Məchul qonağın xeyirxahlığı
Dənizkənarı kurort
qəsəbələrinin birində İsfəndiyar adında bir kişi yaşayırdı. "Yaşayırdı” sözü
onun həyat tərzinə heç cür uyğun gəlmirdi. Həyat yoldaşı, bir oğul və iki
qızdan ibarət beş nəfərlik ailənin çörəyi sanki daşdan çıxırdı. Artıq əlli
yaşını haqlamış İsfəndiyar aciz adam deyildi. Əlindən nə desən gəlirdi. "İşin
ağırı, yüngülü olmaz” – deyərdi. Deyərdi
ki, hər işin öhdəsindən gəlmək olar, işin çəmini tapasan gərək. Bununla belə,
çörəkpulu qazanmaq onun üçün çətin bir vəzifə olaraq qalmaqda idi. Daha nələrə
əl atmamışdı. Dəmir-dümür işlərindən tutmuş, ta tikinti-söküntüyədək hara
buyursan gedərdi.
düşünürdü... Yenə də işin ucunu bir tərəfə çıxara bilmirdi.
Bir ara istədi ki, heç olmasa
yay mövsümündə evinin bir otağını dincəlməyə gələnlərə kirayə versin. Sonra
fikirləşdi ki, bunu necə etsin: beş nəfər evə güclə yerləşir. Bir tərəfdən də
evinin təmirə böyük ehtiyacı vardı. Otaqların döşəməsi çürümüşdü, yağış yağanda
evin dam örtüyü su damı
rdı, ümumiyyətlə təmirə xeyli
xərc lazım idi.İsfəndiyargil qəsəbənin köklü
sakinlərindən idi. Qəsəbədə kökləri keçmişə gedib çıxan bir neçə nəsil
qalmışdı. İndi böyük bir şəhəri xatırladan bu qəsəbə əvvəllər yüz əlli-iki yüz
evdən ibarət olub. Son dövrlər isə qəsəbənin yeni sakinlərlə məskunlaşması
prosesi böyük vüsət aldığından çoxmərtəbəli villaların, villa sahiblərinin
bir-birindən yaraşıqlı, bahalı avtomobillərinin sayı ildırım sürətilə artmışdı.
Bu səbəbdən də hazırda qəsəbənin ucu-bucağı görünmürdü. Düzdür, həmin villa
sahiblərinin belə tikililəri yəqin ki, ayrı yerlərdə də az deyil. Çünki onlar
qəsəbəyə yalnız istirahət və bayram günlərində gəlirdilər. İsfəndiyarın isə
gözünün ağı-qarası bircə uçuq, kiçik koması vardı. Bu koma da ən yaxın villadan
təxminən 100-150 metr aralıda yerləşirdi. Bu villalara kimin gəldiyindən, kimin
getdiyindən xəbəri belə olmazdı. Heç maraqlanmazdı da... Nəyinə lazımdır ki?..
Bununla belə, İsfəndiyar heç
də taleyindən narazı deyildi. Gecələr rahat yatırdı. Səhhətində elə bir ciddi
problem yox idi. Uşaqları ağıllı-kamallı idilər. Həyat yoldaşı elə gün olmazdı
ki, balalarına baxıb Allahına şükr etməsin. Lakin ailənin başçısı nəyinsə
çatmadığını da anlamamış deyildi. Camaatın yaşayışı hara, onunku hara. Ətrafına
baxırdı, düşünürdü,düşünürdü... Yenə də işin ucunu bir tərəfə çıxara bilmirdi.
İsfəndiyar
arabir Allahı ilə məxfi danışıqları zamanı bir az giley-güzar da edirdi: axı,
bir belə çalışıb-çapalayıram... Başqa şeylərə dözmək olar, bəs bu həyət-bacanı
nə edim? Bir az əl gəzdirməsəm, ev bir-iki ilə tamam dağılar ki...
İsfəndiyar
adət etmişdi: işi oldu-olmadı səhər tezdən oyanardı. Tez də yerindən qalxardı.
Həmişə də deyərdi ki, o qədər dərd-sərim var, yerimin içində bir az uzanıb,
necə deyərlər "yer dəmi” alanda həmin dərdlər beynimi xarab edir. Buna görə də
oyanan kimi tez yerimdən qalxıram. Bu gün də sübh tezdən oyanıb həyətə çıxdı.
Birdən gözü yerdə parıldayan bir şeyə sataşdı. Bu nə ola bilər? Maraq onu
bürüdü: axı, axşam burada belə şey yox idi. Yaxınlaşıb gördü ki, parıldayan bir
qızıl "Nikolay onluğu”dur. Nəyi bilməsə də İsfəndiyar belə şeylər barədə
məlumatlı idi. Əvvəllər, hələ valideynləri sağ olanda qızıl da görmüşdü, gümüş
də. Axı, köhnə dövrlərdə onun doğulub boya-başa çatdığı ailə heç də pis
yaşamamışdı. Anasının ziynət əşyaları indi də gözünün qabağındaydı. İsfəndiyar
hələ o vaxtlar həmin bahalı bər-bəzəkləri görəndə indiki bu villa sahibləri
hələ qızılın qoxusunu belə duymamışdılar. Bu düşüncələrin ardınca da, özünə
ürək-dirək verirmiş kimi fikirləşdi: "Əşşi, hər igidin öz dövranı...”Zaman
keçdikcə həmin ziynət əşyaları da azalıb-azalıb qurtarmışdı. Yenidən fikri
"onluğun” yanına qayıtdı: Bəs, bunu buraya, həyət darvazası bağlı bu həyətə kim
gətirib? Bəlkə, məni sınamaq üçün darvazanın üstündən atıblar. Atıblar ki,
görsünlər onu tapıb özümü necə aparacağam. Çox fikirdən sonra qərara aldı ki,
bu barədə heç kimə bir söz deməsin, işin axırını gözləsin.
İsfəndiyar
təmkinli adam idi. Həm də inanırdı ki, dünyada hələ heç bir gizlin sirr kimi
qalmayıb. Heç kəs görməsə də böyük Allah hər şeyi görür, hər şeyi eşidir. Sonra
da "onluğu” aparıb gizlətdi.Səhər
bu müəmma yenidən təkrarlananda İsfəndiyar burada nəyinsə - daha böyük
mətləblərin gizləndiyini yəqin etdi. Hər səhər eyni yerə qoyulan bu qədim qızıl
pullar "onluq”lardan ibarət deyildi. Arabir "25-lik” və digər qiymətli əşyalar
da olurdu.
Beləliklə,
bir müddət keçdi. İsfəndiyar nə qədər güddüsə də həmin "məchul qonağı” ələ
keçirə bilmədi. Çox güman ki, "poçtalyon” öz işinin ustası idi. O, ifşa
olunmasın deyə, gəliş saatlarını dəyişirdi. Bəzən axşamdan, bəzən gecəyarı,
bəzən də səhərə az qalmış gəldiyindən İsfəndiyar onu tuta bilmirdi. Əlindəkini
içəri atıb yox olurdu. Ev sahibini təəccübləndirən isə yerdə heç bir izin
qalmaması idi. Darvaza bağlı, hasar hündür. Valideynlərinin ruhu şad olsun:
yaxşı ki, imkan olan zaman heç olmasa hasarı hündür tikdiriblər. İsfəndiyar
bu minvalla bir neçə gecə tez-tez həyətə çıxıb ətrafa göz gəzdirdisə də, bir
hənirti, səs eşitməyə, bir kimsəni görməyə çalışsa da səyləri bir nəticə
vermədi. Bir gün qərara gəldi ki, çağırılmamış qonağı hökmən tutmalıdır.
Gündüz
bir-iki saat yatdı ki, gecə çox əziyyət çəkməsin. Evin girəcəyindəki kiçik
eyvanın bir küncündə, özünün bildiyi kimi, "müşahidə məntəqəsi” yaratdı. Bütün
gecəni səhərədək burada keçirəcəyi üçün özünə müəyyən rahatlıq da düzəltdi.
Həyətin bir küncündə atılıb qalmış köhnə bir çarpayı nəhayət ki, işə yaradı.
İsfəndiyar "müşahidə məntəqəsi”ndə yerləşdirdiyi bu çarpayıda uzanıb naməlum
"gecə qonağı”nı gözləməyə başladı.Saatlar
ötdükcə İsfəndiyarın hövsələsi daralmağa başladı. Nə hasardan aşan bir kimsə
vardı, nə də bağlı darvazanı döyən. O, hətta belə bir yöndəmsiz işə qərar
verdiyi üçün peşman olmağa başlamışdı ki, bir hənirti eşitdi. Hənirti
darvazanın aşağı hissəsindən – dəmir basdırma ilə hasar daşının çulğaşdığı
yerdəki kiçik dəlikdən gəlirdi. Səs gələn tərəfə boylandı: dişləri arasında
nəsə tutmuş çevik bir siçovul cidd-cəhdlə həyətə soxulmağa çalışırdı. Dəlik
balaca olduğundan bu iş çox çətinliklə başa gəlirdi. Nəhayət ki, içəriyə daxil
olmaq imkanı qazanmış siçovul bir anlıq ətrafı gözdən keçirib qəniməti adəti
üzrə həmişəki yerə qoydu və bir anın içində gözdən itdi. Ağır yükdən azad olmuş
ağıllı heyvanın geriyə dönüşü bir elə çətin olmadı.
İsfəndiyarı
heyrət bürümüşdü. Həyatda çox şey görmüşdü. Buna bənzər hadisələr eşitmişdi.
Lakin bu gecəki olayı ağlına belə gətirməzdi. Lap mat qalmışdı: insanlar
arasında gəmirici kimi tanınan, həyətlərdə toyuq-cücə qoymayan bu heyvana nə
düşüb ki, hər gecə yuxusuna haram qatıb belə bir missiyanı yerinə yetirsin.
Axı, mən ona, bəzi nağıllarda deyildiyi kimi, heç süd-zad da təklif etməmişəm.
Bu nə yaxşılıqdır ki, bu gəmirici mənim üçün edir?
İsfəndiyar
hazırkı anadək həmin qızıllardan istifadə etməyi ağlına belə gətirməmişdi. O,
naməlum gecə qonağını tutub sorğu-sual etmək istəyirdi ki, ay canım, bu nə
torbadır mənim başıma tikirsən?! İsfəndiyarın ağlına belə gəlməzdi ki, kimsə
ona əl tutar, bir kimsə onun dərd-sərinə yanar. Öz aramızdır, axı, indi
kim-kimə əl tutur? Xüsusilə dünyanın indiki çağında. İndi insanların şüursuz
saydığı bu canlının hərəkətinə nə ad versin, bu hərəkəti necə qiymətləndirsin?
İsfəndiyar yaxşı başa düşürdü ki, siçovulun gətirdiyi bu çox qiymətli qızıl
pullar heç də onun özü kimi kasıb-kusubun pulu deyil. Axı, mənim kimi
kasıb-kusubda pul, qızıl haradandır?! Yəqin bilirdi ki, siçovul həmin qızılları
ətrafdakı villa sahiblərinin hansınınsa pul anbarından çırpışdırır. Özü də
ədalət naminə, bunu mənim kimi kasıbın həyətinə gətirir. Bəlkə də, bu ağıllı
heyvan həmin qızıllardan neçə-neçə digər kasıbların da həyətinə aparıb. Yəni,
bu da böyük Allahın möcüzələrindəndir.
Söhbətin
sonunun Allaha gəlib çıxdığı üçün İsfəndiyar daha bu məsələnin çözümünü
uzatmağı lazım bilmədi. Allahın işinə qarışmaq olmaz! Digər tərəfdən də o, belə
fikirləşirdi ki, heç siçovul da ağılsız heyvana oxşamır. Qızıllarının
sayını-hesabını bilməyən villa sahibi isə bundan heç vaxt xəbər tutmayacaq.
Çünki onun başı hər gün aldığı külli miqdarda rüşvətləri həmin andaca qızıla
çevirməklə qarışıq olduğundan, başqa şeylər heç yadına da düşmür. Çox güman ki,
o, nə pullarının sayını bilir, nə də qızıllarının hesabını... Allahın da
böyüklüyü elə ondadır ki, heç kəsi incitmədən hərənin işinə əncam çəkir və hər
işi ədalətli sonluğa yönəldir. Yoxsa siçovul hara, ədalət hara!
İsfəndiyar
qərara aldı ki, heç kimə bir söz deməsin. Hətta evdə arvada da. Ağlı kəsməz,
kiməsə danışar. Bu ona, o buna – hamı bilər. Heç kəsin bu işdən xəbəri olmasa
yaxşıdır. Bu
əhvalat xeyli davam etdi. Siçovul İsfəndiyarı əməlli-başlı zəngin adama
çevirmişdi. Onun gizlənc yerində xeyli var-dövlət yığılmışdı. Lakin İsfəndiyar
ağıllı adam olduğundan həmin var-dövlətin bir manatına belə əl vurmamışdı.
Həmişəki işi ilə - yəni fəhləliklə məşğuliyyətini davam etdirirdi. Beləcə
beş-altı ay keçdi. Bundan sonra siçovul daha görünmədi. Təbii ki, "onluq”ların
da arası kəsildi.
İsfəndiyar
bir qədər məyus oldu. Yox! Ona görə yox ki, həyətə daha qızıl gəlmirdi. Ondan
ehtiyatlanırdı ki, qızılların yiyəsi birdən bu işdən xəbər tutub tələ qurar,
ədalətli və ağıllı siçovulu ələ keçirib öldürər. Lakin sonra bu fikirləri
başından qovdu və düşündü ki, yəqin mənim üçün gətirdiyi var-dövlətin kifayət
etdiyini düşünən siçovul indi də başqa bir kasıbın ünvanına gedir. Bu fikirlər
onu bir qədər rahatlandırdı.
...İsfəndiyar
bu sirri heç kəsə açmadı. Bu qədər var-dövlət onu yolundan azdırmadı. Qızılları
yavaş-yavaş xırdalayıb evinin, həyət-bacasının abadlığına sərf etdi. Özü usta
olduğundan işin çoxunu özü görürdü. Uşaqlar böyümüşdü. İkiotaqlı evinə daha iki
otaq əlavə etdi: biri oğlunun, ikisi isə qızlarının. Uşaqlar İsfəndiyarın bu
hərəkətindən çox razı qalmışdılar. Heç vaxt inanmazdılar ki, haçansa onların da
hərəsinin öz otağı ola bilər. Evin özülü möhkəm olduğundan İsfəndiyar ikinci
mərtəbəni də qaldırdı. Evi də, həyəti də yüksək səviyyədə təmir etdirdi.
Yarım
əsrlik ömründə İsfəndiyar çox əziyyət görmüşdü. Dözülməz həyatın ağrılarını öz
üzərində çox hiss etmişdi. O, istəmirdi ki, dünyada bir kimsə əziyyətlə
yaşasın. Odur ki, əvvəlcə kasıb qohum-qonşulara əl tutmağa başladı. Sonra isə
tanımadığı adamlardan da köməyini əsirgəmədi. Xəstəsi olana, maddi ehtiyac hiss
edənə həmişə kömək edir, ona müraciət edəni naümid qoymurdu.
Heyvanlara göstərdiyi qayğı,
xüsusilə siçan və siçovullara olan sevgisi evdəkiləri də təəccübləndirmişdi.
Soruşanda da deyirdi ki, həmin şüursuz, dilsiz-ağılsız heyvanlar bəzi
insanlardan etibarlıdır.Fərhad Əsgərov