• çərşənbə axşamı, 23 aprel, 11:41
  • Baku Bakı 20°C

Mahnının duaya çevrilməsi

22.05.21 13:00 1929
Mahnının duaya çevrilməsi
Və ya bəstəkar necə rahib oldu?

"Bir adamdan Onegin Yusif oğlu Hacıqasımov haqqında nə bildiyini soruşsanız, zarafat kimi qəbul edəcək. Bu, dəfələrlə sınaqdan da keçirilib. Ancaq Hacıqasımovun adı ilə bağlı olan hitləri və ya mahnıları ilə məşhrlaşan "ulduzların” adlarını səsləndirsən, onu tanımayan bir nəfər də tapılmaz. Eyni zamanda, bir çox estrada metrləri məhz azərbaycanlı Oneginin misraları ilə məşhurlaşıblar”. Bu yaxınlarda Rusiya mətbuatında bakılı bəstəkar Onegin Hacıqasımov haqqında dərc olunan məqalə bu sözlərlə başlayır.

Onun mahnıları bütün SSRİ-ni dolaşıb. Bu mahnılar Müslüm Maqomayev, Obodzinski, Rəşid Behbudov, Lyudmila Zıkina, İosif Kobzon, Antonov, Alla Puqaçova, Martınov və SSRİ-nin bir çox başqa "ulduzlar”ının repertuarında yer alıb.
Ən populyar nəğməkar şair
Onegin 1937-ci ildə anadan olub. Doğum tarixi görkəmli rus şairi Puşkinin ölümünün 100-cü ilinə təsadüf etdiyindən ona böyük şairin "Yevgeni Onegin” əsərinin məşhur qəhrəmanının adı verilib. 1942-ci ildə doğulan kiçik qardaşını isə Nizami Gəncəvinin 800 illik yubileyi şərəfinə "Nizami” adlandırıblar.
Atası ixtisasca hüquqşünas idi. O, sosial demokratiya ideyaları ilə erkən təsirlənmiş, mirasının demək olar ki, hamısını yoxsullara kömək etmək üçün xərcləmişdi. Buna görə də 1917-ci il Oktyabr çevrilişini sevinclə qəbul edərək NKVD-yə, iqtisadi cinayətlərlə məşğul olan şöbəyə işə qəbul olunur. Müharibədən sonra veteranlara olan münasibət fonunda sovet rejiminə hiddətlənərək orqanlardan ayrılır və Azərbaycan Dövlət Universitetində latın dilindən dərs deməyə başlayır.
Oneginin anası Məhtaban xanım Hacıqasimova XIX əsr rus ədəbiyyatının ən yaxşı mütəxəssislərindən biri idi. Azərbaycan Pedaqoji İnstitutunda çalışırdı. Uşaq psixologiyasına dair namizədlik dissertasiyası müdafiə edən ilk azərbaycanlı qadın idi. Böyük oğluna "Onegin” adının verilməsi də onun təşəbbüsü idi.
Oneginin məktəb illəri müharibə dövrünə təsadüf edir. Bakıdakı 6 saylı məktəbdə oxuyurdu. Romantik şeirlər yazır, müəllimlərinə parodiyalar həsr edirdi. Hamı onu "Gena” çağırırdı. Onegin məktəbi başa vurandan sonra - 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur.
Tələbəlik illərində Onegin artıq xarici mahnıların mətnlərini tərcümə edirdi. Onun gənc kollektivlərlə qeyri-leqal əməkdaşlığı da yaranmışdı. "Alyoşkinin sevgisi”, "Şən uşaqlar” qrupları və gənc Valeriy Obodzinski ilə tanışlığı bu qəbildən idi. 1970-ci ildə onların iştirakı ilə ilk dəfə buraxılan plastinka hitə çevrilir və ittifaqın bütün rekordlarını qırır. Bir neçə gündə mağaza rəflərindən 15 milyondan çox nüsxə satılır. "Şən uşaqlar”ın 6 mahnısının musiqisini başqa bir unudilan bakılı bəstəkar - Rudolf Kimoviş Manukov yazır. Mahnıları isə Zıkina, Maqomayev, Kobzon, Puqaçova və başqa tanınmış müğənnilər oxuyur.
60-cı illərin sonlarına doğru Hacıqasimov gənc olsa da, nəğməkar şair kimi pop mühitində çox populyar idi. Gənc ifaçılar və bəstəkarlar ona müraciət edir və o, hamı ilə əməkdaşlıq edirdi.
Bəstəkarın gənclik enerjisi ilə aşıb-daşan yaradıcılıq yolu 80-ci illərə qədər davam edir. O illərdə Onegin SSRİ-də ən populyar nəğməkar şair idi. Bütün məşhur bəstəkarlar və ifaçılar onunla həvəslə işləyirdi. Onegin "Yazıçılar Birliyi” və "Bəstəkarlar İttifaqı”na üzv seçilir, həmçinin partiya sıralarına daxil olur.
O, həyatının ən şöhrətli dövrünü yaşayırdı. Ölkənin bütün müğənniləri demək olar ki, Oneginin mahnılarını oxuyurdu. O tamamilə varlı bir adam idi. Moskvadan ən ucqarlara qədər olan bütün restoranlarda onun mahnıları oxunurdu, hər bir ifaya görə faizlər tutulur, sonradan böyük pul axınına çevrilirdi. Efirdə onun mahnıları tez-tez səslənirdi. Onegin Ümumittifaq Radiosunun sifarişi ilə konsert şöbəsinə rəhbərlik edirdi. Televiziyada səhnələşdirilən seriallara da ssenarilər yazırdı.
Obodzinskinin "Şərq nəğməsi"
"Şərq nəğməsi” nin musiqisini yazan David Tuxmanovun həmin mahnının ərsəyə gəlməsi barədə dedikləri: "Beynimdə melodiya yarandı. Beləliklə, bu melodiyaya şeir yazmaq lazım idi. Onegindən bunu xahiş etdim. Deməliyəm ki, o dövrdə hamımız kimi, gənc müəlliflər dəşlyaqer yaratmaq ideyası ilə alışıb-yanırdı. Bu mahnını müğənnilərdən biri ilə studiyada yazmaq lazım idi. Ağıla Obodzinski – gənc müğənni gəldi. Hamımız onu çox sevirdik, çox gözəl səsi vardı. Amma o, mahnını ifa etmək istəmirdi. Hesab edirdi ki, bu, həyat görmüş bir insan üçün yazılan mahnıdır. Ancaq Onegin, təkid etdi ki, bu mahnını oxumağa məhz "öpülməmiş oğlan” lazımdır - mahnı belə bir tipaj üçün yazılıb.
"Şərq nəğməsi” Valeriy Obodzinskini qəfildən populyar müğənniyə çevirdi. Səhər "Sabahın xeyir” proqramında bu mahnı səsləndi, axşam isə hiss etmədən konsertlərdə izdihamlar, gur həyəcanlar yaşandı. Yəni konsert məkanlarında dəhşətli şeylər baş verirdi”.

Oneginin zəif tərəfi qadınlara tez vurulması idi. 4 dəfə evlilik yaşamışdı. Birinci həyat yoldaşı Valieriya ilə ordu sıralarından qayıdandan sonra evlənir. Dəniz donanmasında xidmət etdiyi illərdə Valeriaya 800-dən çox məktub yazmışdı. İkinci həyat yoldaşı general qızı idi, evlilikləri uzun sürmədi. Üçüncüsü, Mayak radio ansamblının dirijoru Boris Karamışevin qızı idi. Ən uzun evliliyi dördüncü həyat yoldaşı Tatyana ilə yaşadı -14 il. O, Tatyananı dəlicəsinə sevirdi. Amma bu evliliyi də bir gün sona yetir. Onegin bütün həyat yoldaşlarından ayrılanda əmlakını da onlara bağışlayır, dostlarının evində yaşayırdı. Onu "əsl Qafqaz kişisi” adlandırırdılar.

"Təəssüf edirəm ki, heç nə başa düşmədiniz...”

Oneginin həyatında hər şey birdən-birə dəyişir. Yazmağı, müğənnilərlə işləməyi dayandırır, birliklər və partiyalardan ayrılır və din aləminə meyllənir.
Qardaşı qızı Oneginin Bakıya son səfərini belə xatırlayırdı: "Əmim əlində bir "İncil” kitabıyla gəlmişdi. Heç özünə bənzəmirdi. Qardaşı Nizami şokda idi. Onun üçün Onegin həmişə kumir və nümunə olmuşdu. Az qala ümidsizlikdən ağlayan Nizami qardaşının hansısa təriqətin təsirinə düşdüyünü fikirləşirdi. Atam əmimin özünə gəlməsi, öz yoluna qayıtması üçün yalvarırdı. Onegin isə bütün bunları sakitliklə qarşılayırdı. Nəhayət, qohumlar onun bu halı ilə barışdılar”.

Onegin ayrılanda kiçik qardaşı ona: "Təəssüf edirəm” deyə pıçıldayır. O isə cavabında: "Mən təəssüf edirəm ki, heç nə başa düşmədiniz”- deyə bildirir.
1985-ci ildə Onegin xaç suyundan keçir və özünü "Oleq” adlandırır. O yalnız dini yolu seçmir, həmçinin asketizmi - dünya nemətlərindən tamamilə imtina etmə yolunu tutur. Buna isə sona qədər çox az adam tab gətirə bilir.
1989-cu ildə artıq Oleq, Kozelskdən (Kaluqa) uzaq olmayan Vvedenskaya Optina Monastırına zəvvar kimi gəlir. Heç kim onu tanımasın deyə soyadını dəyişdirmək üçün qeydiyyatdan keçir.
O, belə bir mühitdə də öz keyfiyyətləri ilə seçilirdi. İnsanları özünə cəlb edirdi, onun haqqında müxtəlif heyrətamiz hekayələr danışılırdı və heç kim, hətta monastırın özündə də onun dünyəvi həyatında kim olduğunu bilmirdi. Ancaq o, monastrda çox qalmadı. Daxildəki münaqişələr rahibi monastırdan uzaqlaşdırdı.
1991-ci ildə keşiş stilində saç düzümünə keçdi və Simon adı ilə rahib oldu.
Həmin dövrün şahidlərinin yazdıqlarından:
"Onegin çox parlaq bir şəxsiyyət idi. "Köhnə Optina” simvollarından biri idi və təbii ki, yeni nizama "uyğun gəlmirdi”. Bundan əlavə, monastırın tədarük şöbəsinə rəhbərlik etmiş və ətrafındakıların hiyləgərliyini görərək bu barədə narazılığını bildirmişdi. Nəticədə, 1992-ci ilin payızında rahib Simon monastrdan qovuldu. Bundan sonra, Podmoskovyada məskunlaşaraq rahib olaraq böyük sximanı qəbul etdi. Rahib Simonu Moskva ətrafında sevir və hörmət edirdilər”.

Ata Simon
Ata Simon - dünyəvi adı Onegin Hacıqasimov 30 iyun 2002-ci ildə vəfat edir. Onu tanıyan insanların əksəriyyəti yalnız ölümündən sonra onun kim olduğunu öyrənir.
Onegin ətrafdakı kənd qəbiristanlığında dəfn edilir. Ancaq rahib ölümündən sonra da unudulmur. Onun qəbri həmişə baxımlıdır. Məzarlıqda Ata Simonu tanıyan insanlara tez-tez rast gəlmək olur. "Россия” kanalında "Onegin üçün Məbəd. Şöhrətdən sonra” filmi çəkilib. Onun xatirəsinə həsr olunmuş gecələr
keçirilir. Bu yaxınlarda "Mahnı duaya çevrildi” kitabı nəşr olunub. Rusiya mətbuatında dərc olunan məqalədə "Vətənində isə Onegin Hacıqasimovun unudulduğu görünür” deyə qeyd edilib.

Filarmoniyanın keçmiş direktoru Rafiq Seyidzadənin xatirəsindən: "1988-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının direktoru olduğum zaman Filarmoniyada özünün kiçik qrupu olan müğənni Sərxan-Sərxan mənə yaxınlaşdı və məndən Onegin Hacıqasımovu işə götürməyimi xahiş etdi. Mən Onegini 60-ci illərdən tanıyırdım. Moskvada Müslüm Maqomayevin əsas dayaqlarından biri olduğunu bilirdim. O, gözəl və xeyirxah insan idi. Sovet dövründəki mahnılarının populyarlığını yaxşı xatırlayıram. Ancaq az adam onun azərbaycanlı olduğunu bilirdi. Bakıda mənimlə görüşündə yaxşılıq etdiyi, amma əvəzində "sag ol” eşitmədiyi adamlardan şikayətləndi. İndi onun haqqında "Onegin Hacıqasımov vətənində unudulub” yazırlar. Məncə milli mədəniyyətindən qopmuş insan kökündən kəsilmiş ağac kimidir. Əlbəttə, hər kəs öz yolunu seçir. Ancaq insan köklərini unudanda, əcdadlarından və əcdadlarla əlaqəli hər şeydən ayrılanda, başqa köklərdə böyüməyə çalışanda sonu belə olur. Bu, həyatın qanunudur. Kədərlidir, amma belədir”.

Vaynşteyn yazır: "Mən yalnız Oneginin soyadından azərbaycanlı olduğunu zənn etdim. Daha dörusu bizim yerli "ləzgi” olduğunu bildim. İndi onun haqqında eşitdiklərim məni heyrətə salıb”.
Təranə Məhərrəmova
Məqalə Rusiya mətbuatından tərcümə edilib

banner

Oxşar Xəbərlər