• şənbə, 21 Dekabr, 05:47
  • Baku Bakı 9°C

Maksimum diqqət tələb edən islahat 

02.11.24 01:42 1806
Maksimum diqqət tələb edən islahat 

Ekspertlər hesab edirlər ki, ali təhsil müəssisələrində ixtisaslarla bağlı islahatlar kor-koranə aparılmamalıdır. Bu istiqamətdə ciddi müzakirə, təhlil və araşdırmalara ehtiyac var. 

Müasir dünyada hər şey sürətlə dəyişir. Bu, həyatın bütün sahələrinə aiddir və təhsil də istisna deyil. Yeni texnologiyalar və tədris metodları həsəd aparılacaq qanunauyğunluqla ortaya çıxır. Bir neçə il əvvəl aktual olan şey bu gün köhnəlmiş ola bilər. Dövlətin təhsil sahəsində siyasəti də daim dəyişir. Yeni standartlar, təlim proqramları, sertifikatlaşdırma tələbləri və s. tətbiq edilir. Universitetlərdə tədris olunan yeni ixtisaslar da bu dəyişikliklərdən kənarda qalmır. Ali təhsil müəssisələrində bakalavr, rezidentura və magistratura pillələrində gələcək ali təhsilli kadrların hazırlanması üzrə yeni proqramların tətbiqi həyata keçirilir. Hesab edilir ki, əgər əvvəllər dünyanın daha çox hüquqşünaslara, mühasiblərə və s. ehtiyacı var idisə, indi bazarda vəziyyət dəyişib. Bəzi peşələr robototexnika ilə əvəz edilir, onların inkişafı və tətbiqi üçün də təlim keçmiş kadrlar tələb olunur. İndi hamımız başqa texnoloji struktura rahat keçid edirik. Hər il yeni ixtisaslar, əmək fəaliyyəti növləri və müvafiq iş yerləri yaranır. Robot texnikası və həyat elmlərində sürətli inkişaf var. Bir sözlə, artıq ali təhsil ənənə və fundamental biliklərlə yanaşı, əmək bazarının ehtiyaclarına meyl edir.

“Ali təhsil müəssisələrində tədris olunan ixtisaslarla bağlı əsaslı islahatlara ehtiyac var və buna mütəmadi olaraq baxılmalıdır”, - deyən elm və təhsil naziri Emin Əmrullayev də yeni əmək bazarının tələbini xatırladıb. 

Nazir hökumətə təqdim olunan bakalavr və magistr üzrə ixtisasların yeni təsnifat layihəsinin texniki xarakterli olduğunu qeyd edib: “Əslində bu, indiki mərhələdə texniki dəyişikliklərdir. İkili diplomlar həyata keçirilir, ayrı-ayrı ölkələrdə ixtisaslar fərqli olduğu üçün qanunvericiliyə uyğunlaşdırma lazımdır”.

Təbii ki, ali təhsil müəssisələrində ixtisaslarla bağlı islahatlar, yeni ixtisasların müəyyən olunması, təhsil proqramlarının yenilənməsi və s. kor-koranə edilməməlidir. Bu istiqamətdə ciddi müzakirə, təhlil və araşdırmalara ehtiyac var.  
Təhsil sahəsi üzrə ekspertlər və mütəxəssislər də məsələyə birmənalı yanaşmırlar.  

“Təhsildə o qədər problemlər var ki...”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, təhsildə kortəbii islahatlar aparmaqdan çəkinmək lazımdır: “Təhsil elə sahədir ki, burada çoxlu eksperiment aparmaq yalnız zərər vura bilər. O mənada da ali təhsil müəssisələrində ixtisaslarla bağlı dəyişikliklərdə diqqətli olmalıyıq. Yəni söhbət ondan gedir ki, hansısa bir fənnin ixtisar olunması şəxsi mülahizə əsasında olmalı deyil. Təhsildə o qədər problemlər var ki... Niyə nazirlik bu islahatlara fənlərin ixtisarından başlamaq istəyir? Düşünürəm ki, burada ciddi müzakirə, təhlil və araşdırmalara ehtiyac var”. Millət vəkilinin fikrincə, bu prosesdə tələsik addımlar atmaq bizim üçün ciddi problemlər yarada bilər: “Biz bu məsələdə maksimim diqqətli olmalıyıq ki, gələcəkdə əziyyət çəkməyək. Mən hansısa bir fənnin çıxarılmasının tərəfdarı deyiləm, əksinə, düşünürəm ki, bəzi yeni fənləri daxil etməli və daha çox fənni gənclərə öyrətməliyik”.

Zamanla ixtisasların əlaqəsi

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin fikrincə, elm və təhsil naziri məsələyə düzgün yanaşır: “Bütün dövrlərdə bu, belə olub. Zaman kontekstində ixtisaslar həm yenilənib, həm də məzmunca təkmilləşib. İndi zaman daha sürətli inkişafa şahidlik edir, dünya sürətlə dəyişir. Bu inkişaf axarında təbii ki, ixtisasların yenilənməsi tələbə çevrilir. Artıq bir çox yeni ixtisaslar “vətəndaşlıq hüququ” əldə edib. Bununla belə, hazırda müxtəlif proqnozlar olsa da, hansı yeni ixtisasların aktuallaşacağını müəyyən etmək çətindir. Bu taleyüklü məsələ olduğu üçün xüsusi müzakirələrin aparılmasını tələb edir. Xarici ölkələrin təcrübəsinin öyrənilməsi də məqsədəuyğun ola bilər”.

“Maraqlı tərəflər müzakirəyə cəlb olunmalıdırlar” 

Təhsil eksperti Nadir İsrafilov hesab edir ki, ixtisaslarla bağlı islahat təklifi subyektiv fikirlə əmələ gələn məsələ yox, ümumi müzakirəyə ehtiyacı olan məsələdir: “Ali məktəb rektorları, müəllim heyəti, tələbələrlə sorğu keçirilməlidir. İslahat proqramında bu məsələ qoyulub: təhsil sahəsində qəbul olunan bütün qərarlarda ictimai rəyin öyrənilməsi və o qaydalar üzərində ictimai nəzarətin təşkil olunması. Maraqlı tərəflər müzakirəyə cəlb olunmalıdırlar. Təəssüf ki, bizdə ümumi ictimai rəyə diqqət yetirilmir. Təhsil ümummilli məsələdir. Bu sahədə bütün ictimaiyyətin fikri öyrənilməlidir”. N.İsrafilov “Ali məktəblərdə müəyyən ixtisaslar artıqdır” fikrini qəbul edir: “Amma biz bir növ orta məktəbin vəzifəsini ali məktəbin, ali məktəbin vəzifəsini orta məktəbin üzərinə yükləmişik. İndi elə çıxır ki, sanki orta məktəblər ali məktəblərə fənlər üzrə tələbə hazırlayır, ixtisaslaşma gedir. Ali məktəblərdə əsas diqqət ixtisas fənlərinə verilməlidir”. Təhsil ekspertinin fikrincə, indi daha çox diqqət təhsil sahəsində hazırkı problemlərin həllinə yönəlməlidir: “Aidiyyəti olmayan adamların dərsliklər yazması, tədris planlarının yüklü olması və s. kimi problemlər var. Biz tədris planının yükdən azad edilməsi üçün nəsə etmişik? Bunu rəsmilər özləri də etiraf edir, problemlər hər il sadalanır. Amma problemi qaldırmaq şərt deyil, onu həll etmək lazımdır. Təbiət fənlərini - fizika-kimya-biologiya fənlərini bilrəşdirib, fənlərin inteqrasiyasını yaradırıq. Bu fənlər hamısı ayrılıqda elm sahələridir. Bunları birləşdirib guya Sinqapur modelini yaradırıq. Məgər hansı ölkədə nəsə varsa biz onun surətini çıxarmalıyıq? Tutaq ki, bu fənni tədris proqramına daxil etdik, bunu hansı fənn müəllimi tədris edəcək? İndi gözləyək ki, təlim kursları təşkil olunacaq, o müəllimlər kursu keçəcək və fənni tədris edəcəklər? Nazir islahatlarla bağlı məsələni yaxşı irəli sürür. Amma bu islahatlara zamanla gəlmək lazımdır”.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər