• cümə, 29 Mart, 15:26
  • Baku Bakı 14°C

may ayından fraqmentlər

02.06.14 13:33 1601
may ayından fraqmentlər
(şeir-esse)
***
heç nə uzun sürmür; nə gözəllik, nə cavanlıq, nə xoşbəxtlik, nə bədbəxtlik.
ömür də elə. hər şey daimidir amma, dəyişmələr şəklində. uşaq idi əvvəlcə.
yox, heç uşaq da deyildi. nə idisə yox idi əvvəlcə, - yəni var idi. sonra doğuldu körpə şəklində. cavan oldu. qoca oldu. oldu, oldu, oldu və öldü. yenə yox oldu,
ya da yenə doğuldu.
heç nə uzun sürmür. körpə də oldu, cavan da, qoca da. ya da nə körpə oldu, nə cavan, nə də qoca. xoşbəxt də oldu, bədbəxt də. ya da nə xoşbəxt oldu, nə də bədbəxt. gözəl də oldu, çirkin də. ya da nə gözəl oldu, nə də çirkin. var da oldu, yox da. ya da nə var oldu, nə də yox.
***
hələ dünən dəniz sahilində idim. geri çəkilmişdi dəniz bir neçə addım; bəlkə də çox, bəlkə də az. mən öz arşınımla ölçürəm geriçəkilməni. dənizinsə öz ölçüləri var yəqin. bir qız çöməlib, nəsə cızırdı ləpələrin tərk eləyib uzaqlaşdığı qumluğun üstə. “nə yazırsan belə həvəslə, nə yazırsan, gözəl qız, pozular onsuz da tez-gec yazılan bütün yazılar”. heç nə uzun sürmür, hər şey daimidir amma.
baxıram maraqla həyata vurğun gözəl qızın cızdıqlarına. ləpələr yaxınlaşdıqca indi sevinə-sevinə geri çəkilir qumluğa məzəli rəsmlər cızan o qız. yazdıqlarını həvəslə təslim edir dənizə.
***
pozulmayan yazılar da var axı, deyəsən. ömrünün son günlərini yaşayan ümidsiz xəstə. eləsini siz də görmüsünüz yəqin. oturub öz ölmünü müşahidə edir səbrlə. sonunu gözləyir bir həyat tarixçəsinin. hər şey son üçün yaranıb sadəcə. “son”a qədər daim darıxır, tələsir yaranan. bütün tarixlər müxtəlifdi, nəticə eyni. həyat ki var qısametrajlı film. uzun sürmür; yaşam müddəti bir aldanış. istər 50 olsun, istər 150. eyni hissi yaşayar insan; ömür – an – daima keçmişə yuvarlanan. heç nə uzun sürmür, hər şey daimidir amma.
nəhayət. uzanır xəstə asta-asta və son dəfə nəfəs alıb, özü örtür gözlərini və gözlərindəki ümidsizliyi.
***
həyətimizdəki yaşıllıq heyran edir adamı. otlar çox boy atıb amma, arasında addabudda tikanlı kollar. kolları biçməyin vaxtıdı. elə otları da. yoxsa bir də gördün ilanlar dolaşır otların arasıyla. qarşısını almaq gərəkdi gözəllikdə vurnuxa biləcək təhlükənin. arabir qurban vermək lazımdı gözəlliyi də. heç nə uzun sürmür, hər şey daimidir amma.
necə həvəslə biçir yaşıllığı günəmuzd işləyən cavan mırıqdiş oğlan. ya heyvanlara yem olacaq göz oxşayan yaşıllıq, ya da yığılıb bir tərəfə taya şəklində solacaq itirincə gözəlliyini.
***
bulaqdan su yığıram balonlara. su – azıb, bəlkə də azdırılıb, - dağlardan süzülüb gələn, itirməyib sərinliyini. hələ hopdurmayıb canına qapalı məkanların istiliyini.
bulaq başındakı yerimi təhvil verirəm başqasına. növbə onundu indi. başqa gözləyənlər də var. gözləyirlər və yaxınlaşırlar bulağa növbə ilə. darıxmayın, tələsməyin də, xanımlar və cənablar: heç nə uzun sürmür, hər şey daimidir amma.
uzaqlaşıram bulaqdan avtomobilin baqajında balonlarda sərin dağ suyu. uzaqlaşdıqca isinir yavaş-yavaş itirsə də azadlığını.
***
izdihamlı zal. yubiley toplantısında çıxışımdan: “zaman ki var – o ya var, ya da yoxdu. yoxdusa, çox yaxşı, itirər yaşı ifadə eləyən o rəqəmlər mahiyyətini. varsa da, fərq etməz, yan keçir çox sevdiyim bu adamın taleyindən...”
yaranan nə varsa ömür - daşıyar özüylə kiçik, bambalaca bir hissəsini yaradanın. yaradansa bir od misalı, nə qədər paylansa azalmaz.
heç nə uzun sürmür onsuz da, hər şey daimidir amma. doğulsa da, yox olsa da, qayıdış var hər an, qayıdış. tələsər, darıxar. darıxar, tələsər. qayıdar, elə hey qayıdar. gözləyən var axı təbəssümlə.
... – 26.05.2014
banner

Oxşar Xəbərlər