• cümə axşamı, 18 aprel, 16:21
  • Baku Bakı 22°C

Masazırın yolu olmayan küçəsi - Reportaj - Fotolar

17.10.20 09:37 4406
Masazırın yolu olmayan küçəsi - Reportaj - Fotolar
Vətəndaşlar deyirlər ki, rəsmi şəxslər ancaq "gələcəkdə düzələcək” vədini verir, heç bir əməli tədbir görmürlər
Abşeron rayonu Masazır qəsəbəsi, Mirzə Ələkbər Sabir küçəsinin sakinləri yolsuzluq problemindən əziyyət çəkirlər. Bununla bağlı redaksiyamıza daxil olan müraciətdə qeyd olunur ki, sözügedən ərazidə sıx məskunlaşma olsa da, aidiyyəti qurumlar tərəfindən yolun abadlaşdırılması istiqamətində hər hansı iş görülmür. Şikayətin yerində araşdırılması üçün bəhs edilən ünvanda olduq, sakinlərlə görüşdük, onların fikirlərini dinlədik. Sakinlər bildirdilər ki, yolun hər iki tərəfi həyət evlərindən ibarətdir və 20 ilə yaxındır burada yaşayırlar. Ərazidə orta məktəb, uşaq bağçası, həmçinin digər sosial obyektlər var. "Cantəpə” restoranının qarşısı kimi tanınan bu yolda 142 nömrəli marşrut avtobusu da vətəndaşlara xidmət göstərir. Vətəndaşların qaz, su, işıq kimi problemləri cavabdeh qurumlar tərəfindən zaman-zaman həllini tapsa da, yol infrastrukturunda özünü göstərən problemə çarə tapan olmur. Hər dəfə yağış yağanda bu torpaq, kələ-kötür, çala-çuxur yol sakinlər üçün keçilməz səddə çevrilir.


Həmin küçədəki həyət evində yaşayan ağsaqqal Surxay Həziyev bizimlə söhbətində bildirdi ki, yol bərbad vəziyyətdə olduğundan nəinki yağış yağanda, hətta quraqlıq vaxtlarda da sürücülər üçün böyük çətinlik yaradır. Onun sözlərinə görə, yolda çökəkliklər çox olduğu üçün sürücülər saatda 10-20 kilometr sürətlə hərəkət etmək məcburiyyətində qalırlar ki, avtomobil zədələnməsin, tez-tez sıradan çıxmasın. O bildirdi ki, yağış yağanda bu yol ilə hərəkət etmək tamamilə işgəncəyə çevrilir. Yolboyu palçıq, əmələ gələn böyük su gölməçələri həm sürücülərin, həm də piyadaların hərəkətini məhdudlaşdırır. Marşrut avtobusları da ləngər vura-vura, çətinliklə hərəkət edir, vaxtlı-vaxtında mənzil başına çata bilmirlər.


Həmsöhbət olduğumuz Səmayə Nağıyeva da yolun vəziyyətindən şikayətləndi. 3 nəvəsinin məktəbli, birinin isə azyaşlı olduğunu, bağçaya getdiyini dilə gətirən məhəllə sakini söylədi ki, uşaqları məktəbə, bağçaya aparıb-gətirənə qədər böyük əziyyət çəkməli olurlar. Onun dediyinə görə, elə ki yağış yağdı, bu yol ilə hərəkət edənlər zığa, çirkab suya batır, üst-başları çirklənir. Yolun vəziyyəti marşrut avtobusların da vaxtında işləməsinə, nümunəvi xidmət göstərməsinə mane olur. Səmayə xanım söylədi ki, yolun vəziyyəti ilə bağlı Masazır bələdiyyəsinə, Abşeron icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə dəfələrlə deyilib, yola əncam çəkmələri tələb olunub. Amma "gələcəkdə düzələcək” vədindən başqa heç bir əməli tədbir görülməyib.

Söhbətləşdiyimiz digər sakinlər isə vurğuladılar ki, öz vəsaitləri hesabına dəfələrlə daş-çınqıl, mişar daşı qırıntıları alıb yük maşınları vasitəsilə əraziyə gətiriblər, yolu hamar, hərəkət etmək üçün yararlı vəziyyətə salıblar. Lakin asfalt örtük, kanalizasiya, çirkab sularının sərbəst axını üçün drenaj sistemi olmadığından yağış yağandan az müddət sonra yol yenidən əvvəlki görkəminə qayıdıb. Vətəndaşlar onu da qeyd etdilər ki, yolun bu vəziyyətdə olması bir çox hallarda taksi xidməti göstərən sürücülərin buraya sərnişin gətirməkdən imtina etməsi ilə də nəticələnir. "Cantəpə” restoranının qarşısındakı küçə” deyib istiqamət verən kimi, taksi sürücüsü bura gəlməkdən imtina edir. Bir xəstə olanda onu təcili xəstəxanaya çatdırmaq da müşkülə çevrilir. Hətta səhhətində problem yaranan biri üçün təcili tibbi yardım çağıranda yolsuzluq problemindən həkimlər çox gec gəlib çatırlar ki, bu, insan faciəsi ilə nəticələnə bilər. Bütün bunlara görə sakinlər tezliklə Mirzə Ələkbər Sabir küçəsinin abadlaşdırılmasını, yola asfalt döşənməsini istəyirlər.


Vətəndaşların problemini dinləyib, ərazidən fotolar çəkib redaksiyaya qayıtdıqdan sonra ilk işimiz Abşeron icra hakimiyyəti başçısının Masazır inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, ardınca da Masazır bələdiyyəsinə zəng vurmaq oldu. Məqsədimiz sakinlərin şikayətini onlara çatdırmaq, eyni zamanda qeyd edilən problemin həlli üçün nə vaxtsa görüləcək işlər barədə məlumat almaq idi. Lakin əfsus ki, icra hakimiyyəti başçısının nümayəndəsi Şahlar Həsənovu, nümayəndənin müavini Nazim Ramazanovu, bələdiyyə sədri Rüfət Fətullayevi, müavin Rövşən Nəbiyevi yerində tapa bilmədik. Abşeron icra hakimiyyətinin saytında qeyd edilən müvafiq əlaqə vasitələrinə zəng edən zaman özünü təqdim etməyən xanım əməkdaşlar məsul şəxslərin yerində olmadığını, əraziyə çıxdığını söylədilər. Mobil nömrəmizi qeyd etdirib xahiş elədik ki, icra nümayəndəsi, bələdiyyə sədri və ya müavinlərdən kimsə bizimlə əlaqə yaratsın, telefonla suallarımızı cavablandırsın. Amma əfsus ki, 2-3 gün ərzində qarşı tərəfdən kimsə bizimlə əlaqə yaratmadı.
Rufik İSMAYILOV



banner

Oxşar Xəbərlər