• şənbə, 20 Aprel, 15:24
  • Baku Bakı 23°C

Marqvelaşvili-İvanişvili gərginliyi artır

12.11.16 13:11 897
Marqvelaşvili-İvanişvili gərginliyi artır
Gürcüstan prezidenti Georgi Marqvelaşvili "Rustavi-2” telekanalında efirə gedən "Arçevani” (Seçim) verilişində hakim "Gürcü arzusu”nun qələbəsi ilə nəticələnən parlament seçkilərinin nəticələrinə qiymət verib. Prezident hakim partiyanın əldə etdiyi konstitusion çoxluqla bağlı bildirib ki, burada faicəvi bir şey yoxdur. Lakin əlavə edib ki, triumfatorların bir sıra bəyanatları onu ciddi şəkildə narahat edir. Söhbət prezidentin parlament tərəfindən seçilməsi təklifindən gedir. Gürcüstan prezidenti qəti şəkildə buna qarşı olduğunu bəyan edib. Onu da qeyd edək ki, Konstitusiyaya müvafiq dəyişiklik edilməsi təşəbbüsü ilə seçkilərdən bir gün sonra parlament çoxluğunun rəhbəri Georgi Volski çıxış edib. Ölkənin gələcəkdə daha da demokratikləşməsi ilə bağlı məsələlərdən danışan deputat prezidentin səlahiyyətlərinin xeyli hissəsinin məhdudlaşdırılmasının zəruriliyini deyib. O, bəyan edib ki, prezident simvolik bir şəxsə çevrilməlidir, yəni yaxşı olardı ki, onu parlamentdə seçsinlər.
Gürcüstan prezidenti də deputatın fikirləri ilə bağlı telekanalda gedən müzakirədə bildirib ki, bu tip bəyanatlar yalnız "ayrı-ayrı fiqurlar” tərəfindən səslənə bilər. O, ümidvar olduğunu bildirib ki, bu tip bəyanatlar elə bəyanat olaraq da qalacaq: "Prezidentin seçilməsi - gürcü xalqının seçimidir. Əgər xalqı belə bir seçimdən məhrum etmək istəyirlərsə, onda bunun fundamental izahını da verməlidirlər - yəni ortaya hər hansı bir sualın çıxmaması üçün bu addımın hansı səbəbdən atıldığı əsaslandırılmalıdır. Bu addımın şəxsi ədavət səbəbindən atılmadığı təəssüratı yaradılmalıdır”. Prezident bu məsələni genişləndirmək fikrində olmadığını bildirərək, əlavə edib ki, "onun ideyası dözümlülükdür”. Şübhəsiz ki, prezident fikir ayrılığı deyəndə, Gürcüstanın qeyri-formal lideri Bidzina İvanişvili ilə aralarında bir müddət əvvəl yaşanan fikir ayrılıqlarını nəzərdə tutub. Həmin fikir ayrılıqları tərəflər arasında ciddi ixtilafa yol açmışdı. Diqqət çəkən başqa bir məqam prezidentin bu fikirlərini eks-prezident Mixail Saakaşviliyə yaxınlığı ilə seçilən "Rustavi-2” kanalının efirində səsləndirməsidir. Bidzina İvanişvilinin bu kanala münasibəti bəllidir. "Boz kardinal” və ona yaxın şəxslər dəfələrlə telekanalla bağlı məhkəmə iddiaları qaldırıb. Əksəriyyət telekanala qarşı qaldırılan iddiaların arxasında məhz onun dayandığını iddia edirlər. Həmin iddialar qaldırılan zaman Marqvelaşvili müxalifətçi kanalı dəstəkləyib. Lakin bununla yanaşı, elə onun efirindən Saakaşvili və partiyasını kəskin tənqid edib. Bu dəfə də prezident telekanala dəstək nümayiş etdirib. Seçki prosesini aktiv şəkildə işıqlandırdığına görə, kanala təşəkkür edib. Onun sözlərinə görə, bu, seçki prosesinin demokratik axarda keçirilməsində mühüm rol oynayıb. Dövlət başçısı əlavə edib ki, telekompaniyanın məsələsi qanun və obyektivlik prinsipləri ilə həllini tapacaq. Bununla yanaşı, seçkilər mövzusuna toxunan prezident əlavə edib ki, seçki dövründə ölkədə vəziyyət sabit və sakit olub. Lakin eks-prezident Saakaşvili həddən artıq fəallıq göstərməsi ilə vəziyyət dəyişmək üzrədir. O bildirib ki, Saakaşvilinin bəyanatları gərginlik fonu yaradıb: "Özünün də dediyi kimi, ölkəyə ayaq bassa vəziyyət həddən artıq gərgin ola bilər. Belə ki, onun barəsində hüquq-mühafizə orqanlarının qaldırdıqları cinayət işi var və Gürcüstana ayaq basan kimi həbs olunacaq. Nəticədə bizlər Ukrayna səfirliyinin nümayəndələrini dəvət etməli olacaqdıq və diplomatik nümayəndəyə Odessa qubernatorunun ölkəmizin seçki prosesinə qarışmaq hüququnun olmadığını başa salacaqdıq”. Ekspertlər bu fikirlərlə Marqvelaşvilinin həm də "Rustavi-2” telekanalının fəaliyyətinə eyham vurduğunu deyirlər. Marqvelaşvili kanala eyham edib ki, eks-prezidentə həddən artıq efir vaxtı verməklə, gərginliyin artırılmasına nail olublar.
Gürcüstan prezidenti müsahibəsində gürcü hakimiyyət orqanları qarşısında duran aktual məsələləri də qeyd edib. Bu sırada isə əsas problem kimi ölkənin iqtisadi vəziyyətini və ordudakı problemləri göstərib. Onun sözlərinə görə, əmək bazarı çox ciddi problem kimi qarşıda durub. Əlavə edib ki, vətəndaşlar iş axtarmaq məqsədilə ölkəni tərk edib, xaricə gedirlər. Prezident hesab edir ki, vəziyyəti gərginləşdirən digər hal ölkənin milli valyutası olan larinin dəyərdən düşməsidir: "Kiçik və orta biznesin inkişafında hər hansı irəliləyiş nəzərə çarpmır. Makroiqtisadi göstəricilərin heç bir əhəmiyyəti yoxdur. Belə ki, hamını düşündürən məsələ - iş axtarıb tapmaq, məsrəfləri qarşılaşmaqdır”. O, problemlərin artmasında, larinin zəifləməsində təkcə Mərkəzi Bankı günahlandırmağın əleyhinə olduğunu vurğulayıb: "Yalnız iqtisadiyyat larinin sabitliyini müəyyən edir, Mərkəzi Bank yox. İqtisadiyyatı isə hökumət müəyyən edir. Və mən də onun iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün atdığı addımları dəstəkləyirəm”. Onun qənaətinə görə, cəmiyyət çox tezliklə hakimiyyətin atdığı addımların bəhrəsini görəcək. Prezidenti ciddi narahat edən məsələlərdən biri də ordudakı vəziyyətdir. Konstitusiyaya görə, ali baş komandan statusunu saxlayan prezident həqiqi hərbi çağırışın tam şəkildə bərpasının zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, bu məsələ Təhlükəsizlik Şurasının iclasında müzakirə mövzusu olacaq: "Mən artıq müdafiə naziri Levon İzoriya ilə bu barədə danışmışam. Sistemli qərarlar gərəkdir. İki həftədən sonra baş tutacaq iclasda çağırış məsələsini müzakirə edəcəyik”. Qeyd edək ki, bu ilin yazında, nazir Tina Xidaşeli istefaya getməzdən əvvəl orduya payız çağırışını ləğv edib. Bununla da çağırışçıların sayı xeyli azalıb. T.Xidaşelinin qənaətinə görə, bu, gürcü ordusunu NATO standartlarına yaxınlaşdırmaq üçün zəruri addımdır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər