“Markesin ölümü”: Semiotik işarələr
Kamran İmranoğlunun (Əliyevin) "Markesin ölümü”
hekayəsi bu cümlələrlə başlayır: "Oğul bala, and olsun, Allaha bu dünyanın elə
işləri var ki, o işlərdən Allahdan başqa heç kəsin başı çıxmaz. İstədim deyəm
ki, heç Allahında başı çıxmaz, amma qorxdum, Allahın özündən qorxdum”.
Hekayəni oxuduqca bir çox mətləblərin bir yerə toplandığını görürük. Belə ki, ata daha sonra öz nitqini başqa bir mövzu ilə davam etdirir, bu zaman oxucuda sualla yenə maraq oyadır ki, "o xəstə qardaşa nə oldu ” Əslində, bu sualın özü də bir semiotik işarədir və öz izahını gözləyir.
Şəbnəm Ağaməmmədova
Yazıçı bu cümlələrlə başlamaqla incə bir məqamı
vurğulayır ki, dünyada elə məsələlər, problemlər, çətinliklər vardır ki, insan
onun qarşısında acizdir. İnsanın öz düşüncəsi yetənə qədər çalışır ki,
rastlaşdığı problemə bir çıxış yolu tapsın, lakin Tanrı elə möcüzələr yaradır
ki, bir anda hər şey həll olur, ya da əksinə.
Hekayə ata ilə oğulun arasında dialoq şəklində
qurulsa da, təkcə atanın danışdığını görürük. "Heç uşaqlığın yadına düşürmü? İki, üç yaşında
qardaşın var idi”. Əslində, bu sual hekayənin əsas məzmununu oxucuya çatdırmaq
üçün semiotik bir işarədir. Daha sonra ata oğluna həmin
uşağa babasının adını qoyduğunu, onun bərk xəstələndiyini, həkimə apardıqları
haqqında danışır. Lakin ata danışarkən bir çox məsələlərə işarə vuraraq keçir:
O vaxtlar kənd yerlərində artıq həkimlərin azaldığından, onların şəhərlərə getmələrindən
gileylənir. Xəstələrin isə həkim tapmaq üçün mərkəzə getməli olduqlarını və
bunun nə qədər çətinliyini nəzərə çarpdırır. Bunları Sabir həkim şəxsində
canlandırır.
Danışdıqca ata oğluna nəsihətlər verir, amma bunları niyə
danışdığını özü də bilmir. Hər halda bu ikili münasibətdə atanın əhvali-ruhiyyəsi
ifadə edilmişdir. Eyni zamanda oxucuda maraq yaranır ki, ata öz etdiyi səhvləri
oğlunun etməyindən qorxduğu üçün daima ona nə isə söhbətdən kənar bəzi məsələləri
deyib, onu öyrətməyə çalışır və yaxud da onun daha bilikli, dünyagörüşlü olmağı
üçün bu cür hərəkət edir. Hər halda atanın israrlı söhbətinin oğlunun gələcəyindən
narahatlığın semiotik işarəsi də hesab etmək olar.
Sonra yenidən o mövzuya
qayıdıb daha ciddi sual verir: "Qardaşını rayon xəstəxanasına apardıq. Bilirsənmi
uşaq dünyaya niyə gəlmişdi? Bilmirsən, indi deyim bil”.
Hekayənin bu hissəsində ata
özünün təkliyindən danışır, tək oğlan olduğu üçün Tutu nənənin ona "Allah da təkdir”
deməyindən, tək oğul olmağın yaxşı tərəflərindən bəhs edir. Hiss olunur ki, ata
burada oğluna nəyisə çatdırmaq istəyir, ancaq hələlik cəsarət edib tam
açıqlamır. O, bu fikirlərini əsaslandırmaq üçün qonşuları Nəcəfalının iki
oğlundan söhbət açır, ikisinin də saf, təmiz, mehriban olduğunu, lakin evləndikdən
sonra bir-biriləri ilə torpaq, su, yol üstündə dava etmələrindən danışır və
bunlara səbəb olaraq da, kənddən deyil, başqa yerlərdən evlənmələrində görür.
Hekayənin davamında iki qardaşın ayrılıqda ailə vəziyyəti haqda məlumat
verilir. Əslində, oxuduqca görürük ki, ata Nəcəfalını arvadı, gəlinləri və
oğulları arasındakı hadisələri bir-bir vurğulayaraq sonda deyir: "Bax, görürsən
o sözlər qardaşı arvadının dilindən çıxmasaydı, həmin hadisələr baş verməzdi.
İndi yadında saxla ki, tək oğlan olmağın öz faydası var”.Hekayəni oxuduqca bir çox mətləblərin bir yerə toplandığını görürük. Belə ki, ata daha sonra öz nitqini başqa bir mövzu ilə davam etdirir, bu zaman oxucuda sualla yenə maraq oyadır ki, "o xəstə qardaşa nə oldu ” Əslində, bu sualın özü də bir semiotik işarədir və öz izahını gözləyir.
Gördüklərim bunu təsdiq
edir ki, el-oba arasında hamı oğlan uşaqlarına həsrət çəkir, hansı evdə oğlan uşağı
doğulmadıqda gecə-gündüz Allaha dua edirlər ki, Allah onlara da oğul bəxş
etsin. Bəzən də, hekayədə deyildiyi kimi, axırıncı övladlarına Bəsti, Yetər,
Kifayət kimi adlar qoyurdular.
Bu deyilənlərdə məlum olur
ki, müasir dövrümüzdə hələ də bir problem kimi qız və oğlan övladlarının
arasında fərqlilik özünü göstərməkdədir. Hətta o qədər cahil olublar ki, qız
uşaqlarına ad qoyarkən Allaha işarə yolladıqlarını sanırmışlar.Oxuduqca görürük ki, ata
oğluna səhv nəsihət verməkdən, onun dediklərinin oğlunun mütləq qəbul edib
yanlış anlamasından da çəkindiyi üçün o başqa bir hadisə ilə fikrini başa
salmağa çalışır: "Bəzən olurdu ki,
bir oğlu olan ikincisini də istəyirdi. Məsələn, yadıma gəlir ki, kəndimizdəki
Hacılar məhəlləsindən bir uşaq Kamçatkaya hərbi xidmətə getmişdi. O da dörd
bacının bir qardaşıydı. Bir gün xəbər çatdı ki, uşaq Kamçatkada ölüb, gəlin
aparın. Heç kəs getmədi, çünki imkanları yox idi. On beş gündən sonra uşağın
ölüsü gəlib çıxdı. Gəlib çıxana qədər də onların evində hər gün yas məclisi quruldu.
Həmin vaxtlar SSRİ ilə Kitay arasında yüngülvarı dava olmuşdu və ölənlər də var
idi. Bunu bilən ölmüş əsgərin atası elə il boyu deyinirdi ki, yalan danışırlar,
mənim oğlumu Kitay davasında öldürüblər. Niyə deyinirdi, nə üçün deyinirdi,
vallah, axıra qədər heç kəs bilmədi. Amma anası ağlayıb-sızlayırdı ki, kaş bir
oğul da doğaydım. Bundan sonra kənddə bütün arvadlar iki-üç oğlan uşağı doğmağa
başladılar və uşaqların da sayı səkkiz-doqquza çatdı, çünki uşağın oğlan-qız
olmağı o vaxtlar bilinmirdi. Hətta qonşumuzdakı arvad on uşağı ötdü və qəhrəman
ana oldu. Bax, görürsən, ikinci oğul doğmağın da belə sirləri var. Amma sənin
qardaşın Salahın dünyaya gəlməsinin bu məsələlərlə heç bir əlaqəsi yoxdur. Bir
sözlə, o uşağın dünyaya gəlməsinin səbəbini bilmirsən. İndi danışım, sən də
qulaq as.”
Nəhayət ki, ata uşağa əsas
sualı haqqında danışmaya başlayır. İlk öncə qeyd edir ki o vaxtlar nəslimizin ən
böyük problemi dayın Qəşəmin uşağının olmaması idi. Oxucu bu hissəni oxuyarkən
anlayır ki, o vaxtlar usağı gec olduqda çölə-bayıra çıxarkən bir çox kinayəli
baxışlara rast gəlinirmiş, hətta ata qeyd edir ki, o vaxt indiki kimi elm
inkişaf etməmişdi ki, müasir vasitələrə əl atılsın və yaxud da indi " ələ uşaq
istəmirəm”, deyə bilsin. Məsələ burasındadır ki, keçmişdə uşaq olmayan ailələrdə
nə qadın, nə kişi bu sözü deyə bilməzdi.
Sonra dayısı Qəşəm və
arvadının pirlərə pul tökdüklərindən söhbət açır. Bu mənada Qəşəmin arvadının rəfiqəsi
Şərəfbanuya dediyi sözlər də ürək dağlayır: "Ölüm istəyirəm, Şərəbanı, ölüm, kim məni belə
qarğıdı? Mən kimə pislik eləmişəm ki! Dədəmin, anamın da heç kəslə işi yoxdur,
öz evləri, öz içləridir. Atam heç kəsin toyuğuna bir daş atmayıb, anam heç kəsin
sözünü danışmayıb. Uşaq vaxtı Novruz bayramı günü qonşunun qızı ilə odun üstündən
tullananda qız qəflətən oda düşdü, qıçları yandı, vallah mənim günahım yox idi,
elə bil qızın ayağı nəyəsə ilişdi, yıxıldı, indi də uzun paltar geyməsə,
baldırlarındakı yanıq əməlli-başlı bilinir, bəlkə, ona görə bu əziyyəti çəkirəm”.
Şərəfbanu isə ona təsəlli verərək: "sən tək Allahdan yapış, ona dua et”, -
deyə nəsihət verir.
Görürük ki ata yavaş-yavaş oğluna hər şeyi anlatmaq istəyir. Adama elə gəlir
ki, atanın oğluna söyləyəcəyi ən vacib sözlərdir. Ata ağır-ağır danışmağa
başlayır: "Qəşəmlə Güldəstənin danışdıqlarını sənin
anan açıq-aydın eşidirmiş. Güldəstə Qəşəmə danışırmış ki, axşam yuxu görmüşəm və
mənim indiyə qədər ömrümdə belə yuxum olmayıb. Görmüşəm ki, yanımızdan axan
çaya düşüb qışqırıram, sən də gəlib məni xilas etmək istəyirsən, amma ikimiz də
boğuluruq. Bu zaman onların arxasında dayanan anan ucadan deyir ki, su
aydınlıqdır, Güldəstə. Durub görüşürlər, öpüşürlər, Güldəstə elə ayaqüstəcə
deyir ki, aydınlıq olmağına qoy, aydınlıq olsun, amma məni təəccübləndirən
budur ki, bu çayın nə suyu var, biz də düşüb orada boğulaq, heç körpə uşaq da
burada batmaz. Otururlar və bir az həşdən-küşdən danışandan sonra anan üzünü
qardaşı Qəşəmə tutub deyir ki, ay qardaş, belə qərara gəlmişik ki, bir uşaq
doğub onu saxlamaq üçün sizə verək. Yaşınız ötür, bir müddət sonra qocalığınız
var, ahıl vaxtlarınızda sizə bir baxan olmalıdır, ya yox! Onlar çətinliklə də
olsa, razılaşırlar, amma ölüm-itim dünyasıdır, onu deməliyəm ki, anan o söhbəti
açanda mənimlə bir kəlmə də danışmamışdı, axşam anan bu əhvalatı mənə dedi, mən
də etiraz etmədim”.
Hekayədə ilk dəfə idi ki, uşaq
atasından nəsə soruşur: ”Bəs sonra nə oldu?” Bu sual oğulun atasına necə diqqətlə
qulaq asdığını sübut edir.
Ata sonda oğlunun sualına
cavab olaraq bunu deyir: "Dörd-beş ay keçməmiş, Güldəstənin boyuna uşaq düşdü.
Bizim uşağımız da özümüzə qaldı. Bax, sənin Salah qardaşın belə dünyaya gəlib.
Sonra da Salah xəstələnib öldü. İndi bildin, həmin uşaq dünyaya niyə gəlmişdi?”Beləliklə, sonda qeyd etməliyəm ki, hekayənin
bu məqamında məlum olur ki, yazıçı hekayənin əvvəlində verdiyi bir neçə cümlədə
hekayə boyu oxucuya çatdırmaq istədiyi əsas mahiyyət var imiş. O, dəfələrlə
vurğulayiıb ki, hər şey Allahın əlindədir. O istəyərsə, bir qulunun ən çətin
bildiyi işi rahatlıqla həll edər. Allahın izni olmazsa da, o iş heç vaxt
alınmaz. Hekayəyə başqa bir tərəfdən baxdıqda isə görürük ki, Güldəstənin
övladı dünyaya gəldikdən sonra onlar üçün dünyaya gətirilən körpənin vəfat etməsindən
başa düşmək olur ki, bir uşağı başqasına niyyət edib dünyaya gətirmək istəklərini
Allah doğru hesab etmədiyindən o uşaq yaşatmayıb. Nəticədə hekayənin məqsədinin
insanların səbirli, dözümlü olub, arzularını bir tək olan Allahdan istəmələridir.
Kamran
İmranoğlunun (Əliyevin) "Markesin ölümü” hekayəsinin ən
sonunda isə yazıçı belə maraqlı bir tərzdə qeyd edir: "O, qəfil söhbəti
dayandırdı, gözünü divarın yuxarısına zillədi və qulağını bir az irəli verdi,
sonra ucadan qışqırdı: " - Ay uşaq, ay uşaq mətbəxdəki radionun səsini qaldır.
Dayan, dayan, gör nə danışır? Nəəə? Markes ölüb? Düz eşitdim?
Bəli, radio Markesin ölümü barədəki xəbəri dünyaya yayırdı”. Burada da bir semiotik işarə vardır. Bu işarə ondan ibarətdir ki,
yazıçı oxucularına hekayənin nəql olunduğu tarixi məşhur Kolumbiyalı yazıçı Qabriel
Qarsiya Markesin vəfatı ilə eyni vaxtda - 17 aprel 2014-cü il tarixində
olduğunu söyləmək istəyir.
Şəbnəm Ağaməmmədova