• cümə, 24 May, 10:41
  • Baku Bakı 13°C

Malların gömrükdən buraxılışı ilə bağlı müraciətə bir gün müddətində baxılacaq

28.01.23 16:30 3008
Malların gömrükdən buraxılışı ilə bağlı müraciətə bir gün müddətində baxılacaq

Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” Qanuna və Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Kaspi.az xəbər verir ki, “Gömrük tarifi haqqında” qanuna əsasən, malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və bunun əsasında malların buraxılışı təmin olunacaq.

Əgər malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranırsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində bəyannaməçiyə təqdim etməlidir. Başqa sözlə, qanuna əsasən, bəyannaməçinin malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına müraciəti daxil olduqda həmin müraciətə onun daxil olduğu vaxtdan 1 gün müddətində baxılır və aşağıdakı tələblərin yerinə yetirildiyi müəyyənləşdirildikdən dərhal sonra gömrük orqanı tərəfindən malların buraxılışı həyata keçirilir:

- gömrük orqanına təqdim edilən bəyannamə üzrə hesablanmış gömrük ödənişləri ödənilməli;

- gömrük orqanı tərəfindən təqdim olunmuş bildirişdəki düzəlişlərin edilməsi nəticəsində yarana biləcək əlavə gömrük borcuna görə bu Gömrük Məcəlləsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verilməli;

- bəyan olunmuş malların buraxılışının həyata keçirilməsi üçün bu Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş digər tələblər yerinə yetirilməlidir.

Qeyd edək ki, Gömrük Məcəlləsinin 221-ci maddəsinə (Gömrük dəyərinə düzəlişlərin edilməsi) əsasən, hazırda apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin qanuna uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. Artıq tək yazılı deyil, həm də elektron bildiriş təqdim ediləcək. Eyni zamanda buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim olunduğu andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. Bəyannaməçinin müraciəti əsasında malların buraxılışının həyata keçirilməsi üçün tələb olunan təminatın məbləği həmin bəyannaməçi tərəfindən gömrük orqanına təqdim edilən bəyannamədə hesablanmış və ödənilmiş gömrük ödənişləri nəzərə alınmaqla, gömrük orqanı tərəfindən təqdim edilmiş bildirişdəki düzəlişlər nəticəsində yarana biləcək əlavə gömrük borcunun ən yüksək səviyyəsində müəyyənləşdiriləcək.

banner

Oxşar Xəbərlər