• çərşənbə axşamı, 23 aprel, 21:16
  • Baku Bakı 20°C

Sinxronisti tanıdan tərcümənin keyfiyyətidir - Peşə

15.11.19 13:15 2741
Sinxronisti tanıdan tərcümənin keyfiyyətidir - Peşə
Rima Əhmədova: "Universiteti bitirib 3 iş yeri dəyişdiyimdə, hələ də sinxronistin gündəlik həyatı haqqında məlumatım yox idi, amma mən onu istəyirdim”
Anasının istəyi ilə tərcümə sahəsində təhsil alıb. Ancaq o, bu yönləndirmədən peşman deyil, hətta bundan çox məmnundur. Deyir ki, hər dəfə tədbirlərdə iştirak edib evə qayıdanda, anasına təşəkkür edir. Müsahibimiz Azərbaycan, rus, ingilis dillərində sinxron tərcüməçi işləyən Rima Əhmədovadır. Qeyd edək ki, Rima Əhmədova Azərbaycan Dillər Universitetində tərcümə üzrə həm bakalavr, həm də magistr təhsili alıb.

- Rima xanım, tərcümə sahəsində təhsil almaq öz arzunuz idi?
- Yox, anamın istəyi əsasında seçim etmişdim. Anam uşaqlığımdan hiss edib ki, bu peşə mənə daha uyğundur. Həmişə məni tərcüməçi gördüyünü deyirdi. Mən də onun bu istəyi əsasında seçim etdim.

- O vaxt özünüzün başqa ixtisasa marağınız yox idi?
- Düzü, məktəbdə oxuyanda, gələcəkdə hansı peşədə çalışmaqla bağlı düşünmürdüm. Çünki məktəbdə peşələrlə bağlı məlumatlandırılma cəhətdən bir iş aparılmamışdı. Avropada məktəb vaxtı uşaqlara peşələrlə tanışlıq imkanı yaradılır, onlarda sahələrlə bağlı müəyyən təsəvvür formalaşır və nə istədiklərini, əmək bazarındakı tələbi, proqnozları bilərək seçim edirlər. Əfsus ki, bizdə bu cəhətdən işlər yoxdur. İndi-indi bu istiqamətdə nələrsə etməyə başlayırlar.


- Ananızın istəyi əsasında seçim edib, universitetə qəbul oldunuz. Təhsil müddəti necə keçdi? Tərcümə ilə bağlı fikirləriniz dəyişmədi ki?
- Əslində, gözləyirdim ki, öz sahəmizlə bağlı təcrübə də keçəcəyik, sinxron tərcüməçilərlə tanış olacağıq. Amma universitet dövründə bunları görmədik. Ona görə, sinxron tərcüməçi kimi işə başlamağım bir az gec oldu, universiteti bitirib 3 iş yeri dəyişəndən sonra sinxron tərcüməyə gəldim. Amma tərcümə ilə bağlı fikrim universitet vaxtı qətiyyən dəyişmədi. Bu gün hər dəfə tədbirlərdə iştirak edib evə qayıdanda, anama təşəkkür edirəm. Nə yaxşı ki məni bu ixtisasa yönəldib.

- Sinxron tərcümədən öncə hansı sahələrdə işlədiniz?
- Universiteti bitirəndən sonra bir il qeyri-hökumət təşkilatında, bir il də neft şirkətində köməkçi kimi işlədim. 3 il isə dünyanın 4 böyük audit şirkətindən biri olan EY (Ernst & Young) şirkətinin Azərbaycan nümayəndəliyində tərcüməçi vəzifəsində çalışdım. O iş yeri mənim üçün gözəl təcrübə oldu. Çünki səhərdən axşama qədər tərcümə işləri görürdüm. Əsas işim yazılı tərcümə olsa da, arada şifahi tərcümələrə də gedirdim. Neft şirkətində işləyəndə də bəzən şifahi tərcümələr edirdim. Ardıcıl tərcüməyə gedəndən sonra hiss etdim ki, istədiyim yazılı deyil, şifahi tərcümədir.

- Bəs o illər sizin üçün necə keçdi?
- Müxtəlif işlərdə çalışdım, amma daxilimdə həmişə sinxron tərcüməçinin həyat tərzini fikirləşirdim, onu arzulayırdım. Çox qəribəsi odur ki, universiteti bitirib 3 iş yeri dəyişdiyimdə, hələ də sinxronistin gündəlik həyatı haqqında məlumatım yox idi, amma mən onu istəyirdim. İndi başa düşürəm ki, içimdə arzuladığım iş, sinxron tərcüməçinin həyat tərzi idi. Hər bir insan içində nə istədiyini bilir. Ona görə, içinə baxmaq lazımdır, ətrafa yox.

- Yazılı və ardıcıl tərcümə ilə müqayisədə, sinxron tərcümə daha çətindir. Sinxrona keçid prosesi necə getdi?
- Sinxron tərcümə ilə məşğul olmaq üçün ilk növbədə təcrübə yığmaq lazımdır. Bunun üçün isə ən yaxşı üsul yazılı tərcümədən başlamaqdır. Çünki yazılı tərcümələr etdikcə, yeni terminlər, ifadələrlə qarşılaşırsan, biliyin artır. Mən də yazılı tərcümə ilə başladım, sonra ardıcıl tərcüməyə keçdim. Bir neçə il ardıcıl tərcümə ilə məşğul olandan sonra isə sinxron tərcüməyə yönəldim.


- Qrup yoldaşlarınızın neçə faizi hazırda sinxron tərcümə sahəsindədir?
- Biz qrupda 5 nəfər idik, paralel qrupda isə 7 nəfər var idi. Bu iki qrupdan yalnız mən sinxron tərcüməçi oldum. Hətta alman, ispan, fransız dillərində oxuyan yoldaşlarımdan da, bu gün sinxron tərcümədə olanları görmürəm.

- Sinxron tərcüməçilərin çoxu gənclər deyil, daha yuxarı yaşlardadır. Siz artıq 30 yaşda bu sahə ilə məşğul olmağa başlayıbsınız. Sinxron tərcüməçi kimi yetişmək üçün özünüz nələr edirdiniz?
- Hər gün oxuyurdum, müəyyən ifadələr, terminlər yazırdım. Bir dəftərçəm var, yeni sözlər, ifadələr gördükdə orda qeyd edirəm. Sonra boş vaxtlarım olanda, yenidən onları vərəqləyib baxıram, yadıma salıram. Davamlı olaraq işlədiyim dillərdə videolara qulaq asıram, çünki bu iş elədir ki, qulaqların bu dildə danışığa alışmalıdır. Bir də ki Avropa İttifaqının xüsusi saytı var, orda sinxron tərcümədə dilini inkişaf etdirmək üçün qısa videolar yerləşdirilib, onları dinləyirdim. Özümü yetişdirmək üçün bunları edirdim. Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının xətti ilə Elmar Fərəcov, İsrafil Xakiyev mənə imkan yaratdılar ki, ən azından, onların yanında oturub işlərini müşahidə edim, qulaq asım, tərcümələr edim.

- Dediniz ki, davamlı olaraq özünüzü inkişaf etdirirsiniz, yeni sözlər öyrənirsiniz. Maraqlıdır, iş prosesində bilmədiyiniz, sizin üçün yeni olan bir sözlə qarşılaşanda vəziyyətdən necə çıxırsınız?
- Biz tərcüməçilərin kompüter kimi gözəl köməkçiləri var. Həmişə tədbirdən öncə internetə qoşuluruq. Kompüterimdə lüğətlərim var, bilmədiyim söz olanda, anında kompüterdə onu axtarıb tərcüməsini tapıram. Sürətlə onu edirik. Bu da təcrübə ilə əldə olunan bir şeydir. Yeni başladığımda bu, bir az çətin olurdu. Belə olan halda bildiyim kimi tərcümə edirdim, sonra lüğətdə sözü tapıb, daha doğru tərcüməni verirdim. Beləliklə, kiçik boşluq hiss olunmurdu.

- Hər işdə incə detallar olur. Sizin işdə bunlar nələrdir?
- Sinxron tərcümə elədir ki, biz məruzəçinin səs tonunu da auditoriyaya çatdırmalıyıq. Düzdür, sözlər məna daşıyır, amma o sözlərin necə deyilməsi, vurğunu harda qoyulması da tərcümədə önəmlidir. Sırf sözlər tərcümə olunsa, bu kimi məsələlərə diqqət edilməsə, mənada dəyişiklik ola bilər ki, bu da heç də peşəkar iş sayılmır.


- Maraqlıdır, bir sinxron tərcüməçi davamlı olaraq nə qədər müddət tərcümə etməlidir? Bununla bağlı standart varmı?
- Avropa standartlarına uyğun olaraq, bir sinxronçu 30-40 dəqiqə işlədikdən sonra fasilə verməlidir. Çünki beyin saatlarla eyni keyfiyyətdə diqqətini toplaya bilmir. Təəssüf ki, bizdə vəziyyət fərqlidir, bir tərcüməçi bəzən bütün günü tərcümə edir.

- İşinizin ən maraqlı tərəfi nədir?
- İş rejimi deyərdim. Elə gün olur ki, gün ərzində bir saat işləyirsən, elə gün olur ki, yarım gün, elə gün olur ki, bütün gün. Elə gün də olur ki, iş olmur, evdə oturub öz işlərinlə məşğul olursan. Digər maraqlı tərəfi odur ki, hər dəfə müxtəlif istiqamətli tədbirlərə gedirsən, fərqli adamların çıxışlarını tərcümə edirsən və bu zaman onlardan nələrsə də öyrənirsən.

- Tanınan simalardan kimə tərcüməçilik edibsiniz?
- Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədriCavid Qurbanov yadımdadır. Nazirlər, nazir müavinləri çox olub. Bundan əlavə, ABŞ-ın ən məşhur müasir dizaynerlərindən biri Kərim Rəşid, Maykl Ceksonun ən yaxın dostu və cərrahı Patrik Traysi, Amerika rəssamı Şeyn Qaffoq, Amerika, Fransa və İsrail səfirləri və s.

- Sinxron tərcüməçilərdə hansı keyfiyyətlər olmalıdır?
- Diqqətli dinləmək, gözəl danışıq, diksiya bacarığı olmalıdır. Stressə dözümlü olmaq da önəmlidir. Sinxronçu həm əqli, həm də fiziki olaraq dözümlü olmalıdır. Yaxşı yaddaş da lazımdır. Sinxron tərcümədə uzunmüddətli yaddaşa ehtiyac yoxdur, amma qısamüddətli yaddaşın yaxşı olması vacibdir.


- İş prosesində qarşılaşdığınız, amma sevmədiyiniz nələrsə var?
- Var (gülür). Azərbaycanda, xüsusilə, dövlət qurumlarının tədbirlərində bəzi məruzəçilər əvvəlcədən material paylaşmadan, yazılı məruzəni qarşılarına qoyub çox sürətlə oxumağa başlayırlar. Heç düşünmürlər ki, tərcüməçilər onların fikrini onlarla eyni zamanda, başqa dildə auditoriyaya çatdırmalıdırlar. Təəssüf ki, bunu unudurlar. Xarici qonaqlar həmişə tərcüməçiləri nəzərə alırlar.

Digər sevmədiyim məqam da var. Belə ki, adətən, tədbirlər üçün öncədən müəyyən gündəlik hazırlanır. Gündəliklərə baxanda görürsən ki, 1.5-2 saatdan sonra fasilə verilməlidir. Tədbirdə tərcüməçi təkdirsə, onu əvəzləyəcək başqa bir tərcüməçi yoxdursa, bu fasilə mütləq olmalıdır. Bəzən fasilə məqamında moderator deyir ki, əziz iştirakçılar istəyirsinizsə, çaylarınızı götürün, biz davam edək. Amma arxa planda fasiləsiz işləyən sinxronisti fikirləşmirlər.

- Bəs gəlirlilik cəhətdən necə sahədir?
- Hətta bu sahədə yeni başlayanlar üçün belə, gəlirli sahədir.

- İş prosesində baş verən nəyi unutmursunuz?
- Bir dəfə tədbir iştirakçılarından biri bizə yaxınlaşıb şokolad verdi və təşəkkürünü bildirdi. Dedi ki, sinxron tərcümə çox çətindir və siz bunun öhdəsindən çox gözəl gəlirsiniz, ona görə, sizə belə kiçik bir hədiyyə gətirdim. Kimsə fikirləşə bilər ki, balaca şokoladdır, amma mənim üçün əsas olan, onun işimizə verdiyi dəyər, diqqətidir. Bu, həmişə olmur. Bir çox hallarda tədbirlərdə sinxronistləri unudurlar.

- Sinxronçular adətən üzdə deyil, auditoriyadan kənarda "budka”larında otururlar. Yəni arxa planda olurlar. Maraqlıdır, bu sahədə tanınmaq necə prosesdir?
- Sinxronisti tanıdan tərcümənin keyfiyyətidir. Əgər keyfiyyətli tərcümə edirsənsə, qulaqlara yatan, xoş səsin varsa, o zaman səni tanıyacaqlar. Bir çox DJ-ləri üzdən tanımırıq, amma onların işi adlarını bizə tanıdır.

- Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?
- Kitab oxuyuram. Məsələn, psixologiya mənim üçün maraqlıdır, o istiqamətdə kitablar oxuyuram. Bundan başqa kapoyera ilə məşğul oluram. Aradabir at da sürürəm. Dostlarla, ailə ilə vaxt keçirirəm.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər