AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Məcəlləyə edilən dəyişiklik məhkəmə-hüquq sistemində korrupsiya risklərini azaldacaq

Məcəlləyə edilən dəyişiklik məhkəmə-hüquq sistemində korrupsiya risklərini azaldacaq

Cəmiyyət
15 İyul 2020, 13:15 151
"Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının qəbul edilməsi ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının yeni mərhələsi başlanılıb. Fərmanın əsas məqsədlərindən biri də məhkəmələrin fəaliyyətində şəffaflığın gücləndirilməsi və məhkəmə icraatının səmərəliliyinin artırılmasıdır. Bu dəyişikliklər məhkəmələrə olan ictimai etimadı daha da artıracaq”. 

Bunu APA-ya açıqlamasında Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişiklikləri şərh edən deputat Kamal Cəfərov deyib. 

O bildirib ki, Cinayət-Prosessual Məcəlləsində edilən dəyişikliklərin isə bir neçə istiqaməti var: "Birincisi, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə məsuliyyətdən azad etmənin prosessual əsası müəyyən edilir. Bir sıra cinayətlərə görə şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilə bilər. Sonuncu islahatlar nəticəsində bu, həm məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı və ya məhkəmə icraatı zamanı məhkəmənin qərarı ilə həll ediləcək. Əvvəllər dövlət ittihamçısı yalnız ona məlum olan hallar çərçivəsində cinayət təqibini istisna edən hallar olarsa, cinayət təqibindən imtinanı bildirə bilərdi. Yeni dəyişiklik isə dövlət ittihamçısı hətta bəraetverici əsaslar olmadıqda belə müdafiə tərəfinin razılığı ilə cinayət təqibindən imtina edə bilər”. 

Deputat qeyd edib ki, digər konseptual dəyişiklik isə məhkəmə proseslərinin audioyazısı ilə bağlıdır: "Belə ki, məhkəmə iclasında sədrlik edən hakim iclasların fasiləsiz audioyazısının aparılmasını təmin etməlidir. Əgər məhkəmənin yazılı protokolu ilə audioyazı arasında ziddiyyət olarsa, audioyazıya üstünlük verilir. Bununla yanaşı bütün prosessual sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, qeydiyyatı və dövriyyəsi təmin ediləcək. Məhkəmə prosesinin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayətlər barədə məlumat almaq imkanı təmin ediləcək, onlara bu barədə elektron bildirişlər həm elektron poçt, həm də SMS vasitəsilə bildiriləcək. Eyni zamanda, əvvəllər dindirməyə çağırış vərəqələri ilə çağırılırdılarsa, indi həm SMS bildiriş, həm elektron sistemdən istifadə edilməklə çağırıla bilər. Bütün sənəd dövriyyəsinin təhlükəsizliyinin təminatı üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imzadan istifadə ediləcək. Həmçinin bütün elektron sənədlər kağız sənədlərlə eyni hüquqi qüvvəyə malik olacaq. Əgər sənədlər elektron sistem vasitəsilə təqdim edilərsə, məhkəmə həmçinin onun digər qaydada verilməsini tələb edə bilməz. Yeni portal həm də imkan verir ki, yalnız məhkəmə və vətəndaş arasında deyil, həmçinin məhkəmə və prokurorluq orqanları arasında, yəni, hakim və dövlət ittihamıçı arasındakı kommunikasiya və sənəd dövriyyəsi elektronlaşır. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə prosesi zamanı şübhəli və ya təqsirləndirilən şəxslər, mülki iddiaçı, mülki cavabdeh, zərər çəkmiş şəxs, zərər çəkmiş və təqsirləndiirlən şəxslərin nümayəndələri, xüsusi ittihamçı, şahid, ekspert, mütəxəssis videokonfrans vasitəsilə prosessual hərəkətlərdən istifadə edə bilər. Hətta cinayət prosesinin iştirakçısı ölkə hüdudlarından kənarda olduqda, bu barədə onun olduğu ölkənin müvafiq dövlət qurumu vasitəsi ilə dindirilə bilər”. 

K. Cəfərov nəzərə çatdırıb ki, digər konseptual dəyişiklik kassasiya şikayətinin verilməsi üçün müddətin bərpası ilə bağlıdır: "Əvvəllər müddətin bərpası üçün yeganə əsas fövqəladə hadisə idi. Bu da kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasını imkansız edirdi. İndi yeni bir əsasın əlavə edilməsi təklif edilir. Əsas kimi həmin şəxsin iradəsindən asılı olmayan digər hal kimi müəyyən edilir. Eyni zamanda, əvvəllər şəxs bu müddətin bəspası üçün Ali Məhkəmə qarşısında vəsatət qaldıra bilərdi. İndi isə bu imkan apelyasiya məhkəmələrinə verilir. Çünki əvvəl bu məsələyə bir mərhələdə ali məhkəmədə baxılırdı, indi isə həm Apelyasiya, həm də Ali məhkələr baxa bilər. Daha sonra əvvəl əgər müddət bərpa edilirdirsə, bu barədə yalnız həmin şəxsə məlumat verilirdi, yeni dəyişiklik isə Apelyasiya Məhkəməsinin üzərinə öhdəlik qoyur ki, Apelyasiya Məhkəməsi cinayət işini materiallarla birlikdə Ali Məhkəməyə təqdim edilməlidir. Əgər Apelyasiya Məhkəməsi müddəti bərpa etməzsə, şəxs bu barədə Ali Məhkəməyə müraciət edə bilər”. 

Deputat qeyd edib ki, sonuncu konseptual dəyişiklik xarici dövlətlərin məhkəmələrin hökmlərinin tanınması ilə bağlıdır: "Bildiyiniz kimi, bundan əvvəl xarici dövlətlərin məhkəmələrinin qərarları tanınması yalnız beynəlxalq müqavilə mövcud olduğu halda mümkün olurdu, indi belə beynəlxalq müqavilə olmadıqda qarşılıqlı prinsip əsasında tanınacaq. Eyni zamanda, xarici dövlətlərin müvafiq qurumları tərəfindən təqdim ediləcək müraciətin məzmunu və hansı məlumatlar təqdim edilməlidir, onlar göstərilməlidir. Xarici dövlətin məhkəmə hökmü ilə bağlı sorğu baxılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilir. Baş Prokurorluq isə həmin sorğunun qanunvericiliklə nəzərdə tutulmuş tələblərə cavab verib-verməməsini araşdırır. Əgər sorğu qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verərsə, Azərbaycan Respublikasının Baş prokuroru və ya müavini bu barədə təqdimatı Apelyasiya Məhkəməsinə təqdim edir. Məhkəmənin vaxtı və yeri barədə bütün tərəflər məlumatlandırılır. Xarici dövlətin məhkəmə qərarı tam, qismən və ya tanınmaya bilər. 

İmtina isə aşağıdakı səbəblərdən ola bilər: "1cisi xarici dövlətlərin məhkəmələrinin qərar və ya hökmləri Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə zidd olduqda;

2-cisi həmin qərarlar qəbul edilərəkən, şəxsin minimal hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququ təmin edilməzsə;

3-cüsü sorğu edən ölkədə qüvvəyə minməyibsə, və ya bütün instansiyalardan keçməyibsə; 

4-cüsü eyni əməl üzrə cinayət işinə xitam verilibsə və cinayət işinin başlanılması rədd edilməsi barədə qərar qəbul edilibsə”. 

K. Cəfərov hesab edir ki, Cinayət Prosessual Məcəlləyə qəbul edilən dəyişiklikləri məhkəmə-hüquq sistemi üçün konseptual innovasiyadır:

"Bu dəyişikliklər məhkəmə-hüquq sistemini, prosessual hərəkətləri daha da şəffaf edəcək, bu sahədəki səmərəliliyi artıracaq, həm hakimlərin, prokurorların, həm də vətəndaşların prosessual yükünü azaldacaq, onlar arasında təması minimuma endirəcək. Bu da öz növbəsində məhkəmə-hüquq sistemində korrupsiya risklərini əhəmiyyətli dərəcədə azaladacaq, vətəndaşların etimadını artıracaq”.