• cümə axşamı, 25 aprel, 12:39
  • Baku Bakı 23°C

Mahiyyəti, təkcə saymaqdan ibarət olmayan proses

08.10.19 09:45 734
Mahiyyəti, təkcə saymaqdan ibarət olmayan proses
"Evdən çölə çıxmaq qadağandır. Çünki evə biri gələcək və bizə suallar verəcək. Həyəcanlı gözlənti qapının zənginin çalınması ilə sona çatırdı. Bir yetkin adam üçün bəlkə də sıxıcı sayıla biləcək o anlar, 6 yaşında bir uşaq üçün müdhiş idi. Yetkili şəxs stolda əyləşib evdəkilərə siyahıyaalma ilə bağlı müxtəlif suallar verdi, amma mən qısa boyumla heç bir şey görə bilməmişdim”.
Bu, 90-cı illərdə Türkiyədə əhalinin siyahıyaalınması prosesini xatırlayan bir şəxsin fikirləridir. O vaxt uşaqların beyninə həkk olunan informasiya küçəyə çıxmağın qadağan olunması ilə bağlı verilən göstəriş olub. Çünki küçəyə çıxanlar haqqında cəza tədbirləri görüləcəyi söylənilirmiş. Bir də evə qonağın gəlməsi sevinci...
Düzdür, bizdə o cür rejimli siyahıyaalma prosesi olmayıb, amma artıq 9-cu gündür ki, ölkədə əhalinin siyahıyaalınması gedir. Bu prosesdə əvvəllər iştirak edənlər də olub, etməyənlər də. Ancaq siyahıyaalma ilə bağlı insanlarda fərqli suallar yaranır.
- "O gün 10 milyonuncu sakin dünyaya gəldi də, indi nəyi siyahıya alırlar ki?”
- "Mən əhalinin siyahıyaalınmasında iştirak etməsəm, olar?”
- "Əhalinin siyahıya alınması üçün bizim də qapımızı döydülər. Mənim, yoldaşımın və uşağın ad, soyad və təvəllüdünü soruşdular, sonra ev haqqında suallar verməyə başladılar. Dedim kirayə qalıram. Deyir, olsun, neçə otaqlıdır? Neçə kvadratdır? Maraqlıdır, əhalinin siyahıya alınmasında mənzil və otaqların sayının qeydə alınması nəyə lazımdır?”
Bu və digər suallara cavab tapmaq üçün siyahıyaalma davam etdiyi bir ərəfədəDövlət Statistika Komitəsində olub Siyahıyaalma qrupunun rəhbəri Azad Abbasəliyevlə söhbətləşdik.
Ölüm sayı çıxılır, doğum sayı üzərinə gəlinir
Söhbətə, siyahıyaalmanın məqsədinin yalnız əhalinin sayını müəyyənləşdirmək olması kimi fikirlərin formalaşması ilə başladıq. A.Abbasəliyev bildirdi ki, siyahıyaalmanın bir vəzifəsi əhalinin sayını dəqiq müəyyənləşdirməkdir: "Düzdür, siyahıyaalma əhalinin sayını müəyyən edir. Hər 10 ildən bir keçirilən siyahıyaalmadan əhalinin sayına dair məlumat əldə olunur. Sonrakı dövrlərdə Dövlət Statistika Komitəsi tərəfindən əhalinin sayına dair verilən açıqlamalar məhz bu məlumatlar əsasında tərtib edilir. Ölümün sayı həmin rəqəmdən çıxılır və doğum sayı üzərinə gəlinərək hesab aparılır. Eyni zamanda, miqrasiya saldosu da - ölkəyə gələnlər və ölkədən gedənlər - həmin sayda nəzərə alınır”.
A.Abbasəliyev deyir ki, lakin siyahıyaalma təkcə sayı müəyyənləşdirmək üçün deyil, əhali barəsində ətraflı, dolğun məlumatların əldə edilmə məqsədilə keçirilir: "Siyahıyaalma və sorğu vərəqələrinin suallarının cavablandırılmasından əldə edilmiş məlumatlardan, ölkənin perspektiv inkişaf proqramlarının, proqnozların hazırlanmasında, hər bir yaşayış məntəqəsi üzrə əhalinin yaşayışının planlaşdırılmasında istifadə olunacaq. Məsələn, tələb olunan məktəblərin, bağçaların, tibb müəssisələrinin, mədəniyyət ocaqlarının sayı, iş yerlərinin açılması, əhalinin məşğulluq vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər görülməsi üçün o məlumatlar gələcək 10 ildə istifadə olunacaq. Mahiyyət, təkcə saymaqdan ibarət deyil”.
Sorğu kitabçasındakı suallara gəlincə, A.Abbasəliyev bildirdi ki, siyahıyaalma və sorğu vərəqələri Azərbaycan Respublikasında müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun qərarların qəbulu üçün statistik məlumatlara olan tələbat nəzərə alınmaqla hazırlanıb: "Siyahıyaalma vərəqləri 280-ə yaxın göstərici əsasında qurulub. Siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcək. Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və s. mühüm göstəricilər üzrə suallar öz əksini tapıb. Siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə alt suallar da daxil olmaqla, 46 sual nəzərdə tutulub”.
Yanlış cavab verilərsə...
Ötən siyahıyaalmada 35 sual olub. Siyahıyaalma qrupunun rəhbəri sual sayının artırılmasının səbəblərindən də danışdı: "Əlavələr bəzi göstəricilər üzrə daha dəqiq məlumatların əldə edilməsi üçündür: "Eyni zamanda ilk dəfə olaraq əlilliyə dair suallar da əlavə edilib. Bu da öz növbəsində nəyə xidmət edir? Müxtəlif qurumlarda əlillərin sayına dair kifayət qədər məlumat var. Onları saymağa bir o qədər də ehtiyac yoxdur. Burada məqsəd onların sosial-iqtisadi vəziyyəti, təhsil, məşğulluq səviyyəsi, mənzil-məişət şəraitinə və s. dair məlumatların əldə edilməsidir”.
Bəzən sorğulara doğru şəkildə deyil, candərdi, həqiqəti əks etdirməyən formada cavab verənlər də olur. A.Abbasəliyev deyir ki, bununla bağlı iki istiqamətdə tənzimləmə mexanizmi qurulub: "Belə hallar mövcud olur və təbii ki, işimizə mənfi təsir göstərə bilər. Ancaq burda iki məqamı diqqətə çatdırmaq istəyirəm. Birincisi, sualların qoyuluşu, onların keçidi elə qurulub ki, candərdi cavab veriləndə, sayıcı bunu artıq yerində tuta bilir. Çünki sayıcılar elə təlimatlandırılıb ki, bir sualdan digərinə keçəndə, cavabda uyğunsuzluq olanda, bunu artıq yerində tənzimləməyə çalışır. Burda sual doğuran məqam yaranır. Yəni sorğu vərəqi elə qurulub ki, sayıcı ilkin mərhələdə belə, uyğun olmayan cavabları tuta bilir.
Əgər o mərhələdə gözdən qaçan nüans olursa, bu zaman emal prosesində o cavablar tutuşdurulur. Siyahıyaalma başa çatdıqda sonrakı mərhələdə 2020-ci ildə siyahıyaalma zamanı əldə olunan məlumatların elektron məlumat sistemində daxil edilməsi prosesi baş verəcək və sonra o məlumatların emalı prosesi gedəcək. Bu emal prosesində həm də suallara cavabların məntiqi yoxlanılması da aparılır.
Düzdür, bu məsələ bizdə nəzarət altındadır, amma vətəndaş məsuliyyətini özü də hiss etməlidir. Siyahıyaalmanın məhz vətəndaşlar üçün olduğunu və bu məlumatların onun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün lazım olacağını bilməlidir”.
O məlumatlar əldə olmasa...
A.Abbasəliyevin sözlərinə görə, 2020-ci ildən sonra emal prosesi başlayacaq. 2022-ci ilin sonunda siyahıyaalma məlumatları məcmuə şəklində nəşr olunub istifadəçilərə çatdırılacaq: "Bu siyahıyaalma ilə 10 ildən bir, əhaliyə dair bütün statistika yenilənir. Hamısına olmasa da, əksər statistik göstəricilərə siyahıyaalmanın təsiri var. İstər elmi təşkilatlarda, istər müxtəlif dövlət qurumlarında, istər hökumət tərəfindən qəbul edilmiş qərarlarda siyahıyaalmadan əldə olunmuş materiallardan geniş istifadə olunur”.
