• cümə, 19 Aprel, 03:40
  • Baku Bakı 18°C

Makronun nəticəsiz cəhdləri - TƏHLİL

12.02.22 09:30 961
Makronun nəticəsiz cəhdləri - TƏHLİL
Fransa prezidentinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində aktivliyinin kökündə, əsasən, erməni maraqlarının təmin olunması dayanır. O, geosiyasi aktivlik nümayiş etdirməklə, Avropada siyasi birincilik uğrunda gedən mübarizədə də qalib olmaq istəyir
Ötən həftə Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan dövlət başçısı İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində E.Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib. 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşdəki sülh gündəliyinin davamı olaraq, bu dəfə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr aparılıb.


Azərbaycanın birmənalı mövqeyi

Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərdən danışılıb. Prezident İlham Əliyev müzakirə olunan məsələlər barədə Azərbaycanın mövqeyini çatdırıb. Eyni zamanda, dövlətimizin başçısı Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi diqqət cəlb edib.


5 saatdan artıq davam edən danışıqlar

Bir neçə gün bundan öncə isə Fransa Prezidenti E.Makron Rusiyada səfərdə olub. O, rusiyalı həmkarı Vladimir Putinlə görüşərək 5 saatdan artıq danışıqlar aparıb. Bu görüşdə də Ermənistan-Azərbaycan münasibətləri müzakirə mövzularından biri olub. Maraqlıdır, son dövrlər Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı danışıqlar keçirməsinə, siyasi aktivlik nümayiş etdirməsinə səbəb nədir? 44 günlük Vətən Müharibəsi dövründə daha çox ermənipərəst mövqe sərgiləyən, statusuna yaraşmayacaq şəkildə davranan, dəqiqləşdirilməmiş, qərəzli məlumatlar əsasında bəyanatlar verən Fransa prezidenti indi nəyi hədəfləyib? Onun məqsədi nədir?


Paris və Berlin Moskvaya yaxınlaşa bilmir

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşənpolitoloq Əhməd Əlili bildirib ki, Ukraynada və Cənubi Qafqazda baş verən hadisələr bir-biri ilə sıx bağlıdır. Buna rəğmən o, E.Makronun Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə görüşlərini, ardınca Rusiyaya səfər etməsini ayrı-ayrı kontekstlərdə nəzərdən keçirib: "Rusiya prezidenti ilə görüşdə təbii olaraq Ukrayna məsələsi daha çox müzakirə olunub. Bu məsələyə sadəcə Rusiya-Ukrayna münasibətləri prizmasından baxmaq olmaz. Avropa İttifaqındakı bir sıra ölkələrin Rusiya ilə əməkdaşlıq etməsinin perspektivləri gündəmdədir. Bunun ətrafında müzakirələr aparılır. Ukraynada böhran davam etdikcə, Paris və Berlin lazım olan qədər Moskvaya yaxınlaşa bilmir. Bu, Fransa və Almaniya üçün ciddi narahatlıq doğuran məsələdir. Onlar Rusiya ilə böyük məmnuniyyətlə yaxınlaşmaq, bir sıra məqamlarda iqtisadi, siyasi dividendlər əldə etmək istəyirlər. Lakin Ukrayna böhranı, proseslərdə ABŞ və Böyük Britaniyanın aşırı marağı imkan vermir ki, həm Fransa, həm də Almaniya Rusiya ilə yaxınlaşa bilsin. Hesab edirəm ki, Makronun Moskva səfərində bu kimi məsələlər Putinin diqqətinə çatdırılıb, hansısa formada anlayışın, razılaşmanın əldə olunmasına çalışılıb. Ancaq görüşün nəticələrinə fikir versək, Fransa prezidentinin sözügedən istiqamətdə hələ çox çalışmalı olacağı qənaətinə gələ bilərik. Ukrayna-Rusiya arasında baş verənlər sadəcə iki ölkənin deyil, regionun taleyini həll edəcək”.


Avropada siyasi birincilik uğrunda mübarizə

Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Fransanın Avropa İttifaqına sədrlik etməsi E.Makronun geosiyasi proseslərdə aktivlik nümayiş etdirməsinə səbəb olub. Onun fikrincə, Fransa prezidentinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində aktivliyinin kökündə, əsasən, erməni maraqlarının təmin olunması dayanır: "Makron geosiyasi aktivlik nümayiş etdirməklə, Avropada siyasi birincilik uğrunda gedən mübarizədə də qalib olmaq istəyir. O, Avropa İttifaqında Fransanın rolunu artırmağa çalışır. Makron ATƏT-in Minsk qrupunun həmsədr dövləti, vasitəçi kimi Fransanın Cənubi Qafqazdakı mövqelərini də gücləndirmək istəyir. Perspektivdə Fransada seçkilər olacaq. Seçki öncəsi müəyyən dividendlər, dəstəklər qazanmaq başlıca hədəflərdəndir. Makron bu mənada öz komandasının mövqelərini gücləndirmək istəyir”.


Hərbi-siyasi böhran

Politoloq deyib ki, Fransa son aktivliyi ilə Türkiyənin Cənubi Qafqazdakı, Ukraynadakı aktivliyinə də kölgə salmaq istəyir: "Ukrayna ilə Türkiyənin münasibətlərində Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüskarlığı, qardaş ölkənin artan vasitəçiliyi Fransa tərəfindən qəbul edilmir. Çünki proseslərdə Türkiyənin rolu artır, geosiyasi mövqeləri möhkəmlənir. Hadisələrə bu prizmadan yanaşsaq, Fransanın son addımları həm də Türkiyənin mövqelərini zəiflətməyə, Ukrayna-Rusiya prosesləri fonunda təşəbbüskarlığı, vasitəçiliyi öz əlinə almağa hesablanıb. Lakin Makronun Putin tərəfindən Moskvada "isti” qəbul edilməməsi onu deməyə əsas verir ki, Rusiya öz mövqeyindən geri çəkilməyəcək. Ümumiyyətlə, Fransanın vasitəçilik mövqeyinin müsbət nəticə verməyəcəyini düşünürəm. Avropa İttifaqı ilə Rusiya arasında hərbi-siyasi böhran hökm sürdüyü təqdirdə Makronun atdığı addımların müsbət nəticə verməsi qeyri-mümkündür”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər