• şənbə, 02 Avqust, 19:49
  • Baku Bakı 33°C

Mazut istehsalında rekord artım

02.08.25 01:07 246
Mazut istehsalında rekord artım

Mazut istehsalında əvvəlki illərdə görülməmiş artım müşahidə edilib. Ölkəmizdə mazuta tələbat olmadığından istehsal olunan məhsul bütünlüklə ixraca yönəldilir. 

Son illərdə qlobal enerji bazarında baş verən dəyişikliklər, həmçinin Azərbaycanın neft və qaz sektorunda həyata keçirdiyi modernizasiya tədbirləri ölkədə neft məhsullarının istehsal dinamikasına da təsir göstərməkdədir. Bu kontekstdə 2025-ci ilin yanvar-aprel aylarında mazut istehsalının kəskin şəkildə artması diqqət çəkir. Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin dövrdə mazut istehsalı 55,1 min tona çatıb və əvvəlki ilin eyni dövründəkindən 55,1 dəfə çoxdur. Əvvəlki illərin dinamikasına nəzər saldıqda, vəziyyətin bu qədər kəskin dəyişməsi diqqəti cəlb edir. 2024-cü ilin yanvar-aprel aylarında ölkədə cəmi 1,0 min ton mazut istehsal edilmişdi. Daha öncəki illərdə mazut istehsalı kifayət qədər aşağı səviyyədə qalmışdı. 2023-cü ilin sonunda (dekabrın 1-nə) ölkədə hazır mazut ehtiyatı 1,4 min ton təşkil edirdi. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 min ton və ya 17,6 faiz azalma deməkdir. 2022-ci ilin sonlarında bu göstərici 1,7 min ton idi. Rəqəmlərdən də göründüyü kimi, mazut istehsalında əvvəlki dövrlərin göstəriciləri elə də çox deyil. Amma bu il üçün 55 dəfə artım əldə etmişik. Bu artımın səbəbləri nələrdir? 

“Qəzadan sonra mazutun istehsal həcmi artıb”

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevin sözlərinə görə, mazut istehsalının artmasının səbəbi əvvəlki ildə baş verən azalmadır: “Buna da səbəb olan faktorlar mövcuddur. Neft emalının dərinliyi artdıqca, mazut adətən təkrar emala məruz qalır. SOCAR-ın aktivində olan Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan iki mərhələli modernləşdirmə və yenidənqurma layihəsi çərçivəsində emal dərinliyi 97 faizə çatdırıldığından, ötən il və cari ilin yanvar-fevral ayları ərzində mazut istehsal edilməyib”. 

Z.Vəliyevin fikrincə, istehsal olunan mazut ixrac edilib: “Cari ilin mart ayının 4-də Heydər Əliyev adına Neft Emalı Zavodunda neftin ilkin emalı qurğusunda baş vermiş texnoloji qəzadan sonra, zavodun emal göstəriciləri, xüsusən də açıq rəngli məqsədli neft məhsullarının (avtomobil benzini, reaktiv mühərrik yanacağı, dizel yanacağı) emal göstəriciləri aşağı düşüb, yalnız tünd rəngli neft məhsulları qrupuna aid mazutun istehsal həcmi artıb. Bu səbəbdən də bu il üçün mazut istehsalında 55 dəfə artıma nail olmuşuq. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar - fevral aylarına emal gücündə mazut istehsalı 0,0 mt təşkil edib. Mart ayının 4-dən 25-nə kimi neft emalı zavodunda 42400 ton mazut istehsal edilərək, Gürcüstanın Qara dəniz kəsimində yerləşən SOCAR aktivində olan Kulevi terminalı üzərindən beynəlxalq müştəri bazarlarına göndərilib”. 

“Gələcəkdə mazut istehsalı gözlənilmir”

Ekspert düşünür ki, artıq ölkəmizdə mazuta tələbat azalır, o səbəbdən də istehsalı azalan istiqamətdə gedəcək: “Bizdə mazuta ümumiyyətlə ehtiyac yoxdur. Çünki, aktivimizdə olan İES-lər mazut rejimində yox, metan tərkibli təbii qaz rejimində fəaliyyət göstərir. Azərbaycanın daxili bazarında bu yanacağa tələbat minimaldır, çünki yerli elektrik stansiyaları gündəlik xammalla yüklənmədə əsasən təbii qazdan istifadə edir. Ümumiyyətlə, yeni iqlim tələbləri və sərt ekoloji standartlar çərçivəsində elektrik stansiyalarında xammal olaraq mazutdan istifadə məqsədəuyğun deyil. Cari ilin may ayının ilk ongünlüyündə Neft Emalı Zavodunda baş vermiş texnoloji qəzanın nəticələri aradan qaldırıldıqdan sonra, zavodda mazut istehsalı dayandırılıb və növbəti aylarda adıçəkilən yanacaq növünün istehsalı gözlənilmir”. 

Elektrik enerjisinin strukturundan asılıdır

İqtisadçı Eldəniz Əmirov da artımın əsas səbəbini baş verən texniki problemlərdə görür: “Mazut daha çox elektrik enerjisinin istehsalında istifadə olunan xammaldır. Ölkəmizdə elektrik enerjisinin strukturundan asılı olaraq istehsalı baş verir. Bütün hallarda neftin sonrakı proseslərdə emalından, emalın hansı dərəcəyə qədər aparılmasından, emaldan alınan mazutun hansı istiqamətdə istifadəsindən asılı olaraq istehsal həcmi dəyişə bilir. 2025-ci ilin ötən dövrü ərzində mazut istehsalındakı 55 dəfə artımın başlıca səbəbi 2024-cü ildəki göstəricilərin kifayət qədər aşağı olmasıdır. Bir il əgər göstərici aşağıdırsa, digər il istehsal normal olduqda da artım kimi nəzərə çarpır. 2024-cü ildə mazutun istehsalındakı azalmanın səbəbi onunla bağlı müxtəlif fəaliyyət sahələrində enişlərin olmasıdır. Bu, təmirlə əlaqədar da ola bilər. Həmçinin hansısa istehsal prosesinin müəyyən səbəblərdən dayanması hesabına da baş verməsi mümkündür”.

E.Əmirov mazut istehsalının artmasının iqtisadiyyatımız üçün faydalarından da danışdı: “Mazut istehsalının artması və ya azalmasının dövlət büdcəsinə hər hansısa bir xüsusi üstünlük qazandırdığını düşünmürəm. Çünki istehsalatın həcmi hər an dəyişə bilir. Bildiyimiz kimi neftdən alınan məhsullar müxtəlif təyinatlar üzrə istifadə olunur. Bəzi illərdə neft məhsullarından biri gəlirli olur, gələcək dövrdə digəri”. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər