• cümə axşamı, 02 may, 01:19
  • Baku Bakı 15°C

Dünyada ucuz qaz dövrü bitir

14.08.21 10:00 829
Dünyada ucuz qaz dövrü bitir
Mavi yanacağın "odlu" günləri başlayır
Avropada təbii qazın qiyməti rekord həddə çatıb. "Blumberq” agentliyinin məlumatına əsasən, artıq dünyada ucuz qaz dövrü bitir, onu bahalı enerji əvəzləyir. Agentliyin analitikləri bildirib ki, son 10 ildə elektrik enerjisinin hasilatı və evlərin isidilməsi üçün lazımi həcmdə təbii qaz çatışmayıb. Hesabatda deyilir ki, Avropada qaz tarifləri bu həftə rekord həddə çatıb. Eyni zamanda qaz tədarükünə qoyulan investisiyalar investorların və iqlimin qeydinə qalan hökumətlərin tələblərinə əsasən azalır. Bununla da bahalı enerji ilə qarşı-qarşıyayıq.
Məlumat üçün bildirək ki, Avropada hazırda anbarların doluluq səviyyəsi 44 faizdir. Bu isə son 5 ilin orta səviyyəsindən 23 faiz aşağıdır. Bu onu göstərir ki, cari ildə təbii qaza olan tələbat sürətlə artır. Belə ki, son bir ildə Avropada spot qaz qiymətləri təqribən 7 dəfə artıb.
Köhnə qitənin qaz ticarəti
Köhnə qitənin əmtəə birjalarında sentyabrda tədarük ediləcək təbii qazın min kubmetrinin qiyməti 514 dollar təşkil edib. Gündəlik ticarət sessiyası ərzində qiymət hətta 520 dollaradək artıb. Yayda qış qiymətlərindən də bahalı dəyərdə olan qiymətlər istehlakçıları təəccübləndirir.
Bəs nə baş verəcək? Ucuz qaz dövrü həqiqətən bitdimi? Ən əsası, Avropada qaz böhranı qaz ixrac edən ölkələrə necə təsir edəcək?
Qızmar yay günlərində qaz nə üçün bahadır?
Enerji məsələləri üzrə ekspert Zəfər Əliyev deyir ki, qaza olan tələbatın artmasının səbəbi pandemiya və anomal hava şəraitidir: "Təbii qazın həm qiymətlərinin, həm də tələbatının artması ilə bağlı bir neçə faktor var. Birincisi, pandemiyadan sonra karantin tədbirlərinin yumşalması təbii qaza olan tələbatı keçən illə müqayisədə kifayət qədər artırdı. Digər bir səbəb isə odur ki, Asiya, Sakit Okean, həm də Avropa bazarlarında yeraltı qaz anbarlarında sərbəst fiziki həcmlər keçən ilin analoji dövrü ilə müqayisədə kifayət qədər aşağıdır. Bu da 2020-ci ilin əvvəlində Asiyada, Avropada, Amerikada hava şəraitinin soyuq keçməsi ilə bağlı idi. Ona görə də, qış mövsümündə yeraltı qaz anbarlarından normadan artıq qaz həcmləri götürüldü. Hazırda həm sənaye aktivliyi fonunda, həm də yeraltı qaz anbarlarının doldurulması baxımdan kifayət qədər fiziki həcmlərə ehtiyac var. Keçən ilin sonu və bu ilin ilk 4 ayında Avropanın yeraltı qaz anbarlarından təxminən 67 milyard kub metrdən çox təbii qaz götürülüb. İndi həm Avropa, həm də Asiya bazarlarında yeraltı qaz anbarlarının doldurulması prosesi gedir. Bundan əlavə, havaların həddindən artıq isti keçməsi ilə bağlı istilik elektrik stansiyalarının qaza olan tələbatı keçən illə müqayisədə bir neçə dəfə artıb. Tədarükçü ölkələr yeraltı qaz anbarlarının funksional fəaliyyətini təmin etmək üçün sərbəst fiziki həcmlərini doldurmalıdırlar. Bu, təxminən oktyabr ayına kimi 92-93 faiz təşkil etməlidir. Belə olduqda, əhali və sənaye sektorunun təbii qaza olan tələbatı ödənilir”.
"Artıq qaz qıtlığı müşahidə edilir”
Ekspert vurğulayır ki, fundamental səbəblərdən biri də qaz-kimya komplekslərinin qaza olan tələbatının keçən illə müqayisədə artmasıdır: "Qarşıdakı illərdə həm təbii qaza olan tələbat, həm də qaz kimya komplekslərində əldə edilən neft-kimya məhsullarına olan tələbat artacaq. Avropada təbii qazın spot qiymətləri artıq 540 dolları keçib. Bu, əsasən, Hollandiya qaz satış platformasında müşahidə edilir. Eyni zamanda sıxılmış təbii qaza da tələbat kifayət qədər yüksəkdir. Bütün fiziki həcmlər Asiya bazarlarına yönəldilir. Avropa bazarlarında artıq yumşaq qaz qıtlığı müşahidə edilməkdədir. Sıxılmış təbii qazın qiyməti Asiya bazarlarında yüksək olduğu üçün qaz ixrac edən dövlətlər əsas satış bazarlarını Asiyada edir, Avropa bazarlarına maraq göstərmirlər. Bu baxımdan, hesab edirəm ki, qarşıdakı illərdə də təbii qaza olan tələbat artacaq və qiymətlər də çox yüksək olacaq”.
"Gəlirlərimiz ikiqat artmalıdır”
Təbii ki, burada udan tərəf qaz ixrac edən ölkələr olacaq. Ekspertin sözlərinə görə, ölkə olaraq bizim gəlirlərimiz əvvəlki illərlə müqayisədə ikiqat artacaq: "Qaz ixrac edən dövlətlər, təbii ki, bu artımdan mənfəət götürəcəklər. Qaz müqavilələrinə 3-6 aydan bir dünya bazarındakı bazar şərtlərinə uyğun olaraq, yenidən baxılmalıdır. Təbii ki, qarşıdakı illərdə də Azərbaycanın qaz həcmlərində həm artım müşahidə olunacaq, həm də indiki qiymətlər fonunda bizim gəlirlərimiz əvvəlki illərlə müqayisədə ikiqat artmalıdır”.
"Blumberq” emosional çıxış edib?
Enerji məsələləri üzrə ekspert İlham Şaban hesab edir ki, "Blumberq”in açıqlaması emosional hisslərdən doğur: "Çünki enerjinin qiyməti heç zaman stabil qiymətə bağlı olmayıb. Nə daim bir qiymətdə qalıb, nə də yüksələn xətlə inkişaf edib. Bazar iqtisadiyyatı dövrün tələblərinə uyğun tənzimlənir. Onun qiymətləri mövsümə bağlıdır. Hazırda yay mövsümündə qazın qiymətinin qışdan baha olmasının özünün spesifik xüsusiyyətləri var. İndiyə qədər belə hal yaşanmayıb. Qış dövründə Avropadakı yeraltı qaz anbarları normadan daha artıq boşaldılıb və yay mövsümü daha isti keçib. Buna görə də, qaz anbarlarının doldurulması prosesi zəif olub, əvvəlki həcmlərlə müqayisədə daha az ehtiyat toplanıb”.
"Kimin əli nəyə çatırsa, kütləvilik ondadır”
Ekspertin fikrincə, ikinci əsas məsələ odur ki, əvvəllər qaz, əsasən, uzunmüddətli müqavilələr əsasında satılırdısa, indi təqribən 80 faizi spot bazarında satılır: "Yəni sabahkı qaz həcmlərini satmaq üçün müqaviləni bu gün bağlayıram. Qaz hissə-hissə satılır. Buna görə də qazın qiyməti artır. Amma bu o demək deyil ki, gələn il də bazarda eyni situasiya, eyni vəziyyət təkrar olunmalıdır. Yaxud o demək deyil ki, qış soyuq, yay da çox qızmar olmalıdır. Bu, təbiətə bağlıdır. Ona görə də, "Blumberq” kimi mötəbər agentliyin "ucuz qaz dövrü bitdi” kimi açıqlaması düzgün deyil. Bu, ola bilməz. Hansısa periodda onun spot bazarında qiyməti 500 dollar, illik orta qiyməti 400 dollar ətrafında olacaqsa, kütləvi istehlakçılar qaz yandırmayacaqlar. Digər enerji vasitələrindən, məsələn, daş kömürdən istifadə edəcəklər. Bu zaman digərinin qiyməti artacaq. Azərbaycan bazarında biz bunu necə görürük? Sabah 95 markalı premium benzini 2 manat edən kimi 95-lə işləyən avtomobillərin qiyməti 2 dəfədən aşağı düşəcək. Yaxud da həmin avtomobillər qaz balonu qoyacaqlar. Necə ki, Ermənistanın avtomobil bazarının 75 faizi benzinlə yox, qazla işləyir. Kimin əli nəyə çatırsa, kütləvilik ondadır”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər