• cümə axşamı, 18 aprel, 17:57
  • Baku Bakı 22°C

Maliyyə bazarında birdən-birə “yanan” kriptovalyutalar

21.11.18 10:30 638
Maliyyə bazarında birdən-birə “yanan” kriptovalyutalar
Ötən il birdən-birə bahalaşan bitkoinə, dünyanın əksər ölkələrində maraq artdı. İş o həddə çatdı ki, qiymətlər fantastik həddə yüksəldi. Bir müddət bu məsələ gündəmə çevrildi. Hətta qiymətlərin daha da artacağına dair şayiələrə artmaqda davam edirdi. Buna görə də, bir çox sərmayədarlar müxtəlif növ kriptovalyutalara kifayət qədər böyük məbləğdə investisiya yatırdı. Amma təəssüflər olsun ki, gözləntilər özünü tam doğrultmadı. Qiymətlər bir müddət sonra aşağı düşməyə başladı. Hazırda dünyada ən populyar kriptovalyuta olan bitkoin ötən ilin oktyabrından bəri ən aşağı həddə düşüb. Hazırda bitkoin 5,6 min dollar ətrafında alınıb satılır. "CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 11,52% azalaraq 5,623 min dollar təşkil edib. Alternativ kriptovalyutaların qiyməti daha kəskin ucuzlaşıb. Belə ki, "Ethereum" 14,33% və ya 176,97 dollaradək, "Ripple" 10,28% (0,4565 dollara qədər), "Bitcoin Cash" isə 18,04% (428,77 dollaradək) ucuzlaşıb. Kriptovalyuta bazarının kapitallaşması hazırda 183,74 milyard dollar təşkil edir və bunun 53% faizi bitkoinin payına düşür. Bəs görəsən kriptovalyutaların qiymətinin qısa müddət ərzində azalmasının səbəbləri nədir?

İqtisadçı ekspert Pərviz Heydərov"Kaspi”yə açıqlamasında müxtəlif məqamlara toxundu. O qeyd etdi ki, qiymətlərin kəskin şəkildə artıb-azalması səbəbi valyutanın bu növünə olan inamı itirir: "Kriptovalyutaların hələlik maliyyə bazarlarında özünü təsdiq edə bilməməsinin əsas səbəbi, bu sahədə tələb olunan müvafiq mexanizmin formalaşa bilməməyi ilə bağlıdır. İnvestorlar valyutanın bu növünə sərmayə yatırmağa və öz ehtiyatlarını valyutanın bu növündə saxlamağa maraqlı deyillər. Çünki hələlik şəffaf mexanizm sistemi oturuşmayıb. Kriptovalyutaların qiymətinin qısa müddət ərzində sürətlə artıb-azalması investorlarda tərəddüd və qorxu yaradır. Bu isə tamamilə təbiidir. Çünki investorlar real sektora investisiya yatırmaqda maraqlıdırlar. Ona görə də uzun müddətdir ki, dövriyyədə olmasına baxmayaraq, kriptovalyutalar dünya maliyyə bazarlarında özünə yer tapa bilmir. Hazırda maliyyə bazarlarında ABŞ dolları və qiymətli metal olan qızıl ən çox sərmayə yatırılan vasitələrdir. İndiki vəziyyətin təhlili və müşahidəsi onu deməyə əsas verir ki, bu tendensiya hələ uzun müddət davam edəcək. Kriptovalyutaların qiyməti sabun köpüyünə bənzəyir. Onun əsası hələlik maliyyə bazarının tələblərinə cavab vermir. Ona görə də qiymətlərdə tez-tez həddən artıq bahalaşma və ucuzlaşma tendensiyası davam edir”.
İqtisadçı-ekspert Rəşad Həsənov söylədi ki, bir müddət sonra bitkoin öz real dəyərini qazanacaq: "Kriptovalyutalar haqqında "bazarda öz yerini tuta bilməyib” demək düzgün olmazdı. Hətta 5-6 min dolların özü belə, kriptovalyuta üçün kifayət qədər böyük məbləğdir. Məsələ burasındadır ki, valyutanın bu növünün dəyərinin sürətli şəkildə bahalaşması bazarda olan müəyyən gözləntilərin fonunda idi. Bitkoinin istifadəsində və dövriyyənin yüksəlməsində maraqlı olan qruplar var idi. Dövriyyənin və müxtəlif qeyri-qanuni vəsait axınlarının gizlədilməsi, o cümlədən qeyri-qanuni fəaliyyətlə məşğul olan qruplar bitkoinə maraq göstərdiyinə görə, qısa müddət ərzində qiymətlər kəskin şəkildə bahalaşmağa başladı. Hazırda isə bitkoin öz real dəyərini tapmağa doğru gedir. Əsas məsələ isə bitkoinlə bağlı qlobal fikrin formalaşmasından sonra başladı. Kriptovalyutanın qiymətinin bahalaşması, valyutanın bu növünün bazarda özünə yer tapması federal ehtiyat sistemi, həmçinin Avropa, Yaponiya, Çin mərkəzi bankları da daxil olmaqla, ona olan marağın yüksəlməsinə gətirib çıxarıb. Nəticədə müəyyən fəaliyyətlər rəsmiləşməyə başladı. Rəsmiləşdirmə tədbirləri nəticəsində qeyri-qanuni fəaliyyətlə məşğul olan qrupların kriptovalyutaya olan maraqları aşağı düşməyə başladı. Bununla da onların gözləntiləri özünü doğrultmadı. Onlar hesab edirdi ki, kriptovalyuta davamlı şəkildə nəzarətsiz bazar olacaq. Buna görə də, nəzarət mexanizmlərinin formalaşdırılması ilə bağlı addımların atılması onların ümidlərini puça çıxardı. Hazırda ilin müxtəlif dövrlərində bitkoinə olan tələbat artıb-azalır. Bu artıb-azalma nəticəsində isə qiymətlər dəyişir. Amma hal-hazırda bitkoinin qiyməti onun dəyərindən çox yüksəkdir. Bazar iştirakçılarını narahat edən əsas məsələlərdən biri də, valyutanın bu növünün arxasında heç bir iqtisadiyyatın dayanmamağıdır. Bazarda formalaşan qiymətlərdə balon effekti var. Bu özü də gələcək dövrlər üçün risk ehtimalını yüksəldir. Hesab edirəm ki, yaxın beş il ərzində kriptovalyutalar bazarda öz real dəyərini tapa biləcək. Blokçeyn texnologiyasının tətbiqi nəticəsində formalaşan bu valyuta növü, ödəmə sistemində əhəmiyyətli mövqe tutacaq. Çünki kriptovalyutaların gələcəyi var. Müxtəlif maliyyə institutları, mərkəzi banklar da bunu dərk edir. Sadəcə olaraq, hazırda onun real dəyəri indiki səviyyədə deyil”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər