• cümə, 29 Mart, 19:12
  • Baku Bakı 14°C

Manata olan inam artıb, qalır banklar

22.02.19 09:00 654
Manata olan inam artıb, qalır banklar
2019-cu il yanvarın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 375,4 milyon manat təşkil edib. Trend-in məlumatına görə, milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrünə nisbətən 24,1 faiz artıb, onların əhaliyə aid bank əmanətlərinin ümumi məbləğində xüsusi çəkisi isə il ərzində 33,5 faizdən 37,5 faizədək yüksəlib. Xarici valyutada olan əmanətlər 2018-ci il yanvarın 1-i ilə müqayisədə 4,1 faiz artıb.

Açıqlanan rəqəmlərdən milli valyutaya inamın artması müşahidə olunur. Mütəxəssislər uzun müddətdir ki, manatın öz möhkəmliyini qoruyub saxladığını qeyd edirlər. Buna artıq həm ölkə iqtisadiyyatı, həm də vətəndaşlarımız adaptasiya olublar. Məzənnənin uzun müddətdir ki, sabit qalması milli valyutaya olan inamı daha artırıb. Bu səbəbdən də əmanətlərin mili valyuta ilə qoyuluş həcmi də artıb. Həmçinin artıq vətəndaşlarımız bu kimi məsələləri təhlil edə bilirlər. Və onlar real vəziyyəti analiz edib qərar verirlər. Vətəndaşlar manatın dəyərinin artacağına inanırlar. Neftin qiymətinin, həmçinin, başlıca olaraq ixrac potensialının da artması, valyuta ehtiyatımızın zənginləşməsinə gətirib çıxardıb. Təkcə bu ilin ilk rübü ərzində 2.2 milyard dollar valyuta ehtiyatımız artıb.

Elə mütəxəssislər də bu qənaəti bölüşürlər. İqtisadçı Pərviz Heydərov banklarda əhalinin manatla olan əmanətlərinin artmasının, bilavasitə, valyuta bazarında yaranan sabitliklə əlaqəli olduğunu deyir: "Bildiyimiz kimi, 2015-ci ildə ard-arda devalvasiya baş verdi və 2016-cı il ərzində isə manat təxminən 15%-ə yaxın ucuzlaşdı. Bu da vətəndaşlarda manata olan inamı sarsıtdı. Nəticə olaraq, vətəndaşlar banklarda olan əmanətlərini geri çəkdi. Geri çəkməyənlər isə xarici valyutaya çevirdilər. Beləliklə həmin dövrdə banklara dollarla əmanət qoyuluşu 90%-ə qədər qalxdı. Amma 2017-ci ildən ölkənin valyuta bazarında sabitlik yarandı və manatın məzənnəsi 1.70-də sabit dayandı. Bu, əhalidə əvvəlki dövrdə manatla bağlı itmiş inamın bərpasına şərait yaratdı. Lakin hazırda əmanətlərdə müşahidə edilən artım təkcə manatın məzənnəsinin sabit olması bağlı deyil. Bildiyimiz kimi hökumət də 2016-cı ilin mart ayında əmanətlərin sığortalanması haqqında qanun qəbul etdi. Həmin qanunda manatla yerləşdirilən əmanətlərdə faiz dərəcəsi dollar ilə müqayisədə daha çox idi. Qanuna əsasən manatla olan əmanətlər tam olaraq sığortalandı. Bu addım da əhalidə banklara olan inamın artmasına müsbət təsir etdi. Qeyd edilən qanunun müddəti mart ayında başa çatacaqdı, amma bir neçə gün öncə Milli Məclisin iclasında müddət uzadıldı”.

Həmsöhbətimiz qeyd etdi ki, keçən dövr ərzində xarici valyuta ilə əmanət qoyma səviyyəsi aşağı düşüb: "Bu müsbət tendensiya idi. Digər tərəfdən, infilyasiya 2 rəqəmli deyil, daha aşağı səviyyədədir. Belə ki, keçən il infilyasiyanı 3% ətrafında başa vurduq, halbuki, 2017-ci ildə 12.9 faiz idi. Bu il üçün də infilyasiyanın 3% ətrafında olacağı gözlənilir. Sadalanan bu nüanslara əsasən, əhalinin manatla əmanət yerləşdirməsi əvvəlki dövrlərə nisbət artıb. Amma bunlar arxayınlıq yaratmamalıdır. Çünki məsələ təkcə manata inamda deyil. Əmanət məsələsində banklara da inam olmalıdır. Təəssüf ki, bank sektorundakı vəziyyət qənaətbəxş olmadığı üçün vətəndaşlarda müəyyən tərəddüdlər var. İnamı tam bərpa etmək üçün isə bank sektorundakı vəziyyəti düzəltmək lazımdır. Problemli kreditlər həll olunmalı, banklar biznes dairələrinə, iqtisadiyyatın real sektoruna da kredit verməlidirlər. Həmçinin banklar kredit faizlərini aşağı salmalıdırlar”.

İqtisadçı Rəşad Həsənov bildirdi ki, əmanətlərin artımı müəyyən qədər də olsa, bank sektoruna olan inamın bərpasının göstəricisidir. Eyni zamanda qeyd etmək lazımdır ki, bu məsələdə xüsusilə də əmanətlərin sığortalanması ilə bağlı dövlətin ortaya qoyduğu mövqe də əsasdır: "Əgər əmanətlərin tam sığortalanması baş verməsəydi, həcm bu səviyyədə olmazdı. Çünki bank sektoru faktiki olaraq riskli hesab olunur. Mövcud sığorta sistemi əmanətlərin həcminə müsbət təsir etdi. İkinci məsələ isə manatın məzənnəsinin sabit olmasıdır. Bu da müəyyən qədər manata olan inamı artırıb. Artım daha çox müddətli əmanətlərin həcmində hiss edilir. Amma buna baxmayaraq, faktiki olaraq bu gün əhalinin əlində dövriyyədən kənarda qalan vəsaitlərin həcmi də kifayət qədər çoxdur. Çünki insanlar həmin əmanətlərini hansı bankda yerləşdirməklə bağlı ciddi çətinlik çəkirlər. Bu zaman həmin vəsaitə nəzarət imkanları məhdudlaşır. Eyni zamanda pulun dövr etmə sürəti aşağı düşür. Nəticə etibarı ilə də iqtisadiyyata dəstək də azalır. Bu baxımdan banklarda əmanətlərin həcminin artması çox əhəmiyyətlidir. Burada əsas məsələ bank sektoruna olan inamı artırmaqdır. Düşünürəm ki, əmanətlərin sığortalanma müddətinin uzadılması effektli olacaq. Digər tərəfdən bank sektorunda sağlamlaşdırma işləri sürətlənməli və eyni zamanda birləşmə prosesində olan problemlər də öz həllini tapmalıdır. Həmçinin problemli kreditlərlə bağlı konkret qərarlar qəbul edilməlidir. Əgər sadalanan məsələlər reallaşarsa, bankların göstəriciləri kifayət qədər yüksələcəkdir”.

Günel Azadə

banner

Oxşar Xəbərlər