Ölkəmizdə indiyə qədər əhalinin 9 dəfə siyahıyaalınması baş tutub. 1897, 1926, 1939, 1959, 1970, 1979, 1989, 1999, 2009 və hazırda 9-cu keçirilir. Bu, müstəqillik dövründə keçirilən sayca üçüncü siyahıyaalmadır. Əvvəlki siyahıyaalınma zamanları arasında çox vaxt keçdiyi hallar da olub. Ancaq son illər 10 ildən bir keçirilir. BMT-nin tövsiyəsinə görə, ölkələr bunu 10 ildən bir keçirməlidirlər. Bəs vaxtında keçirməmək bir ölkə üçün nə deməkdir? A.Abbasəliyev deyir ki, bu, artıq ölkənin reytinqi üçün mənfi haldır: "BMT tövsiyə edir ki, 10 ildən bir əhalinin siyahıyaalınması keçirilsin. Burada məqsəd ölkələr üzrə müqayisəliliyin təmin edilməsi, hər bir ölkənin inkişaf templəri, onların əhalisi barədə məlumat əldə edilməsidir. BMT ölkələrin əhalisi ilə bağlı bu məlumatları əldə edəndən sonra həmin məlumatları dərc edir. Hansı ölkədə vəziyyət necədir? Məsələn, MDB ölkələrindən elələri var ki, sovet dönəmindən sonra indiyə qədər siyahıyaalma apara bilməyib. Bu, heç də yaxşı hal deyil. Beynəlxalq təşkilatlar ölkələrə mütəmadi sorğular göndərirlər. Elə məlumatlar var ki, onları ancaq siyahıyaalma zamanı əldə etmək mümkündür. O məlumatlar əldə olmasa, təşkilatlara təqdim edə bilmirsən və bu da ölkənin reytinqi üçün mənfi hal kimi qiymətləndirilir”.
"Evdə çətin tapılan şəxslərə məktub”
"Sayıcılar hələ bizim evə gəlməyiblər” tipli cümlələri bugünlərdə çox adamdan eşidirik. A.Abbasəliyev qeyd etdi ki, hər bir ev təsərrüfatına gedilməlidir, sadəcə olaraq, burda gün məsələsi var: "Ola bilər ki, kiminsə evinə siyahıyaalmanın 1-ci günü gedirlər, kiminə də 10-cu günü. Digər məqam odur ki, sayıcı ev təsərrüfatına gedir, ancaq o getdiyi vaxt evdə heç kimi tapmır. Bizim belə bir sənədimiz var: "Evdə çətin tapılan şəxslərə məktub”. Əgər sayıcı bir dəfə ev təsərrüfatına gəlirsə, həmin ünvanda heç kimi tapmırsa, həmin məktubla ev təsərrüfatına müraciət edir, xahiş edir ki, sayıcı ilə əlaqə yaradılsın, uyğun vaxtda sayıcı həmin ünvana gələrək onları siyahıyaalmadan keçirsin”.
A.Abbasəliyev sonda bildirdi ki, bu, məcburi proses deyil: "Heç kimi siyahıyaalmada iştiraka məcbur etmək olmaz. Bu proses heç bir sənəd tələb edilmədən, şifahi sorğu əsasında aparılır. Şifahi formada əldə edilən məlumat əsasında sayıcılar sorğu vərəqələrini doldururlar. Ancaq digər tərəfdən, siyahıyaalmada iştirak hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Hər bir ölkə sakini siyahıyaalmada iştirak etməlidir ki, burda tam əhatəli statistik məlumat əldə edilsin. Ölkə başçısı özü siyahıyaalmanın birinci günü iştirak etdi, bu özü də siyahıyaalmanın əhəmiyyətindən xəbər verən amildir. Bu prosesdə iştirak hər kəsin vətəndaşlıq borcudur”.
Aygün Asimqızı
Yazı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim edilir
banner

Oxşar Xəbərlər