bunun üçün mövzu qəsdən və şüurlu şəkildə seçilməlidir. Yəni onu demək istəyirik ki, Rafaelin tablolarını bir xristian incəsənəti olaraq görməklə, Mövlana Ruminin əsərlərini islam mədəniyyəti olaraq görmək arasında heç bir prinsipial fərq yoxdur. İkisi də yanlışdır və insan ağlının tarix boyu yol verdiyi ən böyük xətadır! Bəli, yeri gəlmişkən, yanlış anlaşılmasın, Yaxın və Orta Şərqi birləşdirən islam yox, məhz təsəvvüf fəlsəfəsi və təsəvvüf incəsənətidir. Necə ki, Qərb intibahı xristianlığın yox, əksinə, onun dəmir barmaqlarının arasından süzülüb çıxan azad məfkurənin məhsuludur.
Azadlıq insan oğlunun qazancıdır. Ancaq bədənin, ruhun, millətin, torpağın yox, məhz idrakın azadlığı. Bunların hamısı əlbəttə ki, mövcuddur və lazımdır. Lakin idrak azad olmadıqca, bu azadlıqların hamısı bir gün əsarətə məhkumdur. Çünki hamısı maddidir, materialdır. Mən bu siyahıya ruhun azadlığını da saldım. Düşünürəm ki, ruh da semantik və izahsız bir nəsnə olduğu üçün müəyyən qədər kiçik anlayışdır, yəni təbii ehtiyacdır, düşünülmüş bir azadlıq deyil. Elə buna görə də, azad ruhların hamısı yaradıcı bədəni idarə edənlər deyil. İnsan ruhən azad ola, öz kiçik guşəsinə çəkilib, mistik bir görkəm ala bilər. Ancaq bu azadlıq, sadəcə onun özünə fayda verir və müvəqqəti bir anlayışdır. Ən yaxşı halda o, insanla bərabər ölüb gedəcək. Azad ruh hələ yaradıcı ruh demək deyil. Ruh, ümumiyyətlə, yaradıcı bir nəsnə deyil. Çünki anladığımız qədərincə, ilahi bir xislətə malikdir. Yəni pakdır, hüzurludur, mürəkkəb deyil. Bütün bunlar isə tanrısal bir siqlətə sahib olsa da, aktiv və yaradıcı gücə, xasiyyətə malik deyil. Bəli, yaradıcılıq yalnız və yalnız etirazın, hüzursuzluğun, dolaşıq və qeyri-təbii axarın məhsulu ola bilər! Bundan tam əmin olmaq üçün sadəcə, yaratmaq istəyi bəs edər. Qarşılaşacağınız maneələri aşmaq üçün üsyana və xaosa ehtiyac duyacaqsınız! "Əgər yaradan bir Tanrı varsa, o zaman sən kimsən?” sualı sizə mane olacaq. "Təbiətdə hər şey qüsursuz, öz axarında və kamil bir şəkildədir. Bunun nəyinə üsyan edirsən?” deyə suallar verəcəksiniz özünüz özünüzə. Bax, o zaman siz doktor Faustu tanıyacaq və ona dönəcəksiniz! Mefistofel, yəni İblis, odanızın müsafiri olacaq və sizə fərqli rənglər, fərqli səslər, fərqli kəlmələr ilqa edəcək. Həqiqətən də bir düşünək; yenilikləri və dahiyanə tapıntıları başqa nə tətikləyə bilər – xaos olmasa?! Termodinamikanın qanunu da belə diktə edir ki, hər şey düzəndən düzənsizliyə, yəni kosmosdan xaosa doğru gedir. Məhz bu gedişatın öz içində, müdhiş bir xaosun ortasında bir düzən, bir kosmos, bir gözəllik yarada bilənlərdir dahilər! Özündən əvvəlki qəlibləri sındırmaq üçün, öncə təbiəti sındırmalısan. Üstəlik, bütün yeni qəliblər zaman içərisində təbiətin bir parçasına çevrilir. Bəlkə elə buna görə deyirlər ki, Tanrı bir dəfə yaradıb çəkilməyib. O davamlı olaraq yaradır. Lakin dediyimiz kimi, hər yaradılış bir üsyan və dağıntının əsəridir. Dağıdılan şey isə, yuxarıda ana mövzu olaraq seçdiyimiz millətləşmə, dövlətləşmə, dil, din, irq, vətən, torpaq ayrılığıdır. Qəribə paradoksdur; ayrılıq zatən dağıntıdır. Birləşdirmək üçün isə bu dağıntının özünü dağıtmaq lazım gəlir. Nəticədə, təkrar-təkrar davam edən hər dağıdılış yeni bir yaradılışa gətirib çıxarır!
Doktor Faustun sığındığı Allah ona müvəqqəti və şübhəli hüzurdan, yəni imandan başqa mənəvi heç nə vermədi. Ancaq onun nifrət etdiyi Mefistofel onun durulmuş şüurunu bulandırmaqla, doktor Faustun əli ilə bəşəriyyət üçün yeni mədəni-fəlsəfi cığır açdı. Tanrının səssizliyini İblisin simfoniyası pozdu!
Əslində isə, bizə təqdim olunan "Tanrı” əsil Tanrı deyil! Çünki Onu bizə təqdim edənlər xaosun da Ona aid olduğunu heç cürə qəbul edə bilmirlər. Cəza ilə bitən günahdan və mükafatla bitən savabdan başqa heç nə öyrətmədi bizə həmin o təqdim etdikləri Tanrı! Bu boyda kainat şərtlər və qəliblər üzərində idrak etdirildi! Bəli, məhz zorla, tiryəklə, qılıncla və xürafatın qələmi ilə! Əgər insanın xislətində yaratmaq ünsürü varsa, onu heç nə ilə nə inkar etmək, nə də durdurmaq olar. Çünki yaradan belə yaradıb!
Mədəniyyətlərin toqquşması ümumbəşəri bir cəhalətdir. Lakin ondan da böyük cəhalət və hətta cinayət insanları yurdlara, irqlərə, dillərə, dinlərə ayırıb, sonra da vahid bir Tanrı anlayışı ilə onları birləşdirmək istəyidir. Şüurlar müxtəlif olduqdan sonra Tanrı tək olsa, nə faydası?! Şüurların vəhdəti isə millətlərin, irqlərin, coğrafi məsafələrin vəhdətidir. Bu vəhdəti isə nə qılıncla, nə dinlə, nə də iqtisadiyyatla gerçəkləşdirmək olar. Bunun üçün böyük düşünmək, böyük şeylər yaratmaq lazımdır. Bethoven 9-cu simfoniyanı ona görə yazmamışdı ki, onun içərisindəki xor bu gün Avropa Birliyinin himninə çevrilsin! O bir dəfə Napoleon Bonaparta simfoniya həsr etmişdi. Lakin qısa bir müddətdən sonra öz yazdığı başlığı sərt bir alətlə cızdı, pozdu! Çünki bethovenlər napoleonların, keçici inqilab və çevrilişlərin, bir-birini əvəz edən siyasi epoxaların sənətkarları deyillər. Onlar populyar kültürdən ona görə imtina etdilər ki, bütün məkanların və bütün zamanların əsərlərini yaratsınlar. Bir gün Avropa Birliyi dağılsa, Bethovenin əsərinə nə olacaq? Heç nə. Dağılan AB olacaq, Bethoven yenə bir addım öndədir.
Eləcə də, Mövlana ona görə "Məsnəvi” yazmamışdı ki, bu gün özlərinə "mövləvi” deyənlər hansısa bir hakimiyyətin siyasi təbliğat maşınının bir hissəsinə çevrilsinlər. Bütün siyasi maşınlar isə bir gün mütləq sınır. Özü də başqa əllə yox, başqa bir maşın tərəfindən. Ancaq Mövlana nə bir Dövlətə, nə bir Vətənə, nə bir millətə, nə də bir dinə məxsusdur. "Sən gündə on yeddi dəfə "ihdinəs-siratəl-müstəqim” deyirsən. Ancaq bir gün həqiqət ortaya çıxanda görəcəksən ki, bu dediklərin boş və puç şeylərdir” deyən Mövlana Cəlaləddin hansı dinə, hansı imana bağlıdır görəsən? Onu bu üsyana, xaosa sürükləyən və nəticədə bəşəriyyətin sonuna qədər bütün dünyaya nicat verə bilən gücə sahib eyləyən nədir, kimdir?! Əlbəttə ki, dinlərə, kitablara, ibadətlərə, məbədlərə sığmayan Allah!!! O Allah ki, kainatı və qalaktikaları kosmosdan xaosa doğru sürükləyir! Zavallılar, oturub gözləyirlər, yayından çıxan ox nə zaman geri qayıdacaq?! Bu ağılla, bu şüurla hələ çox gözləyəcəklər! Zamanın nisbiliyi isə onu göstərir ki, böyük şüurla, kiçik şüurun saatları fərqli işləyir. Kiçiklər gecəni yatıb, səhərin açılmağını gözləyənlərdir. Böyüklər isə o gecəni oyaq gözlərlə sabaha çevirənlərdir. "Gecələr Günəş doğmazmış! Zatın Günəş batdığı üçün gecə olur”. Bəs onda cəhalətin ən qatı qaranlığının tən ortasında hardan doğdu Nəsimi?! Bəsit şüurun məntiqinə söykənsək, onda gərək Nəsimi oturub öz zamanını gözləyəydi. Boşuna gözləməsin heç kim! Gəlməyəcək o zaman! Heç nəyin öz zamanı yoxdur! Sadəcə böyük düşüncə mövcuddur ki, onun yaratdığı hər şey həmin o zamanın özü deməkdir!
Qərblə Şərqi, nəticədə iki böyük sivilizasiyanı birləşdirən düha məhz Tanrının dühasıdır. Tanrı isə bu şüuru insana bəxş etdi! Dünyanı, onun mədəni qütblərini birləşdirən dahilər yerdəki tanrılardır! Mən bundan əminəm!
Fəxrəddin Salim
banner

Oxşar Xəbərlər