MDU tələbələri İnformasiya Texnologiyaları İnstitutunda təcrübə keçəcək
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU)
Bakı filialı ilə AMEA İnformasiya Texnologiyaları İnstitutu (İTİ) arasında
tələbələrin istehsalat təcrübəsi keçmələrinə dair müqavilə imzalanıb.
Müqaviləyə əsasən, MDU-nun Bakı filialının "Tətbiqi
riyaziyyat” fakültəsinin IV kurs tələbələri 2020-ci ilin 31 avqust – 12
sentyabr tarixlərində İTİ-də istehsalat təcrübəsi
keçəcəklər.
İnformasiya texnologiyaları sahəsində tədqiqat aparan tələbə-gənclərə institutda
istehsalat təcrübəsi müddətində nəzəri və texnoloji biliklər aşılanacaq. O cümlədən tədqiqat mövzusu ətrafında
araşdırma aparmaq, əlaqəli işlərin icmalını hazırlamaq, elmi mənbələrin
axtarışı, beynəlxalq təcrübədə mövcud olan qiymətləndirmə üsullarının tədqiqi,
məsələnin qoyuluşuna uyğun olaraq metodun seçilməsi və tətbiqi, hesablamaların
aparılması və əsaslandırılması, tədqiqat zamanı əldə edilmiş nəticələrin təqdim
edilməsi bacarıqları inkişaf etdiriləcək.