AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Mayın 31-i Dünya Tütünsüz Günü qeyd edilir

Mayın 31-i Dünya Tütünsüz Günü qeyd edilir

Təfsilat
31 May 2020, 13:30 173
Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1988-ci ildən etibarən hər il mayın 31-i Dünya Tütünsüz Günü kimi qeyd edilir.
AZƏRTAC xəbər verir ki, həmin gün 1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasının 42-ci sessiyasında 19 saylı qətnamə ilə təsis olunub. Bu günün qeyd olunması diqqəti tütündən istifadənin sağlamlıq üçün yaratdığı təhlükələrə yönəldir və dövlətləri tütün istehlakının miqyasının azaldılması üzrə effektiv siyasət aparmağa çağırır.
Aparılan statistikaya görə, hər il dünyada təxminən 8 milyon nəfər "tütün epidemiyası”nın qurbanı olur. Onların 800 min nəfərindən çoxu passiv siqaret istifadəçiləridir. Onu da qeyd etməyə dəyər ki, siqaret çəkənlərin yarısı 70 yaşına çatmadan vəfat edir. Tütündən istifadə edilməsi ölümə aparan ən mühüm səbəblərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, tütündən istifadə hazırda dünyada hər on nəfərdən birinin həyatına son qoyur. Bundan başqa, tütünçəkmənin təsiri nəticəsində 25-dən çox xəstəlik, o cümlədən ürək-damar, ağciyər və onkoloji xəstəliklər daha da ağırlaşır.
Aparılan sorğular nəticəsində məlum olub ki, tütündən istifadə edənlərin üçdə ikisi siqaretin zərərlərindən xəbərsizdir. Hazırda bu asılılığın müxtəlif üsullarla müalicəsi var və hər bir yaşda ondan imtina etmək mümkündür.
2017-ci il dekabrın 1-də ölkəmizdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun qəbul edilməsi və son illər onun icrası sahəsində görülən ardıcıl tədbirlər əhalinin sağlamlığının qorunması sahəsində çox mühüm addımdır. Ona görə də ölkəmizdə tütündən istifadə edənlərin sayı azalmağa doğru gedir.