• çərşənbə axşamı, 16 aprel, 15:17
  • Baku Bakı 19°C

MDB sərhədləri ətrafında terror təhlükəsi

12.06.19 19:45 719
MDB sərhədləri ətrafında terror təhlükəsi
MDB-yə üzv olan dövlətlərin sərhədlərində təhlükəsizlik məsələsi zaman-zaman ən müxtəlif səviyyələrdə, ekspert və siyasi dairələrdə, eləcə də, Qərb və Rusiya mediası tərəfindən mütəmadi olaraq qaldırılıb. Maraqlıdır ki, bu məsələ daha çox Rusiya mediası və hakimiyyəti tərəfindən qabardılır. Xüsusən də Qərbin regionun hansısa bir qurumu ilə əməkdaşlıq məsələləri peyda olan kimi, dərhal təhlükəsizlik, terrorizm məsələsi qabardılır. Yeri gəlmişkən, bir neçə gün bundan əvvəl MDB-yə daxil olan ölkələrin müdafiə nazirlərinin Anapada keçirilən son iclasında MDB sərhədləri ətrafında yaranmış gərgin vəziyyət və bunun dövlətlərin suverenliyinə zərbə olacağı mövzusu prioritet təşkil edib. Rusiya müdafiə naziri Sergey Şoyqu həmkarlarını inandırmağa çalışıb ki, Birlik ölkələrinin təhlükəsizliyinin təminatına yalnız birgə səylərlə nail olmaq mümkündür. Əlavə də edib ki, MDB-nin mövcud formatı da buna imkan verir. Rusiyanın "Rosbalt” nəşri yazır ki, MDB dövlətlərin hərbi idarələrinin əməkdaşlığı NATO-nun həddən artıq aktivliyi fonunda inkişaf edir. S.Şoyqu əlavə edib ki, ABŞ hər vəchlə nüvə-raket razılaşmalarının ləğv edilməsinə çalışır. "Bütün bunlar dünya boyu hərbi və iqtisadi təzyiqi gücləndirir. NATO qlobal informasiya təzyiqini, hərbi aktivliyini gücləndirir, güc tətbiqi ilə hədələyir”, - deyə nazir vurğulayıb.
Nazir daha bir təhlükə kimi dünyanın müxtəlif regionlarında vəziyyəti gərginləşdirən beynəlxalq terrorçu dəstələrinin "miqrasiyasını” sadalayıb. Bu durumda ortaya belə bir sual çıxır – buna qarşı necə mübarizə aparmalı? Nəşr yazır ki, Anapada keçirilən toplantının sonunda hərbi əməkdaşlıq sahəsində səylərin güclənməsi, pilotsuz aviasiyanın istifadəsi, hərbi əhəmiyyətli birgə sistemlərin (hava hücumundan müdafiə) inkişaf etdirilməsi, hərbi kadrların hazırlanması və s. məsələlər ətrafında razılaşma əldə olunub. Nəşr əlavə edir ki, iclasda ümumi rəy belə olub ki, bütün iştirakçı dövlətlər dünyada münaqişə potensialının artmasından narahatdırlar. Belə bir yekdil fikir də formalaşıb ki, ən ciddi təhlükəli doğuracaq hal Mərkəzi Asiya respublikalarında formalaşıb. Bu yaxınlarda MDB xüsusi xidmət və təhlükəsizlik orqanları rəhbərlərinin Düşənbədə keçirilən iclasında da Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov bildirib ki, Rusiya və digər ölkələrdə fəaliyyəti qadağan edilən – İslam Dövləti – "Vilayət Xorasan” MDB ölkələri ilə sərhəd olan Əfqanıstanın şimal rayonlarına beş minə yaxın yaraqlı göndərib. Əlavə edilir ki, Asiya və Şimali Afrikada terrorçular tərəfindən yeni platsdarmların yaradılması mütəmadi xarakter alır. Onların arasında Suriyada döyüşən xeyli MDB vətəndaşları da var. "Diqqət çəkən hal odur ki, yaraqlıların bir hissəsi artıq evlərinə dönüb. Və bəlli deyil ki, MDB-nin təhlükəsizliyinə kim daha çox təhlükə törədir – onlar, yaxud sərhəd ərazilərdə toplaşan yaraqlılar. Vurğulanır ki, "geri dönənlər” özlüyündə "yatmış terror yuvası” təhlükəsi yaradır. Məsələ ondadır ki, sərhəddə təhlükəni bir qədər qarşısını almaq mümkündür, daxildəki qüvvəni zərərsizləşdirmək isə çətinlik törədir”, - deyə "Rosbalt” yazır. Rusiya nəşri daha sonra belə bir sualla çıxış edir – MDB ölkələrinin orduları bu təhlükələrin qarşısını almaq iqtidarındadırlarmı? Bəzi dövlətlər bunun öhdəsindən gəlmək iqtidarında olsalar da, elə dövlətlər var ki, çox pis hərbi hazırlıq keçiblər. Məsələn, Military Strength Ranking təşkilatının hazırladığı hesabata görə,2018-ci ildə Mərkəzi-Asiya regionunda ən yaxşı nəticəni Özbəkistan (50) və Qazaxıstan (39) göstərib. 136 dövlət içərisində Türkmənistan 80, Qırğızıstan 91, Tacikistan isə 96-cı yerdə qərarlaşıb. Üçlükdə ABŞ, Rusiya və Çin qərarlaşıb. Özü də Özbəkistan nəzərə alınmazsa, Əfqanıstanla sərhəddə məhz regionun ən zəif dövlətləri – Türkmənistan və Tacikistan yerləşir. Ümumiyyətlə, Düşənbə bölgədə bir növ "Axilles dabanı” rolunu oynayır. Qırğızıstan isə özünün zəif ordusu ilə sonuncu yerdə qərarlaşıb. Bu səbəbdən də terrorizmin bütün region boyu və Rusiya ilə sərhəd ərazilərə yayılma ehtimalı güclüdür: "Gəlinən qənaət budur ki, Mərkəzi Asiya dövlətləri bütövlükdə birləşsələr belə təhlükəsizlik çağırışlarını kollektiv və ikitərəfli münasibətlər baxımından Rusiyanın iştirakı olmadan həll edə bilməzlər. Rusiya region dövlətlərində özünün hərbi infrastrukturunu genişləndirməyə və təkmilləşdirməyə çalışır”. Elə Şoyqu də bir qədər əvvəl Tacikistan və Qırğızıstanda hərbi bazalarının genişləndirilməsi məsələsini qaldırıb. Sonuncunun prezidenti Sooronbay Jeenbekov də bildirib ki, ölkədə ikinci hərbi bazanın yaradılması zərurəti var. Lakin bəzi ekspertlər hesab edir ki, Tacikistanda onsuz da 8 minlik Rusiya hərbi kontingenti var. Baza ən müasir "İsgəndər-M” operativ-taktiki kompleksləri ilə, eləcə də, "Uraqan” tipli od saçan qurğularla təchiz olunub. Qazaxıstan ərazisində də Rusiya hərbi bazaları var. Lakin onların heç biri ölkənin hərbi müdafiə qurğusu kimi nəzərdən keçirilmir. Qazaxıstan və Rusiyanın təhlükəsizliyi istiqamətində hava hücumundan müdafiə qurğuları işləyir. Lakin nəsə baş versə belə, yenə də Rusiyanın bu ölkədə hərbi iştirakı problemin həllində mühüm rol oynayacaq.
Beləliklə, Rusiya nəşrinin gəldiyi qənaət budur ki, MDB ölkələrinin sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi yalnız ümumi səylərlə mümkündür. Əlavə edilir ki, bütövlükdə regionda çoxsaylı hərbi-siyasi problemlər mövcuddur. Onların da həllini tapmaması təhlükəni sürətlə MDB məkanına yaya bilər. Bildirilir ki, fövqəldövlətlərin, regional güclərin geosiyasi maraqlarının kəsişməsi də bölgəni cəlbedici edir. Ən ciddi problem isə terrorizmdir. Bu səbəbdən də ən böyük önəm terrorizmin tüğyan etdiyi Əfqanıstana yönəlməlidir. İlk növbədə də Əfqanıstanın daxilindəki problemlər həlini tapmalıdır. Burada bir-biri ilə mübarizə aparan qüvvələr arasında sabitlik zəruri məsələdir. Bunun üçün isə ilk növbədə ən müxtəlif səviyyələrdə kompromis gərəkdir: ABŞ-Çin, Rusiya-ABŞ və s. Bu isə o deməkdir ki, müvafiq işlərin həllinə ən azı onilliklər gərək olacaq.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər