Mədəni sərvətimizə, sənətkara verilən dəyər - Fotolar

Mədəni sərvətimizə, sənətkara verilən dəyər - Fotolar

Siyasət
05 Dekabr 2019, 17:06 1572
Birinci vitse-prezident Mehriban Əliyevanın ağsaqqal xanəndəmizə hörmət və ehtiram nümayiş etdirməsi cəmiyyətimiz üçün nümunədir

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyev siyasi hakimiyyətdə olduğu müddətdə mədəniyyət və incəsənət işçilərinə xüsusi diqqətlə yanaşıb, onlara maddi və mənəvi dəstək göstərib. Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev bu ənənəni ləyaqətlə davam etdirərək, ölkənin mədəni həyatının daha yüksək səviyyədə olması üçün köməyini əsirgəməyib. Hər bir xalq özünün mədəni və milli-mənəvi xəzinəsi - ziyalıları, mədəniyyət və incəsənət xadimləri, yazıçıları, şairləri ilə dünya miqyasında tanınır və bəşər sivilizasiyasına töhfələr verir, - söyləyən ölkə başçısı vurğulayıb ki, onlar cəmiyyətin aparıcı təbəqəsi, elitasıdır. Prezident İlham Əliyev qeyd edib ki, istər siyasi müstəvidə, istərsə də mədəniyyət, incəsənət sahəsində bütün cəmiyyətlərin və ölkələrin inkişafı müəyyən bir qrup insanın fəaliyyəti ilə bağlıdır. Dövlət başçısının ən yaxın silahdaşı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da ziyalılarımıza, o cümlədən xalqın mənəvi sərvəti, toxunulmaz xəzinəsi sayılan şəxslərə daim hörmət və ehtiram nümayiş etdirib, onlara xüsusi qayğı ilə yanaşıb.
 


Məhz bu diqqət və qayğıdan, hörmət və ehtiramdan irəli gələrək Birinci vitse-prezident Mehriban Əliyeva dekabrın 4-də milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, xalq mahnılarının, muğam ifaçılığının təşəkkülündə özünəməxsus dəstxətti, xidmətləri olan ustad xanəndələrimizdən biri, Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub. Xalq artisti Əlibaba Məmmədov Mehriban xanım Əliyevanı səmimiyyətlə qarşılayaraq, ona "xalqımızın sevimlisi” deyə, - xitab edib, bu adı qazanmağın böyük bir şərəf olduğunu vurğulayıb: "Siz təkcə mənə yox, xalqa böyük xidmət etdiniz. Xalqımızın musiqisi zənginləşdi, yüz dənə mahnı var, hamısı xalq mahnısıdır. Özü də orada yad nəfəslər heç vaxt olmayıb, yenə də olmayacaq. O yaxşılığı mən necə unudum, kim unuda bilər? Xalqımız da unutmayacaq. Bilirsiniz, Siz çox işlər görmüsünüz, danışmaqla qurtarmır. Amma mən bu sözü deyirəm ki, Siz xalqın sevimlisisiniz, bu, böyük şərəfdir. Xalq sevsə sənətkarı, ona dağ bata bilməz”.
 


Birinci vitse-prezident Mehriban Əliyeva xalq artisti Əlibaba Məmmədovun yaradıcılığını Azərbaycan xalqının mədəni irsi kimi qiymətləndirərək, bu irsi saxlamağın, qorumağın vacibliyinin əhəmiyyətindən söhbət açıb. O, Prezident İlham Əliyevin də salamlarını çatdıraraq, xalq artisti ilə səmimi söhbət edib: "Mən ilk dəfə sizinlə tanış olmağımızı yaxşı xatırlayıram. O zaman Heydər Əliyev Fondunun böyük bir layihəsinə start verdik. Siz böyük yardım göstərdiniz və bu illər ərzində sizin dəstəyinizlə, iştirakınızla birlikdə böyük işlər gördük. Siz Azərbaycanın görkəmli xanəndələrindən birisiniz. Sizin özünüzə məxsus dəstxəttiniz var, çox gözəl səsə malik olan ustadsınız və bütün Azərbaycan xalqının sevimlisisiniz. Sizi hamı sevir. Siz Azərbaycanın milli-mənəvi ənənələrinin daşıyıcısısınız. Ona görə də böyük hörmətə malik olan bir insansınız. Mən sizinlə ünsiyyətdə olanda özüm üçün hər dəfə nə isə yeni bir şey aşkar etmişəm, öyrənmişəm. Siz böyük müəllimsiniz, siz 50 ildən çoxdur ki, musiqi kollecində dərs deyirsiniz və yeni gənc xanəndələr nəslinin yetişməsində sizin misilsiz xidmətləriniz olub”.
Birinci vitse-prezident Mehriban Əliyeva milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti, muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı Əlibaba Məmmədova cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb. 
 
 

Bu görüşlə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan millət vəkili Pərvin Kərimzadə bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın dekabrın 4-də milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olması, ustad xanəndə ilə səmimi söhbəti ölkəmizdə dövlət səviyyəsində mədəniyyətin və incəsənətin inkişafında xidmətləri olan şəxslərə olan böyük hörmətin nümunəsidir. Onun sözlərinə görə, mədəniyyətimizin, xalq musiqilərimizin, bənzərsiz muğamlarımızın inkişafı, mənəvi sərvətlərimizin qorunması, beynəlxalq aləmdə daha yaxından tanınması kimi şərəfli və məsuliyyəti missiyanı üzərinə götürən Mehriban xanımın humanist, nəcib addımı ağsaqqala, ağbirçəyə, ədəbiyyata, incəsənətə, şeirə, sənətə, musiqiyə, bir sözlə, sənətkara hörmətin təsdiqidir. 
 


P.Kərimzadə deyib ki, dövlət xadiminin musiqi mədəniyyətimizin görkəmli nümayəndəsini evində ziyarət etməsi təkcə musiqisevərlər tərəfindən deyil, ictimaiyyət tərəfindən də rəğbətlə qarşılanıb: "Birinci vitse-prezident Mehriban Əliyevanın Prezident İlham Əliyevlə regionlara səfər edərkən vətəndaşlara göstərdiyi diqqət və qayğı, onlara müraciət edən hər kəslə çox mehriban davranmağı, xüsusən yaşlılara, körpələrə olan münasibəti göz önündədir. Valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə alan uşaqlarla görüşlərində bu nəcib xanımın səmimiyyəti, içdən gələn rəftarı insanı heyran etməyə bilməz. Birinci vitse-prezident təyin olunmasından keçən müddət ərzində Mehriban xanım Əliyevanın Vətən və xalqı qarşısında xidmətləri birə-beş artıb, təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafı, həqiqətlərimizin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması, dünya xalqlarının mədəniyyətinə inteqrasiyası istiqamətində gördüyü işlər, atdığı addımlar xalq tərəfindən daim böyük razılıqla qarşılanıb. Bu gün Mehriban xanım Əliyeva özünəməxsus nəcib, humanist və insanpərvər xarakteri ilə tarixə Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini yazır. Mehriban xanım Əliyevanın elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı Azərbaycan qadınının modern tələblərə uyğun obrazı bu nəcib xanımın timsalında dünyaya nümayiş etdirilir”. 
 


Milli Məclisin deputatı Nəsib Məhəməliyev Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xalq artisti Əlibaba Məmmədovun evinə qonaq getməsini ən yüksək əxlaqi, insani keyfiyyətlərin təcəssümü kimi dəyərləndirib. O, qəzetimizə açıqlamasında bildirib ki, bu hərəkət, mədəniyyətə, sənətkara, ağsaqqala verilən ali qiymətlə yanaşı, bütövlükdə cəmiyyətimiz üçün gözəl nümunədir: "Həmişə olduğu kimi bu dəfə də hörmətli Mehriban xanım, bir çox köhnəlmiş stereotipləri sındıraraq, müsbət mənada xalqımızı təəccübləndirdi və bununla xalq-iqtidar birliyini növbəti dəfə nümayiş etdirdi. Düşünürəm ki, hörmətli birinci xanımın bu addımı hər bir vətəndaşımızın ürəyincə oldu. Sadə bir vətəndaş olaraq, yeri gəlmişkən bir məsələni də xatırlatmaq istərdim. Ötən əsrin yetmişinci illərində xalqın sevimli müğənnisi Əlibaba Məmmədov tez-tez ölkəmizin bir çox regionlarında, o cümlədən Balakən rayonunda böyük anşlaqlarla konsertlər verib, ictimaiyyət qarşısında çıxış edib. Bizlər daim həvəslə onu dinləmişik və bu gün də dinləyirik. Sadəcə mən deyil, bütün ölkə ictimaiyyəti xalq artisti Əlibaba Məmmədova dəyər verir, onu milli-mədəni sərvətimiz kimi qəbul edirik. Bu baxımdan hörmətli Mehriban xanımın, xalqın sevimlisi, el ağsaqqalı Əlibaba Məmmədovun evinə qonaq getməsi, onunla səmimi söhbət etməsi, ağsaqqal xanəndəmizə hörmət və ehtiram nümayiş etdirməsi hər bir Azərbaycan vətəndaşında ikiqat xoş təəssürat yaradır”.
 
 

Millət vəkili Tahir Rzayev də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xalq artisti, böyük sənətkar Əlibaba Məmmədova baş çəkməsini, səhhəti ilə yaxından maraqlanmasını sənətimizə, sənətkara verilən qiymətin ifadəsi kimi xarakterizə edib. Azərbaycanın Birinci vitse-prezidentinin ölkənin mədəniyyət xadimlərinə böyük diqqət və qayğı göstərdiyini xatırladan deputat qeyd edib ki, Mehriban xanım Əliyevanın bu sahədəki xidmətləri əvəzsiz və unudulmazdır: "Mehriban xanımın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr sayəsində Azərbaycan muğamına ikinci nəfəs verildi. Bu istiqamətdə atılan addımlar nəticəsində Azərbaycan muğamı, muğam sənəti ikinci inkişaf-intibah dövrünə qədəm qoydu. Hazırda Azərbaycan muğamının səsi dünyanın ən böyük, ən möhtəşəm salonlarından gəlir. Sənətkarlarımıza sonsuz qayğı və diqqət isə tarixin yeni səhifələridir. Bununla hər birimiz qürur duyuruq”.

Alpər TURAN