• cümə, 29 Mart, 19:14
  • Baku Bakı 14°C

Maya Angelou

16.03.20 14:00 2799
Maya Angelou
Maya Angeleou (1928-2014) Zəncilərin Azadlıq Hərəkatının ən fəal təmsilçilərindən sayılan qadın şair və aktivistdir. O, ABŞ-ın Missouri əyalətinin Louis şəhərində dünyaya göz açıb. Şairin əsl adı Marguerite Annie Johnsondur. Onun dünyaya göz açdığı yerlərdə insanların kölə olması qanuni idi. Bu köləlik vaxt-bivaxt vətəndaş müharibələrinə səbəb olurdu, dava-dalaş, qan-qada gündəlik həyat normalarından idi. Ata-anasını vaxtsız itirən Maya sonralar ona bu adı verən qardaşı Bailay ilə birgə Stamps vilayətinə köçürlər – nənəsinin yanına.
Erkən yaşda analıq statusu qazanan şair oğlunu güzəran boğanağından qurtarmaq üçün gecə klublarında rəqqasəlik, müğənnilik edib, hətta qabyuyan işlədiyi vaxtlar da olub. Qələmini fərqli istiqamətlərdə "yorub”: Ssenarilər, pyeslər, hətta kulinariya kitabı da yazıb. Bir müddət rejissorluq edib. Ömrünün böyük bir hissəsini irqi ayrı-seçkilik yolunda mübarizəyə və qadınların hüquqlarının qorunması məsələlərinə sərf edib. Amerikada onun şəxsiyyətinə və yaradıcılığına həddən artıq böyük rəğbət var.
Həmin dövrdə zəncilərin hüquqları olmadığına görə onları qoruyan da yox idi, onlar Allaha təvəkkülü idilər. Zəncilərə təcavüz etmək, az pula, ya havayı çətin işlərdə işlətmək, bir sözlə, ağır həyat Mayanın qəlbində uşaqlıqdan güclülərə qarşı kin-küdurət yaratmışdı. Və beləcə cavanlıqdan onun şeirlərində ictimai məzmun, etirazçı ruh formalşmışdı. O, gənclik illərindən səhnəyə atılıb "Miss Calypso” adlı albom da buraxdırır. Afrika mənşəli olduğuna görə – vətəni daim onu özünə çəkirdi. Maya irqçi Cənubi Afrika rejimi tərəfindən sürgünə göndərilən, "Birləşmiş Afrika” siyasətinin liderlərində olan Vusumzi Maka ilə ailə qurur və Afrikaya gedir. Maka ilə Misirə yollanan Maya, ondan ayrılandan sonra Qanaya gedir. Onun şeirlərində Afrika sevgisi sadəcə o yerlərə cənnət nəzərində baxmaqdan ibarət deyil, xalqını, keçmişini və onlar vasitəsi ilə daxili dünyasını tanımağa yönəlikdir.
O, zaman-zaman Amerikaya qarşı etiraz edib: "Heç bir kommunist mənim babamı kölə etməyib, anamı zorlamayıb, atamı linc eləməyib”. Amma bu cür mövqeyinə baxmayaraq, Amerikada daim sevilib. Bin Kilinton 1993-cü ildə andiçmə mərasimində onun "On the Pulse of morning” ("Səhərin nəbzində”) şeirini oxuyub. 1960-da "İ know why the caged bird sing” ("Bilirəm qəfəsdəki quş niyə mahnı oxuyur”) kitabı çap olunub, nəşr əl-əl gəzib. Həmin kitabda uşaq vaxtı cinsi zorakılıq yaşamasını, liseydə oxuduğu illərdə uşaq doğmasını, bir sözlə, qaradərili olmasına görə üzləşdiyi təzyiqlər, şiddətlərlə bağlı hər şeyi açıq-aydın qələmə alıb.
Modern ədəbiyyatın nümayəndəsi sayılan bu şair sosial şeirlər yazaraq məşhurlaşıb. Zəncilərin azadlığı uğrunda yazdığı çoxsaylı şeirlər böyük oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. O, XX əsrdə şeirləri ən çox dünya dillərinə tərcümə edilən şairlərdən sayılır.
İlk şeir kitabı "Ölüb getməmiş mənə bir stəkan soyuq su verin” adlanır. Kitab oxucular tərəfindən böyük məhəbbətlə qarşılanıb, amma ədəbiyyatşünaslar tərəfindən tənqidlərə məruz qalıb, "adi” yazmasını, poetiklikdən uzaq olmasını ona irad tutublar. "De görək qanadlarım mənə necə yaraşır” adlı şeir kitabı isə onu oxuculara məhəbbət şairi kimi tanıdıb – bu xətt onun yaradıcılığının tamam fərqli istiqaməti kimi yadda qalıb. "Niyə mahnı oxumursan, Şaker” şeir kitabında məhəbbət melonxoniyası lap qatılaşır. Amma "Ayağa qalxıram” kitabı ilə ictimai məzmunlu şeirlərini daha kəskin intonasiyada davam etdirir. "Tərpənməyəcəyəm” adlı kitabı ilə də zəncilərin hüquqları, səfil-sərgərdanların şəhər həyatı kimi məsələlərə şeirlərində yeni poetik məna qazandırıb. Onun şeirlərini oxuculara ən çox avtobioqrafik məzmun daşıması sevdirir, hətta onun azadlıq ruhlu şeirləri "Amerika zəncilərinin milli marşı” adlandırırlar.
O, sadəcə şair deyildi, həm də sözçü idi: Afrikadan Qərbə zorla gətirilən kölələrin, irqi ayrı-seçkiliyi körükləyənlərə qarşı çıxanların, ağasının dinini qəbul etməyə məcbur olanların sözçüsü idi və şeirlərində bu problemlərə bəs qədər yer ayırıb. Əslində, o, tarix səhnəsindən silinmiş azad qadının ruhlarını şeirlər vasitəsi ilə özlərinə qaytarıb, belə demək mümkündürsə Həvvadan üzü bəri güclü qadınların simvolu mövqeyindən çıxış edib. Onun poetik ritm seçimləri, məcaz sistemləri, "həbsxana nəğmələri” üslubundakı bəzi poeziya nümunələri özünəməxsusdur və bu indivuduallıq onun şöhrətinə şöhrət qatıb. Onun şeirlərində həm də Amerika zəncilərinin, narkomanların arqolarına rast gəlinir... O, bir şair kimi öz poeziyasına fərqliliklərin zənginliyini yaşadıb.
banner

Oxşar Xəbərlər