• cümə, 29 Mart, 09:42
  • Baku Bakı 5°C

MDB tarixinin ən böyük sosial paketi

16.01.20 17:57 1564
MDB tarixinin ən böyük sosial paketi
Azərbaycan 4,2 milyon vətəndaşımızı əhatə edən bu paketin reallaşmasına 2,3 milyard vəsait cəlb edib

Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə 2019-cu ilin yekunları geniş təhlil olunub, iqtisadi, siyasi, sosial sahədə əldə edilən uğurlar diqqətə çatdırılıb. Ötən il sosial sahədə çox dərin islahatların həyata keçirildiyi xatırlanaraq, əhalinin 42 faizinin gündəlik gəlirlərinin, onların rifahının artırılması istiqamətində çox əhəmiyyətli tədbirlərin görüldüyü vurğulanıb. Bildirilib ki, əmək münasibətləri istiqamətində islahatların həyata keçirilməsi nəticəsində 1 milyon 350 min insanın əməkhaqqı ciddi şəkildə artıb. Nəticədə Azərbaycan minimum əməkhaqqına görə MDB məkanında alıcılıq qabiliyyəti üzrə ikinci yerə çatıb. Ölkədə 2019-cu il ərzində 153 min əmək müqaviləsi artıb. Ötən il özünüməşğulluq proqramına 10 min 354 vətəndaş cəlb edilib. 2019-cu ildə ünvanlı sosial yardım proqramı çox geniş şəkildə, 70 faizə qədər artırılıb, ümumilikdə 296 min üzvü olan 72 min ailəni əhatə edib, ailələrə ödənişin məbləği artaraq 209 manata bərabər olub. Ötən il sosial təminat sahəsində ən önəmli təşəbbüslərdən biri şəhid ailələrinə 11 min manatlıq birdəfəlik ödənişin verilməsi olub. Bu proqram 98 faiz icra olunub. On iki min şəhidimizin 18 min vərəsəsinə bu vəsaitlər tam şəkildə ödənilib. 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə 628 mənzil, 2019-cu ildə 934 mənzil təqdim edilib. Eyni zamanda, əlilliyi olan şəxslərə avtomobil təminatı proqramı davam etdirilib və onlara 600 avtomobil təqdim olunub.

Vətəndaşların rifah halının yaxşılaşdırılması
Sadalanan faktlardan göründüyü kimi, ötən il ərzində Azərbaycan və MDB tarixində ən böyük sosial paketlər reallaşdırılıb. Azərbaycan sovet vaxtından qalmış əmanətlərin qaytarılması zamanı da vətəndaşlar üçün ən məqbul prinsipi tətbiq edib və bu sahədə MDB məkanında birinci olub. 2019-cu ildə həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə edib və vətəndaşların maddi vəziyyətini yaxşılaşdırıb. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəziləri isə 2 dəfə artırılıb. Sosial infrastrukturla bağlı da böyük işlər görülüb, 60 tibb müəssisəsi, 84 məktəb tikilib və ya təmir edilib. Keçən il plandan əlavə 900-dən çox şəhid ailəsinə mənzil təqdim olunub. Şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox evlərin tikiləcəyi, onlara 1500 mənzilin veriləcəyi planlaşdırılır. Bütün bunlar sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardır. Heç şübhəsiz, bu siyasət cari il üçün də üçün prioritet məsələ olaraq qalacaq.

Sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə vurğulandığı kimi, 2019-cu ildə Azərbaycanda böyük bir sosial paket reallaşdırılıb. Onun sözlərinə görə, bu prosesə 4,2 milyon vətəndaşımızı əhatə edən 2,3 milyard vəsait cəlb olunub: "Buraya minimum əmək haqqının iki dəfəyə qədər artırılması, təqaüd və pensiyaların 70 faizdən çox artırılması, həmçinin digər təqaüdlərin də önəmli şəkildə artırılması, problemli kreditlər probleminin həllini tapması aiddir. Təbii fəlakət baş verən ərazilərdə vətəndaşlara dəymiş ziyanın ödənməsi, onların mənzil-məişət problemlərinin həllini tapması da sadalananlara aiddir. Bundan başqa, ticarət mərkəzində baş verən yanğından sonra da dövlət vətəndaşının yanında oldu. Xatırladım ki, həm təbii fəlakət nəticəsində evləri dağılan vətəndaşlara, eləcə də yanğından maddi ziyan çəkən sahibkarlara dövlətin belə bir yardım etmək öhdəliyi yoxdur. Vətəndaş daşınar və daşınmaz əmlakını sığortaladır, hər hansı hadisə nəticəsində vətəndaşın əmlakına dəyən ziyana görə kompensasiyanı sığorta şirkəti ödəyir. Baxmayaraq ki, Azərbaycanda təbii fəlakət nəticəsində dağılan, uçan evlərin, həmçinin yanan ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sığortası yox idi, hər zaman olduğu kimi bu dəfə də dövlət öz vətəndaşının yanında oldu, ona ciddi dəstək verdi. Əlbəttə ki, bütün bunlar Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını sübut edən amillərdir. Şəhid ailələrinə birdəfəlik ödəmələrin edilməsi, şəhid ailəsi və Qarabağ qazilərinin, əlilliyi olan şəxslərin mənzillə, avtomobillə təmin edilməsi də bu qəbildəndir. Sözsüz ki, bu tədbirlər davamlı xarakter daşıyır və cari ildə də bunun şahidi olacağıq. 2020-ci ilin dövlət büdcəsində 2,8 milyard manat vəsait məhz sosial layihələr üçün nəzərdə tutulub”.

Dinamik inkişaf yolu
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə də Azərbaycanın MDB tarixində ən böyük sosial paketə imza atdığını xatırladıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas etdiyi, dinamik islahatlar yoluna çıxardığı müstəqil Azərbaycan bu gün sabit şəraitdə sürətlə inkişaf edir. Millət vəkilinin sözlərinə görə, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib: "Dinamik inkişaf yolunda əmin addımlarla irəliləyən ölkəmiz uğurlu idarəetmə nəticəsində beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib, istənilən müstəqil dövlətin həsəd apara biləcəyi zirvələri fəth edib. Azərbaycanda vətəndaşların mənafeyinin və hüquqlarının üstünlüyünü hədəf seçmiş islahatlar, enerji, nəqliyyat sferalarında, xarici siyasətdə qazanılan bənzəri olmayan uğurlar bir-birini tamamlayaraq, dövlətin dayanıqlı inkişafında harmoniya yarada bilib. Bu gün Azərbaycan alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla, minimum əmək haqqı göstəricisinə görə MDB ölkələri arasında 2-ci yerdədir. Qonşu ölkələrlə müqayisədə bu göstərici Ermənistandan 2.1 dəfə, Qazaxıstandan 1.6 dəfə, Gürcüstan və Rusiyadan 1.4 dəfə yüksəkdir. Bu da öz növbəsində Azərbaycan vətəndaşının alıcılıq qabiliyyətinin yüksək olduğunu, minimal əmək haqqı ilə də digər ölkələrlə müqayisədə sosial rifahının daha yüksək olduğuna işarədir”.

Vətəndaşların dövlətdən gözləntiləri
Deputat P.Kərimzadə qeyd edib ki, yola saldığımız 2019-cu ildə də özünün intibah dövrünü yaşayan Azərbaycanın siyasi, iqtisadi, sosial həyatında böyük dəyişikliklərlə yadda qalıb: "İndinin özündə də ölkənin bütün regionlarında geniş abadlıq-quruculuq işləri aparılır, yollar çəkilir, körpülər salınır, beynəlxalq layihələr icra edilir, ən əsası,əhalinin güzəranı gündən-günə yaxşılaşır. Əldə edilən uğurlar, iqtisadi tərəqqi deməyə əsas verir ki, Azərbaycanı inkişaf etmiş bir ölkə kimi görmək istəyən ulu öndər Heydər Əliyevin arzuları bu gün həyata keçib. Prezident İlham Əliyevin gərgin əməyi nəticəsində sosial sahədə çoxlu qanunlar qəbul olunub, fərman və sərəncamlara imza atılıb, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Ötən il məcburi köçkünlər üçün, şəhid ailələri, müharibə veteranları, əlillər üçün böyük sosial paket təqdim edilib. Təkcə məcburi köçkünlər üçün 2019-cu ildə 5 mindən çox ev və mənzil tikilib. Fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədilə dövlət məsuliyyəti öz üzərinə götürüb, vətəndaşlarımızın dövlətdən gözləntilərini artıqlaması ilə yerinə yetirib. Bu qərar da tutduğu məqamdan asılı olmayaraq, hər bir azərbaycanlıda ruh yüksəkliyi yaradıb, dövlətinə və dövlətçiliyinə olan güvəni, inamı daha da artırıb. Ölkəmizdə məqsədyönlü siyasətin xalqın mənafeyini tam ifadə etdiyindən xəbər verən nümunələrin sayı-hesabı yoxdur. Dünyaya sosial dövlət kimi özünü təsdiq edən Azərbaycanda atılan hər addım, imzalanan fərman və sərəncamlar hər zaman onu göstərir ki, dövlət öz vətəndaşının yüksək rifahının təminatçısıdır. Əminik ki, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən layihələr bundan sonra da davamlı olacaq”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər